Klassikləri niyə oxumalıyıq? – İtalo Kalvino

DAHA.az görkəmli italyan yazıçı İtalo Kalvinonun “Klassikləri niyə oxumalıyıq?” essesini Qismətin tərcüməsində təqdim edir.

Bir neçə tərif təklifi ilə başlayaq.

  1. Klassiklər elə kitablardır ki, onlardan söz düşəndə həmişə “yenidən oxuyuram” deyilir, “indi oxuyuram” yox.

Bu, ən azından “çox kitab oxuduğu” qəbul edilən adamlar arasında belədir. Bu qayda gənclər üçün keçərli deyil; çünki yaşlarına görə onların dünya ilə, dünyanın bir parçası kimi klassiklərlə ilk qarşılaşmasıdır.

“Yenidən oxuyuram” feilinin qabağındakı “yenidən” sözü məşhur bir kitabı oxumadığını etiraf etməkdən üzü qızaranların xırda bir ikiüzlülüyü ola bilər. Onları sakitləşdirmək üçün xırda bir müşahidəni bölüşmək kifayətdir: bir fərd özünü yetişdirmək üçün nə qədər çox oxuyur-oxusun yenə də həmişə oxuya bilmədiyi çoxlu sayda təməl əsər qalır.

Herodotu, Fukididi başdan ayağa qədər oxuyanlar əl qaldırsın! Bəs Sen-Simonu necə?! Ya da Kardinal Retsi? Belə ki, XIX əsrin (“Bəşəri komediya” kimi) böyük silsilə romanları da daha çox ad kimi məşhurdur. Fransada Balzakı məktəbdə oxumağa başlayırlar; bazardakı nəşrlərin sayına baxıb ehtimal etmək olar ki, fransızlar məktəbdən sonra da Balzakı oxumağa davam edirlər. Amma İtaliyada sosial bir sorğu keçirilsə, təəssüf ki, Balzakın adı son sıralarda olacaq. İtaliyadakı dikkenssevərlər azsaylı təbəqədir; onlar bir yerə yığışanda, tanıdıqları insanlardan danışırmış kimi, tezcə bir-birlərinə Dikkensin qəhrəmanlarını, əsərlərindən səhnələri xatırladırlar. İllər öncə Mişel Byutor Amerikada dərs deyəndə heç oxumadığı Emil Zolya ilə bağlı suallardan bezib bütün “Ruqon Makkarlar” silsiləsini oxumaq qərarına gəlmişdi. Bu roman silsiləsinin düşündüyündən çox fərqli (çox gözəl bir yazısında təsvir etdiyi kimi, əsərdəki o fövqəladə mifoloji, kosmoloji soyağacı) olduğunu kəşf etmişdi.

Deməyim odur ki, böyük bir kitabı yetkinlik dövründə oxumaq fövqəladə zövqdür: gəncliyimizdə oxuduğumuzdan çox fərqli zövq (o zövqdən nə aşağı, nə də yuxarıdır, sadəcə fərqlidir). Gənclik hər şeydə olduğu kimi, oxumağa da xüsusi bir dad, xüsusi bir məna yükləyir; fəqət yetkinlik çağımızda daha çox detala heyran oluruq (ya da olmalıyıq), fərqli qatları görür, başqa mənalar kəşf edir, əlavə mənaların fərqinə varırıq. Deməli, növbəti tərifi verməyə cəhd edə bilərik:

  1. Oxuyanlar və sevənlər üçün zənginlik olan kitablara klassiklər deyilir; ancaq bu zənginlik klassiklərdən zövq ala bilmək üçün onları daha yaxşı şəraitdə ilk dəfə oxuyanlar üçün də eyni dərəcədə zənginlikdir.

Gənclik mütaliəsi səbrsizlik, diqqətsizlik, əldəki materialdan istifadə, eləcə də həyat təcrübəsinin azlığı baxımından çox vaxt yararsız keçir. Ancaq bu mütaliələr həm də gələcəkdəki təcrübələrimiz üçün modellər, müqayisə elementləri, təsnifat sxemləri, dəyərlər şkalası, gözəllik paradiqması formalaşdırmaq baxımından yararlı olur: sadalananların hamısı, gənclikdə oxuduğumuz kitabdan yadımızda heç nə qalmasa da, funksional şeylərdir. Bir kitabı yetkinlik dövrümüzdə yenidən oxuyanda qaynağını unutduğumuz və artıq daxili mexanizmimizin bir hissəsinə çevrilmiş bütün dəyərlər sistemini onda təzədən tapırıq. Bədii əsərlərin toxumunu qoyub özünü əsər kimi unutdurmaq şəklində bir gücü var. Deməli, belə bir tərif vermək olar:

  1. Klassiklər həm özlərini unudulmaz kimi qəbul etdirən, həm də fərdi, ya da kollektiv təhtəlşüur cildinə girərək yaddaşın labirintlərində gizlənərkən özünəməxsus təsir yaradan kitablardır.

Elə buna görə də yetkinlik yaşımızda gəncliyimizdə oxuduğumuz vacib kitabları yenidən kəşf etmək üçün vaxt ayırmalıyıq. Çünki kitablar dəyişməsələr də (əslində, fərqli tarixi perspektivin işığında onlar da dəyişir), biz dəyişirik və həmin kitablarda tapdıqlarımız təzə şeylər olacaq.

“Oxumaq”, ya da “yenidən oxumaq” feilindən istifadə etməyin artıq mənası yoxdur. Buna görə də belə deyə bilərik:

  1. Klassik bir əsəri yenidən mütaliə etmək ilk mütaliə kimi kəşfdir.
  2. Klassik bir əsəri ilk dəfə mütaliə etmək, əslində, yenidən oxumaqdır.

4-cü punkt aşağıdakı punktun təbii nəticəsi kimi qəbul oluna bilər:

  1. Klassik kitab – ötürdükləri heç vaxt tükənməyən kitabdır.

Beləliklə, 5-ci punkt bizi daha açıq bir təyinə aparır. Belə:

  1. Klassik kitablar üzərində bizdən əvvəlki mütaliələrin izini daşıyan və içindən keçdikləri mədəniyyət, ya da mədəniyyətlərdə (sadə dillə desək, dil, ya da ənənədə) buraxdıqları izləri öz arxalarınca sürükləyərək gəlib bizə çatmış kitablardır.

Bu təyin antik klassiklər üçün olduğu qədər modern klassiklər üçün də keçərlidir. “Odisseya”nı oxuyuramsa, Homerin mətnini oxuyuram, amma nə Odisseyin başına gələn macəraların əsrlər boyunca qazandığı mənaları unuda bilərəm, nə də özümə “bu mənalar mətnin içində vardı, yoxsa bunlar əlavələr, təhriflər, yayılmalardır?” sualını verməyə bilirəm. Kafkanı oxuyanda dəqiqəbaşı, yeri gəldi-gəlmədi istifadə etdiyimiz “kafkaesk” sifətinin keçərliliyini qəbul, ya da rədd etməkdən uzaq dura bilmirəm. Turgenevin “Atalar və oğullar”ını, ya da Dostoyevskinin “Şeytanlar”ını oxuyanda, bu roman qəhrəmanlarının nə cür müxtəlif cildlərə girərək bu gün də qarşımıza çıxdıqlarını düşünürəm.

Klassik bir əsərin mütaliəsi qarşımıza onun imicindən başqa da bəzi sürprizlər çıxarmalıdır. Bir də mümkün qədər tənqidi biblioqrafiyaları, izahları, şərhləri bir yana qoyub, birbaşa orijinal mətni oxumalıyıq. Məktəb və universitet öyrətməlidir ki, bir əsərdən bəhs edən kitab sözügedən əsərin özündən daha çox şey deməyəcək. Halbuki bunun əksini inandırmaq üçün əllərindən gələni edirlər; bu halda dəyərlərin tərsinə çevrildiyini görürük: giriş bölümü, dəbdəbəli tənqid, biblioqrafiya, mətnin dediyini gizlədən sis pərdəsi kimi istifadə edilir: mətn isə əsas deyəcəyi şeyi yalnız bunu özündən daha yaxşı bilən bir vasitə olmadan deyə bilər. Bundan belə bir nəticə çıxarmaq olar:

  1. Klassiklər fasiləsiz şəkildə özləri barəsində tənqidi fikirlər topası yaradan və daim bundan xilas olan əsərlərdir.

Klassik əsər bizə mütləq mənada yeni bir şey öyrətmir; bəzən bir klassikdə çoxdan bildiyimiz (ya da bildiyimizi zənn etdiyimiz) bir şey kəşf edərik. Bildiyimiz həmin şeyin ilk dəfə bu kitabda deyildiyinin (ya da xüsusi formada deyildiyinin) fərqində olmuruq. Bu da bir səbəbin, bir əlaqənin, bir bağlantının kəşfindən aldığımız zövqdə, həmişə olduğu kimi, bizə fərəh hissi verən sürprizdir. Bu qənatə söykənərək belə bir tərif yarada bilərik:

  1. Klassiklər mütəliə zamanı hardansa bildiyimizi zənn etdiyimiz şeyləri təptəzə, gözlənilməz, heyrətamiz edən kitablardır.

Təbii ki, bu, klassik əsər klassika kimi müəyyən bir funksiyanı yerinə yetirəndə, yəni onu oxuyanla özəl bir münasibət quranda belə olur. Əgər bir qığılcım çıxmasa, əldən heç nə gəlməz: çünki klassikləri vəzifə hissiylə, ya da hörmət xatirinə yox, ancaq sevgiylə oxuyuruq. Ən azından, məktəbdən kənarda belədir. Məktəbin rolu müəyyən sayda klassiki pis-yaxşı tanıtmaqdır. Sonra hamı bu klassiklərin arasından (ya da onlara baxaraq) öz klassikini seçir. Məktəb seçim edə bilmək üçün lazımlı materialı verməlidir; amma sözügedən seçimlər məktəbdən sonra və məktəbdən kənarda baş verəcək.

Ancaq təmənnasız mütaliədən sonra “sənin” olacaq kitabla qarşılaşa bilərsən. Dərin mütaliəsi olan çox vacib bir sənət tarixçisi tanıyıram; bütün oxuduqlarının arasından çox sevdiyi “Pikvik qeydləri”nə fokuslanmışdı; belə ki, hər mövzuda Dikkensin kitabından parçalar oxuyur, həyatla bağlı hər hadisəni bu kitabın hissələriylə əlaqələndirirdi. Yavaş-yavaş bütövlükdə özünü onunla identifikasiya etdi və onun üçün kainat da, həqiqi fəlsəfə də “Pikvik” romanının cildinə büründü.

Bu məqamda klassiklərin çox iddialı bir tərifini verə bilərik:

  1. Qədim dövrlərin tilsimləri kimi, kainatla eyniləşən kitablara klassiklər deyilir.

Bu tərif bizi Mallarmenin xəyalında olduğu kamil kitab fikrinə aparır. Fəqət bir klassik eyni zamanda güclü ziddiyyət, anti-tezis münasibəti də yarada bilər. Russonun bütün etdikləri və düşündükləri mənim üçün çox önəmlidir, ancaq bununla yanaşı, dediklərinin əksini demək, tənqid etmək, onunla mübahisə etmək kimi qarşısıalınmaz bir istəyim də var. Bu, təbii şəkildə xarakter müxtəlifliyi ilə açıqlana bilər; amma iş bununla bitsə, oxumazdım, qurtarıb gedərdi. Halbuki Russonu mənim yazıçılarım arasında saymasam olmaz. Buna görə belə deyəcəm:

  1. “Sənin klassikin” laqeyd qala bilmədiyin və onun vasitəsilə, hətta ona qarşı çıxaraq özünü ifadə etdiyin kitabdır.

Niyə “klassik” terminini köhnə-yeni, üslub və yetkinlik fərqi qoymadan istifadə etdiyimi belə açıqlaya bilərəm: mənə görə bir klassiki digərlərindən ayıran şey əks-səda effektindən ibarətdir ki, bu da köhnə bir kitab üçün olduğu qədər çağdaş əsərlər üçün də keçərli olan, fəqət indidən mədəni ardıcıllıq içində öz yeri olan effektdir. Belə demək olar:

  1. Klassiklər digər klassiklərdən əvvəl gələn kitablardır, amma əvvəlcə digərlərini oxumağa başlayan, sonra da sözügedən klassiki oxuyan kəs tezcə onun şəcərədəki yerini görür.

Bu məqamda, sonraya saxlamadan, vacib bir problemə də toxunmalıyam: klassik kitablar ilə klassik olmayan digər bütün kitabları bir-birinə necə bağlaya bilərik? Problem birbaşa bu sualı doğurur: “Öz əsrimizi daha yaxşı anlamağa yarayan kitablara fokuslanmaq varkən niyə klassikləri oxuyaq?” Bir də bu sualı: “Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən klassikləri oxuyacaq qədər vaxtı və zehni rahatlığı haradan tapaq?”

Əlbəttə, gündəlik “mütaliə vaxtını” məxsusi şəkildə Lukretsiyə, Lukiana, Montenə, Rotterdamlı Erazma, Kyevedoya, Marloya, “Metod haqqında düşüncələr”ə, “Vilhelm Meyster”ə, Kolridcə, Raskinə, Prusta, Valeriyə ayıran, bir az da Murasaki, ya da İsland saqaları ilə vaxt keçirən xoşbəxt bir adam təsəvvür etmək olar. Bu adamın son nəşrlər haqqında resenziyalar yazmaq, akademik işin bir hissəsi kimi kitab-yazı çap etdirmək, vədəsi dolmaq üzrə olan müqavilənin təzyiqi altında redaktorluq etmək kimi öhdəlikləri olmamalıdır. Bu xoşbəxt adam pəhrizini hər cür kənar təsirdən qorumaq üçün qəzet oxumaqdan uzaq durmaq, son çıxan romanın, ya da sosioloji araşdırmanın cazibəsinə özünü qapdırmamağa məcbur olacaq. Baxmaq lazımdır ki, bu cür radikallıq doğru və yararlıdırmı? Aktuallıq bayağı və təhqiramiz ola bilər, amma onun içində həmişə irəli, ya da geri baxmaq üçün qərar tuta biləcəyimiz bir nöqtə olur. Klassikləri oxumaq üçün onları “haradan” oxuduğumuzu müəyyənləşdirməliyik, əks təqdirdə həm oxucu, həm də kitab zamansızlıq buludunun içində yoxa çıxar. Deməli, klassikləri məqbul dozada aktual olan ilə növbəli şəkildə oxuyanda məhsuldarlıq yarana bilər. Və bu xırda doza üçün heç bir daxili tarazlığa və rahatlığa ehtiyac yoxdur; bu, əsəbiliyin, səbirsizliyin, doyumsuzluğun məhsulu da ola bilər.

Bəlkə də ən idealı budur: bir tərəfdən aktuallığı pəncərədən içəri keçib bizi avtomobillərin gediş-gəlişindən, havanın dəyişməsindən xəbərdar edən bir küçə uğultusu kimi dərk etmək, o bir tərəfdən isə otaqda bizə açıq və anlaqlı gələn klassiklər ilə ünsiyyətimizi davam etdirmək. Amma çoxluq üçün klassiklərin varlığı həm aktuallığın, həm də səsi axıra qədər açıq qalmış televizorun səsinə bürünmüş evin çölündən gələn uzaq bir əks-səda kimi dərk olunur deyə, bundan artığını gözləmək əbəsdir. Onda əlavə edək:

  1. Klassiklər aktuallığı arxa fonda bir uğultu səviyyəsinə endirməyə meyilli olan, ancaq bu uğultunu tamamilə ortadan qaldırmaq iddiası olmayan kitablardır.
  2. Klassiklər ən ipə-sapa yatmaz aktuallığın suveren olduğu yerdə belə, fonda inadla bir gurultu kimi, öz mövcudluğunu davam etdirən kitablardır.

Burası da var ki, klassikləri oxumaq artıq asudə vaxta, humanist mədəniyyətə xas olan uzunmüddətli “özünü inkişafa vaxt ayırmağa” imkan verməyən həyat ritmimizlə, öz vəziyyətimizə uyğun bir klassiklər siyahısı formalaşdırmağı bacarmayan mədəniyyətimizin eklektikası ilə ziddiyyət içindədir.

Bu şərtlər Leopardi nümunəsində bütöv şəkildə reallaşırdı; çünki həyatını “ata ocağı”nda, atası Monaldodan miras qalan möhtəşəm kitabxanada Latın və Yunan klassiklərini oxuyaraq keçirirdi. Atasının kitabxanasına bütün italyan və fransız ədəbiyyatı əlavə olunmuş, amma romanlar və ümumi olaraq yeni nəşrlər bütövlükdə bir kənara – bacısı Paolinanın maraq dairəsinə buraxılmışdı. (“Sənin Stendalın” – deyə yazırdı bacısına) Leopardi elmə və tarixə olan hədsiz marağını doyurmaq üçün çox da aktual olmayan mətnlərə baş vururdu: quşların xüsusiyyətlərini Buffondan, Frederik Ruyşun mumiyalarını Fontenelledən, Kolumbun səyahətini Robertsondan oxuyurdu.

Bu gün artıq gənc Leopardinin aldığı kimi klassik təhsil mümkün deyil. Üstəlik, Qraf Monaldonun kitabxanası çoxdan dağılıb; klassik başlıqların izi-tozu da qalmayıb, buna baxmayaraq, yeni başlıqlar bütün ədəbiyyatlarda və çağdaş mədəniyyətlərdə çoxalaraq qatbaqat artıb. Artıq hamımızın öz klassik kitabxanamızı yaratmaqdan başqa çarəmiz qalmayıb; məncə, bu kitabxananın yarısı oxuduğumuz və bizim üçün vacib olan kitablar, yarısı da oxumağı düşündüyümüz və bizim üçün vacib olacağını proqnozlaşdırdığımız kitablardan ibarət olmalıdır. Sürprizlər üçün, gözlənilməz kəşflər üçün boş bir hissə saxlamaq şərtilə.

Fərqindəyəm ki, italyan ədəbiyyatından bircə Leopardinin adını çəkdim. Kitabxanamın dolub-daşmasının nəticəsidir bu. Elə məqama gəldik ki, burada deyəsən yazını təzədən yazmalı, bir nöqtəni açıq-aşkar şəkildə ifadə etməliyəm: klassiklər kim olduğumuzu və hara gəlib çıxdığımızı başa düşməyimizə yardımçı olurlar; buna görə də italyanları xaricilərlə, xariciləri də italyanlarla müqayisə etmək, bizi də, onları əvəzolunmaz edir.

Bunun ardınca yazını üçüncü dəfə təzədən yazmalıydım ki, klassikləri oxumağın nəyəsə “yararlı” olduğu fikri yaranmasın. Ən yaxşı arqument budur: klassikləri oxumaq onları heç oxumamaqdan daha yaxşıdır.

Kimsə çıxıb bu qədər zəhmətə dəyməz desə, ona Çiorandan sitat gətirərəm (Çioran klassik deyil, ən azı, hələ olmayıb. İtalyada təzə nəşr olunana çağdaş bir filosofdur): “Zəhər hazırlanarkən Sokrat fleyta çalmağı öyrənirmiş. Soruşublar ki, “bunun nə faydası var?” Belə cavab verib: “Ölməmişdən qabaq bu nəğməni öyrənməyə”.

OXŞAR XƏBƏRLƏR