DAHA.az Devid Qraberin “Mənasız işlər fenomeni” essesini təqdim edir.
1930-cu ildə Con Meynard Keyns belə proqnoz verirdi ki, texnologiyanın inkişafı nəticəsində əsrin sonunadək Böyük Britaniya və ya ABŞ kimi ölkələrdə həftəlik iş rejimi 15 saat olacaq. Onun haqlı olduğunu düşünmək üçün xeyli əsas vardı. Texnoloji baxımdan biz buna tamamilə qadirik. Lakin onun dedikləri baş vermədi. Əksinə, texnologiya bizi daha çox işlətmək üçün yollar tapmağa yönləndirildi. Buna nail olmaq üçün isə mahiyyətcə tamamilə mənasız olan yeni iş yerləri icad edilməliydi. Xüsusilə Avropa və Şimali Amerikada böyük insan kütlələri bütün iş həyatlarını daxilən lüzumsuz saydıqları tapşırıqları yerinə yetirməklə keçirirlər. Sözügedən vəziyyətin vurduğu mənəvi və ruhi zərər son dərəcə dərindir; bu, kollektiv ruhumuzda açılmış yaradır. Ancaq heç kim bu barədə danışmır.
Keynsin vəd etdiyi və 60-cı illərdə həsrətlə gözlənilən o utopiya niyə gerçəkləşmədi? Günümüzün standart cavabı budur ki, o, istehlakçılığın kəskin artımını nəzərə almamışdı. Daha az iş saatı ilə daha çox əyləncə və maddi nemət arasında seçim qarşısında qaldıqda kollektiv şəkildə ikincini seçdik. Bu, yaxşı tərbiyəvi hekayət təsiri bağışlasa da, azca təhlil göstərir ki, bu düşüncə həqiqəti əks etdirmir. Bəli, 20-ci illərdən bəri sonsuz sayda yeni peşə və sənaye sahəsi yaranıb, lakin onların çox az qismi suşi, İPhone və ya dəbli idman ayaqqabılarının istehsalı və paylanması ilə bağlıdır.
Bəs bu yeni iş yerləri konkret olaraq nələrdən ibarətdir? ABŞ-dakı 1910-2000-ci illər arasında məşğulluq dinamikasını müqayisə edən son hesabat bizə aydın bir mənzərə təqdim edir (eyni mənzərə Böyük Britaniyada da müşahid olunur). Ötən əsr ərzində sənaye və kənd təsərrüfatı sahəsində işləyənlərin sayı kəskin şəkildə azalıb. Eyni zamanda; mütəxəssis, idarəçi, dəftərxana işçisi, satış təmsilçisi və xidmət sektorunda işləyənlərin payı üç dəfə artaraq ümumi məşğulluğun dörddə birindən dörddə üçünə yüksəlib. Başqa sözlə, məhsuldar işlər – proqnozlaşdırıldığı kimi – böyük ölçüdə avtomatlaşdırılıb (Hindistan və Çindəki böyük fəhlə kütləsi də daxil olmaqla, sənaye işçiləri qlobal miqyasda artıq əvvəlki faiz nisbətini təşkil etmir).
Lakin iş saatlarını kütləvi şəkildə azaltmaq və insanlara öz layihələrinin, əyləncə və ideyalarının arxasınca getmək imkanı vermək əvəzinə, inzibati sektorun misli görünməmiş dərəcədə şişməsinin şahidi olduq. Maliyyə xidmətləri və telemarketinq kimi bütövlüklə yeni sahələr yarandı; korporativ hüquq, akademik və səhiyyə idarəçiliyi, insan resursları, eləcə də ictimaiyyətlə əlaqələr (PR) sektorları sürətlə genişləndi. Bu statistikaya sözügedən sahələrə texniki, inzibati və ya təhlükəsizlik dəstəyi verən işçilər, eləcə də sırf digər insanların vaxtı olmadığı üçün mövcud olan köməkçi xidmətlər (it çimizdirənlə, gecə pizza çatdıranlar) daxil deyil.
Mən bunlara “mənasız peşələr” adını verməyi təklif edirəm. Sanki kimsə sırf bizi məşğul saxlamaq üçün oturub faydasız peşələr uydurur. Əsl tapmaca da elə buradadır. Çünki kapitalizm şəraitində tamamilə əks proses baş verməli idi. Əlbəttə, məşğulluğun həm hüquq, həm də müqəddəs borc sayıldığı SSRİ kimi keçmiş səmərəsiz sosialist ölkələrində sistem lazımi qədər iş yeri uydururdu (buna görə də sovet mağazalarında bir tikə ət satmaq üçün üç satıcı tələb olunurdu). Lakin bazar rəqabəti məhz bu cür problemləri həll etməli idi. İqtisadi nəzəriyyəyə görə, mənfəət güdən bir şirkətin ən axırıncı edəcəyi şey lazımsız işçiyə pul xərcləməkdir. Ancaq nəyə görəsə bu, baş verir.
Şirkətlər amansız şəkildə kiçilməyə gedərkən, bu ixtisarlar və ya işçi başına düşən yükün artımı, izaholunmaz bir kimyəvi reaksiya nəticəsində, istisnasız olaraq həqiqətən nəsə istehsal edən, daşıyan, təmir edən və saxlayan təbəqənin payına düşür, kağız-kuğuzla məşğul olan maaşlı heyətin sayı get-gedə daha da artır. Nəticədə, işçilər kağız üzərində həftədə 40-50 saat çalışsalar da, faktiki olaraq – eynilə Keynsin proqnozlaşdırdığı kimi – cəmi 15 saat işləyirlər. Çünki qalan vaxtlarını motivasiya seminarlarında, sosial şəbəkələrdə və ya serial izləməklə keçirirlər.
Bunun səbəbi iqtisadi deyil, mənəvi və siyasidir. Hakim təbəqə dərk edib ki, asudə vaxtı olan xoşbəxt və məhsuldar cəmiyyət onlar üçün ölümcül təhlükədir (60-cı illərdə bu vəziyyətə azca yaxınlaşmanın belə nə ilə nəticələndiyini xatırlayın). Digər tərəfdən, işin öz-özlüyündə mənəvi dəyər olduğu və vaxtını intensiv iş intizamına həsr etməyənlərin heç nəyə layiq olmadığı düşüncəsi hakim elita üçün son dərəcə əlverişlidir.
Bir dəfə Britaniya universitetlərində inzibati öhdəliklərin bitmək bilməyən artımı haqqında düşünərkən cəhənnəmin mümkün bir modelini təsəvvür etdim. Cəhənnəm – insanların öz vaxtlarının böyük hissəsini bacarmadıqları və sevmədikləri işlərə sərf etdiyi məkandır. Tutaq ki, onları usta mebelçi olduqlarına görə işə götürüblər, lakin sonradan məlum olur ki, onlar vaxtlarının çoxunu balıq qızartmağa sərf etməlidir, üstəlik, bu balıqların qızardılmasına real ehtiyac da yoxdur. Lakin tezliklə hamı bəzi iş yoldaşlarının balıq qızartmaq əvəzinə mebel düzəltməyə daha çox vaxt ayırmasına o qədər qəzəblənir ki, emalatxanada lazımsız, pis bişirilmiş balıq qalaqları yaranır və bu, hər kəsin əsas işinə çevrilir. Zənnimcə, bu, iqtisadiyyatımızın mənəvi dinamikasının ən dəqiq təsviridir.
Anlayıram ki, bu arqument dərhal etirazlarla qarşılaşacaq: “Sən kimsən ki, hansı işin “zəruri” olduğuna qərar verəsən? Ümumiyyətlə, zərurət nədir? Sən antropologiya professorusan, sənin işinə nə ehtiyac var ki?” (Həqiqətən də, boyalı mətbuat abunəçisi xeyli oxucu mənim işimi lüzumsuz sosial xərcin bariz nümunəsi hesab edə bilər). Müəyyən mənada bu, doğrudur; sosial dəyərin obyektiv meyarı yoxdur.
Mən dünyaya fayda verdiyinə səmimi qəlbdən inanan birinə əksini iddia etməzdim. Bəs özü öz işinin mənasız olduğuna əmin olan insanlar necə? Bir müddət əvvəl 12 yaşımdan bər görmədiyim məktəb yoldaşımla əlaqə saxladım. Öyrəndim ki, o, əvvəlcə şair, sonra rok qrupunun solisti olub. Radioda mahnılarını eşitmişdim, lakin onun həmin ifaçı olduğunu bilmirdim. O, şübhəsiz ki, istedadlı idi və əsərləri minlərlə insanın həyatına rəng qatmışdı. Lakin bir neçə uğursuz albomdan sonra müqaviləsinə xitam verilib və birdən zöünü yeni doğulmuş qız ilə borc-xərc içinə düşüb, bu zaman, öz sözləriylə desəm, “xeyli məqsədsiz adamın ilkin ağlına gələn seçimlə” hüquq fakültəsinə yönəlib. İndi o, Nyu-Yorkun aparıcı şirkətlərindən birində korporativ hüquqşünasdır. Dostum özü etiraf etdi ki, işi tamamilə mənasızdır, dünyaya heç bir töhfə vermir və əslində, bu iş mövcud olmamalıdır.
Burada xeyli sual yaranır. Ən birincisi: İstedadlı şairə, musiqiçiyə tələbatın minimum, korporativ hüquqşünasa tələbatın isə sonsuz olması cəmiyyətimiz haqqında nə xəbər verir? (Cavab: əgər əhalinin 1 faizi sərvətin əksəriyyətinə nəzarət edirsə, “bazar” adlandırdığımız anlayış cəmiyyətin deyil, məhz həmin 1 faizin faydalı hesab etdiyi şeyləri əks etdirir). Ən başlıcası isə budur ki, bu sahələrdə işləyən insanların özləri də vəziyyətdən xəbərdardır. Mən işinin cəfəngiyyat olmadığını düşünən bircə korporativ hüquqşünasa belə rast gəlməmişəm. Eyni sözlər yuxarıda qeyd olunan digər yeni sahələrə də aiddir. Yüksək maaşlı mütəxəssislər təbəqəsi var ki, ziyafətlərdə maraqlı bir peşə sahibi ilə (məsələn, antropoloqla) qarşılaşdıqda öz işləri haqqında danışmaqdan yayınırlar. Bir-iki qədəh içdikdən sonra isə işlərinin nə qədər faydasız və axmaq olduğunu hiddətlə təsvir etməyə başlayırlar.
Bu, dərin psixoloji zorakılıqdır. Öz işinin lüzumsuzluğuna inanan insan necə əməyin ləyaqətindən danışa bilər? Bu vəziyyət qəzəb və inciklik yaratmaya bilərmi? Lakin cəmiyyətimizi idarə edənlərin əsl dühası bundadır, onlar balıq qızardanlar misalında olduğu kimi, bu qəzəbi həqiqətən faydalı iş görənlərə qarşı yönəltməyi bacarıblar. Məsələn, cəmiyyətdə belə bir qayda formalaşıb ki, gördüyün iş insanlara nə qədər çox fayda verirsə, ödənilən məvacib bir o qədər az olur. Obyektiv meyar tapmaq çətin olsa da, sadə bir sual verək: bu insan təbəqəsi birdən-birə yoxa çıxsa, nə baş verər? Tibb bacıları, zibilyığanlar və ya mexaniklər haqqında nə düşünürsünüzsə-düşünün, onların bir anlıq yoxa çıxması dərhal fəlakətə səbəb olar. Müəllimsiz və ya liman fəhləsi olmadan dünya çətinliyə düşər; hətta elmi-fantastik yazıçıların və ska musiqiçilərinin yoxluğu belə dünyanı daha kasıb edərdi. Lakin bütün fond rəhbərləri, lobbiçilər, PR mütəxəssisləri, aktuarilər, telemarketoloqlar, məhkəmə icraçıları və ya hüquq məsləhətçiləri birdən-birə yoxa çıxsa, bəşəriyyətin bundan hansı əziyyəti çəkəcəyi bəlli deyil (Çoxları vəziyyətin yaxşılaşacağını düşünür). Bir neçə istisnanı (məsələn, həkimləri) çıxmaq şərtilə, bu qayda təəccüblü dərəcədə dəqiq işləyir.
Daha dəhşətlisi odur ki, cəmiyyətdə belə bir inam var – işlər elə belə olmalıdır. Bu, sağçı populizmin gizli gücüdür. Metropoliten işçiləri tətil edərkən mətbuatın onlara qarşı necə nifrət püskürdüyünü xatırlayın: metro işçilərinin şəhəri iflic etmək imkanı məhz onların işinin nə dərəcədə zəruri olduğunu göstərir, lakin insanları qıcıqlandıran da elə budur. ABŞ-da Respublikaçıların məktəb müəllimlərinə və ya avtomobil fəhlələrinə qarşı qəzəbi necə bacarıqla yönəltdiyini görün (maraqlıdır ki, bu qəzəb problemlərin əsas səbəbkarı olan menecerlərə yönəlmir). Sanki müəllimlərə və avtomobil fəhlələrinə belə deyilir: “Siz uşaqlara dərs deyirsiniz, avtomobil istehsal edirsiniz – real işlə məşğulsunuz! Üstəlik, orta təbəqəyə layiq pensiya və tibbi sığorta da tələb edirsiniz?”
Maliyyə kapitalının hakimiyyətini qorumaq üçün xüsusi bir rejim layihələndirilsəydi, bundan da mükəmməlini tapmaq çətin olardı. Həqiqi məhsuldar işçilər amansızcasına istismar olunur. Qalan əhali isə iki yerə bölünür: hər kəsin nifrət etdiyi, qorxu içində yaşayan işsizlər təbəqəsi və hakim sinfin (idarəçilərin, menecerlərin) dəyərlərini mənimsəmiş, faktiki olaraq heç nə etməmək üçün maaş alan, eyni zamanda, işi sosial dəyər kəsb edən hər kəsə qarşı gizli nifrət bəsləyən geniş kütlə.
Aydındır ki, bu sistem şüurlu şəkildə qurulmayıb, əsrlik sınaq-səhv prosesinin məhsuludur. Lakin texnoloji imkanlarımız olsa da, gündə 3-4 saat işləməməyəmizin yeganə məntiqli izahı məhz budur.
Tərcümə edən: Qismət




