Kanadalı şair, yazıçı, esseist və tərcüməçi Enn Karson 2026-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatının laureatı elan edilib.
O bu mükafata klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.
“Enn Karson karyerası boyu ədəbi yaradıcılığını tərcüməçilik fəaliyyəti və müxtəlif universitetlərdə müəllimliklə əlaqələndirib. Onun, demək olar ki, bütün əsərləri iki başlanğıcın – filoloqun sözlərə olan həvəsinin və şairin yeni mənalar tapmaq cəhdinin kəsişməsində yer alır”, – deyə İsveç Elmlər Akademiyasının ekspert komissiyası qeyd edib.
Karsonun özü də müsahibələrində bildirmişdi ki, onun bütün əsərləri üçün başlanğıc nöqtəsi sözlərin etimologiyasıdır.
Enn Karson (Anne Carson) 21 iyun 1950-ci ildə Toronto şəhərində anadan olub. O, həmçinin antik ədəbiyyat tədqiqatçısı və universitet professorudur. Toronto Universitetində təhsil alan Karson 1981-ci ildə doktorluq dərəcəsi qazanıb. ABŞ və Kanadanın nüfuzlu universitetlərində, o cümlədən Prinston, Nyu-York və Miçiqan universitetlərində dərs deyib. Yaradıcılığında qədim yunan mifologiyasını müasir ədəbiyyatla birləşdirərək poeziya, nəsr və esse janrlarını özünəməxsus şəkildə sintez edir. Ən məşhur əsərləri arasında “Autobiography of Red”, “The Beauty of the Husband”, “Nox və Red Doc” yer alır. Ədəbi fəaliyyətinə görə iki dəfə “Griffin” poeziya mükafatına, “T.S.Eliot” mükafatına, 2020-ci ildə “Asturiya Şahzadəsi” ədəbiyyat mükafatına və 2021-ci ildə “PEN/Nabokov” mükafatına layiq görülüb.
DAHA.az Enn Karsonun “Şüşə esse” şeirindən bir hissəni Həmid Piriyevin tərcüməsində təqdim edir:
Mən
Yuxuda qısa tıqqıltılar eşidilir.
Gecə gümüş krandan axır
belimdən aşağı.
Səhər dörddə oyanıram.
Sentyabrda
çıxıb gedən kişi
haqqında fikirləşirəm.
Onun adı Lou idi.
Hamam güzgüsündəki əksimin üstündə
ağ zolaqlar var.
Üzümü yuyub təzədən yerimə qayıdıram.
Sabah anamın yanına gedəcəyəm.
O
O şimaldakı bir düzənlikdə yaşayır.
O tək yaşayır.
Orda yaz ülgüc kimi açılır.
Bütün günü qatarlarda gedirəm və çoxlu kitab aparıram –
bəzilərini anam, bəzilərini özüm üçün,
həmçinin Emili Brontenin bütün əsərlərini də.
O mənim sevimli yazıçımdır.
Həm də öhdəsindən gəlməli olduğum ən böyük qorxum.
Hər dəfə anamın yanına gələndə
Emili Bronteyə çevrildiyimi hiss edirəm,
tənha həyatım məni səhra kimi dövrələyir,
kələ-kötür bədənim addımlayır palçıqlı düzənlikdə
mətbəx qapısından girən kimi yoxa çıxan dəyişiklik baxışı ilə.
Bizə hansı ət lazımdır, Emili?
Üç
Mətbəx masası arxasında üç susqun qadın.
Anamın mətbəxi balaca və qaranlıqdır, amma pəncərədən
buz bağlamış düzənlik görünür.
Göz işlədikcə uzanıb gedir,
minlərlə kilometr uzanır işıqlandırılmamış bəyaz göyüzünə tərəf.
Anamla mən ciddi-cəhdlə salatımızı çeynəyirik.
Mətbəxin divarındakı saat boğuq çıqqıltı salır,
dəqiqədə bir dəfə on ikinin üstündən keçir.
Emilinin 216-cı səhifəsi açıqdır, kitabı qənddana söykətmişəm,
amma gizlincə anama baxıram.
Minlərlə sual daxilimdən gözlərimə hücum edir.
Anam öz salatını müşahidə etməkdədir.
217-ci səhifəyə keçirəm.
“Mətbəxdə qaçanda (…) Hertonu vurub yıxdım –
o qapının ağzında təzə doğulmuş bir qucaq küçüyü
stulun söykənəcəyindən asırdı”.
Elə bil şüşə atmosferinə düşmüşük.
Vaxtaşırı bir replika süzülür şüşənin içindən.
Arxa həyət üçün vergi.
Qovunun dadı yoxdur,
qovun üçün tezdir hələ.
Yerli saç ustası dinə gəlib, ikinci günlər salonu bağlayır.
Yenə çay dəsmalı siyirtməsində siçanlar.
Xırda nəcislər.
Didişdiriblər
salfetlərin künclərini, salfetin qiymətindən xəbərləri olsaydı,
belə eləməzdilər.
Gecə yağış yağacaq.
Sabah yağış yağacaq.
Filippindəki vulkan yenə püskürüb. Onun adı nə idi,
Anderson, ölüb, yox, Şirli yox,
opera müğənnisi. Qaradərili qadın.
Xərçəng.
Qarnirini niyə yemirsən, bibərdən xoşun gəlmir?
Pəncərədən xəzəllərin hamar yer səthinə uçuşunu
və şam ağacının gövdəsindəki şırımların arasındakı qar qalıqlarını izləyirəm.
Düzənliyin ortasında,
çökəklik olan yerdə,
buz əriməyə başlayıb.
Açıq qara su
qəzəb kimi qaynayıb çıxır. Anam qəfildən soruşur:
Psixoterapiya sənə çox da kömək eləmir, düzdür?
Onu unuda bilmirsən.
Anamın məsələni qısa kəsmək bacarığı var.
Heç vaxt Loudan xoşu gəlməmişdi, amma həyatımda kişi olması
və həyatımın qaydasında getməsi onu sevindirirdi.
Nə olar, o alır, sən verirsən – ümid edirəm, dolanarsınız,
bu da anamın onu birinci dəfə görəndə dediyi sözlər.
Vermək və almaq mənim üçün sadəcə söz idi
o vaxtlar. Əvvəllər heç sevməmişdim.
Bu, təkərin təpədən aşağı yuvarlanması kimi idi.
Amma səhər tezdən, anam hələ yatanda,
mən aşağıda idim və “Tufanlı yoxuşlar”ın o fəslini oxuyurdum ki,
Hitkliff tufan vaxtı barmaqlıqlardan yapışıb ağlaya-ağlaya pıçıldayırdı
sevgilisinin ruhuna: “Gəl! Gəl də!”,
mən də xalçanın üstünə diz çöküb hönkürdüm.
Emili bilir
küçükləri necə asmaq lazımdır.
“Bu aspirin içməyə oxşamır”, – yorğun-yorğun cavab verirəm.
Doktor Hou deyir ki, kədər davamedici prosesdir.
Anam qaşlarını çatır. Bununla nə əldə etmək olar,
keçmişi qurdalamaq nəyə lazım?
O, – əllərimi yana açıram –
Mən qalib gəlirəm! Onun gözlərinə baxıram.
Gülümsəyir. Hə, sən qalib gəldin.




