Mətnin adamı – Gülər Natiq İsaq

DAHA.az Gülər Natiq İsaqın “Mətnin adamı” yazısını təqdim edir. 

Əslində, bu yazıya subyektiv bir fikirdən başlamışdım.

Sadəcə bir oxucu, yazıçı və müşahidəçi kimi məni düşündürən bir məsələni yazmaq istəyirdim: yazıçı bir obrazı necə kəşf edir? Bir insanı görmək, onu tanımaq və sonra həmin insanı mətnə gətirmək arasında hansı mərhələlər var?

İlk düşüncəm daha çox şəxsi müşahidələrimə əsaslanırdı. Bir insanı görürsən, onun hansısa xüsusiyyəti yaddaşında qalır. Sonra həmin insanı düşünür, davranışlarını, baxışlarını, susmağını təsəvvüründə yaşadırsan. Bir müddət sonra isə həmin adam haqqında yazmaq istəyi yaranır. Mən də bu yazını əvvəlcə həmin müşahidənin üzərində qurmuşdum. Sonra fikrimi dəyişdim.

Düşündüm ki, məsələ yalnız bir insanı müşahidə etməkdən və onu obraz kimi mətnə gətirməkdən ibarət deyil. Ədəbiyyat konkret bir insanın sərhədlərində qalmır. Yazıçı gördüyü insandan yola çıxsa da, sonda daha böyük bir həqiqətə çatmalıdır. Bu məqamda yaradıcılıq fakültəsində oxuduğumuz zaman Fəxri Uğurlunun söylədiyi bir fikit mənim üçün xüsusi əhəmiyyət daşıdı. O, müzakirə söhbəti zamanı ədəbiyyatda konkret olanın ümumiləşdirilməsinin vacibliyinə diqqət çəkmişdi: “yazıçı həyatda gördüyü bir insanı olduğu kimi köçürmür. Ayrı-ayrı insanlarda müşahidə etdiyi xüsusiyyətləri, davranışları və hissləri bir araya gətirir, onları öz yaddaşından və təxəyyülündən keçirir və ümumi bir məxrəcə gətirir.”

Yəni konkret olan mücərrədə çevrilir. Bu fikir mənim əvvəlki müşahidəmə başqa tərəfdən baxmağa imkan verdi. Deməli, obraz yalnız bir insan deyil. Obraz bir insandan başlayıb çoxlarına çevrilə bilər. Yazıçı bir adamı görür, amma onun içində insanı axtarır. Mütləq ki, ədəbiyyatçı dostların yaradıcılığında belə bir nüans olub. Obrazı hələ tam tanımadan onu yazmaq istəsin. Qəribə görünə bilər. Çünki biz adətən düşünürük ki, yazıçı əvvəlcə obrazını tanıyır, sonra onu mətnə gətirir. Amma obrazın yaranması həmişə bu ardıcıllıqla getmir. Bir insanı cəmi bir dəfə görürsən. Onunla danışmırsan. Amma nədənsə həmin adam yaddaşında qalır. Onun baxışı, davranışı, susmağı səndə iz buraxır. Sonra həmin insan artıq yaddaşdakı bir simadan çıxıb düşüncənin predmetinə çevrilir. Onu analiz etməyə başlayırsan. Nə düşündüyünü, nə hiss etdiyini təsəvvür edirsən. Hətta demədiyi sözləri belə öz daxilində eşidirsən. Və bir müddət sonra öz-özünə deyirsən: “Bu obraz haqqında yazmaq istədiyim nəsə var…” Amma hələ yazmırsan. Çünki yazıçının bəyəndiyi, sevdiyi bir obrazı mətnə gətirmək istəyi sadəcə “bu insan xoşuma gəldi” demək deyil.

Müəllif həmin obrazda özünün çatmadığı, yaşamadığı, amma daxilən tanıdığı bir şeyi görə bilər. Obraz əvvəlcə müşahidə olunur. Sonra doğmalaşır. Daha sonra mətnə daxil olur. Amma bu mərhələlərin arasında məsafə var. İlk anda obraz sənin üçün maraqlı bir insandır. Sonra onun davranışını düşünürsən. Susmağını, baxışını, seçdiyi sözləri və demədiklərini. Həmin andan obraz artıq “material” olmur. Canlı bir varlığa çevrilir. Bəlkə də, buna görə yazıçı sevdiyi obrazı dərhal yazmağa çalışmamalıdır. Əvvəlcə onunla bir müddət yaşamalıdır. Onu danışdırmadan dinləməlidir. Nəyi sevdiyindən çox, nədən qorxduğunu bilməlidir. Nə söylədiyindən çox, nəyi gizlətdiyini görməlidir. Hətta obrazın yazıçının xoşuna gəlməyən tərəfi də görünməlidir. Çünki doğmalıq idealizə etməkdən yox, tanımaqdan yaranır.

Amma bütün bunlardan sonra daha mühüm bir mərhələ başlayır. Obrazı özününküləşdirmək. Bu, onu özünə bənzətmək deyil. Onu öz yaddaşından, təxəyyülündən, həyat təcrübəndən keçirməkdir. Bir insanın baxışı başqa bir insanın susmağı ilə birləşir. Birinin qorxusu digərinin sevgisi ilə yanaşı dayanır. Ayrı-ayrı həyatlarda gördüyün xüsusiyyətlər bir obrazın daxilində toplanır.

Beləliklə, real insan dəyişir.

O artıq həyatda gördüyün adam olmur. Amma həyatdan da uzaqlaşmır. Çünki sən onu yaratmırsan, onu yenidən qurursan. Burada konkret olan ümumiyə çevrilir. Bir insanın taleyində insan taleyini görürsən. Bir susqunluqda çoxlarının susqunluğunu. Bir qorxuda ümumi insan qorxusunu. Bir sevgidə insanın sevmək ehtiyacını. Bəlkə də, buna görə yaxşı obraz oxucuya tanış gəlir. Oxucu onu heç vaxt görməyib. Amma oxucu deyir: “Mən bu insanı tanıyıram.” Çünki o, artıq yalnız bir insan deyil. O, insanın özüdür.

Ədəbiyyatın ümumiləşdirmə gücü də buradadır. Yazıçı bir adamı yazmır. Bir adamdan keçərək insanı yazır. Sənət gördüyünü olduğu kimi köçürmək deyil. Gördüyünün içində görünməyən həqiqəti tapmaqdır. Ona görə də ən yaxşı obrazlar həmişə yazıçının əvvəlcədən qurduğu obrazlar olmur. Bütün bəşəriyyətin başına gələn əhvalat nəticədə ümumi şəkildə uğurlu bir mətnə çevrilir. Kiminsə həyatına biri daxil olur və onun nə vaxtsa mətnə çevriləcəyini belə bilmir. Sonra zaman keçir. Müşahidə yaddaşa çevrilir. Yaddaş təxəyyüllə qarışır. Təxəyyül ümumiləşdirir. Və bir gün həmin insan artıq qarşındakı insan olmur. O, mətnin içində yeni bir həyat qazanır.

Məncə, yazıçı ilə obraz arasındakı əsl münasibət də məhz burada başlayır. Çünki obraz artıq yalnız yazıçının yaratdığı biri deyil. O, mətnin adamıdır.

OXŞAR XƏBƏRLƏR