Şeir haradan başlayır? – Cavanşir Yusifli

Daha.az Cavanşir YusiflininŞeir haradan başlayır?” yazısını təqdim edir.

Madam, söz poeziyadan düşüb yazının əvvəlini belə bir həssas misralarla başlamaq istərdik:

Yorulmuşam… ayaqlarım yorulub –
Ta yolları gedə bilmir, əzizim,
Ta yolları yola salıb qayıdır;
Uzaqlara boylanammır gözlərim,
Eləcənə kirpik çalıb qayıdır…

Yorulmuşam… çiyinlərim yorulub…
Bağışlayın məni, doğma tabutlar, –
Qaldıramam daha sizi yerdən mən;
Endirəməm sizi göydən, buludlar!

Yorulmuşam… dodaqlarım yorulub
Şərab dadmır, əzab dadır öpüşlər…
Səhv elədim, duyğulara aldandım,
Hönkürməklə olmayırmış bu işlər…

Səhv elədim, duyğulara aldandım,
Dönə-dönə eyni yerdən vurulub
Ürəyimə uduzdurdum ağlımı…
Yorulmuşam… sol tərəfim yorulub –
Yavaş-yavaş daşa dönür… ağrımır…

Bu şeiri təhlil eləmək (şeirdə insanın bir anda, ani olaraq keçirdiyti hissi proses qədər “uzadan” bədii mətnin koordinatları var…) onun deyə bilmədiklərini dilə gətirmək, ifadə etmək deyildir, çünki praktiki olaraq bu mümkün deyildir (…çünki proses geri qayıtmır, daim irəli cummağa, yaxud divara rast gəlibmiş kimi yerində qıvrılmağa məhkumdur!), şeir həqiqətin ən düzgün formada ifadəsidir. Filoloq şeirə tam başqa istiqamətdən baxmalıdır, ritm və intonasiya yönündən. Hissin, keçşirdiyin hissin, çəkdiyin ağrıların ən düzgün “sxemi” məhz bu iki kateqoriyada təsbit olunur. Bir müəllifin ən gözəl şeiri, həm də Azərbaycan poeziyasının ən gözəl şeirlərindən biri o zaman yaranır ki, o sənin səsinin gizlinlərini ideal şəkildə ifadə edə bilsin, şeirin, məsələn, Məmməd Arazın, Əli Kərimin, Ramiz Rövşənin, Vaqif Bayatlının öz səsiylə danışması mümkündürmü? Əlbəttə, adını çəkdiyimiz müəlliflərin elə seçkin mətnləri var.

Əli Kərim
Əli Kərim

Əli Kərimin əksər şeirləri (xüsusən, “Atamın xatirəsi…” …Moskvada oxuyurdum tərk etdi məni//Gələn zaman bir əbədi ayrılıq dəmi.//Gah istəyib məni görə//Gah deyib ki, mən//Qoy bilməyim, o utanıb öz ölümündən//Ah o niyə belə etdi, bu nə qübardı//Nə zamansa bu nişanda bir atam vardı...), Məmməd Arazın iddiasız şeirləri, atasına həsr etdiyi nümunələr (Atam doluxsunub, baxıram ona, //Kişi uşaq olub səksən yaşında.//Bu nə ayrılıqdır, ata yurduna//Əlvida deyirəm ocaq başında.….), Ramizin gəraylı formasındakı nəğmələri, Vaqifin ilk şeirlərindəki bülbül şikayəti və sair. Bir də Musa Yaqub. Açılmamış sirlərin ecazı. Ələkbər Salahzadə, ən gözəl sərbəst şeirlərin müəllifi. Həmdə: özü də bilmədən bütün şeirləriylə yurdun xəritəsini cızan şeirlər.. Semiotikada məkanın semiotikası işarəvi sxemdir, bu sxem oxunduqda sətirlər arasından şeirdə gizlin qalan qatlar açılır.

-1-

Azərbaycan poeziyası şübhəsiz ki, dünya poeziyasının bir hissəsidir, həm də ümumən poeziya anlayışının bütün ruhani və fəlsəfi yönlərini ifadə edə bilən estetik hadisədir. Məşhur filosof, poeziya haqqında az, amma ən gərəkli məqalələrindən bir neçəsini yazmış Martin Haydegger yazırdı ki, poeziyanı sadəcə bir estetik hadisə kimi götürmək azdır, poeziya əslində həqiqətin özünü ifadə etdiyi sahədir. Şairin “hər yazılan şeir deyil…” misrasını burda xatırlamaq yerinə düşür. Məhz “boğaza yığıldıqda”, əlacsızlığın ən pik nöqtəsində həqiqət gəlib özünü şeir mətnində ifadə edir. Hər yazılan şeirdə deyil. Məsələn Hölderlinin mətnlərində.  Zehnə və ruha təsir edən (yazılan) iki şeir tipi var. Zehində qurulan şeirlər çoxdur, dünyanı başına götürüb (sən sadəcə beynində qafiyələri sıralayırsan, buna bizim lisanda qafiyəpərdazlıq deyilir…), bu mənada, bizdə, xüsusən 2025-ci ilin təcrübəsində qafiyəpərdarzlıq üstünlük təşkil edir. Şeir sənin əlindən çıxıb özü özünü yazır…  Bunların xüsusi çəkisinin çox az olduğu halda poeziyadan xüsusi vurğu altında danışmaq düzgün olardımı? Yəni, dünya yaranandan poeziya sahəsində vəziyyət belədir, yəni əslində normaldır. Çünki Haydeggerin sözləriylə desək, poeziya (şeir…) həqiqətin ifadə olunduğu sahədir və həqiqət hər şeir yazanın dilinə yatmır (həm də danışılası mümkünsüz bir lisan, bir dildir…). Buna görə bu tipli şeirlərdə qafiyələr ön sırada durur, amma əks halda şeir qafiyəsiz halda belə sənin ruhunu ələ alır. Orta məktəb ədəbiyyat müntəxəbatında Şekspirin “Hamlet”i qafiyələrsiz mətn şəklində, ağ şeir formasında təqdim edilirdi. Beşayaqlı yamb ölçüsü faciənin ruhumuza nüfuz etməsinə sürət qatırdı. Ruha, varlığa müraciət edən şeir azdır, dünyada bu tipli mətnlər azlıq təşkil edir.

Şeir, poeziya hardan başlayır? Daha dəqiqi, bir şairin yaradıcılığı hardan hara poeziya məmləkətidir? Bu, fikrimizcə, şairin həyatında taleyə dönüş nöqtəsiylə bağlı ola bilər.

Məsələn, Rilkenin taleyində. Belə ki, onun tərcümeyi-halında çox qəribəliklər var; ondan əvvəl dünyaya gələn uşaq ölmüşdü, anası bunu heç zaman unutmur və Rilke doğulanda ona qız adı verir: Röne, yəni yenidən doğulan (fransızca). Ölmüş uşağın taleyinin davamı olaraq. Bu adı daha sonralar sevgilisi dəyişir: Rayner. Məsələ bunda deyil, məsələ ondadır ki, Rilke “Duin Elegiyaları”nın birincisində poeziyanın təyinatına toxunurdu və “toxunma” dünyadakı bütün itmiş ağrıları oyadırdı:

Mələklər qatından kim eşidərdi mənim fəryadımı?
Və hətta eşitsəydi belə, o, birdən-birə Qəlbimə toxunsa,
öz varlığının əzəmətindən
Mən elə o an məhv olardım.
Çünki gözəllik — dəhşətin başlanğıcıdır.
Biz hələlik bu başlanğıca dözə bilirik;
Və ona heyranıq, çünki o, bizə qıymağı özünə layiq bilmir.
Hər bir mələk dəhşətlidir.

Rilke
Rilke

Rilke ən məşhur essesində, “Gənc bir şairə məktublarda” yazırdı: “..Heç də bütün şeylər adətən bizə aşılandığı qədər aydın və ifadəli deyil; bir çox hadisələrin ümumiyyətlə, ifadəsi yoxdur, onlar elə bir sahədə baş verir ki, ora hələ indiyəcən bircə sözün də ayağı dəyməyib və ömrü bizim müvəqqəti həyatımızla müqayisədə əbədi olan bu sənət nümunə­lərinin, bu müəmmalı varlıqların ifadəsi mümkünsüzdür… ” Bu sözləri dünyanın ən böyük şairlərindən biri deyirdi, çox insanın yazdıqları Rilkenin ifadə etmək istədiyi poetik nümunələrə qədərki haldır. Bu mənada biz heç bir halda bir ilin poeziya mənzərəsi haqqında bitkin bir söz deyə bilmərik.   

Martin Haydeggerin bir məqaləsi var: “Hölderlin və Poeziyanın mahiyyəti”. Bunu niyə deyirik? Hər bir millətin tarixində şairlərin sayının həddən artıq çox olduğu dövrlər olur. Və bu zaman, Haydegger demişkən, varlığı ifadə edən şairlər kənarda qalır. Haydeggerin məqaləsi (essesi) Birinci Dünya Müharibəsində faciəli şəkildə həlak olmuş Norbert fon Hellingrata həsr olunub. Bu alim araşdırmalardan tam şəkildə kənarda qalmış Hölderlin poeziyası haqqında doktorluq dissertasiyası yazmışdı. Haydegger essesini ona həsr etməklə həmin ənənəni davam etdirdiyini bəyan edir. Həm də siyasi görüşlərində nasistlərlə əlaqəsini yamanlamış olur. Bir mütəfəkkir elə belə də qeyd edir: “Haydeggerin öz siyasi baxışları mürəkkəb olsa da və sözün həqiqi mənasında nasist kimi təsnif edilə bilməsə də, onun Hellingrata ithafı və siyasi çaxnaşmalar dövründə Hölderlinə fokuslanması mühafizəkar və ya millətçi hisslərlə əlaqəyə işarə edir.”

Bu məsələlər o qədər qəliz və “usandırıcıdır” ki, saatlarla, hətta günlərlə danışmaq olar. Yəni, bu dərin temaların fonunda ayrıca götürülmüş bircə ilin ədəbi rəsmini cızmaq mümkündürmü? Fikir verin, elə tendensiyalar olur ki, bir ilin içində doğulur, inkişaf edir və səhnədən çəkilib gedir.

Bu mənada ondan hansı aspektdə danışmaq daha münasib olardı? Bəlkə, danışmamaq? Şeiri heç nə sonadək izah etmir, şeir özü zamanı kapsayan məqamda izah edir və bir daha təkrarlanmır. Tez də unudulur, yaddaşlardan silinir. Bunun heç bir əlacı yoxdur.

-2-

Biz 2025-ci ilin poeziyasından danışanda, şübhəsiz ki, bütün tendensiyaları, yenə də şübhəsiz ki, bütün nəsilləri nəzərə almalıyıq. Vaxtilə ən gənc şair kimi bəhs edilən, indi isə ən yaşlı şair Ramiz Rövşəndən Anar Seyidağaya qədər hamıdan danışmaq üçün bizə onları bir ovuc içinə yığan bir meyar lazımdır. Bəlkə bu: poeziyanın əbədi mövzuları… Ancaq onsuz da hamı elə bunlardan yazır. Hər yazan bu konseptin bir küncündə itib-batır. İtib-batmayanlar varmı? Şübhəsiz ki var, əsas odu biz onları tapa bilək.

Bizi maraqlandıran əsas məqamlardan biri şeirdə intonasiya məsələsidir.

Şeir, nəsr… ümumən, bədii mətndə elmin sonradan, bəlkə yüz illər sonra kəşf edəcəyi nəsnələrdən bəhs edilir, yazılır. Bu yazılanlar olmasa, elm bu kəşfləri edə bilərdimi? Edə bilsəydi belə, hansı mənası olardı?!!

“Daha sonranı” fəhm edən şeir Şekspir yaddaşından süzülüb gəlir: dünyada bircə şair var, yerdə qalanlar, daha sonra gələnlər ondan pardaqlanır…

İntonasiya əhval-ruhiyyənin güclü daşıyıcısıdır; o, şairin daxili hisslərini — kədər, sevinc, ironiya və ya heyranlığı ötürməyə imkan verir. Səsin tonundakı dəyişikliklər şeirin təqdimatını kəskin şəkildə dəyişə bilər: tonun yüksəlməsi həyəcan və coşqunu ifadə etdiyi halda, tonun enməsi çox vaxt bitkinlik, qətiyyət və ya ümidsizlik siqnalı verir.

Bu gün keçən əsrin 90 və sonrakı illərin poeziya nümunələri yoxdur, indi, belə deyək, əvvəlki dövrlərdəki heyrət dalğaları çəkilib getmiş, əvvəlki heyrət dalğaları üstündə yazılan şeirlər gündəlik həyəcan və duyğuları təmsil edir. Meydanda kimlər var? Ramiz Rövşən. Öz çevrəsində, öz müstəvisində adiləşib. Daha çox gənclik illərində yazdıqları nümunələri paylaşır. Salam və Əlizadə Nuri. Salam o həyəcan dalğalarını yaradan əsas fiqur idi. İndi, yəni hecadan sonrakı sərbəstlərin qarışıq yuxusu çəkilib gedib. Salam hündür Qala divarlarına dəyən dalğaların kəsildiyini, sınıb ovxarlandığını görmür, görsə də inad edir. Əlizadə Nuri yenə həmin ampluadadır: bir kitablı metaforaları oxuyub xoşbəxt olursan, ancaq… kitabı qapadınmı, hər şey yaddan çıxır. Bu mənada, Əlizadə Nuri hələ də yazır və biz də oxuyub xoşbəxt oluruq. Fərid Hüseyn klassik ədəbiyyat haqda bir-birinin dalınca yazdığı kitablardan baş qaldırıb silsilə şeirlərini yazmır. Qismət XXI əsərin hansı ilində son şeirini yazıbsa bilmirəm. Hamı su kimi dayanıb, suların adamın üzünə baxıb susması dəhşətdir. İndiki porosesdə bir sözlə, heç kəs öz işiylə, daha doğrusu, özüylə məşğul olmur, Seymur Baycandan baş alıb gələn boz ədəbiyyat havası, dil davası, hər şeyi özünə tabe etdirmək qovğası o qədər mənasızdır ki, adam dilin də sərhədlərini aşıb qaçmaq istəyir. Hələ Anar Oğuz… Boz ədəbiyyat havası yox, davası, üzr istəyirəm, iki nəfər qollarını çırmayıb hökm edir: boz yazın, boz ədəbiyyat yaradın. Dövrün nidası budur. Başqa önəmli nəsə varmı, yoxdu, məncə. Klassiklər demişkən, dövrün istedadı qarışıqdır. Elə bir qazan qaynayır ki, bu qovğadan sağ salamat çıxmaq çətin məsələdir. Etimad Başkeçidin keçmişdəki şeirləri bu gün qapının ağzında durub köks ötürür.

Öz yanından ürkən dosta söyləyin,
elə getsin, geri daha dönməsin,
düyün düşsün hədyan deyən dilləri,
la ilahə illəllaha dönməsin.

mən demirəm qalsın yavan, yalınçaq,
ilan yürsün, balası da dalınca,
tərəfimdən deyin ta mən ölüncə,
peşimana verməm baha, dönməsin.

Başkeçid der, ələlbaşdı qol, sinə,
dəccal minər ulağını tərsinə,
axır-əvvəl dönər, əlbət, yol sinə,
ha bulansın, imana ha dönməsin.

Bu şeir hamının bildiyi kimi, keçmişin məhsuludur. İndi bu şeir nümunəsi yazılmaz zənnimizcə. Bu nöqtə mühümdür, indi nə yazıla bilər? Fikrimizcə, bu sualın cavabı bizdə dolaşıq düşüb. İndi ədəbiyyat yerinə başqa nəsnələr ələ alınır və yarıyolda elə müəllif də anlayır ki, bu yaradıcılıq deyil, içimizdəki narahatlığı ram etmək üsuludur. İnsanlar ədəbi nümunələr yaratmaq yerinə, artıq keçmiş illərin suallarıyla mətnlər yaratmaq istəyirlər, nə bilim Toynbi belə dedi, çinlilər bunu belə deməzlər və sair. Dünyadan, dünya klassikasından öyrənməyin yolu məchul bir nöqtəyə dirənib. Ədəbi nümunələri isə hazırda istedadı orta “sularda” qərar tutan müəlliflər tərəfindən yazılır. Rəylər yalan, fantastika, mətnlər biçimsiz (hansısa romanda vardı: dəllək pis deyil e, dizayn özü də əladır, amma başın özü əyridir….).  Bu gün insan ruhunu nələr narahat edir, dərindən dərinə incidir, bax, bu duyğular yoxdu mətnlərdə, bir neçə imzanı çıxmaq şərti ilə. Onlardan biri Elnur Astanbəylidir.

Qərib yerin adamı

yeri yeri qərib yerin adamı
bizim dağlar sizin gülü bitirməz
sizin dərdlər bizim dildə oxunmaz
bizim göllər sizin suyu götürməz

bizə derlər ağır ərlər obası
bizə düşməz sizin yerin havası
qansızların qəbul olmaz duası
arsızların dili tövbə gətirməz

sizin çaylar axıb axıb durulur
bizim gözlər baxıb baxıb vurulur
bir gün gəlir tüm hesablar sorulur
hax divanı bircəciyin ötürməz

Bir də, 2025-ci ildə dünyadan köçmüş Əlisəmidin şeirləri.

Yazmağın bir adı da usanmamaqdır. Yaxud usanmaqdır. Elçin Əfəndiyev yazmaqdan usanmırdı, ancaq nə sirdisə, onun ən yaxşı mətnlərinin qəlbində bir usanmaqlıq vardı. Quş yuvası kimi. Gül dedi bülbülə. Bu povestin, yaxud uzun hekayəni çox təriflədilər, elə mən də. Ancaq üstündən 10-15 il keçəndən sonra bir də oxudum. Çox köhnəlmişdi. Hətta içindəki sevgi də köhnəlmişdi. Ancaq “Ölüm hökmü”ndə usanmaq sözünün bütün mənalarını sənə oxudur. Bitdimi, hə şey təzə cümlədən başlayır. Köhnəlmə sintaksisdən bilinir. İsa Hüseynovun sintaksisi bu gün də canlıdır, təzətərdir, içimizdəki təbii Azərbaycan türkcəsidir. Yaxud Əkrəm Əylislinin. Sabir Əhmədlinin də mən sevidiyim romanlarının (Gülmalı kişinin axırı) sintaksisi. İsa Hüseynovun “Kollu Koxası” ilə Sabir Əhmədlinin “Gülmalı kişinin axırı povesti” arasında keçidlər.

Qalın bir romanda ekspressivliyin ən dərin yuxularına qədər gedə bilərsən, o mətn sona qədər formalaşmaya bilər, niyə, deyə sual versəniz, bunu dərin düşüncələrə dalıb (-!) cavab verməli olacağıq [)))))))))]:  üslubi ekspressivlik, semantik fəvvarələr… bunlar ilkin fikir, yaxud niyyətin mənaya çevrilməsinə səbəb olmur, buna görə də, o roman hansısa məlum mənanı təqlid edir, özü də yarımçıq şəkildə,  gül ləçəklərini məkanın ən müxtəlif guşələrinə dağıdırsan, rəng rəngə, ahəng ahəngə qarışır, həcm artsa da, məna kiçilir, qeyb olur, ortada yalnız gül və rənglərin süni pafosu qalır…

Bu günün ədəbi prosesində ən ağrılı cəhətlər hansılardır?  Qoca yox, yaşlıların məkandan kənarda  köhnə ritmələrin üstünə köçmələri, cavanların  sanki eyni yaşlarda donması…

Yəni hər iki halda donuşluq. Zamanın qan kimi laxtalanması. Bu səbəbdən, ən gənc nəslin bu prosesdə yadda qalası bir obrazı yoxdu. Bütün kitabları, sosial şəbəkəni ələk-vələk edin, ən qiymətli sitatlar keçmişdən gəlir. Yeganə Əlisəmid Kür bu müqaviməti qırıb üç zaman formasını əlində muma döndərib qəlbinin yarasına ipisti şeirlərini deyirdi, onu zaman tutub saxladı. Bu zamanda, bu ortamda nəsə var, onun hər bir şeiri ayrıca bir ekosistemdir, dünyanı hiss edən, insan duyğularının rəng ayrıcını bacadan bir qurğu, yox şeir,  bu yaradan axan qan vaxtilə Əli Kərimin “Kürə yağış yağırdı” şeirində də var, yəni başlanğıc kimi, hər bir gözəl şeir, hər bir gözəl şair nəyinsə davamıdır, faciənin, gülüşün və sükutun. Özü susan, yəni bu zaman çərəyində özünü susduran şairıər istisna…

Əli Kərim “Kür, sənə bənzəyən nəğməm olaydı…” deyirdi, Əlisəmid həmin o nəğmədir. Nəğmə olduğumuz şeirlərin ən munis qatındadır, bir gün uşaq əlindən qaçan çərpələng kimi havaya uçacaq. Onda biləcəyik azadlıq nədir. İndi bu sözün qarşısında hamı susur.

Hər bir şair söz, sənət dünyasında bir iqlim qurşağıdır, hər bir şair bir fəsildir, ayrıca bir materikdir və sair.

Əlisəmid bizim poeziyada məcrasına sığmayan yeganə çaydır. Şairlər var, sevinmək istəyəndə sularına gül atılan dəniz kimidir – Müşfiq. Şairlər var, oxuyanda misraların arasıyla zirvələrdə ağaran həsrət bəllənir – Məmməd Araz. Şairlər var, özgə dildə yazanda da Təbriz qoxuyur – Şəhriyar.

Əlisəmidin şeirlərində rəng, qoxu, ətir… dünyaya gözünü açdığı ilkin formadadır. Onun mətləbini bu rənglər, bu qoxular bəlli edir, nəinki sözlər.

Sonra, Anar Seyidağa:

Ruhun o deyilsə Məryəm də doğsa
Tanrı da üfürsə zuhur eyləməz.
Biz gəldik dunyaya uduzaq gedək,
Ha qov, hesab yenə bir- bir eyləməz.

Bu necə fiqurdu-bir küncü yoxdu,
Nədən yeddi rəng var, narıncı yoxdu?
Yaxşı ki, Allahın qılıncı yoxdu
Yoxsa biz ölüncə səbir eyləməz.

Düşün, bir elm var fərz deyə sənə,
Bu necə isbatdı tərs deyə sənə?
Elə başlar çıxır dərs deyə sənə
Heç boynu bir başlıq kəndir eyləməz.

Hər ağrı- acıya gəlsək də sinə
Həqq-insan eşqi çox gedir dərinə.
Tanrı cəhənnəmi sevdiklərinə
Hər nə etsə edər-təndir eyləməz.

Rəbiqə
Rəbiqə

Rəbiqənin “əsgər” şeirləri:

Dağılıb boyunbağım yollarının üstünə
Gizləmirəm gözümdən süzülən muncuqları.
Bu dəfə sevinc durur ürəyimin qəsdinə,
Cücərir ürəyimdə ümid tumurcuqları…

Götür, mənim də könlüm səngər-səngər keçəcək,
Düşünmə ki, yalqızam, düşünmə ki, uzağam.
Güllə yağışlarında ümidim göyərəcək,
Güllə yağışlarından doğacaq göyqurşağım.

İndi nə söz vaxtıdır, nə şeir, nə də çiçək,
Gilizlərdən bir çələng hörərsən qayıdanda.
Sənin zəfərin özü mənə şeir deyəcək,
Özüm çiçək dərəcəm ayağının altından.

Mən Elnurun şeirlərini niyə nümunə gətirdim və təhlilə ehtiyac yoxdur, yazdım. Ona görə ki, hələ qədimlərdən məlumdu, haçan ki zəmanə qarışır, ritm itir, hamı sanki eyni intonasiyanı bağrına basıb danışır, o zaman yalnız şikayətin klassik şeir forması kara gəlir. Bu zəmanəni sərbəst şeirlə ifadə edə bilərik, ancaq heca, xüsusən qoşma (gəraylı da yox-!) Qasım bəy Zakirin tonuyla danışır, yaxud nə yazırsan yaz, fonda Zakrin şikayətləri qaralır.

Sevinc Yunuslu da var:

Bir az bizə bənzəyir divardakı qopuqlar,
geyilmir ki min ildi aldığım al topuqlar.
Alnındakı qırışlar, üzündəki çapıqlar –
Dönüb yeni xəyallar quracağım yerdimi?

Çıxıb getmə dəyişdik bəlkə bu durumları?
Söndürdü bax keşiş də yandırdığım mumları.
Bizi bağrına basan Xəzərin ağ qumları
Məni qolların üstə yoracağın yerdimi?

Bu günlərin istisində Rəşad Nağı Mustafadan bəhs etməmək olmazdı. Məlum və məşhur şeiri haqqında “Eldar şamı” adlı yazını çoxdan qaraladım. Ancaq indi, rəhmətlik Rasim Balayevin o təəccübündən sonra bu şeirdən yazmaq çox çətindir. Onun şeirlərinin bir xassəsi var: hansı şeirindən danışacaqsansa, gərək onu tam misal çəkəsən. Rəşadın şeiri nə deməkdir, anlam etibarı ilə, məncə budur: o şeiri misal çəkəndə, bayatı çəkməyə ehtiyac qalmır. Çünki bu şeirlər elə ah çəkmək kimidir.

Bu gün poeziyada əvvəlki dönəmlərin məsələn, Salam Sarvan kimi parlaq imzalar yoxdur. Ancaq məsələ bu deyil, indi bizim ehtiyacımız o parlaq imzalara yox, dövranın mahiyyətini, həqiqətin özünü ifadə etməyin yollarındadır. O yola hələ ki güzarı düşənlər yoxdur. Amma yenə deyirəm, bəzi imzalar qismən istisnadır.

Bir az məni özgə salıb gözündən,
Bir azca da öz gözümdən düşmüşəm;
Göz yaşımı qısqanmasın o bulud, –
Mən bu göyə yer üzündən düşmüşəm…

Bu gözəl şeirlərin kimin yazdığını bilirsinizmi?

Lal olmuşam – sözlər çıxıb yadımdan,
Susmaqçünmüş bu ağızım, bu dilim;
Əlim əsir dan üzünün yelitək,
Deyirlər, çox içməkdəndi, nə bilim…

Unutmuşam yaxınları, yadları,
Unutmuşam ən doğmaca adları…
Nəsə… çox da uzanmasın bu söhbət, –
Qurban olum, o şüşənin içində
Bir az qalıb,
süz onu da içim də…

Bu şəkildə kimsə desəydi mən də düşünrədim, bəlkə də, tapardım. Ancaq misraların içindən, yaxud aralığından gələn, ordan eşitdiyiniz səs məhz müəllifin səsidir. Şəhriyar del Geraninin son günlərdə, son illərdə yazılan istənilən şeirində bu səs eşidilir. Və Şəhriyarın bu şeirlərində Salam və Vaiqf Bayatlı təsiri onun öz səsinə elə qovuşub ki, nəticədə çox orijinal və unikal mətnlər alınıb.

Xocalıya yazdığı şeirdə olduğu kimi:

İndi bütün şəhərlərin uzağı sənsən,
mən də bütün küçələrin uşağı indi.
Anaya bax – qollarında donub körpəsi,
hələ də var sızıldayır qucağı indi.

Uşağa bax – yerdə elə sərili qalıb,
beş-on metr aralıda bir tay çəkməsi.
Hərdən elə… hərdən elə istəyirəm ki,
gedib geyindirim onu, qoy üşüməsin…

Qocaya bax – bax, başında buxarı papaq,
elə bil ki, yatağında uzanıb ölüb.
Elə bil ki, o qocaya güllə dəyməyib,
elə bil ki, nəvəsindən utanıb ölüb.

Bizi belə öldürdülər, şəhid şəhərim,
bizi elə – əli yalın, ayağı yalın.
Ölənədək sevmək azdı səni, bilirəm,
şairə bax – sözü doğru, sevgisi yalan,
Sevgisi doğru olandır – Şəhidin olan!

Son illərin ədəbi  prosesində Cavid Qasımov imzası var. Onun mətnlərini oxuyanda birdən yadımıza düşür ki, illərdi susuzuq, günlərdi gözlərimiz yumulmaqdan darxıb, anidən hiss edirik ki, qulağımıza çatan hər səsin çox keşməkeşli tarixçəsi var.

İndi məndən ötrü bu ayrılıq da
İsanın sonuncu şam yeməyidir.
Əzizim, həyatdır, bizdən birimiz
Zəhərdən nuş edib tez ölməliydi.

Nə fərqi sən içdin, ya da mən içdim?
Nə fərqi tələsdin, ya mən gecikdim?
Yenə də nuş olsun hər ikimizə…

Bura qədər misal gətirdiyimiz şeirlərdən əldə edilən bir qənaət var: gözəl şeir təkcə məzmun və mənasına görə deyil, daha çox ritm və intonasiyasına görə fərqlənir. Mənanı seçkinləşdirən, onu seçmə insanların görə bildiyi səviyyədə yerləşdirən də məhz intonasiyadır.  Bu mənada, hər bir intonasiya, ritm modelinin poeziya üçün spesifik sayıla biləcək “ömrü” var. Vaxtilə çox gözəl şeirlər yazan şairin birdən-birə dayanmasını da məhz bu amillə əlaqələndirmək mümkündür. İntonasiya şeirin şairsiz keçib getdiyi yoldur, saman yolu, ancaq səmadakı yoldan fərqli olaraq bu nəfəs, bu intonasiya modeli çıxmaza dirənə bilər. Bunun özəl mənası odur ki, onun həniriylə yazılan mətnlər tarixdə təzətər qalsın.

Elə intonasiya modeli, yaxud tipi var ki, müəyyən duyğunun, onunla birgə mənalar selinin sürətlə sovrulma və çatdırılmasını tez təmin edir. Səməd Vurğunun çox hecalı şeirlərində (məsələn, “Düşüncələr” şeirində) duyğunun özü tükənməzdir, onun çatdıran intonasiya tipi əsasən ləngərə (ləng çatdırmağa) əsaslanır. Yəni, şeir bizi içində batırır. Aşıq Ələsgərdə intonasiya hansısa şənlikdə rəqs edən insanların qolları üstüylə gedir, bütün dünyanı tutur və beləliklə, dünyanın sonsuz mənalarını içinə yığıb üfüqlərə daşıyır. Elnur Astanbəylinin illər əvvəl yazdığı şeirdə olduğu kimi:

Elçin Səlcuqdan məktub var

bəy, orda dostlar necədi
orda havalar necədi?
bəy, iş-güc necədi orda,
evdə balalar necədi?

sizin dağların dumanı
bizim yayladan keçirmi
Seymur hələ yazırmı, bəy?
bəy, Murad hələ içirmi?

məni soruşsan… yaxşıyam
yaman özlədim dostları
hə bir də… bir də…
orda yağışlar yağanda
burda yanaqlar islanır…

Tərlan Əbilov şeir deyir:

Varaq olmadığından
yuxumuzu ərşə çəkir
yoxluq.
Yoxa çıxıb
quşların çəkildiyi göy üzü,
yoxa çıxıb
pərdəsi çəkilmiş pəncərələr.

Damımızın altında
su basmış döşəmədir yer.
Sulu boyadır gözlərin…

Sabah-sabah
ən gözəl rəsm əsəridir
çəkdiyin ah…

Ənənəvi poeziyada intonasiya naxışları lirik axın yaratmaq üçün şeir ölçüsü ilə (məsələn, yambik pentametr) paralel işləyir. Səsin melodik şəkildə yüksəlib-enməsi şeirin tempini və ritmini tənzimləyir, dinləyicinin diqqətini saxlayır, bəndlər və ya sezuralar (misra daxili fasilələr) kimi struktur bölümlərini bəlli edir.

Şairlər oxucunun diqqətini misradakı ən mühüm sözlərə yönəltmək üçün intonasiyadan istifadə edirlər. Müəyyən hecalara ton vurğusu (məntiqi vurğu) tətbiq etməklə şeirin ritmi dəyişir və diqqət tematik obrazlara, ikiqat mənalara və ya süjetin əsas dönüş nöqtələrinə çəkilir.

Durğu işarələri yazıda budaq cümlələri və cümlələri bir-birindən ayırdığı kimi, intonasiya da şifahi nitqdə dil vahidlərini qruplaşdırmağa və ayırmağa kömək edir. O, oxucuya misranın sonunda (enjambement/sözün növbəti misraya keçməsi zamanı) nə vaxt fasilə verəcəyini və ya fikrin nə vaxt tamamlandığını nümayiş etdirir; beləcə, nitqin qarışıq və fasiləsiz olmasının qarşısını alır, aydınlığı təmin edir.

Poeziyada gərginlik, sürpriz və ya qeyri-müəyyənlik yaratmaq üçün çox vaxt intonasiya bilərəkdən idarə olunur. Tondakı fərqliliklər şeirin hərfi mənası ilə onun altındakı daha dərin məna arasındakı təzadı vurğulaya bilər və nəticədə auditoriyanın əsərlə qurduğu emosional bağı daha da gücləndirir.

Dünyada dərindən-dərinə öyrənmək istədiyin, həyatda, ömür boyu yan keçmək istəmədiyin nələr varsa, poetik mətn, poetik olan hər şey bunları oxuyan kimi sənə öyrədir, öyrədir və unutdurur (sayğacda saxlayır…) və beləliklə, sən hər şeydən şüuraltında xəbərdar olursan. İnsan həyatdan şüuraltına çəkilən körpünün üstüylə addımlayır… “Déja vu” məsələnin də buna dəxli var hardasa. Jak Derridanın “Poeziya nədir?” məqaləsində şeir, poeziya haqqında çox gözəl fikirlər səsləndirilir…

Şeir, gözəl bədii mətn həmişə kənardan gəlir, Derrida demişkən, dilin sərhədlərini keçir, məhz həmin anda biz o gözəl mətnlə təmasda ola bilirik. Bu mənada Aşıq Ələsgərdən tam xəbərsiz qalmaq mümkün deyildir. Çünki o mətnlər bu dilin sərhədlərini çoxdan keçib, nüfuz etmədiyi yer qalmayıb…

Şeirin təbiətində elə şeylər var ki… məsələn, onu mən yazsam da, mənim nəfəsimlə qızınsa da, onu mən yox, bir başqası imzalayır. Onu ürəyinə çəkən hər bir oxucu imzalayır. Bu imzalar dərdin, iztirabın açdığı şırımın özüdür, amma tanınmır. Yox olub gedir, yenidən dünyaya gələndə, torpağın üstünə düşəndə kimsə onu tanımır. Dünyada bir bəndlik şeir var ancaq, hər dəfə yeni donda gəlir, hər dəfə təzələnir.

Şeirin ən yaxşısı hələ yazılmayanı, qələmə alınmayanıdı. Ən yaxşı şeirlərsə həmin yazılmayanlara bənzədiyinə görə, onların şəkli olduğuna görə gözəldi.  Haykular və bizim bayatılar məhz belə bir qənaətin dürüst göstəricisidir. Sosekidən:

Şiddətli soyuq
Gavalı çiçəklərini öpürəm
Xəyal içində

Ən gözəli:

Qürubdan sonra
Günəş qayıdır
Qağayıların qanadında                                                                   

Bayatıdan:

Bilsəydim ayrılıqdı,
Öpərdim gözlərindən…

Ən gənc şairlərdən biri haqqında – Azər Xanlar.

Şeirin ən yaxşısı hələ yazılmayanı, qələmə alınmayanıdı. Belə deyirlər. Ən yaxşı şeirlərsə həmin yazılmayanlara bənzədiyinə görə, onların şəkli olduğuna görə gözəldi.

Ədəbiyyat tariximizdə orta çağa qaranlıq əsrlər deyirdilər və bütün mülahizələr bu deyimin ətrafında formalaşırdı. Səhv fikirdi. Qaranlıqda o dərəcədə gözəl mətnlər yazıla bilməzdi. Hər şeydən qabaq ona görə ki, şeir, bədii mətn gerçəkliyin qanunlarına qarşıdır, poeziya müxalifət olduğu zaman ədəbiyyatdı, bütün qara-qorxularla, bütün ictimai sifarişlərlə paralel addımlayanda ədəbiyyat deyil, sadəcə söz-söhbətdi.

İnsan poeziyada, bədii mətndə içində, öz içində azdığı və o “tələdən” çıxdığı məqamı görür və bunu ifadə edə bilir. Şairə başqa bir seçim verilmir. Bizdə bu anlamda ən çox seçim verilənlər aydındır: Füzuli, aşıq Ələsgər, Seyid Əzim, Əli Kərim, Səməd Vurğun və sair…  Şair var bircə deyimi şeir düzümünə salmaq üçün gəlir, kitablar bağlayır, həmin deyim o kitabların qəbristanlığında itib-batır. Halbuki o deyim səni axtarmaqdan yorulacaqdı… Deyəcəyin sözü hiss edib, vaxtında ifadə eləmək və çıxıb getmək böyük ustalıqdı.

Şair obrazı var, ta qədimlərdən formalaşaraq bu günə adlamış bir obraz, elə bir nəsnə ki, qabaqlar insan bunu açıqca söyləməkdən nəinki çəkinər, hətta gizlədərdi. Gizlətmək mərhəmlik anlayışıyla bağlıdır, yəni, şairlik elə bir şeydir ki, dedikcə, səsləndirdikcə üstündəki “şeh” dağılır, sehri itir və ortada fasiləsiz danışan, söz deyən, sözlə oynayan adam qalır. XX əsrin sonlarından bu günə qədər adamlar daha çox sözlə oynayırlar.

Azərin şeir yazdığını bilmirdim.

Bir gün bu sirr açıldı.

Oxudum və aşağədakı sətirləri yazdım. Həm Nizmai Gəncəvi yada düşdü:

Himmətlə get, çünki ömür ayaqdan ləngdir…
Hava tozludursa, toz ilə barış,
Dərman tapılmasa, dərdinlə barış
Rüzgarın loğmanı ovsun satandır…

Bu aura Azərin kitabındakı əksər yazıların üz tutduğu, əsaslandığI bir nəsnədir. Həm də bunu nəzərə çarpdırmadan.

Baxın:

İlahi, bu nə dünyadır?
Sevinc də qəm də ağladır.
Gəlmişəm şikayətinə,
Bəndən bəndəni ağladır…

Yollar sıxır ayağımı,
Əllərim göyün altında.
İlmə-ilmə toxunmuşam,
Qalmışam düyün altında.

Gözlər yaxşı ki var hələ,
Dərdi töküb yumaq olur.
Ömür illərə bükülür,
Açılmayan yumaq olur.

-3-

İntonasiya nədir və nə iş görür? Bu suala hər bir şairin yaradıcılığı üzrə cavab vermək mümkündür. Əvvəlcə bunu bilək: şeir qəfil gəlir, qəfil peyda olur, belə olduğu üçün səni hardan yaralayacağını bilmirsən. İntonasiya forma məsələsidir, İntonasiya duyğuların, hiss və fikirlərin oxucuya, belə deyək, dünyanın kənarından onun içinə, ürəyinin başına ötürülməsinin əsas vasitəsidir. Derridanın fikrincə, şeir, yəni qəfildən ruhun bir parçası kimi gələn hava dilin sərhədlərini keçib ona müdaxilə edir. Dünyanın və dilin sərhədlərini vurub keçən şeir odlu, alışıb yanan meteor kimi soyumalıdır ki, dünya və dilin qaydalarına öyrəşsin. Bu qaydalara öyrəşən kimi şeir mətni oxucuya həmin duyğuları ən son və kəskin bucaq altında çatdırır. Şeirin hökmən pərdəarxası olur. Bütün gərginliklər o pərdənin arxasından bilinir. Şeirin yaranması, dilin sərhədlərini keçən duyğu selinin dilə çevrilməsi prosesi az qala bir teatr tamaşası kimi oynanılır. Siz buna görə hər bir gözəl şeirin əvvəlki halını, hansı klassik tamaşa bənzədiyini sezə bilərsiniz.

Şeir oxunduqda, yaxud eşidildikdə, onun müəllifinin tanınması sırf intonasiya məsələsi ilə bağlıdır. Və bu praktika bir çox digər məsələlərin də ortaya çıxmasına yardımçı olur. Bəzən bu şəkildə oxunan mətnlərin müəllifi ya bilinmir, ya da səhv salınır. Bu, bir tərəfdən, dinləyən şəxsin bilgisizliyi, yaxud şeirə az hissiyatı olmasıyla bağlıdırsa, digər tərəfdən, müəllifin intonasiyasının çox zəifliyinə dəlalət edir. Bəxtiyar Vahabzadənin şeirinin tanınmasında iki nəsnə – mətnin məzmunu və ağır musiqisi əsas rol oynayır. Elə leksik fond var ki, Bəxtiyar o sözlərdən tez-tez istifadə edir və bu sözləri təqdim edən intuitiv musiqi mətnə vurulan müəllif damğasını nişan verir.

Bizdə XX əsrin əvvəllərində Cəfər Cabbarlı imzası da daxil olmaqla (və daha çox ona şamil olunmaqla), yazılan şeirlərə baxın, şeir dünyaya teatr tamaşası kimi gəlir, oynanılır, ən uzun şeir sonda bir-iki kəlməyə, yaxud misraya çevrilir. Amma şeirin, şeir məninin teatr tamaşasına çevrilməsi üçün onun fərqli, sırf şairə xas intonasiyası olmalıdır. İntonasiya şeirdə şairin imzasıdır, oxucu üçün isə şeirin, misralar arası vadidən eşidilən səsdir. Şeiri oxuduqda, oxucu həmin səsi hiss etməlidir. Cabbarlının səsini eşitməsəydik belə, bu gün “Ana”, yaxud “Azad bir quşdum” şeirini, yaxud mənim çox sevdiyim “Ölkəm” şeirini oxuyanda bir anlıq onun səsini hiss edirik, eşidirik. Amma təəssüflər olsun ki, bu gün bizim poeziyada çox sayda səssiz şeirlər var, yaxud səsini itirmiş şeirlər.

Ən müasir poeziyada bu baxımdan vəziyyət necədir? Uzun bir ömür yaşamış Nəiman Həsənzadənin şeirlərini dinlədikdə, yaxud oxuduqda, onun müəllif səsini, üslubunun “barmaq izini” görürürükmü? Poeziya aləmi, ümumən bədii mətn yaradıcılığının bir sıra psixoloji və professional çətinlikləri var. Ömür boyu eyni səviyyədə – eyni yüksək vurğular üstündə şeir yazmaq çətindir. Barmaq izləri tam itib getməsə də.  Yaxud Ramiz Rövşən yaradıcılığı. Onun şeirlərinin dildən dilə gəzdiyi vaxtlar keçib gedib. İndi mühit içrə bu şeirlər sakit şəkildə oxunur. Hətta onun opponentləri də yetişib. Ramiz isə gah bir-iki yeni mətnini təqdim edir, gah da cavanlıq şeirlərini.

Ümumən götürdükdə, bədii mətnlərin ədəbi nəsillər üzrə yaranma prosesini nəzərdən keçirdikdə, poeziyada bir durğunluq hökm sürür. Sanki çox ağrı bir prosesdən sonra çökən sükut hamının əl-qolunu bağlayıb, hamının ən yaxşı mətni keçmişdə qalıb. Ən qorxulu şey keçmişə nostalgiyadır, Səməd Vurğun və onun ədəbi nəslini diriltmək xülyasıdır. Şübhəsiz poetik zirvələrin fəth edilməsi anlamında.

Mintac Elsevər
Mintac Elsevər

Müharibə yenicə bitib, amma insanların hissiyatında, duyğu və qavrayışlarında davam edir:

Mintac Elsevərin Birinci Qarabağ Savaşında şəhid olan qardaşına ithaf etdiyi şeir.

Qeyd edək ki, Əliyev Elsevər Allahverdi oğlu 1992-94-cü illərdə Birinci Qarabağ müharibəsində taqım komandiri olub.

35 ilin şəhidinə…

Eşidirsən?
Sevinirsən?
Ruhun şaddı?
Axı müharibə bitibdi.
Amma anan
həm vətənlə,
həm səninlə
rabitəni kəsibdi…

Xatırlamır o nə səni, nə vətəni,
xatırlamır hətta ölümünü sənin.
Yanındakı doğmaları qarğıyır
və kiminləsə rabitəsiz danışır…

Eşidirsən?!
Azadlıqdan səslər gəlir!
Əsgərlərin çəkmələri asfaltın bağrın yarır…
Anan isə kiminləsə rabitəsiz danışır…

Sonra, himnin səsi səmalara yayılır.
Anan isə ara-sıra pəncərədəki o bayrağa boylanır,
başındakı yaylığını tez-tez açır-bağlayır
Və kiminləsə rabitəsiz danışır…

Eşidirsən?!
Eşitmirsən?
Bəlkə, elə anan səninlə danışır…

OXŞAR XƏBƏRLƏR