DAHA.az Taclı Bəyimin “Leonardonun növbəti sirri” yazısını təqdim edir.
Tarixin ən böyük dönüş nöqtələri, adətən, izdihamlı meydanlarda deyil, gözlərdən uzaq qala otaqlarında baş vermişdir.
1502-ci ilin payızında İtaliyanın İmola qalasında qurulan o qəribə üçbucaq kimi…
Həmin dövrdə İtaliya torpaqları iddialı və amansız bir fiqurun – Papa XI Aleksandrın oğlu Çezare Borcianın qanlı yürüşləri ilə silkələnirdi. Çezare sadəcə şəhərləri işğal etmirdi, o, dövrün bütün qaydalarını dəyişən yeni bir güc formalaşdırırdı. Məhz bu xaosun mərkəzində, İmolada, tarixin ən maraqlı qarşılaşması baş verir.
Artıq əlli yaşını haqlamış, təbiətin və insan anatomiyasının sirlərini çözmüş dahi Leonardo da Vinçi bu amansız caninin yanında baş hərbi mühəndis olaraq fəaliyyət göstərirdi.
Eyni günlərdə Florensiya respublikası Çezarenin növbəti hədəfi olub-olmayacaqlarını öyrənmək üçün İmola qərargahına soyuqqanlı, iti zəkalı gənc bir diplomatı göndərdi.
Bu, Nikolo Makiavelli idi.
Florensiyanın bu gizli casusu və kilsənin doqmalarına şübhə ilə yanaşan dahi sənətkar aylarla eyni qala divarları arasında yaşadılar. Makiavelli hər gecə Çezarenin siyasi hiylələrini və rəqiblərini necə acımasızca məhv etdiyini izləyir, sonradan dünyanı sarsıdacaq “Hökmdar” (The Prince) əsərinin eskizlərini beynində cızırdı. Leonardo isə onun üçün quş baxışı ilə çəkilmiş müasir şəhər xəritələri hazırlayır, çayların axınını dəyişdirərək şəhərləri susuz buraxmağın planlarını qururdu.
Bu iki zəka sahibinin İmoladakı dostluğu sadəcə fəlsəfi söhbətlərlə məhdudlaşmadı. Onlar sonradan Florensiya dövlətinin böyük büdcəsini xərcləyərək Arno çayının yatağını dəyişdirmək kimi çılğın və uğursuz bir hərbi-mühəndislik layihəsinə də girişdilər. Bu gün Luvr muzeyində milyonların heyranlıqla baxdığı Mona Liza tablosunun arxasındakı o sirli çay və relyef, əslində, Leonardonun Makiavelli ilə sahilində addımladığı, xəritəsini çəkdiyi həmin Arno çayından başqa bir şey deyildi.
Buraya qədər hər şey rəsmi tarixin bizə təqdim etdiyi xronologiyaya uyğun görünə bilər. Lakin hadisələrin dərinliyinə endikcə, akademik sükutun gizlətməyə çalışdığı o böyük sual işarəsi ilə qarşılaşırıq.

Həyatı boyunca gördüyü hər bir detalı, quşun qanadının hərəkətindən tutmuş su burulğanlarına qədər – minlərlə səhifəlik gündəliklərinə ən kiçik cizgilərlə qeyd edən Leonardo da Vinçi, necə olur ki, bu yazılarda Makiavellinin adını bir dəfə də olsun çəkmir? Eyni şəkildə, Makiavelli öz şəxsi məktublarında və diplomatik hesabatlarında onun dünyagörüşünə dərindən təsir etmiş bu dahi mühəndis barədə niyə tamamilə susur?
Bu sükut sadəcə bir təsadüfdür, yoxsa dövrün təhlükəli siyasi şəraitində qorunmalı olan nəhəng bir ittifaqın izidir?
Kilsənin əsrlərlə diktə etdiyi doqmaları və inanc qəliblərini tamamilə rədd edən bu iki böyük zəka İmolanın rütubətli otaqlarında aylarla baş-başa verib, əslində, nəyi planlaşdırırdılar?
Bəlkə də, Makiavelli yeni dünya nizamının siyasi və sosial anatomiyasını çıxararkən, Leonardo bunun elmi və təbii qanunauyğunluqlarını hazırlayırdı. Onların ortaqlığı sadəcə uğursuz bir çay layihəsi ilə bitməmişdi. Florensiyadakı Palazzo Vecchio divarlarında gizlənən və bu gün “İtirilmiş Leonardo” kimi tanınan “Anghiari döyüşü” freskası, sadəcə texniki uğursuzluğa düçar olmuş bir rəsm əsəri olmaya bilər.
Memar Vazarinin həmin divarın üzərinə buraxdığı “Cerca Trova” – “Axtaran tapar” şifrəsi, bəlkə də, əsrlər sonrasına buraxılmış gizli bir manifestdir. Müasir tədqiqatçıların divarın arxasındakı boşluqda Mona Lizanın piqmentləri ilə eyni olan izlər tapmasından dərhal sonra Vatikanın və İtaliya rəsmilərinin bu qazıntıları qəfil dayandırması hansı qorxunun nəticəsidir?
Leonardonun tank cizgilərində və mexaniki ixtiralarında qəsdən buraxdığı iddia edilən riyazi səhvlər, əslində, bu gizli ittifaqın hansı böyük sirrini qoruyurdu?
Bu sualların cavabları və bu iki dahinin kilsənin kölgəsində qurduğu o böyük intriqanın pərdəarxası, növbəti məqalədə bütün detalları ilə aydınlığa qovuşacaq.
ardı var…




