DAHA.az Kler Mersiyenin “Fernando Pessoa və T. S. Eliot: Ağlasığmaz görüş?” yazısını təqdim edir.
Onlar eyni ildə dünyaya gəlmişdilər, lakin həyatları bir-birindən tamamilə fərqli notlar üstündə keçmişdi. Doğrudanmı, hər şey belə idi? Bəlkə də, yox… Portuqaliyalı, sakit təbiətli bir ofis işçisi ilə tanınmış ingilis-amerikalı alim arasında paralellər aparılması təəccüblü, təhrikedici və cəsarətli görünə bilər. Lakin bu müqayisə mütləq aparılmalıdır. Çünki zahirən görünənlərin arxa planında, onların həm əsərlərində, həm də şəxsi həyatlarında bu yaxınlaşdırmanı zəruri edən çoxsaylı məqamlar mövcuddur. Onların hər biri özünəməxsus şəkildə poeziya tarixinə əbədi iz qoymuşdur – hər ikisi modernizmin ustadlarıdır. Modernizmin mənasını ifadə edən (dünyaya dadızdıran- !) iki böyük sənətkar…
I – Onları bir-birindən ayıran məqamlar həm də onları birləşdirir…
1888: Üç ay fərqlə dünyaya gəlmələri
İlk növbədə, köhnə qitənin övladı olan Fernando Pessoa Lissabonda dünyaya gəlmişdir. Armand Guibertin1 (1 – Armand Giber (11 mart 1906-cı ildə Fransanın Yuxarı Qaron departamentinin Azas kommunasında anadan olmuş, 10 iyul 1990-cı ildə Tarn departamentinin Sen-Sülpis-la-Puant şəhərində vəfat etmişdir) fransız şairi, yazıçısı, naşiri, ədəbi jurnalın redaktoru, mühazirəçisi və tərcüməçisidir. O, XX əsrin ən görkəmli yazıçıları, o cümlədən Leopold Sedar Sengor, Anri Bosko və Alber Kamyu ilə dostluq etmişdir) də qeyd etdiyi kimi, onun gənc valideynləri “bir-birinə son dərəcə uyğun gələn cütlük” idilər: atası gündüzlər dövlət qulluqçusu, gecələr isə musiqi tənqidçisi kimi çalışırdı; anası isə yüksək ədəbi zövqə malik, ingilis və fransız dillərində sərbəst danışan bir qadın idi. Beləliklə, Pessoa həyatının ilk illərində bir qədər əyalət ruhlu xırda burjuaziya mühitində böyüyürdü.
S. Eliot isə sentyabr ayında Yeni Dünyanın Missuri ştatının Sent-Luis şəhərində, imkanlı və ziyalı burjua ailəsinin yeddi övladından biri olaraq dünyaya gəlmişdir. Keçmiş müəllim olan anası onu hələ erkən yaşlarından ingilis poeziyası ilə tanış etmişdi. Böyük qardaşı ona Harvard Universitetinə gedən yolu açmış, Eliot burada mükəmməl təhsil alaraq parlaq akademik nəticələr əldə etmişdi. Babası isə Sent-Luis Unitar Kilsəsində nüfuz sahibi olmuşdu.
Lakin onların uşaqlıq illəri bir-birindən nə qədər də fərqli keçmişdir!
Fernando Pessoa, Lissabon
Pessoa beş yaşında atasını itirərək yetim qaldı. İki il sonra isə anası Cənubi Afrikada yeni həyat yoldaşının yanına köçdüyü üçün onu vətənindən uzaqlaşdırdı. O, sürgün hissini ilk dəfə yaşayanlardan biri oldu: doğma torpağından, ana dilindən, qohumlarından ayrı düşdü. Beləliklə, yeni ailədə böyük övlad mövqeyində olmasına baxmayaraq, özünə qapanmış, narahat, əlçatmaz bir kamilliyin axtarışında olan şəxsiyyət formalaşdırdı. Bu dövrdən etibarən balaca oğlan üçün uzunmüddətli tənhalıq və dünyaya qarşı laqeydlik mərhələsi başlandı. Bu xüsusiyyətlər nə Cənubi Afrikada – görünür, oradan onun daxilində heç bir iz qalmamışdı – nə də 1905-ci ildə Portuqaliyasına qayıtdıqdan sonra onu tərk etdi. O, bundan sonra misilsiz bir təcrid və təmkin içində belə yazacaqdı:
“Bir daha səni görürəm, ey uşaqlığımın şəhəri,
dəhşətli dərəcədə itirilmiş…
Bir daha səni görürəm – Lissabon və Teju və hər şey…
Səndən və özümdən keçib gedən mən,
Burada da, hər yerdə olduğu kimi, yad…”
Nostalgiya sonralar da onun yaradıcılığında öz əksini tapacaq, “İldönümü” şeirində isə yenidən bədii zirvəyə yüksələcəkdi. Şair bu əsərdə təsvirəgəlməz xoşbəxtliklə dolu keçmiş zamana – xala və bibiləri, dayı və əmiləri, eləcə də nənəsi ilə “süfrə ətrafında” toplaşdıqları günlərə ləyaqətli, lakin çox şey açıb göstərən bir kədər içində qayıdır. Hətta ana dilinə yenidən mükəmməl şəkildə yiyələnərək şeirlərini bu dildə yazmağa başladıqdan xeyli sonra belə, «Lirik şeirlər»ində özünü belə səciyyələndirəcəkdi:
“Mən bir qaçağam,
Doğulduğum gündən
Öz içimə qapanaraq,
Özümə dönük olmuşam”.
Uşaqlıq yarasından xeyli uzaq bir həyat yaşayan Eliot isə güclü və zəngin təbiətin qoynunda, anasının, bacılarının və irlandiyalı dayəsinin qayğıkeş nəzərləri altında geniş azadlıqdan zövq alırdı. Bu azadlıq ona ətrafdakı mənzərələri yaxından tanımağa, sevimli su idman növləri ilə məşğul olmağa imkan verirdi. O, “qızıl dövr” adlandırıla biləcək qayğısız uşaqlıq və yeniyetməlik illəri yaşamış, möhkəm ictimai və dostluq əlaqələri qurmuşdu. Hələ erkən yaşlarından məktəbində, daha sonra kollecdə və Harvard Universitetində “özünə yol açmağı” öyrənmiş, bütün həyatı boyu nüfuz dairələrini və əlaqələrini məharətlə qoruyub saxlamağı bacarmışdı.
Eliot da sürgün həyatı yaşayacaqdı, lakin bunu öz seçimi ilə edəcəkdi: əvvəlcə təhsilini təkmilləşdirmək üçün Parisə yollanmış, daha sonra vətəni və ailəsi ilə əlaqələrini kəsərək evlənmiş, Londonda məskunlaşmış, Britaniya vətəndaşlığını və anqlikan dinini qəbul etmişdi. Beləliklə, Eliot əcdadlarının bir vaxtlar İngiltərənin Somerset qraflığındakı İst-Koker kəndindən ayrılaraq getdikləri torpağa əbədi qayıtmış oldu. (Onun külü İst-Koker kəndindəki Müqəddəs Maykl kilsəsində dəfn edilmişdir.) «Dörd kvartet» silsiləsinə daxil olan «İst-Koker» (1942) şeirində o, cəmi üç misrada ilkin köklərinə qayıdışındakı mövqeyini belə ifadə edir:
“Mənim başlanğıcım mənim sonumdur.
Zaman keçdikcə evlər ucalır və uçulur,
dağılır, genişləndirilir,
Yerindən köçürülür, dağıdılır, bərpa olunur və ya öz yerində qalır”.
Birinin sürgünü, digərinin sürgünü… Lakin əslində, hər ikisi öz kökləri ilə yenidən qovuşmuşdu: həm Lissabonu heç vaxt tərk etmək istəməyən Pessoa, həm də Avropa və ABŞ-a çoxsaylı səfərlərinə baxmayaraq, İngiltərəni özünün daimi məskəninə çevirən Eliot.
Hələlik onların uşaqlıq və gənclik illəri xəstəliklər və bu xəstəliklərin yaratdığı qorxularla səciyyələnirdi. Pessoa atasının vərəmdən, nənəsinin isə ruhi xəstəlikdən əziyyət çəkdikdən sonra dünyasını dəyişdiyini daim xatırlayırdı. O, bütün həyatı boyu kövrək, depressiyaya meyilli olaraq qaldı və güclü zehni fəaliyyətin, eləcə də lazımi tibbi qayğının olmamasının nəticəsi olaraq erkən yaşda dünyasını dəyişdi. Anadangəlmə ikitərəfli yırtıqdan əziyyət çəkən Eliotda isə hələ erkən yaşlarından ciddi sinir zəifliyi müşahidə olunurdu. Bu vəziyyət illər keçdikcə ağır depressiyalara çevrilərək onu İsveçrədə tez-tez müalicə almağa məcbur edirdi.
Lakin ən əsası, onları səxavətlə bəxş edilmiş ortaq bir istedad bir-birinə sıx bağlayırdı: bilik susuzluğu, intellektual maraq, hər şeydən əvvəl isə ingilis ədəbiyyatına və dilinə dərin bağlılıq.
İrlandiyalı katolik rahibələrin idarə etdiyi monastır məktəbində, Durban şəhərində təhsil alan gənc portuqaliyalının istedadı hələ on beş yaşından etibarən üzə çıxmış və çoxsaylı fərqlənmə mükafatları ilə təsdiqlənmişdi. Bu mükafatlar arasında milli müsabiqə çərçivəsində ingilis dilində üslub bacarığına görə verilən və dövrü üçün müstəsna əhəmiyyət daşıyan “Queen Victoria Memorial Prize” xüsusi yer tuturdu. Buna baxmayaraq, Pessoa formal təhsilini davam etdirməkdən imtina etdi və özünütəhsil yolu ilə öyrənməyə üstünlük verdi. Nəticədə, qeyri-adi dərəcədə zəngin ədəbi və mədəni biliklərə yiyələndi.
Bu zaman dünyanın o biri tərəfində anasının dəstəyi ilə yetişən gənc amerikalının üstün qabiliyyətləri onu böyük qardaşının ardınca parlaq universitet təhsilinə – Harvard Universitetinə yönəltdi. Bu təhsil onun intellektual və peşəkar seçimlərini müəyyənləşdirəcəkdi.
Hər ikisi iyirmi yaşına çatmamış artıq öz istedadları ilə fərqlənməyə başlamışdı. Onlar öz ideyalarını və yaradıcılıq prinsiplərini təsis etdikləri və ya əməkdaşlıq etdikləri poeziya jurnallarında təqdim edirdilər. «Orpheo» Pessoa və futuristlərin səsini geniş auditoriyaya çatdırırdı. Bu isə senzuranın müdaxiləsinə səbəb olmuş və onun daha əlverişli peşə imkanları əldə etməsinə maneə yaratmışdı. Eliot isə müntəzəm olaraq “Criterion” jurnalında əməkdaşlıq edirdi. Lakin o zaman da, indi də poeziya jurnallarının ömrü qısa olurdu.
Müqayisə, əslində, elə burada bitə bilərdi. Belə ki, poeziyada estetik və fəlsəfi axtarışların tənha öncüllərindən olan Pessoa sağlığında əsərlərini çox az nəşr etdirə bilmiş, geniş ictimaiyyətə isə demək olar ki, tanınmamışdı. Öz hesabına nəşr etdirdiyi “İngilis şeirləri” ona heç bir şöhrət qazandırmadı, çünki Portuqaliyada ingilis dili geniş yayılmamışdı. Yalnız ölümündən bir neçə ay əvvəl onun öz adı ilə “Mensagem” (“Müraciət”) adlı şeirlər toplusu nəşr olundu. Kral Sebastyaunun qayıdışı mifinə əsaslanan bu əsər sebastyanizm ideyalarının ifadəsi kimi səciyyələndirildi.
S. Eliot
Harvard Universitetinin görkəmli professoru T. S. Eliot isə ədəbi dostluqları və əlaqələri sayəsində özünün əsas əsərlərini çox erkən nəşr etdirmək imkanı qazandı. Hətta Ezra Pound özü də 1921-ci ildə “Waste Land” (“Bəhrəsiz torpaq”) əsərinin nəşrini izləyərək onu dəstəkləmişdi. Eliot poetik axtarışlarını təkmilləşdirmək, 1948-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmək üçün kifayət qədər vaxt əldə etdi. Bu, Pessoanın ölümündən 13 il sonraya təsadüf edirdi. Halbuki Pessoa ətrafında bilicilərdən ibarət dar bir çevrənin həqiqi heyranlığına baxmayaraq, hələ də onu görünməz edən bir pərdə mövcud idi.
II – Onları birləşdirən məqamlar onları bir-birindən ayıra bilərdimi?
Onları bir-birinə qarşı qoyan cəhətlər, əslində, yaxınlaşmalarına səbəb ola bilərdimi? Şekspir, Spenser və Don onları ilk yaradıcılıq müəllimləri olmuş, bütün həyatları boyu ədəbi inkişaflarına istiqamət vermişdilər. Çox keçmədən onlara Dante, yunan, latın və… fransız şairləri də qoşuldu. Çünki hər ikisi fransız dilində mükəmməl danışır, bu dildən sərbəst istifadə edir və bir müddət fransız simvolizminə heyranlıq bəsləyirdilər. Hərçənd Pessoa üçün bu maraq, özünəməxsus ifadə tərzini tapmaq məqsədilə simvolizmdən daha da uzaqlaşmaq üçün bir mərhələ idi. Onların heç biri simvolistlərin təsirini inkar etmədi; xüsusilə də T. S. Eliot bu təsiri qoruyub saxladı. Hər ikisi simvollar və assosiasiyalarla zəngin poetik strukturlar, obrazlar və ardıcıllıqlar yaratdı.
Hələ 1911–1912-ci illərdə, öz dini inancını axtardığı dövrdə T. S. Eliot belə yazacaqdı (əsər 1917-ci ildə nəşr olunmuşdur):
“[…] Görəsən, bütün bunlara dəyərdimi?
Məsələni bir təbəssümlə birdəfəlik həll etməyə,
Kainatı bir kürəyə sıxışdırmağa,
Onu insanı sarsıdan hansısa sualın qarşısına yuvarlamağa,
“Lazaram mən, ölülər arasından qayıtmışam,
Sənə hər şeyi söyləmək üçün geri dönmüşəm,
Hər şeyi sənə danışacağam” deməyə […]”
Halbuki əsl bütpərəst olan F. Pessoa ingilis dilində yazdığı sonetlərindən birində belə deyəcəkdi:
“Biz qürub çağı doğulur, sübh açılmadan ölürük,
Dünyanın yalnız zülmətini tanıyırıq.
Qaranlıqdan doğulmuş biz onun həqiqətini necə anlaya bilərik?/İşığın yoxluğundan yaranan bu qaranlıq nəticəni necə dərk edə bilərik?”
Ən azı, bu qısa poetik dialoqda ortaq ritmi, ortaq obrazları və, hətta deməyə cəsarət etsək, cavabsız qalmış mümkünsüz daxili axtarışın doğurduğu ortaq ümidsizliyi görürük.
Beləliklə, onların poetik yaradıcılığının başlanğıcı da bir-birinə bənzəyir. Çünki Pessoanın ingilis dilində yazdığı şeirlər davam etdirilmədi: hələ 1911-ci ildən etibarən Pessoa öz ana dilinə yenidən tam yiyələndi və bir daha ondan ayrılmadı. O, fikirlərini ifadə etmək üçün klassik formaları qəbul etməkdən imtina edir, güclü obrazlara, gözlənilməz və təsirli assosiasiyalara əsaslanan, sadələşdirilmiş və cilalanmış poetik forma axtarırdı.
Beləliklə, ənənəvi forma və motivlərdən çox erkən imtina edən hər iki müəllif bütün yaradıcılıqları boyu alternativ və güclü estetik ifadə vasitələri üzərində düşünmüş, axtarışlarını davam etdirmişlər. Bu axtarışlar çoxsaylı mərhələlərdən keçmişdir. Məsələn, Fernando Pessoa öz əvəzedici müəllif obrazlarını – heteronimləri yaratmış, onların vasitəsilə öz yaradıcılıq inkişafını idarə etmiş və hər birinə müstəqil şəxsiyyət vermişdir: Alberto Caeironun sensasionizmi, paulizm, Alvaro de Kamposun futurizmi və avanqardizmi, Rikardo Reyşin kinayəli və incə estetizmi…
Üstəlik, bunlar yalnız adı məlum olan dörd-beş əsas heteronimdir. Halbuki Pessoanın yetmiş ikidən çox heteronim yaratdığı qeyd olunur. Onun qiymətli bir sandıqda saxladığı 27 000 səhifəlik irsinin hələ çox az hissəsi üzə çıxarılmışdır: indiyədək cəmi 300-dən bir qədər artıq şeiri nəşr edilmiş və tərcümə olunmuşdur.
S. Eliotun isə daha çox vaxtı və imkanı olmuş, onun yaradıcılıq inkişafı daha az parçalanmış, daha ardıcıl xarakter daşımışdır. O, mövcud ingilis-amerikan ədəbiyyatının tədrisindən çıxış edir, xüsusilə Spenserə istinad edirdi. Bununla belə, fərqli ritorik ifadə vasitələrinin birləşməsini tapmağa qətiyyətlə çalışırdı. O, poeziya və ədəbi tənqidə layiqli yer vermək, eyni zamanda üslub texnikasını bütövlükdə gücləndirmək və dəyişdirmək istəyirdi.
1933-cü ildə Nortonda oxuduğu mühazirələr onun tədqiqatlarının istiqamətini daha dəqiq müəyyənləşdirdi. Sonralar o, mədəniyyət anlayışını yenidən müəyyənləşdirməklə bu axtarışların sərhədlərini daha da genişləndirdi, daha sonra isə şairi və poeziyanı dinamik, yaradıcı və qəribə şəkildə intuitiv bir kontekstdə yenidən dəyərləndirdi. O, ifadə formasının dəqiqliyini qorumaqla yanaşı, həssaslığını dəyişən dünyaya açırdı. 1935-ci ildə ölümündən az əvvəl «Poetik estetika doktrinası» da hazırlamış Pessoa, əgər buna vaxtı olsaydı, yəqin ki, Eliotun bu yanaşmasını rədd etməzdi.
Bəs Pessoa bu qədər söz deməyə tələsirdimi? Ölümün yaxınlaşdığını hiss edirdimi? O, yaradıcılığa çox erkən başlamışdı və onun yaradıcılıq parıltısı da bir o qədər güclü idi. Təxminən 1910–1935-ci illəri əhatə edən iyirmi beş ildən də az bir müddətdə Fernando Pessoa və onun əsas heteronimləri – “hamımızın Ustadı” adlandırdığı, təbiəti öz naminə tərənnüm edən Alberto Caeiro (“Sürü gözətçisi”); güclü poetik ifadəsi, intellektual enerjisi, obrazları və zehni axtarışları ilə poeziyada mövcud qaydaları sarsıdan Alvaro de Kampos (“Dəniz odası”); həyatın ötəri hadisələrini aşaraq onlara daha dərin məna qazandıran, məyusluq dolu epiqramların müəllifi Rikardo Reyş – bütün bu “mən”lər, əslində, mümkün olan bütün yolları, fəlsəfi, intellektual və poetik-ritorik ifadənin bütün imkanlarını araşdırmışdılar.
Eliot da eyni dərəcədə güclü və yaradıcı sənətkar idi. Lakin onun əsərləri zaman keçdikcə, şəxsi seçimləri, özünü və həyatı kəşf etməsi, ölümlə, xəstəliklə, birinci həyat yoldaşının ruhi xəstəliyi ilə üzləşməsi və yenidən başlamaq təcrübəsi fonunda tədricən yetkinləşdi. Pessoanın ölümü ilə onun öz ölümü arasında keçən dəqiq otuz il ərzində Eliot öz sənətini ətrafında baş verən hadisələrlə qarşılaşdırmaq, dünyada baş verən köklü dəyişikliklər, azadlaşma və yenilənmə prosesləri fonunda onu daha da təkmilləşdirmək imkanı qazandı.
Poetik estetika inqilabının əsasını təşkil edən “Bəhrəsiz torpaq”dan (“Waste Land”, 1921–1922) başlayaraq T. S. Eliot 1936–1942-ci illərdə yazdığı “Dörd kvartet”lə (“Four Quartets”) musiqi quruluşunu xatırladan, az qala lirik xarakter daşıyan poetik kompozisiyalara doğru irəlilədi. Bu əsərlər öz ifadə formasını tapmış və poetik estetikanı yenidən formalaşdırmış şairin üslub və ədəbiyyat baxımından zirvəsi idi. Eyni zamanda, bunlar Pessoanın da dərindən bölüşdüyü ağrılı daxili axtarışları ən yüksək səviyyədə dərk etmiş və yaşamış bir insanın yaradıcılığının təcəssümü idi.
Bütün bunları həyata keçirdikdən sonra Eliot ömrünün son hissəsini həsr edəcəyi dramaturgiyaya üz tuta bildi. O, 1965-ci ildə vəfat etdi. “Kafedralda qətl” (“Murder in the Cathedral”) və “Kokteyl məclisi” (“The Cocktail Party”) əsərləri seçilmiş mövzularına görə dramaturgiyada mühüm mərhələ təşkil etdi və 1960–1970-ci illərin “qəzəbli gənclər” nəslinə mənsub gənc dramaturqlar üçün yeni yol açdı.
Pessoa isə mənzum formada yazdığı möhtəşəm “Faust” əsərini tamamlaya bilmədi. Bu yarımçıq əsər onun dramaturgiyaya yönələ biləcəyini göstərirmi? Bəlkə də bunu bir gün həmin sehrli sandıq üzə çıxaracaq…
Nəticə
Və biz öz suallarımız qarşısında aciz qalırıq: Fernando Pessoa 1935-ci ilin noyabrında vəfat etməsəydi, görəsən, nə baş verərdi?
Ölümündən bir qədər əvvəl o, sona çatdıra bilmədiyi mətnlər toplusu üzərində işləyirdi. Britaniya universitetlərindən biri onu mühazirələr oxumağa dəvət etmişdi. Britaniyalı bir nəşriyyatçı isə ondan antologiya hazırlamağı xahiş etmişdi. Fransada Armand Guibertdən sonra Pierre Hourcade də onun yaradıcılığını tanıtmağa başlamışdı. Pessonun şöhrəti öz ölkəsinin hüdudlarından kənara çıxaraq durmadan artır, sanki onun öz nəzarətindən çıxırdı. Görəsən, o, vətənini tərk etməyə razı olardımı? İkinci Dünya müharibəsinin faciəsinə və Portuqaliyanı uzun illər iflic vəziyyətində saxlayan diktaturaya necə münasibət bildirərdi?
S. Eliotla Pessoa nə vaxtsa görüşə bilərdilərmi? Axı onlar bir-birlərini uzun müddət görməzdən gələ bilməzdilər. Belə bir görüşdən hansı möcüzə doğardı? Bu iki sənətkar müharibədən sonrakı poeziyanı… yaxud teatrı nə dərəcədə dəyişə bilərdi?
Bəs bu halda böyük britaniyalı ustad Ədəbiyyat üzrə Nobel mükafatı uğrunda qarşısında qorxulu bir rəqib tapmış olardımı? Pessoa bütün digər «mənləri» – Caeiro, de Kampos, Reyş, Soareş və başqalarının adından çıxış edərək dünyanın uğur və tanınmasına laqeyd qalardımı? O, sadəcə öz böyüklüyünü «bilməklə» kifayətlənərdimi? Halbuki o, «müasir Portuqaliyanın Kamoensi» olmaq istəyirdi və buna nail də oldu. Bu gün isə XX əsrin ən böyük şairlərindən biri kimi bütün dünyada qəbul edilir.
Sonrakı nəsillər hamıya məxsus olmayan meyarlarla seçim edirlər. Düşüncələrində bir-birinə bu qədər yaxın, talelərində isə bu qədər uzaq olan bu iki sənətkar XX əsr poeziyasının estetik və modernist inkişafını ən yüksək səviyyəyə çatdıran iki yaradıcı sütundur. Lakin bu gün adı az tanınan portuqaliyalı zamandan kənarda dayanan bir ustada çevrilmiş, öz dövründə şöhrət qazanmış ingilis-amerikalı şair isə universitetlərin sərhədləri daxilində qalmışdır. Kəşf edilməyi gözləyən isə hələ çox şey var…
Fransız dilindən tərcümə etdi: Cavanşir YUSİFLİ


