Tamaşa sivilizasiyası – Mario Varqas Lyosa

DAHA.az Mario Varqas Lyosanın “Tamaşa sivilizasiyası” essesini təqdim edir.

Nyu-Yorka maliyyə böhranını işıqlandırmaq məqsədilə göndərilmiş “El Pais” qəzetinin müxbiri Klaudio Peres 19 sentyabr 2008-ci il tarixli məqaləsində yazır:

“Nyu-York tabloid qəzetlərinin müxbirləri ən böyük bankların ofisi yerləşən azman göydələnlərin birindən özünü atmağa hazırlaşan bir broker tapmaq üçün əldən-ayaqdan gedir – maliyyə qasırğasının xarabalığa çevirdiyi yerdəki sınıq-salxaq bütlər”.

Bir dəqiqə dayanıb bu görüntüyə baxaq: milyardlarla dollara başa gələn, çoxsaylı böyük  şirkətin, eləcə də sadə insanın iflasına gətirib çıxaran maliyyə fəlakətinin mənalı, dramatik və baxımlı simvoluna çevrilə biləcək ilk intihar hadisəsini tutmaq ümidiylə üfüq xəttini süzən, kameraları hazır vəziyyətdə olan bir qrup paparatsi. Məncə, çağdaş sivilizasiyanın bundan tutarlı xülasəsi ola bilməz.

Tamaşa sivilizasiyası – dəyərlər iyerarxiyasında əyləncənin ən yuxarıda olduğu və yaxşı vaxt keçirmək (darıxmamaq) arzusunun hamılıqla qəbul edildiyi bir sivilizasiyadır. Əlbəttə, bu, tamamilə təbii arzudur. Ancaq fanatik bir puritan insanları qınaya bilər ki, təzyiqlə dolu, ürəksıxan bu həyatda dincəlmək və əylənmək günahdır. Fəqət yaxşı vaxt keçirməyə olan təbii meylin ən ali dəyərə çevrilməsi gətirib ona çıxarır ki, mədəniyyət banallaşır, yüngüllük geniş vüsət alır, jurnalistikada məsuliyyətsizlik, dedi-qodu və qalmaqal marağı hər yerə yayılır.

Necə oldu ki, Qərb sivilizasiyası gəlib bura çıxdı?

Bu, İkinci Dünya Müharibəsi vaxtındakı yoxsulluq və post-müharibə dövründəki defisitdən sonra gələn maddi rifahın yüksəlişinə görə oldu. Çətin dövrdən sonra sürətli iqtisadi inkişaf baş verdi. Avropa və Şimali Amerikanın bütün liberal-demokratik ölkələrində orta sinif eksponensial şəkildə böyüməyə başladı, sosial mobillik artdı, xüsusilə, əvvəllər kilsə, yaxud sağ və ya sol partiyaların nəzarətində olan insanların cinsi həyatındakı əxlaqın sərhədləri genişlədi. Rifahın artması daha azad həyat tərzinə, inkişaf etmiş ölkələrdə boş vaxtın çoxalmasına, reklamın təşviq etdiyi əyləncə sektorunun böyüməsinə təkan verdi. Get-gedə sosial piramidanın həm zirvəsində, həm də ətəyində olan hamı üçün özləri də bilmədən, darıxmaqdan, narahatlıqdan və ürəksıxan hər şeydən qaçmaq əsas həyat qayəsinə çevrildi. Bu, əlli ildən artıqdır ki, şüurlu və ya şüursuz şəkildə tapındığımız şən, ərköyün, düşüncəsiz və yüngülməcaz tanrıdır. Bu vəziyyətin formalaşmasında ən azı onun qədər vacib bir faktor, altruizmin nəticəsi kimi ortaya çıxan, mədəniyyətin demokratikləşməsi idi: liberal-demokratik cəmiyyət, mədəniyyəti təkcə elitaya yox, hamıya çatdırmaq kimi əxlaqi bir məsuliyyətin altına girmişdi. Bu təqdirəlayiq fəlsəfə gözlənilməz şəkildə əks nəticə verdi: mədəni həyat bəsitləşdi, dəyərsizləşdi. Keyfiyyətə zərər vuran kəmiyyət. Bu, mürəkkəbliyinə və kodlarının qapalı təbiətinə görə azlığa aid olan yüksək mədəniyyətin yoxa çıxmasına gətirdi.

Bu gün mədəniyyət təkcə antropoloji tərifinə əsasən, yəni daha çox ictimai həyatın bütün təzahürləri kimi başa düşülür: dil, inanclar, vərdişlər, ənənələr, geyim tərzi, bacarıqlar. Mədəniyyət anlayışı bu cür həlməşik hala gələndə aydındır ki, yaxşı vaxt keçirmək vasitəsindən başqa bir şey olmayacaq. Şübhəsiz, mədəniyyət yaxşı vaxt keçirmək vasitəsi də ola bilər, ancaq bundan artığı deyilsə, onda anlayışın özü də təhrif olunur və dəyərdən düşür: mədəniyyət anlayışının çətiri altına girən hər şey bərabər dəyərdə sayılır; Verdinin operası, Kantın fəlsəfəsi, Rollinq Stounsun konserti və “Günəş sirki”nin nümayişi eyni qiymətdə olur.

Ədəbiyyat və tənqid

Borxes
Borxes

Təəccüblü deyil ki, bu gün əksər populyar kitabın yeganə məqsədi əyləndirməkdir və bu yüngül qiraət təşviqini qəti xəcalət çəkmədən yerinə yetirirlər. Mən əyləndirmək üçün yazan müəllifləri qəti qınamıram, çünki əsərləri qeyri-ciddi olsa da, aralarında istedadlı yazıçılar da var. Bu gün Coys, Vulf, Rilke və ya Borxesin əsərləri kimi cəsur bədii eksperimentlərin çox nadir olmasının yeganə günahkarı yazıçılar deyil.

İndiki mədəniyyət istəmir ki, oxucular üçün müəlliflər qədər zehni əmək tələb edən əsərlər yazılsın, əksinə, bunu pisləyirlər. Bugünkü oxucular yüngül, əyləncəli kitablar istəyirlər və bu tələb yazıçıların üzərində təzyiq yaradır. Təəccüblü deyil ki, ədəbi tənqid mətbuatdan yoxa çıxaraq humanitar fakültələrə, xüsusilə də ədəbiyyat kafedralarına sığınıb.

Ciddi qəzetlər və jurnallar hələ də kitab, sərgi və konsert icmalları dərc etsələr də, müasir mədəniyyət cəngəlliyində dəyər yaratmağa çalışan bu tənha cəngavərləri görən kim oxuyur? Babalarımızın və ulu babalarımızın vaxtında tənqid mühüm rol oynayırdı, insanlara eşitdiklərini, gördüklərini və oxuduqlarını dərk etməyə kömək edirdi. Bu gün tənqidçilər nəsli kəsilməkdə olan növdür və əgər onlar tamaşanın bir hissəsinə çevrilmirsə, heç kim onlara qulaq asmır.

Qeyri-ciddi ədəbiyyat, qeyri-ciddi kino və qeyri-ciddi rəssamlıqla əhatələnmiş oxucuda və tamaşaçıda belə bir təəssürat yaranır ki, guya o mədəni, müasir və avanqarddır, ancaq bu mədəniyyət heç bir zehni səy tələb etmir. Lakin avanqardlıq və inqilabçılıq iddiasında olan bu mədəniyyət, əslində, ən pis atributları ilə birlikdə sadəcə bayağılıqdır: özündənrazılıq və lovğalıq.

İndiki zəmanədə kulinariya və modanın mədəniyyət bölmələrinin böyük hissəsini tutması normaya çevrilib, çünki aşpazlar və modelyerlər artıq alimlərin, bəstəkarların və filosofların layiq görüldüyü statusa sahibdirlər. Qaz sobaları, peçlər, podiumlar dövrümüzün mədəni koordinatlarında kitablara, elmi laboratoriyalara və operalara qarışır, teleulduzlar və məşhur futbolçular isə əvvəllər müəllimlərin, mütəfəkkirlərin, daha əvvəl isə ilahiyyatçıların malik olduğu təsirin yerini tutaraq insanların vərdişlərinə və zövqlərinə təsir edir. Yarım əsr əvvəl ABŞ-da Edmund Vilson “Nyu-Yorker” və “Nyu-Repablik”dəki məqalələri ilə bir kitabın, bir şeirin, bir romanın və ya essenin uğurunu, yaxud uğursuzluğunu təyin edirdi. Bu gün həmin rolu Ofra Vinfrinin tele-şousu yerinə yetirir.

REKLAM

Ədəbi tənqidin yoxa çıxması ilə yaranan boşluğu hiss etdirmədən reklamlar tutdu; onlar bu gün təkcə mədəni həyatın tərkib hissəsi yox, həm də onun əsas vektorudur. Reklam zövqün, təxəyyülün və vərdişlərin formalaşmasında həlledici rol oynayır. Reklam agentliklərindəki adsız “kreativçilər” qabaqlar fəlsəfi sistemlərə və dini inanclara, ideologiyalara və doktrinalara xas olan rolu yerinə yetirirlər.

Sənət əsərləri birja dalğalanmasından asılı olan kommersiya məhsulları kimi görüləndə və qiymət etiketi sənət əsərinin dəyəri sayılanda elə belə də olmalıydı.

Mədəniyyət tənqidi düşüncəni dəbdən düşmüş əşya kimi çardağa atanda və ideyaları eləcə təsvirlərlə əvəz edəndə, bax onda, bədii əsərlərin uğuru fırıldaqçını tanımaq üçün intellekti çatmayan ictimaiyyətin şərti refleksləri ilə müəyyən olunmağa başlayır. Nəticədə, Con Qalyanonun (antisemit fikirləri məlum olana qədər) Paris podiumlarında nümayiş etdirdiyi şokedici trendlər, yaxud müasir mətbəxdəki eksperimentlər yüksək mədəniyyətin fəxri nailiyyəti statusu qazanır.

MUSİQİ

Vəziyyətin bu cür olması musiqinin əhəmiyyətinin artmasına gətirib çıxardı – o dərəcədə ki, o, bütün dünyada bütöv nəsillər üçün kimlik əlamətinə çevrildi. Populyar qruplar və ifaçılar nəhəng zalları doldurur, konsertləri isə ifratın və katarsisin, ehtiram instinktinin, ehtirasın və sağlam düşüncənin olmamasının kollektiv mərasimlərinə çevrilir. Eyni şey insanların qaranlıqda transa salan musiqi altında rəqs etdikləri və ekstazi qəbul etdikləri reyvlərə də aiddir. Bu tədbirləri qədimlərin populyar dini festivalları ilə müqayisə etmək mübaliğə olmaz. Sadəcə, burada biz dini ruhu dünyəvi formada görürük.

Ənənəvi dinin liturgiya və katexizisinin yerini insanların qulaqbatırıcı ritmlər altında sıxıntıdan azad olduqları musiqili mistisizm tutdu.

Kütlənin bir hissəsinə çevrilən insanlar şüursuz şəkildə qəbilə magiyasının primitiv zamanlarına qayıdır. Bu, rahibə Tereza və Vəftizçi İohannın asketizm, dua və iman vasitəsilə çatdıqları ekstazın yeni və daha əyləncəli üsuludur. Gecə məclislərində və konsertlərdə müasir gənclər ehtiraslı, ibtidai özünüitirmə təcrübəsinə dalır, etiraf edir, qurtuluş tapır və özünü reallaşdırır.

KÜTLƏVİLƏŞMƏ VƏ İDMAN

Qeyri-ciddiliklə yanaşı, kütləviləşmə də dövrümüzün müəyyənedici xüsusiyyətlərindən biridir. Bu gün idman Qədim Yunanıstan dövründən bəri misli görünməmiş bir vüsətə çatıb. Sokrat, Platon, Aristotel və Akademiyanın digər müdavimləri üçün bədənin tərbiyəsi ruhun tərbiyəsi ilə paralel gedirdi, çünki onlar bu iki aspektin bir-birini tamamladığına əmin idilər. Bugünkü fərqi ondadır ki, indi insanlar, bir qayda olaraq, intellektual inkişafın ziyanına, yaxud onun əvəzinə idmanla məşğul olurlar.

Bütün idman növləri arasında futbol xüsusi yer tutur, pop-musiqi konsertləri kimi, nəhəng kütlələri bir yerə toplayır və istənilən digər ictimai tədbirdən – istər siyasi mitinqlər, istər dini prosesiyalar, istərsə də vətəndaş yığıncaqları olsun – daha güclü ehtiras dalğası qaldırır.

Azarkeşlər üçün (mən də özümü onlara aid edirəm) futbol oyunu ustalığın valehedici tamaşası ola bilər. Lakin bu gün əsas futbol oyunları Qədim Roma sirkləri kimi, daha çox irrasionallığın təzahürü və kollektiv səviyyəyə reqressiya üçün bəhanə rolunu oynayır, çünki tribunaların simasız qızğınlığı içərisində tamaşaçılar aqressiv impulslarına, rəqibin simvolik (və çox vaxt real) məhvinə yol verə bilərlər. Latın Amerikasındakı ölümcül davaları və stadionları yandırmaları ilə məşhurlaşan azarkeş dəstələri “barras bravas” göstərir ki, çox vaxt tamaşaçıları cəlb edən idman tamaşası deyil, oyun müddətində mədəniliyi unutmağa və özünü ibtidai sürü kimi aparmağa imkan verən irrasional impulsların sərbəst buraxılması ritualıdır.

Maraqlıdır ki, bu kütləvi təzahür ictimai piramidanın bütün səviyyələrində narkotik maddələrin populyarlığının artması ilə yanaşı gedir. Təbii ki, Qərbdə narkotik istifadəsinin uzun ənənəsi var, lakin yaxın vaxtlara qədər bu, demək olar ki, tamamilə elita ilə, XIX əsrdə Şarl Bodler və Tomas de Kvinsi kimi hörmətli fiqurların başçılıq etdiyi yaradıcı bohemlərin dar marjinal mühiti ilə məhdudlaşırdı.

NARKOTİKLƏR

Bizim günlərdəki narkotik istifadəsinin onun elmi və yaradıcı məqsədlər üçün qəbul edildiyi, yaxud nonkonformistlərin müəyyən edilmiş normalara qarşı üsyanının ifadəsi olduğu əvvəlki zamanlarla heç bir əlaqəsi yoxdur.

Bu gün marixuana, kokain, ekstazi, krek, heroin və digər maddələrin kütləvi istifadəsi insanları asan və sürətli həzzə sövq edən, onları narahatlıq və məsuliyyətdən təcrid edən, səthi, əyləncəyə ac mədəniyyətimizdə darıxdırıcı sayılan ən vacib məşğuliyyətdən – özünüdərkə aparan introspeksiyanı rədd etməyə məcbur edən mədəniyyətə reaksiyadır. Cəmiyyətimizi hərəkətə gətirən əyləncə ehtiyacı, həyatımız və dünya ilə nə edəcəyimiz barədə düşünərkən keçirdiyimiz ümidsizlikdən qaçmaq istəyindən irəli gəlir.

Milyonlarla insan üçün narkotiklər indi əvvəllər dinin və yüksək mədəniyyətin oynadığı rolu – həyat, ölüm, o biri dünya və varlığın mənası haqqında bilik mənbəyi rolunu oynayır.

Süni ekstaz zirvələri və sakitlik anları ilə narkotiklər ötəri təhlükəsizlik, azadlıq və xoşbəxtlik hissi təqdim edir. Lakin bu, zərərli bir xəyaldır, çünki narkotiklər yalnız problemlərdən, məsuliyyətdən və ümidsizlikdən azad olmaq təəssüratı yaradır. Nəticədə, onlar getdikcə daha yüksək dozada keyləşmə və həddən artıq oyanıqlıq tələb edərək əsarət formasına çevrilir, bununla da onları istifadə edən insanlarda mənəvi boşluq daha da dərinləşir.

DİN

Tamaşa sivilizasiyasında dünyəvilik din üzərində qələbə çalıb. Özünü mömin adlandıranlar arasında dini eləcə sözdə yaşayan insanlara getdikcə daha çox rast gəlirik. Lakin müasir Qərb dünyasında əvvəlkindən daha az katolik və protestant olduğuna görə dinin, ümumiyyətlə, yoxa çıxdığını demək yanlış olardı. Bu, sadəcə statistikadır. Əslində, möminlər ənənəvi dindən üz döndərdiyi bir vaxtda, sektalar, kultlar və dinə alternativ yanaşmaların sayı sürətlə artıb – şərq spiritualizmindən bütün məktəb və cərəyanları ilə (buddizm, dzen-buddizm, tantrizm, yoqa) kasıb bölgələrdə göbələk kimi çoxalan yevangelik kilsələrə (dördüncü yol, rozenkreyserlik, birləşmə kilsəsi, sayentologiya) qədər.

Yeni kilsə və sektaların yaranmasının səbəbi ondadır ki, yalnız az sayda insan tamamilə dinsiz keçinə bilər. Əksəriyyət üçün din zəruridir, çünki yalnız onun təmin etdiyi ruhun varlığına və ölümdən sonrakı həyata əminlik qaçılmaz son qarşısında narahatlıq və qorxu hissindən xilas edə bilər. Bundan əlavə, insanların əksəriyyəti müəyyən etik normaları yalnız din vasitəsilə qəbul edir.

Yalnız cüzi bir azlıq dinin zəncirlərindən azad olub, yaranan boşluğu mədəniyyətlə: fəlsəfə, elm, ədəbiyyat və rəssamlıqla doldurub.

Bu rolu yalnız konkret problemlər qoyan, onlardan qaçmayan, insan həyatının sirlərinə və münaqişələrinə səthi yox, ciddi cavablar təklif etməyə çalışan yüksək mədəniyyət yerinə yetirə bilər. Səthi və rəngarəng mədəniyyət əsrlər boyu sınanmış mifləri, misteriyaları və ritualları əvəz etməyə qadir deyil. Müasir cəmiyyətdə narkotik və alkoqol əvvəlki zamanlarda insanların dua, etiraf, riayət və moizələrdə tapdığı ötəri sakitləşmə və əminliyi təmin edir.

İNTELLEKTUALLAR

Əvvəllər siyasətçilər görkəmli alimlərin və incəsənət xadimlərinin dəstəyini qazanmağa can atırdılarsa, bu gün onlar rok-musiqiçilər, kinoaktyorlar və məşhur futbolçulardan xeyir-dua alırlar. Belə fiqurlar intellektualları – vətəndaşların siyasi şüurunu formalaşdıran şəxsləri əvəz ediblər. Onlar tribunalardan manifestlər oxuyur, televiziyada iqtisadi, siyasi və sosial sahələrdə nəyin yaxşı, nəyin pis olduğu barədə fikir bildirirlər.

Tamaşa sivilizasiyasında təlxək kraldır.

Aktyorlar və ifaçılar təkcə siyasətçilər üçün təşviqat aparmır, həm də özləri seçkilərdə iştirak edirlər. Bəziləri, məsələn, Ronald Reyqan, yaxud Arnold Şvartsenegger kimi, hətta yüksək dövlət vəzifələri də əldə edirlər. Mən heç də inkar etmirəm ki, kinoaktyorlar, rok və ya rep-ifçıları, yaxud futbolçular ideyalar dünyasına dəyərli töhfə verə bilərlər; lakin onların müasir siyasətdəki uğurlarının ağıl və ya dərrakə ilə hər hansı əlaqəsi olduğuna inanmıram. Onların uğuru yalnız KİV-dəki varlıqları və ictimaiyyət qarşısında oynamaq bacarıqları ilə izah oluna bilər.

Müasir cəmiyyətin diqqətəlayiq xüsusiyyətlərindən biri də yaxın vaxtlara qədər millətlərin həyatında mühüm rol oynayan intellektualların statusunun aşağı düşməsidir.

Belə hesab olunur ki, “intellektual” anlayışı XIX əsrdə “Dreyfus işi” və Emil Zolyanın yüksək rütbəli fransız antisemit zabitlər qrupu tərəfindən haqsız yerə xəyanətdə günahlandırılmış yəhudi zabiti müdafiə etmək üçün yazdığı məşhur “İttiham edirəm” məqaləsinin yaratdığı polemika sayəsində yayılıb.

“İntellektual” sözü nisbətən yaxınlarda istifadəyə girsə də, mütəfəkkirlər və yazıçılar Qərb sivilizasiyasının başlanğıcından bəri ictimai həyatda, siyasi, dini və ideoloji debatlarda iştirak ediblər.

Onlar Qədim Yunanıstan və Romada, İntibah, Maarifçilik və romantizm dövrlərində, eləcə də müasir dövrə qədərki bütün digər tarixi dövrlərdə mühüm rol oynayıblar. Elmi araşdırmaları və incəsənətə töhfələriylə yanaşı, xeyli böyük yazıçı və mütəfəkkir öz əsərləri, ictimai bəyanatları və müxtəlif məsələlərə münasibət bildirdikləri mövqeləri vasitəsilə ictimai-siyasi hadisələrə təsir göstəriblər.

Mənim gənclik illərimdə İngiltərənin Bertran Rasseli, Fransanın Sartr və Kamüsü, İtaliyanın Moravia və Vittorinisi, Almaniyanın Günter Qrass və Hans Maqnus Entsensbergeri, İspaniyanın Xose Orteqa-i-Qasset və Migel de Unamunosu var idi.

Xose Orteqa-i-Qasset
Xose Orteqa-i-Qasset

Bu gün intellektuallar ictimai debatlardan – ən azından, əhəmiyyətli olan debatlardan yoxa çıxıblar. Bəziləri hələ də manifestlərə imza atır, qəzetlərə məktublar yazır və polemikalara qatılır, lakin bütün bunlar iqtisadi, siyasi və hətta mədəni məsələlərin intellektualların tamamilə olmadığı inzibati sinif tərəfindən həll edildiyi cəmiyyət üçün ciddi heç bir nəticə doğurmur. Cəmiyyətin onlara nifrət etdiyini dərk edən əksəriyyət fikirlərini ifadə etməkdə ehtiyatlı olmağı, yaxud ümumiyyətlə, ictimai debatlarda iştirak etməməyi üstün tutur. İstisnalar da var, lakin onlar arasında çəkisi olan insanlar – KİV-dəki varlıqları sayəsində – prinsip və dəyərləri müdafiə etməkdənsə, daha çox özlərini tanıtmaq qayğısına qalırlar.

Tamaşa sivilizasiyasında intellektuallar insanlara yalnız o zaman maraqlıdırlar ki, onlar modaya uyub təlxəyə çevrilsinlər.

İntellektuallar nə üçün əvvəlki statuslarını itiriblər?

Bəlkə də, iş ondadır ki, bir neçə nəsil intellektuallar nasistlərə, kommunistlərə və ya maoistlərə rəğbət bəsləyərək, habelə Holokost, QULAQ və Çin mədəni inqilabının dəhşətləri qarşısında korluq və sükut nümayiş etdirərək pis şöhrət qazandılar. Dövrünün ən görkəmli zəkalarının soyqırıma, insan hüquqlarının aşkar pozulmasına və azadlıqların boğulmasına görə məsul olan rejimlərin tərəfini tutması kədərlidir.

KİNO VƏ İDEYALARIN KASADLAŞMASI

Müasir sivilizasiyanın digər səciyyəvi xüsusiyyəti ideyaların kasadlaşmasıdır. Bu gün təsvirlər ideyalara üstün gəlir. Bu səbəbdən kino, televiziya, indi də internet kitabı arxa plana keçirib.

Kino həmişə kütləvi auditoriyaya yönəlmiş əyləncəli sənət forması olub. Eyni zamanda, bəzən periferiyada, bəzən də meynstrimdə məhdud büdcəsi və prodüserlərdən asılılığı olsa da, heyrətamiz dərinlik və orijinallıqda filmlər yaradan böyük istedadlar meydana çıxırdı. Müasir cəmiyyət, hakim mədəniyyətin (hazırcavablığı ağıldan, təsviri ideyadan, yumoru isə ciddilikdən üstün tutan) təzyiqinə məruz qalaraq, artıq İnqmar Berqman, Lukino Viskonti, Luis Bunyuel kimi yaradıcılar yetişdirmir.

Bu gün kinonun ikonası kimdir? Vudi Allen – onun Devid Linç, yaxud Orson Uellsə nisbəti, rəssamlıqda Endi Uorholun Qogen, yaxud Van Qoqa, dramaturgiyada isə Dario Fonun Çexov, yaxud İbsenə nisbəti kimidir.

Tamaşa dövründə xüsusi effektlərin filmlərdə aparıcı rol oynaması, mövzuları, rejissorları, ssenariləri və hətta aktyorları ikinci plana keçirməsi təəccüblü deyil. Bunun əsasən son illərin nəhəng texnoloji tərəqqisi ilə izah edildiyini güman etmək olar. Bu, qismən belədir. Lakin iş həm də minimal zehni səyləri təşviq edən mədəniyyətdədir. Bu mədəniyyət, indi unudulmuş Marşall Maklyuenin ( o, indiki mədəniyyətin müdrik peyğəmbəri idi) “təsvir hovuzu” adlandırdığı şeyə çarəsizcə təslim olub. Müasir insan, diqqətini ələ keçirərək hiss və ağlını kütləşdirən misilsiz təsvir bombardmanı altında duyğu və hissiyyatlara itaətkarcasına tabe olur.

MUZEYDƏ PİSUAR VƏ AKULA

Tamaşa mədəniyyətinin özülü rəssamlıq tərəfindən qoyuldu. Məhz onunla incəsənətə əyləncə, oyun münasibəti başladı.

Marsel Düşanın (şübhəsiz ki, dahi idi) Qərbin bədii dəyərlərində inqilab edərək pisuarın da sənət əsəri ola biləcəyini nümayiş etdirdiyi vaxtdan – rəssamlıq və heykəltəraşlıq sahəsində hər şey mümkün oldu. Düşan sayəsində Demyen Hirst formaldehid dolu akvariumdakı akulanı on milyon dollara satdı və görkəmli fırıldaqçı (elə olsa da) kimi yox, dövrümüzün ən böyük rəssamı kimi şöhrət qazandı.

Ola bilsin ki, Demyen Herst, həqiqətən də, ən görkəmli müasir rəssamdır. Amma əgər belədirsə, bu, onun istedadından çox, dövrümüzün kasıblığından xəbər verir.

Deyim, hansı dövrün görkəmlisidir: həyasızlığın, lovğalığın və mənasız təxribatçı jestlərin hədindən artıq olduğu, rəssamlıq bazarının incəsənət mafiyası tərəfindən idarə olunduğu, bu bazarla əlbir olan başıboş tənqidçilərin isə öz ideyalarının miskinliyini saxta bütqıranlıq arxasında gizlədən mistifikatorlara rəssam statusu bəxş etdiyi dövrün.

“Saxta” deyirəm, çünki heç olmasa, Düşanın pisuarı əsl inqilab idi. Lakin zəmanəmizdə rəssamların artıq istedad və ustalıq göstərməsinə lüzum qalmayıb – yalnız ədabazlıq və qalmaqalçılıq bəs edir; onların cəsarətli bəyanatları isə konformizmi pərdələməkdən başqa bir şey deyil.

Bir vaxtlar inqilabi olan nə vardısa, indi dəbə çevrilib; incəsənəti asta-asta aşındıran və onu “Qran-Qinyol” tamaşasına döndərən bir turşuya.

Qeyri-ciddilik incəsənətdə həyəcanverici bir vüsətə çatıb. Estetik dəyər meyarları barədə konsensusun olmaması o deməkdir ki, bu sahədə xaos hökm sürür və uzun müddət də sürəcək, çünki istedadı istedadsızlıqdan, gözəlliyi çirkinlikdən, əbədini ötəridən obyektiv şəkildə fərqləndirmək artıq mümkün deyil.

Marsel Düşan və onun məşhur pisuarı
Marsel Düşan və onun məşhur pisuarı

Bu xaosa görə incəsənət dünyası, çox vaxt əsl yaradıcıları bacarıqlı işbazlardan və şarlatanlardan ayırmağın çətin olduğu bir karnavala çevrilib.

Bu, mədəniyyətin ucuz hedonizmin arxasınca getsə, nəyə çevrilə biləcəyini göstərir.

Musiqidə, Marsel Düşanın pisuarının ekvivalenti kimi, müasir Amerika musiqisinin qurusu Con Keycin “4’33”’ adlı əsərini göstərmək olar; bu əsərdə pianoçu dörd dəqiqə otuz üç saniyə ərzində dillərə toxunmadan pianonun arxasında oturur, əsərin özü isə təəccüblənmiş və qıcıqlanmış dinləyicilərin yaratdığı səs-küydən ibarətdir. Keycin niyyəti musiqi ilə səs-küy arasındakı dəyər fərqinə dair qərəzi aradan qaldırmaq idi. Şübhəsiz ki, o, buna nail oldu.

Con Keyc
Con Keyc

TAMAŞA SİYASƏTİ

Tamaşa sivilizasiyasında siyasət ədəbiyyat, kino və ya rəssamlıq qədər səthi hala gəldi. Nəticədə, reklam şüarları, klişelər, maraqlı faktlar və ən son dəb meylləri ideyaların, proqramların və doktrinaların yerini tutdu.

Populyarlıqlarını qorumaq üçün müasir siyasətçilər jestlərə və xarici görünüşə çox diqqət yetirməlidirlər ki, bunlar ictimaiyyət üçün onların dəyərindən, əqidəsindən və prinsiplərindən qat-qat vacibdir.

Siyasətçilər üçün qırışlara, saç seyrəkləşməsinə, ağ saç tellərinə, dişlərinin ağlığına və geyimə fikir vermək, öz proqramlarını izah etmək qədər, bəlkə də, daha vacibdir. Model Karla Bruninin Yelisey sarayında Birinci leydi qismində peyda olması göstərir ki, siyasəti doktrinalar, ideyalar və intellekt oyunu sayan və öz ənənəsi ilə fəxr edən Fransa belə bütün dünyada hökm sürən yüngüllüyə təslim oldu.

Karlos Fuentes Çyapasdakı ötəri zapatist inqilabını ilk “postmodernist inqilab” – yəni reklam texnologiyaları üzrə ekspertlər tərəfindən səhnələşdirilmiş, heç bir məzmunu olmayan tamaşa adlandırmışdı. Bu inqilab haqqında düşüncələrini bölüşən Oktavio Pas müasir siyasətçilərin əməllərini (daha doğrusu, simulyakrlarını) çox dəqiq xarakterizə etmişdi:

“Tamaşaçıların yaddaşı yoxdur; buna görə də peşmanlıq və vicdan əzabı onlara yaddır.”

“Tamaşaçılar istənilən yeniliyi qucaq açıb qarşılayırlar. Onlar tezcə unudur və gözlərini belə qırpmadan ölüm və dağıntı səhnələrindən Madonnanın və Maykl Ceksonun təlxəkliklərinə, hoqqalarına keçirlər. Sərkərdələrə və yepiskoplara da eyni tale biçilib: onların hamısını tamaşa cəmiyyətinin həm Apokalipsisi, həm də Qiyamət günü olan simasız və universal Böyük Əsnəmə gözləyir”.

SEKS

Bizim dövr əvvəlki qərəzlərin və cinsi həyatı məhdudlaşdıran dini tabuların ardıcıl ləğvi sayəsində seks sahəsində əhəmiyyətli dəyişikliklərlə yadda qaldı. Bu sahədə Qərb dünyası şübhəsiz ki, tərəqqiyə nail oldu. İnsanlar özlərinə partnyor seçmək azadlığı qazandılar, homoseksuallar və digər azlıqlar tədricən cəmiyyətin bir hissəsi oldular.

Lakin cinsi emansipasiya cinsi əlaqəni də bayağılaşdırdı: əksəriyyət üçün, ilk növbədə gənclər üçün seks rəqs, yaxud futbol qədər əhəmiyyətli olmayan birgə məşğuliyyətə çevrildi. Ola bilsin ki, seksə bu qeyri-ciddi yanaşma daha sağlamdır, lakin onu da qeyd etmək lazımdır ki, cinsi azadlıq hətta ən inkişaf etmiş ölkələrdə belə cinsi cinayətlərin sayının azalmasına gətirib çıxarmadı. Əksi daha doğrudur.

Yüngül seks – sevgisiz və təxəyyülsüz, sırf instinktiv və heyvani seksdir.

O, bioloji ehtiyacı ödəyir, lakin hissi həyatı zənginləşdirmir və insanların yaxınlaşmasına kömək etmir. Belə seks tənhalıqdan xilas etmir. Əksinə, qısa sürən fiziki akt bitən kimi tənhalığa məyusluq da əlavə olunur.

Erotika tənqid və yüksək mədəniyyətlə birlikdə yoxa çıxdı. Nə üçün? Çünki cinsi əlaqəni sənət əsərinə çevirən erotika yeni nəslin qazandığı azadlığın  –  nə qədər paradoksal olsa da, – nəticəsi olan yüngül, sürətli, heç nəyə fərq qoymayan seksin tam əksidir.

Erotika – normativ olana qarşı üsyan, qəlibləşmiş praktikalara meydan oxumaqdır; o, məxfilik və gizlilik tələb edir. Adiləşdikdə isə dəyərsizləşir və cinsi əlaqəni mənəvi, yaradıcı bir akta çevirmək funksiyasını yerinə yetirə bilmir. Pornoqrafiyaya, yəni ucuz, aşağı, bayağı formaya çevrilir.

Keçmiş əsrlərin erotik ədəbiyyatı fantaziyalardan ilham alır, həzz almaq hüququ uğrunda mübarizə aparır, siyasi və əxlaqi status-kvoya meydan oxuyurdu.

O, heyvani instinkti nəcibləşdirərək sənət əsərinə çevirirdi.

JURNALİSTİKA

Jurnalistika tamaşa sivilizasiyasına necə təsir etdi — yaxud onun təsirinə necə məruz qaldı?

Əvvəllər ciddi jurnalistikanı sensasiyaya həris olan sarı mətbuatdan ayıran sərhəd vardı, həmin sərhəd genişlədi, bəzi yerlərdə tamamilə silinib getdi. Axı yaxşı vaxt keçirməyin başlıca dəyərə çevrilməsinin fəsadlarından biri də informasiya sahəsində prioritetlərin alt-üst olmasıdır: Xəbərlərin əhəmiyyəti artıq onların iqtisadi, siyasi, mədəni və ya ictimai çəkisi ilə yox, təzəliyi və ya canında qalmaqal daşıması ilə müəyyən olunmağa başlandı.

Bugünkü jurnalistika çoxluğun zövqünə uyaraq informasiyanı cəlbedici formada təqdim etməyə can atır; bu isə qaçılmaz olaraq mətbuatın qeyri-ciddi, səthi və əyləncə xarakterli hala gəlməsinə səbəb olur.

Təəccüblü deyil ki, bu gün geniş oxucu auditoriyasına malik nəşrlər çoxu xəbərləri obyektiv çatdırmağa köklənmiş ciddi qəzet və jurnallar deyil, çap mətbuatı içində sağ qalan və rəqəmsal rəqiblərinə təslim olmayan yeganə vasitələr – parıltılı jurnallardır. Ancaq axına qarşı üzərək oxucunu əyləndirmək əvəzinə, əvvəlki kimi məlumatlandırmağa çalışan mətbuat ölür.

İnformasiyanı əyləncə formasına salmaqla biz marjinal nəşrlərin üsullarına –  qalmaqallara, dedi-qodulara, şəxsi həyatın toxunulmazlıq hüququnun pozulmasına, yalana və böhtana bəraət qazandırırıq.

Adi insanları əyləndirməyin ən yaxşı yolu onların bəsit instinktləri üzərində oynamaqdır.

Ən asan yol – başqa insanların, xüsusilə də, məşhurların sirlərini yaymaqdır.
Müasir jurnalistika bu oyunu vicdan əzabı çəkmədən, informasiya azadlığı hüququ ilə özünü müdafiə edərək oynayır. Vaxtaşırı məhkəmə prosesləri baş tutsa da, təqsirkarlar cəzalandırılsa da, bu praktika o qədər geniş yayılıb ki, ictimai insanın həyatının heç bir tərəfi KİV-in müdaxiləsindən qorunmur. Qəzetlər, jurnallar və televiziya proqramları sağ qalmaq istəyirlərsə, ictimaiyyətin əyləncə susuzluğu ilə hesablaşmağa məcburdurlar.
Tomas Eloy Martinez
Tomas Eloy Martinez

Tomas Eloy Martines “İnqrid və Klaraya aman yoxdur” adlı məqaləsində bulvar mətbuatının İnqrid Betankur və Klara Roxası necə təngə gətirməsindən doğan hiddətini ifadə etmişdi. Qadınlar Kolumbiya cəngəlliklərində FARK-ın altıillik əsirliyindən azad edilərkən mətbuat onların üzərinə səfeh və qəddar sual seli yağdırdı: zorlanmaya məruz qalıblarmı, yaxud digər əsirlərin zorlandığını görüblərmi? Klara Roxas partizanlardan birindən dünyaya gətirdiyi körpəni boğmağamı çalışıb?

“Bu cür jurnalistika, – deyə Tomas Eloy Martines yazırdı, – qurbanları mühüm xəbərin subyekti kimi təqdim etsə də, əslində, onları zorla istehlakçıların pozğun marağını təmin etməyi hədəfləyən bir tamaşanın iştirakçısına çevirir”.

Onun qəzəbi tamamilə haqlı idi. Lakin o, belə bir tamaşanın cəmi bir neçə nəfərə maraqlı olacağını düşünməkdə yanılırdı.

İnsanları hər zaman əyləndirən başqa bir şey də növbənöv fəlakətlərdir: zəlzələlərdən və sunamilərdən tutmuş seriyalı qətllərə qədər (xüsusilə də, tərkibində sadizm və ya cinsi azğınlıq elementləri olanlar). Məhz bu səbəbdən bu gün ən məsuliyyətli nəşrlər belə qan, cəsədlər və pedofiliya mövzuları olmadan ötüşmür.

Əlbəttə, hamını bir tutmaq olmaz. Bəzi media qurumları təzyiqlərə müqavimət göstərməyə, obyektivlik və dəqiqlik prinsiplərinə sadiq qalmağa çalışırlar, hətta bu hal oxucularda Oktavio Pasın bəhs etdiyi kimi “Böyük Əsnəməyə” səbəb olsa belə.

Lakin acı həqiqət budur ki, bu gün hökmran olan mədəniyyətin tələblərini tamamilə rədd edərək heç bir jurnal, qəzet və ya televiziya proqramı ayaqda qala bilməz.

Jurnalistika özü yaranmasına kömək etdiyi tamaşa sivilizasiyasını məhv etməyə qadir deyil; Qərb ölkələrinin bəxtəvər vətəndaşları isə darıxdırıcı və təşviş doğuran hər şeyi – onlara həyatın təkcə əyləncədən yox, həm də iztirablardan, sirlərdən və məyusluqdan ibarət olduğunu xatırladan hər şeyi – kənara itələməyə həddindən artıq öyrəşiblər.

Tərcümə edən: Qismət

OXŞAR XƏBƏRLƏR