Daha.az filologiya elmlər doktoru Səfa Qarayevin “Folklorda semantik analizin sahə əsasları: “Sahə Tədqiqatçısının Gündəliyi”nin metodoloji əhəmiyyəti” yazısını təqdim edir.
Alan Dundes folklorun semantik mahiyyətinin öyrənilməsi ilə bağlı mövcud metodoloji yanaşmaları təhlil edərkən diqqəti ilk növbədə folklorşünaslıqda uzun müddət hökm sürmüş mühüm bir boşluğa yönəldir. Onun fikrincə, XX əsrin ikinci yarısında folklor nümunələrinin kontekst daxilində öyrənilməsinə artan maraq şübhəsiz ki, folklorşünaslığın inkişafında mühüm mərhələ olmuşdur. Tədqiqatçılar artıq yalnız folklor mətnini deyil, onun kim tərəfindən, hansı şəraitdə, hansı auditoriya qarşısında və hansı məqsədlə söyləndiyini də qeydə almağa başlamışlar. Bu yanaşma folklorun canlı kommunikativ hadisə kimi dərk edilməsinə ciddi töhfə vermişdir.
Bu metodoloji yanaşma Azərbaycan folklorşünaslığı baxımından xüsusi aktuallıq kəsb edir. Çünki ölkəmizdə uzun illər aparılmış folklor toplama təcrübəsində əsas diqqət mətnin qeydə alınmasına yönəldilmiş, lakin folklorun semantik aspektdən öyrənilməsi üçün zəruri olan kontekstual materiallar sistemli şəkildə toplanılmamışdır.
Xüsusilə, irəlidə diqqətə çatdıracağımız sahə tədqiqatçısının gündəliyi tipli sənədin ekspedisiyaların ayrılmaz tərkib hissəsi kimi formalaşmadığından söyləyicinin mətn haqqında söylədiyi mülahizələr, auditoriyanın reaksiyası, mətnin necə başa düşülməsi, hansı məqsədlə söylənilməsi və ümumilikdə xalqın həmin folklor nümunəsinə dair öz interpretasiyası, yəni “şifahi tənqid materialları” (Alan Dundes) demək olar ki, qeydə alınmamışdır. Nəticədə bu gün tədqiqatçı əksər hallarda yalnız folklor mətninə istinad etməyə məcbur olur, halbuki folklorun semantik mahiyyətinin daha dolğun müəyyənləşdirilməsi üçün mətnlə yanaşı, onu müşayiət edən xalq diskursunun, sosial-etnoqrafik kontekstin və daşıyıcıların öz interpretasiyalarının da öyrənilməsi zəruridir.
Gələcək folklor ekspedisiyalarında Sahə Tədqiqatçısının Gündəliyi tipli sənədin hazırlanması və burada mətnlə bağlı şifahi ədəbi tənqid, müəllif şərhləri, metafolklor nümunələri və digər kontekstual müşahidələrin sistemli şəkildə qeydə alınması bu boşluğun aradan qaldırılması baxımından mühüm metodoloji əhəmiyyət daşıyır. Əslində, bu yanaşma folklor mətnlərinin ənənəvi qeydə alınması praktikasından müəyyən qədər fərqli bir istiqaməti ifadə edir.
Bu yanaşma yalnız mətnin klassik üsullarla toplanması deyil, konkret folklor mətnləri haqqında sahə tədqiqatının aparılması kimi başa düşülməlidir. Bu halda, diqqət yalnız mətnin özünə deyil, onun yaranma, yaşama və ötürülmə mühitinə, daşıyıcıların mətnə münasibətinə, onun haqqında formalaşmış şərhlərə və digər kontekstual məlumatlara yönəlir. Düşünürük ki, ənənəvi folklor toplama fəaliyyəti ilə yanaşı, gələcəkdə ekspedisiyaların müəyyən hissəsinin məhz bu şəkildə həyata keçirilməsi istehsal edilən sahə informasiyasının daha akademik prinsiplər əsasında formalaşdırılmasına öz töhfəsini verə bilər.
Belə bir metodoloji yanaşma konkret mətn ətrafında mövcud olan zəngin informasiya sahəsinin sistemli şəkildə qeydə alınmasına imkan yaradacaq və folklorun semantik mahiyyətinin, funksional xüsusiyyətlərinin və sosial-mədəni kontekstinin öyrənilməsi üçün tədqiqatçılara yeni imkanlar açacaqdır.
Bu informasiyalar ən azı mətnin özü qədər dəyərlidir. Əks halda folklorşünaslığımız “havadan asılı” mətnlər üzərində təhlil aparmaqda davam edəcəkdir. Belə ki, toplama işinin də nəzəriyyəsi vardır. Bu istiqamət də müvafiq fəaliyyətin təşkilində zəruri tələbləri ödəmək üçün nəzəriyyədən qidalanmalıdır. Bütün sahələrdə olduğu kimi, toplamada da nəzəri bilik müvafiq sahənin inkişafının zəruri şərtidir. Məsələn, lap əvvəllər saxta mətnlər yaradılır, axırına da “115 yaşlı”, “104 yaşlı”, “102 yaşlı” və s. kimi söyləyicilər əlavə edilirdi. Belə bir yanaşma “yaxşı folklor”un yaşlı adamdan qeydə alınması ilə bağlı yanlış təsəvvürdən qaynaqlanmışdır. İndi artıq belə bir yanaşma aktual deyil. Hazırda təbii mətnlər toplanılır, amma ətrafındakı “münasibət etnoqrafiyası” qeyd alınmır. Əvvəllər yalnız yüz yaşlı söyləyiciyə önəm verən folklorşünaslar nəzəri biliyə önəm vermədiklərinə görə “mətn saxtakarlığı” edəndə yaradıcılığın hansı ekologiyasını pozduqlarını qavramadıqları kimi, indi də sahədən mətni münasibət etnoqrafiyası olmadan toplamaqla da mətn ekologiyası barədə mühüm informasiyalar göz ardı edilir.
Təbiidir ki, elmi etika baxımından ikincilər birincilərlə qətiyyən bir sıraya qoyula bilməz. Amma toplama təcrübəsinin müəyyən nəzəri əsasa söykənməməsi baxımından bu baxışların müəyyən ortaq nöqtələrinin də olduğunu düşünmək mümkündür. Məsələn, “memorat etnoqrafiyası” olmadan davamlı olaraq oxşar mətnləri toplamaq məhdud perspektivli işdir. Belə ki, toplanılmış mətnin yanında münasibət etnoqrafiyasının qeydə alınmaması müasir elmi metodların tətbiqi ilə təhlillərin aparılması üçün ciddi məhdudiyyətlər yaradır. Düşünürük ki, bu çatışmazlığı aradan qaldırmaq üçün folklor mətni barədə daha geniş informasiyaları toplamağa imkan verən “Sahə Tədqiqatçısının Gündəliyi”nin hazırlanması vacibdir.
Yəni eyni tipli bir memoratı 500 dəfə toplayıb çap etmək müəyyən mərhələdən sonra qaçılmaz olaraq “ekstensional mənasızlığa” gətirib çıxarır. Halbuki həmin mətnləri müşayiət edən münasibət etnoqrafiyasının qeydə alınması hər bir folklor nümunəsini ayrıca bir “canlı orqanizm” kimi anlamağımıza müstəsna töhfələr verməsi labüddür. Bu halda nəzəri metodlar inkişaf etdikcə müvafiq prinsiplər əsasında toplanılmış mətnlərin elmi əhəmiyyəti də yüksələcəkdir.
Məsələn, arxeoloqlar bir artefakt aşkar edirlər, lakin onun funksional məzmununu müəyyənləşdirmək üçün müxtəlif fərziyyələr irəli sürməyə məcbur olurlar. Bu tamamilə təbiidir. Çünki yüz illər əvvəl baş vermiş hadisələrin maddi qalıqları vasitəsilə canlı insan emosiyaları ilə birbaşa təmas qurmaq mümkün deyil. Orta əsrlərə aid folklor qeydlərində də eyni vəziyyət müşahidə olunur. Biz həmin mətnlərdə insanların emosiyalarını, münasibətlərini və niyyətlərini aydın görə bilmirik, bunlarla bağlı yalnız fərziyyələr irəli sürürük.
Bunun əsas səbəbi informasiyanı qeydə alanların peşəkar folklor toplayıcıları olmaması, metodoloji tədqiqat perspektivlərindən xəbərsiz olmalarıdır. Digər tərəfdən, həmin mətnlərin qeydə alınmasına səbəb olan motivasiya da folklorşünaslıq marağından deyil, tamamilə fərqli məqsədlərdən qaynaqlanmışdır. Başqa sözlə, həmin şəraitdə mətnin funksiyası onu qeydə alan şəxs üçün bugünkü folklorşünaslar üçün daşıdığı mənadan tamamilə fərqli məna daşımışdır.
Qəribədir ki, bu gün biz hətta müasir dövrdə folklorşünaslar tərəfindən toplanmış mətnlərin arxasında dayanan fərdi kimlikləri və münasibətləri də əksər hallarda yalnız ehtimallar əsasında bərpa etməyə çalışırıq. Səbəb odur ki, toplama zamanı mətn ekologiyası zəruri nəzəri biliklər əsasında qorunmamışdır. Halbuki məqsədi sahədən mətni sadəcə “götürmək” və ya “qeydə almaq”la məhdudlaşmayan, mətni bütün kommunikativ mühiti ilə birlikdə sənədləşdirməyə imkan verən müasir metodlar mövcuddur. Bu metodlarla toplanmış materiallar mətn haqqında bilikləri etnoqrafik reallıq səviyyəsində təqdim edə bilir.
Başqa sözlə, bu üsulla biz artıq yalnız mətni deyil, onun arxasında dayanan “İnsan”ı da görə bilərik. Məhz belə bir imkan folklorşünaslıq tədqiqatlarının da perspektivini müstəsna dərəcədə genişləndirə bilər.
Nəticə etibarilə, Alan Dundesin vurğuladığı kimi, biz “folksuz” “lore”dən imtina etməliyik. Folklor mətnləri haqqında mümkün qədər geniş etnoqrafik informasiyanın toplanmasına nail olmaq müasir folklorşünaslığın əsas metodoloji vəzifələrindən biri olmalıdır.
Bu baxımdan Sahə Tədqiqatçısının Gündəliyinin (və ya bu məqsədə xidmət edən fərqli addakı başqa bir sənədin) hazırlanması mühüm elmi əhəmiyyətə malikdir. Belə bir sənəd folklor mətninin yaranma və söylənmə mühitini sistemli şəkildə sənədləşdirməyə imkan verəcəkdir. Burada söyləyicinin mətnə münasibəti, söyləmə motivasiyası, emosional vəziyyəti, öyrəndiyi mənbə, auditoriyanın reaksiyası, mətnin hansı şəraitdə və hansı məqsədlə söylənilməsi, mətn haqqında əlavə izah və şərhlər, alternativ variantlar barədə məlumatlar, yerli emik terminologiya, performans xüsusiyyətləri, eləcə də tədqiqatçının digər müşahidələrinin qeydə alınması zəruridir.
Burada toplayıcılıq işinin iştirakçılıq, müsahibə, müşahidə, “hazır yazılı mətn qəbulu” səviyyəsində həyata keçirilməsi vurğulanmalıdır. Sahə toplamasındakı mətn mübadilə prosesinin hansı gender qrupunun təması əsasında həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Belə ki, qadın söyləyici və kişi toplayıcı arasındakı münasibət kontekstində həyata keçirilən toplama işi, iki qadın, iki kişi və s. arasındakı informasiya mübadiləsi prosesi ilə eyni deyil. Məna tədqiqatlarında bu məqamlar mühüm dəyərə malikdir.
Qeyd edək ki, müvafiq sənəd virtual reallıqdakı prosesləri qeydə almaq üçün də özünəməxsus diferensiallıqda hazırlanmalıdır. Rəqəmsal texnologiyaların inkişafı nəticəsində folklorun mühüm bir hissəsi artıq virtual mühitdə yaranır, yayılır və yaşamağa davam edir. Buna görə də virtual folklorun toplanması ənənəvi sahə ekspedisiyalarında tətbiq olunan metodların sadə şəkildə internetə köçürülməsi kimi başa düşülməməlidir. İnternet də folklorşünaslıq baxımından özünəməxsus kommunikativ qanunauyğunluqları, iştirakçı davranışları və texno-kulturoloji xüsusiyyətləri olan ayrıca bir sahə statusu daşıyır.
Deməli, virtual folklor materiallarının toplanması zamanı da bu mühitin spesifik xüsusiyyətlərini əks etdirən ayrıca sənədləşdirmə modeli hazırlanmalıdır. Belə bir sənəddə folklor mətni ilə yanaşı, onun yayımlandığı rəqəmsal platforma, platformanın tipi (sosial şəbəkə, forum, messencer, YouTube video paylaşım platforması və s.), paylaşımın tarixi və vaxtı, URL və başqa identifikatorları, müəllif profilinin xüsusiyyətləri (anonim, ləqəb, real istifadəçi və s.), müəllif kimliyinin profil qeydləri, auditoriyanın reaksiyaları, metafolklor nümunələri, memetik transformasiyalar (burada rəqəmsal mətni istifadəçilərin kollektiv şəkildə davamlı olaraq dəyişdirməsi, yenidən mənimsəməsi, yeni kontekstə uyğunlaşdırması və yeni variantlar yaratması prosesi barədə məlumatların qeydə alınması nəzərdə tutulur), mətnin hansı rəqəmsal hadisə və ya sosial kontekst daxilində meydana çıxması və s. kimi məsələlər, tədqiqatçının konkret materialla bağlı müşahidələri sistemli şəkildə qeydə alına bilər.
Bundan başqa, virtual folklor materialının kommunikativ ekologiyasının əks etdirilməsi üçün mətnin hansı icma və ya sosial qrup daxilində dövriyyəyə girməsinin, istifadəçilər arasında hansı funksiyanı yerinə yetirməsinin, hansı məqsədlərlə yenidən istehsal olunmasının, müxtəlif platformalara keçərkən hansı dəyişikliklərə məruz qalmasının qeydə alınması Sahə Tədqiqatçısının Gündəliyinin mühüm komponentlərindən biri ola bilər. Müəyyən mənada bu yanaşma həm də hər bir mətnlə bağlı ayrıca spesifik tədqiqatın aparılması deməkdir. Semantik analiz zamanı tədqiqatçının öz hədəfinə nail olması üçün bu məlumatlar müstəsna əhəmiyyətə malikdir.
Beləliklə, virtual folklorun toplanması zamanı istifadə ediləcək Sahə Tədqiqatçısının Gündəliyi mətnin rəqəmsal həyatının, kommunikativ və texno-kulturoloji mühitinin kompleks şəkildə qeyd alınmasına xidmət etməlidir. Bu isə gələcəkdə rəqəmsal folklorun semantikası, performansı, transformasiya mexanizmləri, kollektiv yaradıcılıq formaları və internet folklorunun sosial funksiyalarının daha dərindən öyrənilməsi üçün etibarlı empirik baza formalaşdıra bilər.
Təbiidir ki, folklor materiallarının toplanılması zamanı belə bir sənədləşdirmə sisteminin tətbiqi müasir elmi etikanın tələbləri əsasında həyata keçirilməlidir. Toplanan materialların qeydə alınması zamanı iştirakçıların yaş xüsusiyyətləri, davranış etikası, fərdi informasiya təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, məlumatlandırılmış razılıq prinsipi və digər etik-hüquqi normalar mütləq nəzərə alınmalıdır. Folklorşünaslıq elə bir sahədə fəaliyyət göstərir ki, onun öyrəndiyi mənalı vahidlər bir çox hallarda insanın şəxsi həyat sahəsində, gender, ailədaxili münasibətlərdə, fərdi təcrübə və sosial ünsiyyət mühitində formalaşır.
Buna görə də folklor materialının qeydə alınması yalnız metodoloji deyil, həm də etik baxımdan yüksək peşəkarlıq tələb edir. Xüsusilə uşaqlar, yeniyetmələr, yaşlı insanlar və digər həssas sosial qruplarla aparılan sahə tədqiqatlarında fərqli metodoloji və etik yanaşmaların tətbiqi zəruridir. Peşəkar folklorşünaslığın əsas göstəricilərindən biri də məhz bütün bu amilləri nəzərə alaraq elmi məqsədlərə nail ola bilməsidir.
Şübhəsiz ki, belə bir metodoloji modelin həyata keçirilməsi asan məsələ deyildir. Bununla belə, folklorşünaslığımız öz metodoloji imkanlarını genişləndirdikcə, beynəlxalq elmi mühitdə qəbul olunmuş etik və metodoloji standartlarla uzlaşdıqca onun inkişaf perspektivləri də əhəmiyyətli dərəcədə genişlənəcəkdir. Bu iş beynəlxalq elmi jurnallara inteqrasiyanı asanlaşdıra, toplanmış materialların analitik potensialını artıraraq onun semantik mahiyyəti, performans xüsusiyyətləri və kommunikativ mahiyyətinin öyrənilməsi istiqamətində yeni elmi perspektivlər aça bilər.
Eyni zamanda, bu yanaşma folklorşünaslığın sosial elm kimi insanın mədəni reallıqla şərtlənən davranışını, kollektiv düşüncə mexanizmlərini və mənayaratma proseslərini öyrənən fundamental tədqiqat istiqaməti kimi qəbul edilməsinə də mühüm töhfə verə bilər.
Belə bir prinsipiallıq əsasında formalaşdırılan baza məlumatlar folklor materialının elmi dəyərini əhəmiyyətli dərəcədə artıracağı labüddür. Nəticədə folklor nümunəsini yalnız statik mətn kimi deyil, spesifik mənamüəyyənləşdirici amilləri əsasında öz təbii mühitində yaranan, yaşayan və dəyişən dinamik semantik hadisə kimi öyrənmək üçün daha əlverişli şərait yaranacaqdır.
Folklorun mənasını yalnız mətn əsasında deyil, onu formalaşdıran kompleks amilləri nəzərə almaqla araşdıran hər bir tədqiqatçı belə bir yanaşmanın zəruriliyini aydın şəkildə hiss etməmiş deyildir. Bu yanaşma folklor mətnlərinin mürəkkəb insan varlığının məram və məqsədləri kontekstində formalaşan çoxparametrli semantik səviyyələrinin daha dolğun şəkildə araşdırılması üçün daha əlverişli imkanlar yarada bilər.


