Çul Xan: “Facebook” xaraktersizliyin bazarıdır…”

Daha.az Bön Çul Xanın “Gözəli xilas etmək” kitabından növbəti hissəni təqdim edir.

 əvvəli BURADA

FƏLAKƏTİN ESTETİKASI

Kantın “Praktik Zəkanın Tənqidi” əsərində onun məzar daşına da həkk olunan məşhur kəlamına rast gəlirik: “İki şey daim yenilənən və artan heyrət və heyranlıqla zehnimi doldurur, daha sıx və qalıcı olaraq düşüncəm bunlarla məşğul olur: başımın üzərindəki ulduzlu səma və içimdəki əxlaq qanunu”. Əxlaq qanunu ağılda yaşayır. Ulduzlu səma da səthi, subyektin xarici dünyasını təmsil etməz. O, ağlın daxili aləminə yayılıb. Fəlakət sözü (almanca: Desaster, latınca: des-astrum) sözün əsl mənasında ulduzsuz, bədbəxt (Unstern) deməkdir. Kantın ulduzlu səmasında bədbəxt heç nə baş vermir.

Kant fəlakət tanımaz. Hətta dəhşətli təbiət hadisələri belə fəlakəti əks etdirməz. Təbii dəhşətlə qarşılaşan subyekt özünü xaricindəki hər şeyi önəmsiz görən ağlın daxili aləmində xilas edir. Kant subyektin avtoerotik daxili aləmindən qaçan xarici aləmə qarşı özünü həmişə barışıq içində görür.

Hegelə görə, sənətin vəzifəsi “görünən səthin hər nöqtəsindəki hər bir formanı gözə çevirməkdir”. Burada “azad ruhun (Seele) daxili sonsuzluğu özünü göstərər”. İdeal sənət əsəri min gözlü Arqosdur; parlaq, ilhamverici bir yerdir: “Yaxud Platon məşhur sətirlərində ulduza (Asterə) müraciət etdiyi kimi, “Ulduzlara baxanda, mənim ulduzum, ah, kaş ki, səma olsaydım, sənə min gözlə yuxarıdan baxa bilsəydim”. Bunun əksinə olaraq, sənət hər formasından (Gebilde) min gözlü Arqos yaradır, onun vasitəsilə daxili ruh (Seele) və mənəviyyat (Geistigkeit) hər nöqtədə görünür”. Ruhun (Geist) özü hər şeyi işıqlandıran min gözlü Arqosdur. Hegelin min gözlü Arqosa bənzəyən səması Kantın ulduzlu səmasına oxşardır; nə bədbəxtlik, nə də xarici dünya onu təqib edə bilər. Həm Hegelin “ruhu”, həm də Kantın “ağlı”; fəlakətə, xaricə, tamamilə yad olana qarşı yalançı qoruyucu tilsimi təmsil edir.

Bədbəxtlik kimi, Fəlakət də “ulduzlu məkanı” pozur. Bu “radikal heterogenlik”, yəni xarici aləm, ruhun daxilini pozur: “Fəlakətin mütləq olduğunu demirəm, əksinə, (fəlakət) mütləqin yolunu azmasına səbəb olur. Bunu gələn və gedənin köçəri nizamsızlığında, lakin yenə də hiss olunmayan xaricdəkinin gərgin qəflətənliyində edir”. Fəlakət Hegelin “min gözlü Arqos”undan fərqli bir şəkildə başqa bir ehtiyatlılıq (oyanma) vəziyyəti ilə xarakterizə olunur: “Əgər fəlakətin keşik çəkdiyini desəm, bu, bir subyektə keşik çəkmək vəzifəsi vermək deyil, əksinə, bunu demək üçündür: “keşik çəkmək ulduzlu səmanın altında baş vermir”. Fəlakət “ulduzların himayəsindən ayrılmaq” deməkdir.

Ulduzlu səmaya qarşı bir Fiqur olaraq boş səma Blanşo üçün uşaqlığından əhəmiyyətli səhnələri təmsil edir. Səma Blanşoya tamamilə başqasının, batiniləşdirilməsi mümkünsüz xaricinin atopyasını, məkansızlığını göstərir. Onun gözəlliyi və ucalığı uşağı “dağıdıcı zövq”ə bürüyür: “Səmanın qəfil və mütləq boşluğu… uşağı bir anda göz yaşlarına boğa biləcək zövq və ləzzətlə təəccübləndirir”. Uşaq boş səmanın sonsuzluğuna heyran olur. Daxili mənliyindən qoparılmasıyla uşaq atopik xarici aləmdə özünü unudur. Fəlakət xoşbəxtliyin, bəxtin Düsturu olduğunu sübut edir.

Fəlakətin estetikası subyektin zövq aldığı həzzin estetikasına ziddir. Fəlakətin estetikası hadisələrin estetikasıdır. Fəlakətə səbəb olan şey; gözə çarpmayan bir hadisə, bir yağış damlasının fırlada-fırlada havaya qaldırdığı bir zərrə ağ toz, sübh tezdən səssiz qar yağışı, yay istisində qaya qoxusu — bunlar “mən”i daxili mahiyyətindən və subyektivliyindən məhrum edən, bununla da onu xoşbəxt edən boşluq hadisələri ola bilər. Bu hadisələr “mən”i ələ keçirdikləri üçün gözəldir. Fəlakət özü-özünə bağlı avtoerotik subyekt üçün ölüm deməkdir.

Bodlerin “Les fleurs du mal” (“Şər Çiçəkləri”) kitabındakı “Hyumne d la Beaute” (“Gözəlliyə dua”) şerində gözəlliyin doğduğu ulduzlar (des Astres) və fəlakət (dösastres) qafiyələnir. Gözəllik ulduzların nizamını pozan bir fəlakətdir. Bu, kəpənəyin yaxınlaşıb yandığı bir məşəldir (flambeau). “Flambeau” məzar mənasını verən “tombeau” ilə qafiyələnir. Həm “flambeau”, həm də “tombeau” gözəlliklə (beau) doludur. Fəlakətin, ölümcül olanın neqativliyi gözəlliyin bir anıdır.

Rayner Maria Rilkenin “Duineser Elegien” (“Duino Elegiyaları”) şeirinin birinci hissəsində gözəl belə təsvir olunur: “hələ də yaşadığımız dəhşətli başlanğıcdan başqa bir şey deyil”. Dəhşətlinin neqativliyi gözəlliyin dərin təbəqəsinə, matrisinə forma verir. Gözəllik hələ də dözülən dözülməzlik və ya dözülən hala gətirilmiş dözülməzlikdir. Bizi dəhşətli olandan qoruyur. Amma eyni zamanda, dəhşətli olan gözəllik vasitəsilə görünür. Gözəlliyin ikililiyini yaradan da budur. Gözəllik bir görüntü deyil, bir qalxandır.

Adornoya görə, dəhşətli olanın neqativliyi gözəllik üçün vacibdir. Gözəllik özünü formasızlıqda, fərqsizlikdə ehtiva edən formadır: “Estetik cəhətdən şəkilləndirən ruh, mənimsədiyi şeylərdən yalnız özünə bənzəyən, qavradığı və ya özü kimi olacağına ümid etdiyi şeyə icazə verib. Bu proses bir (növ) şəkilləndirmə idi”. Gözəllik formanı, yəni fərqi qoruyaraq özünü formasız, dəhşətli, fərqlənməyən başqasından fərqləndirir: “Tək və fərqləndirilmiş olaraq gözəllik obrazı dominant, bütöv və fərqsiz təbiətin qorxusundan azad olmaqla ortaya çıxar”. Lakin gözəlliyin görünüşü dəhşətli olanı tamamilə aradan qaldırmaz. Formasız olan “birbaşa var olana qarşı özünü qorumağı” axıradək bacarmaz. “Mühasirəyə alınmış şəhərin divarları arxasındakı düşmən kimi ətrafda gizlənər və onu aclığa məhkum edir”.

Gözəl görünüş kövrək və təhdid altındadır. Özünün ziddi olan çirkin tərəfindən “daim narahat edilir”: “Gözəlliyin özü vasitəsilə özündən ortaya çıxararaq və məbəd ərazisiymiş kimi kənarda saxlayaraq çirkinliyə tətbiq etdiyi aşağılama, çirkinin qarşısında, bir növ, çarəsizliyidir”. Gözəl və çirkin arasındakı əlaqə ziddiyyətli və ikimənalıdır. Gözəl çirkini qəti şəkildə rədd etməz. Onun etibarına xələl gətirməz. Əksinə, formalaşdırıcı ruh (Geist) darıxdırıcı bir işığa çevrilməmək üçün formasıza, yəni düşməninə ehtiyac duyur.

Formalaşdırıcı rasionallıq özünü formasız və çirkin olana bağlayan mimesisə əsaslanır. Ruh “məğlubiyyətə uğramağın mimetik həsrətinə” sahibdir və bu, çirkinlikdən başqa bir şey deyildir. Gözəllik fəlakət və böhran, çirkinlik və kabus, başqasının zorla içəri girməsiylə həmişə orada olanın donub-qalması arasında yaşayır. Adornonun təbii gözəllik ideyası tam olaraq formanın sarsılmaz kimliyinə qarşı çıxmaqdır. O, eyni olmayana şahidlik edir: “Təbii gözəllik universal eynilik sehri altında olan şeylərdə eyni olmayanın izidir. Sehr qaldığı müddətcə eyni olmayanın pozitiv mövcudluğu olmaz. Buna görə də təbii gözəllik insan immanentliyini aşacağını vəd etdiyi (şey) qədər dağınıq və qeyri-müəyyən olaraq qalır.”

Pozulmuşluğun neqativliyi gözəllik üçün konstruktivdir. Buna görə də Adorno “düşmən və pozulmuş qətilikdən” bəhs edər. Pozulmuşluğun neqativliyi olmadan gözəllik yolunu azaraq hamarlığa çevrilir. Adorno estetik formanı paradoksal bir düsturla yazır. Onun qətiliyi “qətiyyətsizliyində”dir. Gözəllik “uyğunsuzluqdan” və “ziddiyyətdən” azad deyildir. Bütünlüyü pozuqdur. O, “başqası tərəfindən” pozulur. Pozulmuşluq gözəlliyin qəlbidir.

Sağlam olmaq hamarlığın ifadə formasdır. Paradoksal olaraq, sağlam olmaq xəstə, cansız bir şey şüalandırır. Ölümün neqativliyi olmadan həyat ölü bir şey kimi sümükləşir. Kabusa çevrilərək hamarlaşır. Neqativlik həyata can verən gücdür. Gözəlliyin mahiyyətini də o formalaşdırır. Zəiflik, kövrəklik və pozulmuşluq gözəlliyin vacib elementləridir. Gözəllik öz cazibədarlıq gücünü bu neqativliyə borcludur. Sağlam olan gözəlliyin əksinə, diqqət çəkməz. Sağlam olanda pornoqrafik bir şeylər var. Gözəllik bir xəstəlikdir. “Sağlamlığın həddindən artıq olması də həmişə özlüyündə bir xəstəlikdir. Sağlamlığın antidotunun nə olduğunu bilən bir xəstəlikdir, həyatın özünün məhdudlaşdırılmasıdır. Gözəllik, beləliklə, can çəkişən bir xəstəlikdir. O, həyatı və onun çöküşünü təmin edər. Lakin xəstəlik həyat naminə inkar edilərsə, digər anından kor-koranə ayrılmış hipostazlaşdırılmış həyat olur; dağıdıcı və şər, utanmaz və lovğa. Dağıdıcıdan nifrət edən həyatdan nifrət etməlidir; bu, sadəcə ölü, pozulmamış bir həyatda olmağın metaforasıdır.” Sağlam, qüsursuz olanı mütləq şeylər kimi qəbul edən müasir kalokratiya gözəlliyi istisna edir. Dövrümüzdə isterik bir şəkildə yaşamın yerini alan sıradan, sağlam həyat ölü, xəyali bir şeyə çevrilib. Buna görə də bu dövrdə yaşamaq üçün çox ölüyük, ölmək üçün də çox diriyik.

Gözəllik idealı

Kantda gözəlliyin estetikası avtoerotik subyektivliklə müəyyən edilsə də, bu, istehlak estetikası deyil. Kantın subyekti kulinarik olmaqdan daha çox asketikdir. Gözəllik zövqünə laqeyddir. Estetik uzaqlıq gözəlliyə aid dərin düşüncəyə sövq edən gözləmə aktını yaradır. Estetik vizyon istehlakçı deyil, düşüncə əsaslıdır. Kant, əslində, gözəlliyi öz pozitivliyindən təcrid edib. Fəqət yenə də gözəllik kulinarik zövqlərin subyekti deyildir. Gözəllik stimul (Reiz) yaratmaz. Əksinə, o, estetik formadır. Bunun əksinə, bugünkü estetik rejim daha çox stimul yaradır. Bu stimul və həyəcan selində gözəllik itir. O, obyektə yönəlik dərin intellektual uzaqlığa imkan vermir, onu istehlaka təslim edir. Kant üçün gözəllik sadəlövh estetikanın fövqündədir. Əxlaqi olanın ərazisindədir. Hölderlin özünün “Gözəlliyə dua” (“Hymne an die Schönheit”) şeirində bizə Kantı xatırladır: “Təbiət öz gözəl formaları vasitəsilə bizimlə metaforik şəkildə danışır və onun kodlarını deşifrə etmək hədiyyəsi bizə əxlaqi duyğularda verilib”.

Gözəlliyin əxlaqiliyi və daha artıq dəyəri “gözəllik idealı” yaratmaqdır. Kant bunu “normal gözəllik idealından” fərqləndirir. Normal gözəllik idealı cinsə xas bir normadır. Bir forma bu normaya uyğunlaşdıqda gözəl görünür, lakin ondan tamamilə yayındıqda iyrənc olur. Normal gözəllik idealı (Normalidee des Schönen) yalnız insanlar üçün deyil, hər bir növ üçün mövcuddur. Bu ideal “növün görünüşündəki düzgünlük”dür və hər bir növün yenidən törəyib çoxalda biləcəyi “əsl forma”dır. Normal gözəllik idealına uyğun gələn üz, qüsursuz halıyla adi, hamar bir üzdür və “heç bir xarakterə” sahib deyil. O, “fərdin xüsusiyyətindən daha çox növün idealını” əks etdirir. Normal gözəllik idealından fərqli olaraq, “gözəllik idealı” insanlara xasdır. Gözəllik idealı “insanları daxilən idarə edən əxlaqi ideyaların görünən ifadəsidir”.

Rasional məzmununa görə gözəllik idealı hər cür istehlakçılıqdan yayınır. “O heç bir emosional stimula öz obyektinə olan məmnunluğuyla qarışmağa” icazə vermir və yenə də ondan “böyük fayda əldə edilməsinə” imkan yaradır. Gözəllik idealı olaraq mühakimə sadəlövh estetikanın, sırf bəyənmənin fövqünə çıxır. Bu, zövq və ağlın, yəni gözəl ilə yaxşının sözləşməsinə əsaslanan intellektual bir bəyənmə mühakiməsidir”. Hər kəs bu gözəlliyi təmsil etmək və mühakimə etmək iqtidarında deyil. Bunun üçün lazım olan şey, yüksək təhsil (Bildung) vasitəsilə əldə edilən mənəvi ideyaları vizuallaşdıra bilən təxəyyül gücüdür. Gözəllik idealı ilə Kant əxlaqi gözəlliyi və ya gözəlin əxlaqını qurub yaradır.

Tarixən gözəllik uzun müddət ərzində yalnız əxlaqı və xarakteri ifadə etməklə məşğul idi. Bu gün isə gözəlliyin xarakteri tamamilə cinsəlliyə boyun əyib. “XIX əsrdə orta təbəqə qadınları cinsi cazibədarlıqlarına görə deyil, gözəlliklərinə görə cəlbedici hesab olunurdular. Gözəllik fiziki və mənəvi keyfiyyət kimi başa düşülürdü. (…) Sırf cinsi cəlbedicilik yeni bir dəyərləndirmə meyarını yaratdı ki, bu da həm gözəlliyin, həm də əxlaqi xarakterin yerini zəbt etdi. Daha doğrusu, xarakter və psixoloji temperament nəticədə cinsəlliyə tabe edildi”.

Bədənin cinsiləşdirilməsi birtərəfli azadlıq məntiqinə uyğun gəlmir; bədənin ticariləşməsi ilə birlikdə baş verir. Gözəllik sənayesi gözəlliyi cinsiləşdirməklə və istehlakçı hala salmaqla ondan faydalanır. İstehlak və cinsəllik bir-birini şərtləndirir. Cinsi istəyə əsaslanan mənlik istehlakçı kapitalizmin məhsuludur. İstehlak mədəniyyəti getdikcə gözəlliyi gözəgirənliyə və əyləncəyə tabe edir. Buna görə də gözəlliyin hər bir əlavə dəyəri yox olur. Gözəllik hamarlaşır və istehlaka məruz qalır.

Cinsəllik mənəvi gözəlliyin və ya xarakter gözəlliyinin əksidir. Əxlaq, fəzilət və ya xarakter zamanla formalaşır. Bunlar müddətə, səbrə və davamlılığa söykənir. Xarakter sözü, əslində, “yanmış işarə, silinməz yanıq izi” deməkdir. Sabitliyi onun ən müəyyənedici xüsusiyyətdir. Karl Şmitt üçün su xarakteri olmayan bir elementdir, çünki o, heç bir qalıcı izə icazə vermir: “Dənizin səthində (…) sabit cizgilər basdırıla  bilməz. (…) Dəniz, xarakter sözünün həqiqi mənasındakı bir xarakterə sahib deyildir. Bu söz yunanca “charassein” sözündən gəlir,  basdırmaq, oymaq, iz qoymaq deməkdir”.

Səbr və davamlılıq istehlaka əlverişli deyil. İstehlak və zaman bir-birindən qaçır. Dəbin keçiciliyi və qeyri-sabitliyi istehlakı sürətləndirir. Buna görə də istehlakçı mədəniyyət zamanı yenidən istehsal edir. Xarakter və istehlak bir-birinə ziddir. İdeal müştəri xaraktersiz insandır. Bu cür xaraktersizlik təsadüfi istehlakı mümkünləşdirir.

Şmittə görə, “Birdən çox real düşmənə sahib olmaq daxili bölünmənin əlamətidir”. Sabit xarakter “düşmənin iki olmasına” imkan vermir. “Vuruşan” bir düşmənlə mübarizə aparmaq “insanın öz ölçüsünü, həddini və şəklini qazanması üçün” mütləq lazımdır. Buna görə də düşmən “şəklimiz (Gestalt) olaraq öz sualımızdır”. Sadəcə, tək və əsl dost insanın sabit xarakterə sahib olduğuna dəlil ola bilər. Şmitt belə deyə bilərdi: İnsan nə qədər xaraktersiz və sifətsizdirsə, nə qədər hamar və lomdursa, bir o qədər çox dostu olacaq. “Facebook” xaraktersizliyin bazarıdır.

Karl Şmittin “Der Nomos der Erde” (“Yerin qanunları”) kitabı Yer kürəsinə mədhiyyə ilə başlayır. O, Yer kürəsini ilk növbədə möhkəmliyinə görə tərifləyir. Yer kürəsi aydın məhdudiyyətlərə, bölünmələrə, sərhədləmələrə icazə verir. Möhkəmliyi üzərində sərhəd dirəklərinin, divarların və qalaların inşasına etiraz etmir: “Burada insanların birlikdə yaşaması üçün lazım olan nizam və mövqe aydındır. Ailə, nəsil, qəbilə, mülklər, mülkiyyət növləri, qonşuluq və eyni zamanda güc və suverenlik formaları aydın görünür.”

Şmittin “Yerin Qanunları” lap çoxdan rəqəmsalın lehinə imtina etdiyimiz bir paradiqmadır. Rəqəmsal nizam mövcudluğun bütün parametrlərini dəyişdirdi. “Mülkiyyət”, “qonşuluq”, “nəsil”, “qəbilə” və “mülk”; bunların hamısı Yer kürəsinin nizamına, Dünyanın düzəninə aiddir. Rəqəmsal şəbəkələrin qurulması nəsil, qəbilə və qonşuluğu məhv etdi. Paylaşım (Sharing) iqtisadiyyatı “mülkiyyəti” lazımsız hala gətirdi. Onu əlçatanlıqla dəyişdirdi. Rəqəmsal vasitələr heç bir möhkəm cizgilərin və ya işarələrin basdırıla bilməyəcəyi xaraktersiz dəniz kimidir. Rəqəmsal dənizin üzərində heç bir qala, divar, məzar və ya sərhəd dirəkləri uca bilməz. Möhkəm xarakterlər çətinliklə şəbəkə qura bilirlər. Onlar əlaqə və ya ünsiyyətdə bacarıqlı deyillər. Şəbəkələşmə, qloballaşma və ünsiyyət dövründə güclü bir xarakter yalnız əngəl və zərərdir. Rəqəmsal düzən yeni bir idealın doğuşunu bayram edir: xaraktersiz insan, xaraktersiz hamarlıq.

 

Çevirdi: Aqşin Yenisey

OXŞAR XƏBƏRLƏR