Azərbaycançılıq mədəni-coğrafi kimlik hadisəsidir… – Aqşin Yenisey

DAHA.az Aqşin Yeniseyin “Azərbaycançılıq mədəni-coğrafi kimlik hadisəsidir” yazısını təqdim edir. 

Milli Kimlik mövzusunda ənənəvi düşüncəyə görə, hər hansı ölkədə mərkəzi bir kimlik olmalıdır ki, dövlətin, cəmiyyətin varoluş məsuliyyətini üzərində götürsün və bu mərkəzi kimlik daha çox say üstünlüynə əsaslanan etnik kimliyi önə çıxarır. Say çoxluğuna əsaslanan bu etnik-mərkəzi kimlik milli dövlətin də qaynağı sayılır. Ancaq bu hal bütün dövrlər və bütün cəmiyyətlər üçün keçərli deyil. İran kimi elə dövlətlər var ki, qlobal siyasi maraqlar nəticəsində dövlətin məsuliyyəti etnik azlığa həvalə edilib.

Bəs bu milli-mərkəzi kimlik özü hansı dəyərlərin iştirakı ilə yaranır və sabitliyini qoruyur? Ernest Renanın belə bir fikrini xatırlayıram. “İnsanları sevincdən daha çox ortaq əzablar birləşdirir. Milli yaddaş nöqteyi-nəzərindən, ağır itkilər zəfərlərdən daha vacibdir, çünki onlar öhdəliklər yaradır, ümumi səyləri idarə edir”.

Bu fikir bütün xalqlara aid etmək doğrudurmu? Məsələn, türkləri daha çox zəfərlər birləşdirir, nəinki ortaq müsibiətlər. Hər halda, razılaşaq ki, 2009-cu ildə yaradılsa da Türk Dövlətləri Təşkilatı məhz Qarabağ zəfərindən sonra gündəmə gəldi. Türklərin müsibət deyil, zəfər ətrafında təşkilatlandığını tarix oxuyanlar çox yaxşı bilirlər. Müsibət, əksinə, türklərin assimilyasiya səbəbidir. Türklər başlarına gələn müsibətlərdən tarix deyil, bayatı yaradırlar. Azərbaycan Qarabağ müsibəti yaşayanda nə bizim üzümüz vardı digər türk dövlətlərinin üzünə baxaq, nə də onların niyyəti vardı ki, gəlib bizimlə eyni dərdə ağlasınlar. Ağlayan türkdənsə, ölü türk daha yaxşıdır. Milli-etnik fəlsəfə budur. Köçərilik şüuru zəifləri qəbul etmir.

Sosiologiyada milli kimliyin yaranmasında əsas üç amilin rolunu qabardırlar: bioloji kimlik (qan bağlılığı), sosial kimlik (ideololoji bağlılıq) və coğrafi kimlik (vətənə bağlı). Türklər üçüncüsünə aiddir. Təkcə türklər deyil, məsələn, kanadalı filoloq Nortrop Fraya görə, kanadalıların da milli kimliyi coğrafi bölgə ilə bağlıdır və onlar “Biz kimik” sualına cavab vermək üçün, “bura haradır” sualına cavab axtarırlar. Yəni kanadalı üçün milli kimlik əvvəlcə coğrafi kəşfdir. Buranın hara olduğunu bilən kanadalı öz kimliyini tapmış olur. Təsadüfi deyil ki, “Kanada” sözünün mənası da ilk dəfə buraya ayaq basan ispanların dediyi “Acaa Nada”, yəni “burada heç nə yoxdur” harayından götürülüb. Həmçinin rusların da milli kimliyi vətənə bağlı kimlikdir: Rusiya yoxdursa, rus da olmayacaq. Amma məsələn, İzrail olmayanda yəhudi yoxa çıxmadı, çünki onun milli kimliyi ideologiyaya – musəviliyə bağlı idi.

Azərbaycan bu gün öz milli və müstəqil gələcəyini düşünürsə, vətənə bağlı milli kimliyini həm qan bağlılığı, həm sosial, yəni ideoloji bağlılıqla zirehləməlidir. Çünki bu gün milli kimlik məsələsi təkcə kim olduğunu öyrənmək deyil, həm də kim olmadığını öyrənməkdir. Biz islamı din olaraq qəbul edə bilərik, amma bu, bizim ərəb olduğumuz anlamına gəlməməlidir. Təəssüf ki, bir çoxları islamla ərəb mentalitetini eyniləşdirir və islam adı altında ərəb mentalitetini mənimsəyir. İslam öz kitabında bəşəri dəyərlərlə yanaşı, ərəb mentalitetinə də geniş yer verir. Çünki xristianlıqdan fərqli olaraq musəvilik və islam hər şeydən öncə qəbilə dinidir; musəvilik yəhudi, islam ərəb qəbilələrini birləşdirmək üçün “göndərilmişdi”. Əgər hərbi gücə çevrilib xilafət ola bilməsəydi, musəviliyin ancaq yəhudilərlə kifayətləndiyi kimi, islam da yalnız ərəblərlə kifayətlənməli olacaqdı.

Aşağıda ad qoymağa çalışacağımız milli kimliyimizin qan və ideoloji bağlılıqla zirehləndirilməsi onu din adı altında çadralanıb özünə oxşatmaq istəyən bu cür yad mentalitetlərdən qoruyacaq. Ərəb mentalitetini din, dini kimliyini milli kimlik kimi anlayan türk, türkün ən böyük düşmənidir. Farsların yazıçı və aydınları Cəlal Əli Əhmədin “Qərbliləşmə xəstəliyi” və Əli Şəriətinin “Əli şiəsi, səfəvi şiəsi” kitablarına göz gəzdirdikdə onların da fars milli kimliyini bəzən açıq-aşkar, bəzən üstüörtülü şəkildə türk-səfəvi və ərəb təsirlərindən arındırmağa cəhd etdiklərinə şahid oluruq.

Milli kimliyin təyinatında oxşar yanaşmalar Avropa xalqlarında da mövcuddur. Fransızlar mənşəcə nə latındırlar, nə də german; latınların və germanların qarışığından yaranmış, üstünə də din və vətəndaş həmrəyliyinə sadiq bir mədəniyyət əlavə etmiş xalqdırlar. Fransızlar üçün millət o ölkədə yaşayan və bu mədəni təsirləri özündə ehtiva edənlərdir. Fransız üçün milli kimlik mədəni-coğrafidir, yəni Fransanın özü və mədəniyyətidir. Əvvəl Fransa var, sonra fransız. Amma qonşuları almanlar özlərini anadangəlmə germanların varisi hesab edirlər, onlar üçün milli kimlik irqi məsələdir, yəni əvvəl alman var, sonra Almaniya.

Milli bağın mədəni-coğrafi olması fransızın bəşəri düşünə bilməsini asanlaşır, alman isə bu mədəni-coğrafi kimliyin yerinə özünün romantik-idealist millətçi fəlsəfəsindən miras aldığı “dəmir və qan” strategiyasını qoyur. Alman hətta bəşəri düşünəndə də mərkəzdə özünü görür. Karl Popper boş yerə “Hegel qəbiləçiliyin renessansıdır” yazmırdı.

Biz də gələcəyin hürr millətlərindən biri olmaqda israrlıyıqsa hansı kimliyə üstünlük verməyimiz çox önəmlidir; irqimi, dinimi, mədəni-coğrafimi? Hansı bizi uğurlu gələcəyə apara bilər? Yoxsa hər üçünün qarışığımı? Milli kimliyin formalaşmasında üstünlüyü hansına verəcəyik: mentalitetəmi, mədəniyyətəmi?

Razılaşsaq da, razılaşmasaq da, mədəniyyət bizim üçün daha çox işğal faktıdır. Mədəniyyətə bəslədiyimiz gizli şübhə də bu travmadan güc alır. Mentalitet bir xalqın tarixlə mübarizədə qazandığı və onu sağ saxlayan düşüncələr, davranışlar, ənənələr sistemidir. Xalq öz mentalitetini yalnız özünə güzəştə gedə bilər, o da ölüm-dirim seçimi qarşısında qaldıqda. Maarifçilərimiz çar Rusiyasından gələn siyasi bir həvəslə hər nə qədər  milli mentalitetə qarşı çıxsalar da xalq ondan bir o qədər bərk yapışdı. Maarifçi müdaxiləyə müqavimət xalqın kollektiv təhtəlşüurundan güc alırdı. O yerdən ki, orada nə Axundovun, nə Mirzə Cəlilin, nə Sabirin arxetipi vardı.

Bizə əhliləşdirmə işi kimi təqdim olunan mədəniyyət şüur hadisəsiydi, səthdə idi. Müstəmələkəçiliyin təzyiqi altında yenidən şüuraltına çəkilib pusquda gözləyən mentalitetimiz onu qarabqara izləyir, arxasındakı gücün zəifləyəcəyi anı gözləyirdi. Mədəniyyətimiz Türkmənçay, yəni məğlub tərəfimizdən boy atırdı, mentalitetimiz isə səbrlə qalib gələcəyi günə hazırlaşırdı. Nəhayət, o, qalib gəldi. İndi ortaya sual çıxır; biz yenədəmi mentalitetdən bərk-bərk yapışacağıq, yoxsa kollektiv təhtəlşüurun enerjisini yeni və milli bir mədəniyyətin yaranmasınamı yönəldəcəyik? Yenədəmi dilimizi ancaq qorumaqla yetinəcəyik, yoxsa artıq onu qorumaq deyil, inkişaf etdimək ehtiyacının yarandığını anlayacağıq?

Təəssüf ki, aramızda mentaliteti mədəniyyətin özü kimi anlayanlarımız sayca çoxdur və onların arasında xeyli diplomlu ağıl dəryalarımız da var. Dünyada mentaliteti, folkloru olmayan xalq yoxdur, amma mədəniyyəti, yazısı olan xalqları saymağa başlasaq çox vaxtımız getməz. Dünyada sayı yeddi minə yaxın olan dillərin içərisində yalnız yetmiş səkkizinin yazısının olması faktını söyləmək kifayətdir, məncə.

Mədəniyyətin sütunları bunlardır: elm, fəlsəfə, sənət və hüquq. Mentalitet isə inanca, ənənəyə, folklora, şəxsi vicdana güvənir. Biz milli kimliyi bunlardan hansının üzərinə inşa edəcəyik? Mentalitet qoruyucudur, yaradıcı deyil. Yaradıcı olan mədəniyyətdir. Biz yenədəmi qoruyucunu seçəcəyik, yoxsa artıq yaradıcının vaxtının çatdığını anlayacağıq?

Vahid məktəbli forması qərarından sonra gördük ki, mentalitetimizdə zəif yerlər var, çünki biz orada din məsələsindən başqa xeyli məsələdə ortaq olmadığımız xalqlarla yan-yanayıq. Üzlədiyimiz problemlər də bu yeganə ortaqlığın nəticəsidir. Əgər milli kimliyi mədəniyyətin, yəni elmin, sənətin, hüququn deyil, mentalitetin yəni inancın, adətin, şəxsi vicdanın üzərinə inşa etsək, zamanla eyni problemlərlə dönə-dönə üzləşəcəyik.

İkinci və daha vacib bir məqam: Etiraf etməliyik ki, azərbaycançılıq ideyası keçən əsrin əvvəlində icad olunmuş və sonunda adı qoyulmuş yeni bir ideyadır. Siyasi olduğu qədər də mədəni-coğrafi əsaslıdır. Əgər onu keçmiş üzərinə inşa etməli olsaq, alternativ tarix uydurmalıyıq. Bu yanaşma bizi Ermənistan ermənilərinin getdikləri və uğursuzluğa düçar olduqları bir riskə atacaq. Çünki buna cəhd edənlərimiz heç bizim özümüzü dediklərinə və yazdıqlarına inandıra bilmirlər. Şübhə üzərində ideologiya və milli kimlik qurmaq olmaz. Azərbaycançılıq ideyasının tarix üzərinə deyil, mədəni-coğrafi kimlik üzərinə inşası daha sağlam və daha səmimi yanaşmadır. Qan və ideoloji bağlılıq onu zahirdən qoruyan zireh kimi düşünülməlidir. Azərbaycançılıq ideyası batinində mədəni-coğrafi bir kimliyə sahib olarsa, bu, xalqın üzünü gələcəyə – elmə, fəlsəfəyə, sənətə, hüquqa əsaslanan mədəniyyətə çevirməsinə yol açar. Hazırda yaşadığımız bütün problemlərin səbəbi üzü keçmişə dayananlarımızdır. Çünki keçmiş onlara hazır kimliklər təklif edir və  mentalitemiz eqosunu sığallayan bu hazır kimliklərə “yox” deyə bilmir.

Niyə “yox” deyə bilmir?

Müstəqil dövlət hələ müstəqil cəmiyyət demək deyil. Ölkə bir günün içində də müstəqillik əldə edə bilər, amma cəmiyyət uzun illər müstəmləkəçiliyin “komfort zona”larından çıxmaq istəməz. Fransız filosofu Rene Girard “Romantik Yalan və Roman Həqiqəti” kitabında “Mimetik arzu” deyə bir nəzəriyyə irəli sürür. Girard deyir ki, Don Kixot öz fərdi azadlığını tələbə Amadisin bilgilərinə qurban vermiş cəngavərdir.

Onun cəngavərliyinin hədəflərini cəngəvarlər haqqında xeyli roman oxumuş tələbə Amadis təyin edir. Onun yerinə hədəflər qoyub, qərarlar verən bu tələbə Don Kixot üçün cəngavərliyinin komfort zonasıdır. Özü cəhənnəm, nökəri Sanço Panzanı da Amadisin qoyduğu və arzuladığı hədəflərə sürüyür, ona gələcəkdə qubernatoru olacağı bir ada vəd edir. Girard yazır ki, başqasının arzusunu arzulamaq, ona can atmaq Don Kixotda və Sanço Panzada elə bir şiddətli və daimi hal alır ki, bunu öz iradələrinin istəyi kimi anlayırlar.

Bu üçlü münasibətdə Amadis müstəmləkə idarəçiliyini, Don Kixot icraçı müstəmləkə xalqını, Sanço Pansa isə havayı quyruq yolu gözləyən kütləni təmsil edir.

Biz toplum olaraq hələ ki, Don Kixotun vəziyyətdəyik desəm, sözümü kəsəcəyinizi bilirəm. Amma bu, uzun illər bizim yerimizə arzulayan, qərarlar verən, hədəflər təyin edən bir müstəmləkəçiliyin yaratdığı komfort zonalardan imtina etməkdə çətinlik çəkdiyimiz görüntüsünü ört-basdır etməyəcək. Eyni zamanda xəyalında, ən azı, qubertantoru olacağı bir ada gözləntisi ilə yaşayan Sançolardan ibarət bir kütləyə də sahibik. Bir sözlə, xırda istisnaları çıxmaqla arzularımız hələ də Girardın ədəbiyyat üzərindən şərh etdiyi başqasının “mimetik arzularıdır”.

İdeoloji müdaxilələr xalqın, cəmiyyətin sahib olduğu keyfiyyətləri ya şişirdir, ya da kiçildir. Məsələn, faşizm almanların milli kimliyini kəllə-çarxa çıxarmışdı, bolşevizm, tam əksinə, azərbaycanlıların milli heysiyyatını az qala yox etdi.

Daha sonra bolşevizmin özünün də yerində nəhəng bir ideoloji boşluq qaldı. Bu gün ölkəyə ixrac olunan bütün ideoloji tör-töküntü məhz həmin boşluğu doldurmağa çalışır.

Bəs biz özümüz o boşluğa nə yığmaq istəyirik? Təəssüf ki, mental-mədəni köhnə-küləmizi.

Azərbaycançılıq yeni ideyadır, onu qoruyan və inkişaf etdirən dəyərlər də yeni olmalıdır. Azərbaycançılıq ideyasını köhnə, hətta bir çox halıyla onun əleyhinə yaradılmış dəyərlərlə qorumaq risklər yarada bilər. Bu, XTQ əsgərinə qılınc verib dronla savaşa göndərmək kimi avantürist bir qərar olar. Bunun baş verməməsi üçün ilk növbədə azərbaycançılıq ideyasının güvəndiyi milli kimliyin xassəsini aydınlaşdırmalıyıq.

Bizim fikrimizcə, bu, mədəni-coğrafi təməl üzərində inşa olunan və elmə, fəlsəfəyə, sənətə, hüquqa, yəni mədəniyyətə əsaslanan bir kimlik olmalıdır. Bu kimliyin devzi belədir: Öncə Azərbaycan, sonra azərbaycanlı. Ancaq bu cümlədəki “sonra” sözü kollektiv təhtəlşüura “heç vaxt” kimi yerləşərsə, Azərbaycanın öncəliyinin bir dəyəri qalmayacaq…

OXŞAR XƏBƏRLƏR