Absurd – Anar Atakişiyev

DAHA.az Anar Atakişiyevin absurd haqqında qeydlərini təqdim edir. 

Absurdun yalan kimi görünən həqiqəti var.
Yakov Krotov

“Absurd teatrı” terminini ilk dəfə teatr tənqidçisi və tədqiqatçısı Martin Esslin elmə gətirmişdir. Esslin bu əsərlərdə həyatın mahiyyət etibarilə mənasızlığı haqqında Alber Kamyunun fəlsəfəsinin bədii təcəssümünü görürdü. Kamyu bu fikri “Sizif haqqında mif” əsərində ifadə etmişdir.

Ümumiyyətlə, hesab edilir ki, absurd teatrının kökləri dadaizm fəlsəfəsinə, mövcud olmayan sözlərdən ibarət poeziyaya və 1910–1920-ci illərin avanqard incəsənətinə gedib çıxır. Eyni zamanda qeyd etmək lazımdır ki, absurd anlayışı modernist dünyagörüşü ilə sıx bağlıdır. Modernizm cərəyanlarından xüsusilə futurizmin bu anlayışın formalaşmasında böyük rolu olmuşdur. Modernist dramaturgiyaya nəzər salsaq, bu ədəbiyyatın qəhrəmanının kifayət qədər gücsüz, zəif və mübarizə apara bilməyən biri olduğunu görərik. Bu xüsusiyyət Frans Kafkanın əsərlərində daha kəskin şəkildə müşahidə olunur.

Modernizmlə yanaşı, postmodern ədəbiyyatına da diqqət yetirmək yerinə düşər. Postmodernizm ədəbiyyatında da qəhrəman mübarizə aparmır, lakin o, dünyada baş verən hadisələrə və ətraf mühitə laqeyd, bir növ, ironik münasibət bəsləyir.

Absurd teatrının yaranmasına təkan verən amillərdən biri olan futurizm latınca futurum sözündən götürülmüşdür və “gələcək”, “gələcəyin incəsənəti” mənasını verir. XX əsrin avanqard incəsənət cərəyanı hesab olunan bu termin ilk dəfə 1909-cu ildə Filippo Tommazo Marinetti tərəfindən irəli sürülmüşdür. Maraqlı bir nüansı da qeyd etmək lazımdır ki, Marinetti sonralar — 1920–1930-cu illərdə İtaliyada faşizm hərəkatının ən fəal iştirakçılarından birinə çevrilmişdir. Bu fakt dövrün siyasi ab-havasının sənətə təsirini anlamaq baxımından mühümdür.

Absurd teatrı ilk dəfə XX əsrin 50-ci illərində Avropa və Amerikada formalaşmışdır. Absurd anlayışını dərindən dərk etmək üçün onun yarandığı coğrafi məkanı, dövrün tarixi və siyasi hadisələrini bilmək vacibdir. XX əsr gərgin tarixi-siyasi proseslərlə zəngin olmuş və bu hadisələr absurd dünyagörüşünün yaranmasına səbəb olmuşdur. Birinci Dünya müharibəsi, inqilablar, Rusiyada Romanovlar ailəsinin qətlə yetirilməsi, italyan faşizminin yaranması, Adolf Hitler və Benito Mussolininin hakimiyyəti, dəyərlərin məhv edilməsi və İkinci Dünya müharibəsi kimi fəlakətlər absurd anlayışının formalaşmasına təkan vermişdir. Müharibə insan həyatının qeyri-müəyyənliyini və mənəvi böhranını bütün çılpaqlığı ilə ortaya qoymuşdur.

Absurd teatrı (və ya “yeni teatr” hərəkatı) Fransada avanqard sənət hadisəsi kimi meydana gəlmiş və bu proses Parisin Latın məhəlləsində yerləşən kiçik teatrlarla bağlı olmuşdur. Bir müddət sonra isə bu istiqamət dünya miqyasında yayılmağa başlamışdır.

Absurd teatrının baniləri Samuel Bekket və Ejen İonesko hesab olunurlar. Lakin onların hər ikisi bu termini qəbul etmirdi. Hətta İonesko müsahibələrinin birində bu termindən heç vaxt yaxa qurtara bilməyəcəklərini bildirmiş və “absurd” sözü əvəzinə “paradoksal” ifadəsindən istifadə etməyi təklif etmişdir. Paradoksal – ziddiyyətli, məntiqsiz görünən, lakin daxilində həqiqəti daşıyan deməkdir. İonesko həmçinin qeyd edirdi ki, onlar dünyanı bərli-bəzəkli, “şəkər qatılmış” kimi deyil, əksinə, çətin, qorxulu, tənha və amansız tərəfləri ilə göstərmək istəyirlər.

Samuel Bekket

İkinci Dünya müharibəsindən sonra insanlar mənasızlıq, bihudə cəhdlər, puç olmuş ümidlər və ağır gözləntilər içində yaşamağa başladılar. Milyonlarla insanın ölümü, atom bombasının doğurduğu faciələr, qorxu, güvənsizlik və ruh düşkünlüyü absurd teatrının yaranmasını sürətləndirdi. Absurd teatrının mərkəzində insan dayanır. Lakin bu insan güclü qəhrəman deyil; o, tənha, zəif, qorxaq və gələcəyə ümidsiz baxan bir varlıqdır. Eyni zamanda, bu insanın həyatında adət-ənənələr, dini inanclar, sevgi, mərhəmət və duyğusallıq kimi insani keyfiyyətlər zəifləyir və ya tamamilə yox olur. Alman filosofu Fridrix Nitsşe “Tanrının ölümü” ifadəsi ilə təkcə dinin yox olmasını deyil, həm də kainatda mütləq nizamın, əxlaqın və mənanın itməsini nəzərdə tuturdu. Çünki ali hakim yoxdursa, xeyirlə şəri ayıran mütləq meyar da qalmır.

Absurd teatrında aydın və dəqiq mövzu, konkret xarakterlər, zaman və məkan anlayışı yoxdur. Onların yerini mexaniki kuklalara bənzər tiplər tutur. Süjetin əvvəli və sonu bəlli olmur, hadisələr və dialoqlar tez-tez təkrarlanır. Əsas diqqət insanın daxili vəziyyətinə və ruhunun əks olunmasına yönəlir. Burada fikir heç vaxt açıq və birbaşa ifadə edilmir; hər tamaşaçı onu öz düşüncəsinə uyğun şəkildə dərk edir.

XX əsrin təlatümləri incəsənət və ədəbiyyatı ciddi seçim qarşısında qoymuşdu. Absurd teatrı ağlın, məntiqin, ənənəvi hisslərin və dəyərlərin tərk edildiyi bir dünyanı əks etdirir. Bu dramaturgiyada sirk və kabare teatrı estetikasının güclü təsiri hiss olunur. Buraya qəribə kostyum və maskalardan istifadə, mənasız şeirlər, tamaşaçılara təxribatçı müraciətlər və digər bu kimi vasitələr daxildir. Pyeslərin süjeti və personajların davranışları məntiqsiz görünür, tamaşaçını təəccübləndirmək, hətta şoka salmaq məqsədi daşıyır. İnsanlar arasında ünsiyyətin mümkünsüzlüyünü göstərən bu pyeslər dilin mənasızlığını xüsusi vurğulayır. Dil qaydaları pozulmuş bir oyuna çevrilərək xaosun əsas ifadə vasitəsi olur.

Absurd dramaturqları üçün varlığın əsas xüsusiyyəti bütövlük deyil, parçalanma və dağılma idi. Ənənəvi dramaturgiyadan ikinci mühüm fərq isə insana münasibətdə özünü göstərirdi. Absurd dünyasında insan passivliyin və acizliyin təcəssümüdür; o, öz gücsüzlüyündən başqa heç nəyi dərk edə bilmir və seçim azadlığından məhrumdur. Bu prinsiplər əsasında dramaturqlar “antidram” anlayışını yaratmışlar.

Absurd dramı həyatın mənasızlığı haqqında mühakimə yürütmək deyil, elə bu mənasızlığın özünü səhnədə nümayiş etdirməkdir. Bu cərəyanın nümayəndələri – Samuel Bekket, Ejen İonesko, Jan Jene, Harold Pinter – insanın faciəvi taleyindən, həyat və ölümdən bəhs edir, lakin bu faciəni fars və buffonada formasında təqdim edirlər.

Samuel Bekketin (1909–1989) “Qodonu gözləyərkən” (1953) pyesi məhz bu janrda yazılmışdır. Pyesin səhnələşdirilməsindən sonra müəllif bütün dünyada məşhurlaşmışdır. Absurd teatrının ideyalarını ən parlaq şəkildə əks etdirən bu əsərin əsasında yazıçının həm şəxsi, həm də ictimai faciəvi təcrübəsi dayanır (belə ki, Bekket Fransanın faşist işğalı dövrünün dəhşətlərini yaşamışdır).

Pyesin hadisələri tərk edilmiş kənd yolunda, tənha və qurumuş bir ağacın yanında cərəyan edir. Yol hərəkət simvolu olsa da, burada nə hərəkət, nə də süjet inkişafı var. Süjetdəki bu statiklik həyatın məntiqsizliyini nümayiş etdirir. İki tənha və köməksiz insan – Vladimir və Estragon yad və düşmən dünyada itib-batmış vəziyyətdədirlər. Onlar bütün problemlərini həll edəcəyinə ümid etdikləri cənab Qodonu gözləyirlər. Qəhrəmanlar onun kim olduğunu bilmir, onu heç vaxt görməyiblər və qarşılarına çıxan istənilən adamı onunla səhv sala bilərlər. Buna baxmayaraq, onu inadla gözləyir, sonsuz və əzabverici gözləmə prosesini mənasız söhbətlər və absurd hərəkətlərlə doldururlar.

Onların nə sığınacaqları, nə də yeməkləri var. Bir şalğamı iki yerə bölərək yavaş-yavaş, dadını çıxara-çıxara yeyirlər. Dözülməz həyat qorxusu və ümidsizlik onları dəfələrlə intihar etmək fikrinə gətirib çıxarır, lakin əllərindəki yeganə kəndir qırılır. Hər gün səhər görüş yerinə gəlir, axşam isə heç bir nəticə əldə etmədən oranı tərk edirlər. İki pərdədən ibarət pyesin süjeti məhz bu dövrəvi proses üzərində qurulmuşdur.

Bekketin qəhrəmanları yalnız gözləməyi bacarırlar; bu, iradənin tamamilə iflic olmasıdır. Xəbərçi oğlanın Qodo ilə görüşü daim «sabaha» təxirə salması bu gözləməni daha da mənasızlaşdırır. Bekket insanın bu dünyada tam əmin ola biləcəyi heç nəyin olmadığı fikrini irəli sürür. Pyesdə faciəvi və komik elementlər ayrılmaz vəhdətdədir. Qodo isə insani istilikdən məhrum, cismani varlıq kimi deyil, mücərrəd ümid simvolu kimi təqdim olunan obrazdır. Fransız yazıçısı və kinorejissoru Alen Rob-Qriye əsərin fabulasını belə ümumiləşdirmişdir: “İki avara yol kənarında Qodonu gözləyir və o, gəlmi”. Əslində, biz hamımız nəyisə gözləyirik…

Ejen İonesko fransız dramaturgiyasında absurdizmin digər görkəmli nümayəndəsidir. Onun pyeslərinin situasiyaları və dialoqları gündəlik reallıqdan daha çox yuxu obrazlarına və assosiasiyalara əsaslanır. Dil paradokslar, şablon ifadələr, atalar sözləri və söz oyunları vasitəsilə adi mənasından uzaqlaşdırılır. İoneskonun əsərlərindəki sürrealizm öz mənşəyini sirk klounadasından, Çarli Çaplinin, Baster Kitonun, Marks qardaşlarının filmlərindən, eləcə də antik və orta əsrlər farsından götürür.

Onun səciyyəvi üsullarından biri aktyorları udmaq təhlükəsi yaradan əşyaların səhnədə üst-üstə yığılmasıdır; burada əşyalar canlanır, insanlar isə cansız predmetlərə çevrilirlər. Absurdist pyeslərdə ənənəvi katarsisə rast gəlinmir. İstənilən ideologiyanı rədd edən İoneskonu bu əsərləri yazmağa vadar edən əsas səbəb dilin və insan ünsiyyətinin taleyi ilə bağlı dərin narahatlıq olmuşdur.

Müəllifin “Keçəl müğənni” pyesinin premyerası Parisdə baş tutmuş və qalmaqallı uğur qazanmışdır. Əvvəlcə heç kim səhnədə baş verənləri anlamasa da, tədricən absurdist tamaşalara baxmaq bir növ dəbə çevrilmişdir. “Anti-pyes” adlandırılan bu əsərdə əslində heç bir keçəl müğənni yoxdur. Əvəzində ingilis ailəsi olan Smitlər, onların Martin soyadlı qonşuları, qulluqçu Meri və təsadüfən evə baş çəkən yanğınsöndürmə briqadasının kapitanı yer alır. Kapitan əvvəlcədən təyin olunmuş dəqiqədə başlayacaq yanğına gecikməkdən qorxur. Əsərdə özbaşına zəng vuran saatlar zamanın ümumiyyətlə mövcud olmadığını simvolizə edir. Hər kəs öz zaman ölçüsündə yaşayır və buna uyğun olaraq mənasız fikirlər səsləndirir.

Dramaturq absurdizmi gücləndirmək üçün bir sıra bədii üsullardan istifadə edir: hadisələrin ardıcıllığının pozulması, eyni ad və soyadların təkrarlanması, ər-arvadın bir-birini tanımaması, ev sahibləri ilə qonaqların yer dəyişməsi, oksimoronlardan ibarət nitq axını və xarici dil dərsliklərindəki kimi həddindən artıq bəsitləşdirilmiş cümlə quruluşları. Bütün bunlar dialoqlara qəribə və komik təsir bağışlayır.

Nəticə etibarilə, absurd dramaturgiyası ənənəvi teatrdan fərqli olaraq xarici hərəkətin məhdudluğu, özünəməxsus quruluşu və ifadə vasitələri ilə seçilir. Bu səbəbdən belə əsərlərin əməl xəttini müəyyənləşdirmək, daxili məntiqini açmaq və səhnə həllini tapmaq rejissordan zəngin təxəyyül, yaradıcı yanaşma və güclü intellektual baza tələb edir. Eyni zamanda, absurd anlayışını dərindən dərk etmək üçün yaradıcı insanın tarixi, coğrafi və fəlsəfi bilikləri geniş olmalıdır.

OXŞAR XƏBƏRLƏR