DAHA.az Cavanşir Yusiflinin “Tənqid ölçüsü” essesini təqdim edir.
birinci məqalə
Mən illər əvvəl bir məqalə qaralamışdım: “Tənqidin ölümü”. Həm də ölüb yenidən, başqa, daha mükəmməl formada dirilməsi anlamında. İndi belə bir sual yaranır: bu günlərdə tənqid böhranı yaşanırmı? Fikrimizcə, bəli, yaşanır. Çünki ədəbi prosesin özü böhran içindədir. Bu durumu izah etmək üçün bir araşdırma lazım olacaq. Başladıq. Bir məqamı dərhal nəzərə çarpdıraq, bu mənim baxışımdır: həm ədəbi proses, həm də ona dəyər verməyə can atan ədəbi tənqid daim böhran içində olur, böhrandan keçib yol gedir, aydınlığamı çıxır, qaranlığamı qərq olur, bunu bu gün demək çətindir. Hətta S.Vurğunun ədəbi nəslinin çabaları haqında bu gün dəqiq nəsə demək çox çətindir, S.Vurğunu nə qədər tənqid etsələr də onun şair obrazı, bəli ağrı və faciələrdən hörülən obrazının işıq haləsi bir o qədər artır. Böyüyür və dünyanı tutur. Dünyanın özü nə olduğunu bilmir. Hələ hər şey şübhə dadır…
****
Dünyanın ən ağır qanteli…
Bu söz bildiyiniz kimi artıq dünyada olmayan Vaiqf Səmədoğlunun ilk kitabındakı bir şeirindəndir, onun başlığıdır və Səməd Vurğunun ölümü ilə bağlıdır (həm də daha ağır mətləblərlə-!). Dünyada təsadüf adına heç nə yoxdur, hər şey məqamında dil açır, hər şey məqamında susur və sükut layının çox olduğu millətlərdə avanqard poeziya daha dərinlərdən gəlir.
****
Birdən elə vəziyyətə düşərsən ən adi sözü unudarsan, halbuki o söz günəşin doğmasını yadına salar, axşamın düşdüyünün dəqiq vaxtı yaddaşına yazılar. Bunu niyə dedik? Bizdə nəsr sahəsində üslub və yazı tərzi baxımından birtipli mətnlər çoxluq təşkil edir. Yəni, bu mətnlər haqda aşağı yuxarı hamı nəsə yaza, hətta bir az dərin təhlillərə girişə bilər. Bir-birinin tayı olan mətnlər ancaq və ancaq kəmiyyət deməkdir, tənqid də ancaq bu mətnlərin məziyyətlərini önə çəkməklə məşğuldursa, demək yoxdur, demək baş girələyir. Tənqid əslində istənilən vəziyyətdə həyəcanlı mühit yaratmalıdır. Hər şeyi, adi nəsnələri belə suala çəkməlidir/çevirməlidir. Sual yaratmalıdır. Və daha çox sual yaratmalıdır. Bu suallar bədii mətnlərin estetik əsası, mətnlərdəki çoxsəslilik, bədii mətnin adi baxışla tutulmayan xassələrinə aid olmalıdır. Tənqidçi bu mənada hekayə, yaxud roman müəllifinə qarşı dura bilmək iddiasını nümayiş etdirə bilər. Necə deyərlər, konsepsiyaya qarşı konsepsiya. İndiki tənqidi məqalələrdə bu əsas demək olar yoxdur. Bizim tənqidçilər ancaq ilk mərhələni aşa bilirlər, əsərin məzmununu və estetik qayəsini mənimsəyib bunu oxucuyla bölüşürlər. Əsərin bədii dünyasına qapı döyülmür ki döyülmür. Və elə buna görədir ki, hər şeyin tərsi görünür, nümayişə çıxarılır, çox zəif bir roman, təhkiyə texnologiyası olmayan bir roman günlərlə müzakirələrdən düşmür, hamı, yəni bütün rəyçilər bir oxun ətrafında fırlanıb başgiucəllənmədən yerı yıxalan müəllifin üzündəki ifadələri oxumağa çalışır. Bu tənqid belə deyək, bir k/t naziri, yaxud məmurunun çıxışından da eyni tonda danışa bilər və bu halda bəlkə daha çox yerinə düşər. Tənqid bədii mətndə elə nöqtələri göstərməlidir ki, onu oxuyan insanlar məhz həmin nöqtələrə bir də qayıdıb oxusunlar, başqa nələrsə aşkar edildikdə bunları əsərin konkret təhlilinə aid edə bilsin.
Ancaq bizim ədəbi prosesdə tənqid fikrimizcə, bununla məşğul deyildir. Ya bekar yerə filosofluq edir, ya da mövqe döyüşlərində yaralanmamaq, əksinə istədiyi yerdə otura bilmək üçün yazılar sərgiləyir. Professionallıq səviyyəsi istənilən ölçüdə deyildir, əvvəlki illərdən fərqli məziyyət sayıla biləcək cəhət budur ki, ortada E.Əfəndiyevin vurğuladığı professionallıq yoxdur; onun anlamında professionallıq diktə edir, hər şeyi ümumiləşdirir, polifoniyanı aradan qaldırır və sair. İndi bu qəliz cəhət olmasa da fikir müxtəlifliyi içində polifoniya yoxdur.
Bədii əsər haqqında, onun təhlili, ona bir bütöv kimi münasibətlə əlaqədar olaraq fikrimizcə esse yox, sırf tənqid janrında bəhs etmək daha münasibdir. Asif Ata onsuz bu münasibət şəbəkəsini çox saylı esselərində bildirmişdi və hardasa haqlı tənqidlərə də məruz qalmışdı. İndi vəziyyət dəyişib, indi yazılan esseləri bədii mətnlərə toxunan, onu təhlilə çəkən yeri yoxdu, indi bu janrda bədii mətnlər yalnız semantik baxımdan təhlil olunur. Bu isə azdır, çox azdır. Esse janrı hər dəfə mətnin içindəki orijianl ideya ilə dirilir, canlanır, insanların diqqətini bir nöqtəyə fokuslayır və konkret mətləb haqqında təsəvvürü genişləndirir. Bizim esselərin əksərində məhz orijinal ideyalar yoxdur. Daha çox sənətşünaslıq, ümumən mədəniyyətşünasılıqda məlum olan fikirlərə illüstrasiyalar var.
Fikir verirsinizmi, tənqidçinin nə vaxt ki mətndən başı çıxmır, onun tipini, yaratdığı iqlimi anlamır, daha çox qəzəbli səsi eşidilir. Dili zəifdir, pisdi, oxumaq olmur və sair və ilaxır… fərqli mətnlərin yaranması tənqidin mövqeyindən çox asılıdır. Vaxtilə, hə, lap yaxın keçmişdə bir neçə müəllifin əsərləri haqqında şıdırğı yazılar getdi. At yarışması kimi. Yuxarıda vurğuladığımız birtipli mətn nümunəsi məhz bu reaksiyanı doğurur. Tənqidçilər daha çox postmodernizm haqqında yazırdılar, nəinki konkret bədii mətndən. Onlar dəqiq deyək, elə yaza-yaza postmodernizm öyrənirdilər və sona qədər də postmodernsonrası üslubu anlamadılar.
Tənqid bir məktəb, bir istiqamət və nəhayət bir təmayül kimi özünü tükədib və itirib. Öz sahəsinə yığılmaq və ciddi ola bilmək üçün susmağı öyrənməlidir. Hamının söz demək, bədii mətnləri təhlil, tənqid etmək hüquq və imkanı var. Bizdə də belədir. Çap edilən mətnlər haqqında hamı yazır, kulisin hekayə müzakirəsi, Ədəbiyyat qəzetinin müvafiq layihələrindən tutmuş digər təəssürat yazılarına qədər. Ancaq bu hamının içində professional tənqid yoxdur. Tənqid ciddi sözdür, ciddi sualdır, bəli, yayınması mümkün olmayan çox ciddi sualdır. Bu əsəri nə üçün təhlil edirəm? Onun bir mətn olaraq tipindəön necə danışmaq olar? Bədii mətnlərə yanaşma metodu onun bütün incəliklərini açmaq iqtidarına malikdirmi? Qoy hamı sözünü desin, nəhayətdə bu mülahizələrin içində professional tənqidin sözü eşidilsin və dinlənilsin. Professional tənqid elmidir, akademik üslubda yazılmasa da yanaşma metodu var və bu yanaşmanın ölçü-biçisi var.
Öz ölçüsü olmayan adamın tənqidi kimə və nəyə lazım?
Şübhəsiz ki, söhbət fikir və mülahizələrin əndazəsində olmasından gedir.
İndi tərif və tənqid, hər biri ayrılıqda və ikisi bir yerdə ölçüsüzdür, zatən artıq insanlar da elə bunu istəyir, yaşamaq naminə bir ehtimal, güvənc yeri olaraq, bu tərif və tənqidin o tayında hesab eləyirlər ki həyat yoxdu, havasızdı hər yer, yer, hətta kosmos dediyin də onsuz gərəksizdir. Demək, nəsə baş verib ki, insanlar buna iman gətirib; baş verib, ancaq insanlar özləri bunu düzüb-qoşublar və bu sadəcə insanın gücsüzlüyündən qaynaqlanıb. Daxili güc, inam, özünəgüvən hislərini güvə yeyib. Totalitar və yarımtotalitar rejimlərdə insanlar ədəbiyyata və ümumən humanitar sahəyə çox güvənirlər, bu sahələrdə həddən artıq gücün, dev gücü və enerjisinin olması barədə miflər düzüb-qoşurlar. Ancaq bihudə yerə. Bir şeirlə sənin qanını içən rejimi çökdürmək olarmı? Olmaz. Ona qarşı mübarizədə sən ancaq cavan yaşda dünyanı tərk edə bilərsən. Baxın, Sabir nə yazırdı:
Bənzərəm bir qocaman dağa ki dəryada durar,
bu təsvirdəki əzəmət əslində sənin qarşı durduğun sistemin çox güclü olduğuna da işarədir. Dünya sanki bir almanın yarıya bölünmüş, parçalanmış iki üzüdür. Sən bütün gücünü bir nöqtəyə cəmləyib yazırsan (o almanın aralı düşmüş bir üzündən digərinə keçmək üçün—), hər şey ona hesablanıb ki, hədəfə vuran sözü can bədəndən çıxanacan axtarıb tapmaq lazımdı, yoxsa yaşamağın və yazmağın nə mənası. Əks təqdirdə, göy çökər, yer qopar, dünya qopar… sən sanki kiminsə harayına çatmaq istəyirsən, son gücü, torpağa damcılayan son damla qanın da ola bilər, amma əsas bu deyil, əsas o damla yerlə öpüşənəcən ruhunu çalxalandıran o kəsərli sözü deyə bilməkdi… İnsan amma heç zaman o sözü tapa bilmir, həmişə ona çataçatda aldanır və ürəyinin başını yandıran sözü deyə bilmir. Şeir belə yaranır, nəsr belə qaralanır, dünyanı tutmaq, onu bircə sözün içinə sığdırmaq ehtirasından prozaya bu şəkildə çevrilir.
Vaxtilə, uzaq 80-ci illərdə Yazıçı nəşriyyatında çap ediləcək bir qovluğu oxuyurdum. Rəhmətlik Ağamalı Sadiqin şeirləri.
Bu dünyada bir şair də var idi,
Güllələri heç dəymədi hədəfə…
Bu iki misradakı funksionallıq nə deyir? Həm Şairin nakamlığı göstərilir, həm də əsl şairin “güllələrinin” heç zaman hədəfə dəyməyəcəyini işarələyir. Bu şeir Hüseyn Cavidə yazılıb. Vurğunu Hüseyn Cavidin həyatının ən kritik məqamı üzərinə salır və bununla da onun yaradıcılığının bütün Şərq və türk dnyası üçün vazkeçilməz örnəklər olması məsələsi gündəmə gəlir. Bu iki misra – hədəfdən uçan misraların ömürdən gen düşüb, olduğu məsafədən şairin həm ömrünü, həm də yaradıcılığını işıqlandırır və bu sonuncudakı mistik həlqələrin yerini bəlirləyir.
Amma bağlar yumşalanda, hər şeyə arxayın kimi əl altında həmişə fürsət saxlayırsan. Səndə belə bir inam yaranır ki, siyasi-ictimai sahədə gərginlik yoxdursa, düz hesab elədiyin sözü həmişə deyə bilərsən. İndi danışmaq məqamıdır. İnsanlar tərif istəyir, təqdir olunmaq arzusundan alışıb-yanırlar, onlara bu tərifi bir içim su kimi deyil, bulaq, çay daşqını kimi ver, əlinin səxavətini qısma… Ancaq iman və inamla, ümid və vicdanla əlaqəsi, zərrə qədər bağlantısı olmayan tərif mənəvi deqradasiyaya səbəb olur və sən artıq filologiya sahəsindən nə zaman aralandığını, uçub başqa sferalarda rəqs etdiyini kəsdirə bilmirsən.
Bəs ölçü hissi nə zaman itir? İnsan hər şeydən bezib inzivaya çəkilə bilər, özününün sükut payını götürüb gedə bilər, ancaq birinci xurcuna qoyulmalı şey ölçü hissidir. Sözün artıq lətafəti yoxdu, … sel götürüb aləmi başına, evlər, həyətlər, maşınlar qalıb suyin altında, bax belədə tənqid olunacaq nə varsa vərnən təriflənməlidir ki, sözdən su çəkilib getsin, sizi bilmirəm, mən Mirzə Ələkbər Sabirə inanıram.
Hamı alnının ortasından vuran tənqiddən it kimi qorxur, itiqovan tənqid lazım deyil artıq.
Yalan ceyran şəklindəsə, həqiqət it şəklində
Olma iti madonnatək sevəcəyim şəklində…
Sonra,
Yaxşıya pis desələr,
Pisə yaxşı desələr,
Bunu görüb
Yaxşılar da pis olmaq istəsələr,
Nə deyim sənə,
Vay o günə o günə…
O günə, o günə…
Yeni tənqid, yeni yanaşma olmalıdır, amma köhnə məfkurədən qopma zülmlə gedir, daha doğrusu, zaman bizə nələrinsə səhv olduğunu göstərəndən sonra anlayırıq ki, bədii mətnlərə bu cür yanaşmaq olmaz. Bunu passiv yaddaşda saxlayırıq. Passiv yadddaş əməldən, iş və fəaliyyətdən kənarda, uzaqda durur. Boşluğun içində işıq işartıları varmı, şübhəsiz var, bunu danmaq olmaz, şair demişkən, zülməti korlar da görür. Hələ də tənqidi fikirdə belə bir cahil yanaşma var: bunu yazmaq olar, bunu isə yox! Dünyanın az qala bütün mətn ustadlarının üstündən xətt çəkib, Qorkiyə üstünlük vermək. Salman Rüşdini bəyənməyə bilərsən, amma onun mətnlərində məhkəmə çəkici ilə danqıldatmaq cahillikdən başqa bir şey deyildir. Hər şeyə “olar / olmaz” süzgəcindən baxanda “o ədəbiyat haqqında nə bilir ki, hələ bir dərs də desin”, – sözlərini asanlıqla deyə bilərsən. Halbuki özün illərdir yavancana dərs deyirsən. Bədii ədəbiyyatın təbliği yaxşı və faydalı işdi, ancaq bir mətn haqqında yazmaq növbəsi talonla yağ almaq məsələsinə döndü. Mətn haqqında susmaq da olar, bir şərtlə ki, bu, cinayətkar sükutu olmasın, amma onu filankəs yazıb deyə ardınca söyüşlə rəy bildirmək yaramazlıqdır. Yaxud romanın yazılma metodunu bilmədən onun haqqında rahat danışmaq da ən azından yüngüllükdü. Esse də artıq ədəbi tənqid janrdır, bədii yox, məhz ədəbi. Bizdə tənqid adına bədii esselər çoxdur, fikrimcə bu tipli yazılar rəy platformasında cahil boşluqlar yaradır. Amma dayan, cahil yox, bədii tonlu esseləri tənqid adına qəbul etmək lazım deyildir. Yusif Səmədoğlunun romanı haqqında bu tonlu esselər var, mətrndəki, bəli, esse mətnindəki “semantik sürüşmələr” olsun ki, zövq verir, romana və eyni zamanda dünya və gerçəkliyə bir prizmadan baxa bilmək üçün yer hazırlayır.
Bizdə yaradıcılığa postmodernist kimi başlayıb yarıda yolunu azan müəlliflər, yəni geri qayıdıb realizmdə ilişib qalanlar. İllərin o tayında məsələn, Süleyman Rəhimov olubsa (şübhıəsiz ki, o bizim nəsrin yaradıcılarından biridir), bu tayında ona bənzər, onun kimi qələm çalanların olması təbiidir. S.Rəhimov da var, Əli Vəliyev də, ancaq Mirzə yoxdu, Mirzə İbrahimov!!! Gələcək Gün yoxdu və daha nələr…
60-cı illər nəsrimizdə müəyyən mənada “nəfəs darlığı” problemi vardı, o məsələnin uzantısı bu günün nəsrində özünü aydın hiss etdirir. İndi yazılan nəsr mətnlərinin bir qismində (həm də haqqında ardıcıl danışılan-!) problemin bədii həlli pis gündədir. Nəfəs darlığı… Daha doğrusu geniş, bol təfərrüatlı, çox dönüm və döngəli, əhvalatları bitib-tükəınməyən romanlardan sonra gözünü geniş açıb dünyaya baxaraq dünyanı əvvəl miniatür mətnlərə sığdırnmaq eşqi fərqli üslubların, təhkiyə tiplərinin yaranmasına meydan açdı. Poetik nəsr nümunələri yarandı. Rus və Avropa nəsr modelləri yazıldıqca yazıldı, dünyanı kiçik mətnlərin içinə sığdırmaq nəfəsin “darlaşıb təmizlənməsinə” səbəb oldu. Altmışıncıların başında kim gəlirdi? İsa Hüseynov və İsmayıl Şıxlı. Onlardan də qabaq Mirzə İbrahimov. İsa və Mirzə proqram səciyyəli əsərlər yazdılar. Elə İsmayıl Şıxlı da. Onların hər üçünün ömürlərinin son günlərini, yaradıcılıqlarının son yarpaqlarını xatırlayaq. İsmayıl Şıxlı “Ölən dünyam” romanını sözün həqiqi mənasında yazmağa gecikdi. Sovet dövründə mümkün olmadı, müstəqillik dövründə səhhəti imkan vermədi. Onun təxəyyülündəki roman modeli “Dəli kür”dən fərqli olmayacaqdı, ancaq bitkin, bədii-estetik baxımdan gözəl bir əsər it-bata dşdü. Mirzə İbrahimov Pərvanənin davamını gətirmədi. İsa Hüseynova gəlincə… Adətən deyirlər ki, son əsərlərini biz anlamırıq, əslində onlar şedevrlərdir. Bəlkə də… Ancaq uzaq 70-ci illərdə onun bir msahibəsini oxumuşdum. Necə yazırsınız? – sualına yazıçı cavab vermişdi: işıqları söndürüb pərdə arxasına keçirəm, tam qaranlıqda yazıram…
Müstəqillik dövründə çox sayda ultra müasir nəsr nümunələri yazıldı, yenə də əvvəl postmodern hənirli, sonrası başqa bir şey dadan mətnlər. Alınan və alınmayan mətnlərin tən oprtasında xaos effekti, qəribə fəlsəfi fərziyyələr, adi danışıqların fəlsəfi rəngi, filosofların sayının çoxalması … Ancaq və lakin milli nəsr konteksti “sonrakı əl” effektindən yaxa qurtara bilmədi. Öz tariximizin bədii-estetik dərki natamamdır, insan xislətinin, insan xarakterlərinin qovşağının nəsr mətnlərində yaradılması çox az müəllifə müəssər oldu.
****
Bu hissədə konkret mətnlərdən söz açılacaq. Fakt və təhlil, analiz və bədii mətndən uzaqlaşmaq və onu unutmaq bəlası.
Cavid Ramazanlının “Amanabənd” romanı və onun haqqında yazılanlar. Bu romanın tənqidi ətrafında 90-cı illərin gərgin ədəbi proseslərində yaranmış cavabsız sualların otrtaya gətirilməsi və yeni çaşqınlıqlar…
Doğrudan da bu roman ətrafında (özündən çox ətrafında) gedən mübahisələr “düşüncə iflici”nin var olduğunu təəssüf ki, təsdiqlədi.
Dünya nəsrinin Fəxri Uğurlunun qələmində təhlili, maariufçilik duyğsunun sərhədlərinin genişlənməsi və gənclərin bu silsilələrdən narazılığı: bizdən yazsın… Mənim yadımdan çıxmaz, hardasa iyirmi ilin müşahiəsidir, Fəxri neçə vaqona sığan kitabları götürüb rayona gedir, oranın gərgin sakitliyində bu kitabları oxuyurdu. Geri qayıdıb yenə gedirdi. Bu gün üçün hazırlaşırdı. Yaddaşı getməmiş bu romanlardan, dünyanı gözümüz önündə yaradan mətnlər haqqında möhtəşəm yazılar yazdı. Fəxri esse ustasıdır. Bəzi romanları, dünyanı titrədən əsərlər haqqında çox sərrast ifadələrlə yazır, əsərin mahiyyətindən, önə çıxardığı mənalardan dolanıb gəlir, özü də şedevr nümunələri təqdim edir. Bəzi yazılarda köhnə üslub mane olur – əsərin yorucu məzmunu nağıllanır. Sadəcə mənalar haqqında yazmaq kifayətdir, oxucuya məzmun danışmaq lazım deyil, hər kəs qavradığı qədər oxuyir. Fəxrinin bu yazıları içində elələri var ki, ona qədər bu mətnlərə belə qiymət verilməyib, bu şəkildə analiz edilməyib, ancaq bütün hallarda Fəxri ondan narazı qalan orta nəsil gənclərin maariflənməsi üçün əlindən gələni edir.
Ədəbi prosesdə elə mətnlər var ki, azından 20 ilə meydana gəlib, yazılıb və artıq ortadadır. Ancaq yoxmuş kimi kimsə bu mətnlərdən nəsə yazmadı. Məsələn bəzi istisnalarla, Qurban Yaquboğlunun “Mən yoxam” romanı, Mahir N.Qarayevin romanı (Sonuncu korifey). Apardığımız statistikaya görə, son illərdə (götürək son 10 ili) dərc edilmiş nəsr nümunələri içində haqqında yazılmayan, barəsində susulan əsərlər daha çoxdur, nəinki yazılıan.
Qismətin ciddi təhlil və ironiya ilə aşılanmış mətnləri – ədəbiyyatşünaslıq yox, tənqid yox, esse analizləri – bunlar faydalı və konkret hədəfi olan mətnlərdir.
Elnarə Akimovanın duyğusal və çox hissiyatlı mətnləri, bədii mətnlərin dərinliyini görən qadın.
Məranət Vahidin silsilə məqalələri. Sərrast sözlər.
Sevinc Mürvətqızının yazıları – sadə və mürəkkəb anlayışların qapısı önüdə əlləri qopynunda.
Nizami Bayramlının arşını, fərqli mətnlər eyni ölçülər.
Rüstəm Kamalın oxunan mətnləri – dərin və savadlı.
Nizami Cəfərov üslublu tənqid.
Vaqif İbrahimoğlunun yeri görünür.
Yazını o boş yerə oxuyuram.




