DAHA.az Hacı Səfərovun “Azərbaycan kinosunun problemləri” silsilə yazılarının birinci hissəsini təqdim edir.
Azərbaycan kinosunda son dövrlər çox pis tendensiya müşahidə olunur: Bədii-sənədli filmlər. Bu növdə çəkilən işlərin əksəriyyəti pul israfı və heç bir bədii dəyəri olmayan, televiziya materialları səviyyəsində işlərdir.
Dünya kinosunda son dövrlər sənədli filmlə bədii film arasında xətlər itməyə başlayıb və hansısa filmin ənənəvi mənada sənədli olduğunu demək çox çətindir. Hətta kino puristləri kameranın müşahidəçi olduğu filmlər istisna olmaqla, digər bütün sənədliləri qurama adlandırır, sənədli kinonun ruhuna xəyanət adlandırırlar.
Ancaq məsələ odur ki, dünya kinosunda ortaya qoyulan işlər sözün əsl mənasında bədii dəyəri olan işlərdir. Bizdə isə vəziyyət tamam tərsinədir. Harada “bədii-sənədli” ibarəsi görürəmsə, qaşlarım çatılır, şübhə oxları qəlbimə saplanır.
Birinci məsələ ondan ibarətdir ki, bizim bədii-sənədli filmlərimiz yaradıcılıqdan məhrumdur. Bu filmlərdə hekayəni danışmaq üçün yaradıcı münasibət yoxdur. Ya hansısa narrator (bəzən görünür, bəzən isə eşidilir) gəlib “filan şey bəhmən olub” danışır, arada danışan başlar araya girir, sonra da tarixi hadisələrin illüstrativ, guya bədii yolla ifadəsi göstərilir.
Halbuki bu bədiilik, sadəcə, paltarları dəyişmiş, azca dekor qurulmuş səhnəciklərdən daha çoxu deyil. Sözügedən stilistika televiziya stilistikasıdır.
Konkret nümunə vermək lazımdırsa, 2006-cı ildə BBC kanalında yayımlanan “Simon Schama’s Power of art” (“Simon Şamanın incəsənətinin gücü”) sənədli mini-serialının adını çəkə bilərəm. 8 seriyalıq bu işdə 8 müxtəlif rəssamın həyatından bəhs edilir, əsərləri təhlil edilir, arada da tarixi-illüstrativ səhnələr göstərilir.
Simon Şamanın bu işi çox yaxşı televiziya serialıdır və izləməyənlərə tövsiyə edirəm. Bizimkilərdən fərqli olaraq, işi “film” kimi kateqoriyalaşdırmayıblar, öz sərhədlərini yaxşı biliblər, üstəlik, bizim işlərdən daha yüksək səviyyəli olduğu aşkardır.
İkincisi, bu tip bədii-sənədli filmlərin hesabatlılığı tam olaraq mümkün deyil. Baxırsan, kifayət qədər pul xərclənib, amma ortada xeyli cüzi büdcə ilə çəkilən səhnələr də mövcuddur.
Sorğulasan ki, bu büdcə nəyə gedib? Deyiləcək ki, bədii hissələrinə ayrılıb. Ancaq tam bədii olmadığı üçün də bədii filmlərə xas olan xarakterik xüsusiyyətləri, texniki ustalığı gözləyə bilmirsən, çünki deyiləcək ki, axı bu həm də sənədlidir.
Nəticədə, nə sənədli kimi sənədli iş çıxır, nə də bədii kimi bədii.
Mənim xatirimdə yaxşı mənada iki bədii-sənədli film qalıb. Birincisi, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmidir.
Son illərdə kinomuzda yaxşı mənada fərqlənməyi bacaran, kifayət qədər incə məqamlara toxunmağı bacaran filmdir. Heyif ki, bu filmi onlayn resurslarda izləmək mümkün deyil. Üstəlik, tarixi-illüstrativ film deyil, müasir dövrümüzdə keçir.

Digəri isə “Nargin – Sona qədər sirli” bədii-sənədli filmidir. Ölkəmizdə çox da bilinməyən bir hadisəni həm arxiv sənədləri ilə, həm də bədii vasitələrlə ifadə ediblər.
Düzdür, bu filmdə də yuxarıda sadaladığımız mərəzlərin bəziləri var, buna baxmayaraq, həm mövzunun unikallığı, həm də maraqlı bədii səhnəciklər sona qədər aparmağı bacarır. Səhv xatırlamıramsa, bu filmin büdcəsi çox da yüksək deyildi. 31 Mart soyqırımı ərəfəsində İctimai Televiziyada yayımlanır, mən bilən. Nəzərinizdə olsun, qarşınıza çıxsa, mütləq izləyin.

Bundan öncəki filmi “Burning” ilə qəlbimi oğurlayan Cənubi Koreyalı qocaman rejissor Lee Chang-dongun (Li Çan-don) yeni filmi “Mümkün sevgi”nin (“Possible love”) tək zəif cəhəti rejissorun 8 illik aradan sonra bu filmi çəkməsidir. Belə böyük rejissorun belə az və gec-gec film çəkməsi məni məyus edir. Kim bilir, bəlkə də, məşhur deputatımızın dediyi kimi, yaxşı işlər yavaş-yavaş görülür.
“Mümkün sevgi” Cənubi Koreyada iki cütlüyün həyatına fokuslanır. Cütlüyün birində qadın Ye-ji (“Parazit” filmində ana rolunu oynayan aktrisadır: Cho Yeo-Jeong) sənədli film çəkmək istəyən rejissordur. Onun mövzusu da bəllidir: metallurgiya zavodunda ixtisara düşən qəhrəmanların həyatına fokuslanıb “görünməz işçiləri” göstərmək istəyir.
O bu qərara səyahətdə – Qatarda yaradılan süni cənnətdə işçiləri görməyəndən sonra gəlib. Atası da keçmişdə sahibkar olub və bu mövzu Ye-jiyə maraqlıdır. Onun əri Sang-woo isə varlı-hallı, ailədən gələn mirası lazımi şəkildə artıran, yaxşı təhsilli, əsl Koreya burjuasıdır. Ye-ji ilə Sang-woonun yolları Amerikada kəsişib. Hətta Ye-ji deyir ki, oğlan tərəfin ailəsi razı deyildi, ABŞ-da qarşılaşmasaydıq, heç vaxt evlənə bilməzdik.
İkinci ailə isə işdən qovulan, tətil etdiyi üçün döyülən və aldığı travmadan özünə gələ bilməyən Ho-seok ilə onu yenidən həyata qaytarmaq üçün hər yola əl atan həyat yoldaşı Mi-okdan ibarətdir.
Onların balaca bir oğulları da var. Əri öz travmalarından danışa bilmədiyi üçün Mi-ok onun əvəzinə müsahibə verir, Ye-ji ilə vaxt keçirir, öz daxili dünyalarını rejissora açır.
Lee Chang-dong, bəlkə də, son 15-20 ildə çəkilmiş ən yaxşı sinfi münasibətlər filmini ərsəyə gətirib. Koreyanın gözü-bəbəyi “Parazit” də ölkədəki sosial siniflərin kəskin təzadını göstərməyi ilə fərqlənmişdi, ancaq orada obrazlar bir şəxsdən daha çox karikaturaya çevrilirdi. Bong Joon Honun böyük rejissor gücü ilə bu məqam aradan qalxır, hekayə inandırıcılıq qazanırdı.

Lee Chang-dongun “Mümkün sevgi”si yadıma Viskontinin “Yer titrəyir”ini saldı. O filmdə kapitalizm və onun işləmə mexanizmi çox yüksək səviyyədə göstərilir, istehsal alətlərinə sahib olmaq məsələsi kino dili ilə öz həllini tapırdı.
Leenin filmində isə neoliberal iqtisadiyyatın kapitalizm və dövlət gücü ilə necə qol-boyun olaraq fərdləri sındırdığını, onların arzularının üstündən xətt çəkildiyi göstərilir. Bu baxımdan son dövrlərdə kimlik siyasətinə fokuslanan filmlər arasında sinfi ziddiyətləri ustaca göstərə bildiyinə görə də “Mümkün sevgi” fərqlənməyi bacarır.
İndi yazdığımdan oxucu elə düşünə bilər ki, bu film başdan-ayağa ideoloji mesajlardan ibarətdir, lakin qətiyyən elə deyil.
Rejissorun böyüklüyü ondan qaynaqlanır ki, dördtərəfli matriksi qurur və sevgini makqaffinə çevirərək bütün hekayəni çatdırır. Ye-ji döyülən və təhqir olunan He-soekə maraq göstərir, Mi-ok isə varlı Sang-Wooya maraqlıdır. Bu münasibətlər zəncirinin formalaşdıran sual isə bundan ibarətdir: Müxtəlif və eyni sinfi mənsubiyyətə məxsus şəxslər arasında sevgi mümkündürmü? Mümkündürsə, bu necə mümkündür?
Məni Lee Chan-dongda həmişə təəccübləndirən məqam naturalistik kamera işi ilə yanaşı, poetik qatlara da toxunmağıdır. Film başlayır, sanki dokumentaldır. Maşın gedir. Mi-ok və He-seokin övladı Cheol boş cips cığarasını maşının pəncərəsindən çıxarıb “uçur” deyir və kamera qəhrəmanları unudub cığaranı izləməyə başlayır. Ya da gərgin seksual təzyiqin hökm sürdüyü erotik-trillerə baxırsanmış kimi hiss etdirir, amma qəhrəmanlar dənizə girəndə birdən bəşər övladının su ilə ilk təmasıymış kimi bir hissiyat yaranır. Belə ustaca keçidlər adamı heyran edir.
Film Kieslovskinin “Dekaloq”unun 10-cu hissəsi ilə eyni məğzdə başlayır: Başqasının malına tamah salmayacaqsan.
Filmin sonunda məhz bu serialın ssenaristləri olan Kieslovskiyə və Kşiştof Peseviçə həsr olunduğu yazılır. Ancaq demək olmaz ki, burada hər hansısa bir remeyk var, ya da oxşarlıq var. Hətta deyərdim ki, bircə 10-cu əmr xaricində qətiyyən bənzərlik yoxdur.
Filmin ssenarisini Lee ilə birgə Oh Jung-mi yazıb.
Ssenaridə o qədər incə məqamlar var ki, o qədər böyük mətləblər kiçik nüanslarla açılır ki, sadəcə, heyran qalırsan.

Məsələn, varlı burjua Sang-woo öz bağ evinə gətirdiyi qonaqlarına babasından qalan fiti göstərir. Deyir ki, bu fit hələ də işləyir. Fiti çalmağa başlayır. Bu anda evin xidmətçisi görünür və Sang-woo ona deyir ki, narahat olma, səni çağırmırdıq. Ardınca açıqlama verir ki, biz uşaq olanda mən nə vaxt oyun oynamaq istəsəydim, bu fiti çalırdım, həmin xidmətçi gəlirdi, yaşıdıq, indi də ona görə gəldi. Onun atası da burada xidmətçi idi, atası ölüb deyə işlərinə indi o baxır.
Bu filmə diqqətlə baxan insan Cənubi Koreyanın sosial-iqtisadi vəziyyətini, insanların yaşadıqları çətinlikləri görməklə yanaşı, kapitalist sistemin fəsadlarını, bu sistemdə niyə heç vaxt horizontal yüksəlişin mümkün olmadığını və ancaq vertikal münasibətlərin mümkün olacağını görə bilər. Bütün dünyada getdikcə artan sosial bərabərsizliklər fonunda bu filmin dəyəri vaxt ötdükcə daha çox anlaşılacaq və illər sonra 2020-lərin ən yaxşı filmlərindən biri olduğu deyiləcək. Zamanı qabaqlamağı sevməsəm də, mən belə olduğunu hətta indidən deyə bilərəm.
ardı var…


