Çöpçülük sənətinin semantikası – Səfa Qarayev

DAHA.az filologiya elmləri doktoru Səfa Qarayevin “Məcaz və gerçəklik arasında: “çöpçülük” sənətinin semantikası” yazısını təqdim edir.

Xalq düşüncəsini və metaforik məna sistemini araşdırarkən aydın olur ki, metaforik düşüncə bir çox hallarda gerçəkliklə məcaz arasındakı sərhəddə fəaliyyət göstərir. Bu sərhəd o qədər incə və həssas olur ki, müəyyən davranış və inancların arxasında gerçək bir hadisəninmi, simvolik bir arzununmu, yoxsa gerçəklik və məcazın  hər ikisinin qanunlarına uyğun gələn reallığınmı dayanmasını müəyyənləşdirmək mümkün olmur. Başqa sözlə, metaforik düşüncə bəzi hallarda gerçəklik və məcazı bir-birindən ayrılmaz hala gətirir. Bu səbəbdən ənənəvi mədəniyyətdə mövcud olan bir çox davranış formalarının semantikası yalnız onların “doğru” və ya “yalan” olub-olmaması ilə izah edilə bilməz. Burada əsas məsələ həmin davranışların hansı metaforik məna sisteminə bağlı olmasıdır.

Bu baxımdan ən maraqlı nümunələrdən biri çöpçülük sənətidir. Çöpçülük inanc sistemi ilə sıx şəkildə bağlı olan davranış modelidir və onun semantik mahiyyətini anlamaq üçün iki məqam xüsusilə diqqətəlayiqdir.

Diqqəti cəlb edən ilk mühüm məqam budur ki, çöpçülük universal antropoloji davranış forması deyildir. Dünyanın bir çox xalqlarında uşağın xəstələnməsi və ya boğazında müəyyən problemin yaranması “boğazda çöpün qalması” təsəvvürü ilə əlaqələndirilmir və buna uyğun davranış modeli ümumiyyətlə aktuallaşmır. Əgər bu hadisə sırf bioloji və fizioloji reaksiya olsaydı, həmin düşüncə modeli bütün xalqlarda oxşar şəkildə yayılmış olmalı idi. Halbuki çöpçülük bizim aid olduğumuz müəyyən mədəni areallara aid olan spesifik inanc və davranış formasıdır (Həkimova, 2015, s. 122; Bayat, 2018, s. 129). Hətta digər türk xalqlarında da bu adətə tam uyğun davranışlar deyil, bənzərləri vardır (Bayat, 2018, s. 129). Bu isə onun yalnız tibbi və ya bioloji yox, eyni zamanda metaforik və simvolik məna daşıdığını göstərir.

İkinci mühüm məqam isə çöpçülük fəaliyyətinin demək olar ki, yalnız qadınlara məxsus olmasıdır. Ənənəvi cəmiyyətdə çöpçü rolunu əsasən qadınlar icra edir (Quliyeva, 2005, s. 225; Bayat, 2018, s. 125).  Onlar üfürmək, oxumaq və müəyyən ritual davranışlar vasitəsilə ağızda qaldığına inanılan “sirli nəsni” çıxarmağa çalışırlar.

Bir çox hallarda bu hadisə sadə sosial-məişət münasibətləri ilə izah edilməyə çalışılır. Belə hesab olunur ki, uşaqlar daha çox ana ilə birlikdə olduqları, ailə daxilində uşağın qayğısı əsasən qadınların üzərinə düşdüyü üçün “çöp  qalma” hadisəsinə müdaxilə etmək funksiyası da təbii şəkildə qadınların üzərinə düşmüşdür. Yəni, guya çöpçülüyün qadın sənəti olması yalnız məişət münasibətlərindən və ana-uşaq yaxınlığından qaynaqlanır.

Lakin bu izahat özünü tam şəkildə doğrultmur. Əgər məsələ yalnız uşağın anaya yaxın olması ilə bağlı idisə, onda bütün qadınlar eyni şəkildə çöp çıxarma qabiliyyətinə malik olmalı idi. Halbuki ənənəvi düşüncədə çöpçülük adi məişət davranışı deyil, xüsusi qabiliyyət və “vergili sənət” kimi qəbul edilir. Bu sənəti hər qadın deyil, yalnız müəyyən qadınlar icra edə bilir. Deməli, məsələ sırf ailə münasibətləri və gündəlik praktika ilə izah edilə bilməz. Burada daha dərin semantik və metaforik sistem fəaliyyət göstərir.

Məsələnin semantik baxımdan ən maraqlı tərəfi də məhz budur: niyə bu fəaliyyət kişilərlə deyil, qadınlarla əlaqələndirilmişdir? Bu sualın cavabını metaforik sistemin ekvivalentlik prinsipi ilə izah etmək mümkündür (Dundes, 2007, s. 323). Metaforik düşüncə bir çox hallarda fərqli hadisələri eyni semantik məzmun daxilində birləşdirir. Lakoff və Johnsonun ifadəsi ilə desək, “Metaforanın mahiyyəti bir növ şeyi və ya təcrübəni başqa bir şeyin və ya təcrübənin vasitəsilə anlamaq və yaşamaqdır” (Lakoff & Johnson, 1980, s. 5). Bu nəzəri yanaşmanı çöpçülük kontekstinə tətbiq etdikdə isə qadının ənənəvi mədəniyyətdəki “çıxarma”, “xaric etmə” funksiyasının başqa bir semantik sahəyə köçürüldüyünü görmək mümkündür.

Ənənəvi cəmiyyətdə doğum prosesinə nəzarət edən, uşağın dünyaya gəlməsini həyata keçirən əsas obraz (mamaça, həbəçi) məhz qadındır. Başqa sözlə, “bədəndən canlı varlığı çıxarmaq” funksiyası qadının sosial və simvolik fəaliyyət sahəsinə daxildir. Bu səbəbdən qadın yalnız fizioloji doğumun deyil, ümumiyyətlə “çıxarma”, “xaric etmə”, “doğurtma” aktının metaforik daşıyıcısına çevrilir. Özü də cəmiyyətdəki bütün qadınlar doğumu həyata keçirə bilmirlər. Yalnız müəyyən qadınlar bunu icra edirlər. Çöpçülük sənəti də belədir. Yalnız müəyyən qadınlar “çöpçü” funksiyasını yerinə yetirə bilirlər.

Düşünürük ki, məhz bu məqamda çöpçülük fəaliyyətinin metaforik semantikasına işıq tutmaq imkanı əldə edirik. Məlum olduğu kimi, metaforik sistemdə  ağız vaginal məzmun daşıyan orqan kimi funksionallaşa bilir (Dundes, 1980, s. 124). Xalq düşüncəsində “ağızdan hamilə qalma” motivi olduğu kimi, ağızdan doğma motivi də vardır. Qadının uşağı vaqinal məzmuna malik olan ağızdan dünyaya gətirməsi ilə çöpçünün ağızdan “çöp çıxarması” arasında metaforik paralellik görmək mümkündür. “Elə buradaca miflərdə və bəzi folklor mətnlərində “ağızdan doğum” motivinin xarakterik olduğunu diqqətə çatdırmaq istəyirik. Məsələn, Jan-Pol Runun  təqdim etdiyi Parisdə saxlanılan bir Buxara qaynaqlı Yasəvi mətnində bu motiv öz əksini belə tapır: “Sirli Həllacın külləri çaya atılır. Hələb kralının qızı köpüyü udar və hamilə qalar. Valideynləri qızı bir sandığa qoyub suya atarlar. Suyun üzərində üzən sandıqda qız ağzından doğur. Bu uşaq böyüyür, amma yeddi yaşında öz arzusu ilə mollalar tərəfindən ölümə məhkum edilir və canlı-canlı dərisi soyulur”. Göründüyü kimi, qız udduğu köpükdən hamilə qalır və ağzından uşaq doğur ki, bu da insanın ağzına torpaq yığıb sonra onu tüpürməsi ilə eyni semantikadadır” (Qarayev, 2016, s. 46-47). Göründüyü kimi, doğum aktı ağızdan baş verir. Bu halda ağzın metaforik kontekstdə vaqinal məzmun daşımasını, onun əvəzedicisi kimi çıxış etməsini müşahidə etmək bir o qədər də çətin deyildir.

Bu kontekstdə diqqəti “ilan ağzından qurbağa qurtarmaq” nəticəsində müvafiq durumla qarşılaşanlara müxtəlif vergilərin verilməsi faktına yönəltmək istərdik.  İnancın təhlilindən belə bir mənzərə də hasil olur ki, ilan ağzından qurbağa qurtaran kişilərə boğaz sığamaq qabiliyyəti, qadınlara isə “uşaq tutmaq”, “həbəçi olmaq” qabiliyyəti bəxş edilir (Qarayev, 2022, s. 468). Əslində biz belə bir “təsnifat”la birbaşa olaraq folklorun özündə rastlaşmamışıq. Mətnlərdə boğazı gələn uşağın boğazını sağaltmaq üçün ilan öldürmüş kişilərin “sığaması” ilə bağlı inanclar (Qasımlı, 1993, s. 86; Qasımlı, Əliyev, Xəlilov 2014, s. 17) və hamilə qadınlara da ilan ağzından qurbağa qurtaran qadınların “həbəçilik” (mamaçalıq) etməsi ilə bağlı inanclar (Qarayev, 2022, s. 455-456) belə bir qənaətə gəlməyimizə əsas vermişdir. O da məlumdur ki, ənənəvi mədəniyyət yalnız qadınlara həbəçilik etmək haqqı verir. Bu mənada ilan ağzından qurbağa qurtaran qadınlara həbəçilik etmək haqqı verildiyi halda, kişilərə də “boğaz sığamaq” qabiliyyətinin bəxş edildiyini düşünürük (Qarayev, 2022, s. 468). Bununla yanaşı, onu da deməliyik ki, ənənədə boğazı gələn adamların boğazının qadınlar    tərəfindən “sığanması” faktları da vardır. Bu da ondan irəli gəlir ki, folklorda ağız və vaqina simvolik ekvivalent kimi çıxış edirlər. Bu mənada qadınların ağızda “iş görmələri” ilə “vaginada iş görmələri” ekvivalent hadisədir. “Yeri gəlmişkən xatırladaq ki, psevdo davranış icraçısı olan “çöpçülər” də (“çöpçü” uşağın boğazında qalması düşünülən nəsnələri çıxaran şəxslərə deyilir), əsasən, həbəçilər kimi qadınlar olurlar. Bu davranışın hər ikisi ekvivalent olan ağız və vaqinadan müəyyən bir cismi (yad cismi və körpəni) “çıxarmaq” modelinə əsaslanır” (Qarayev, 2022, s. 468).

Yəni burada əsas məsələ çöpün həqiqətən olub-olmaması deyil, əsas məsələ qadının “doğurtmaq” və “xaric etmək” qabiliyyətinin ekvivalent sahəyə köçürülməsidir.

Ənənəvi mədəniyyətdə zibilin evdən uzaqlaşdırılması, yəni süpürmə işinin qadına məxsus fəaliyyət kimi qəbul edilməsi ilə boğazdan “çöpün”, başqa sözlə, zibilin çıxarılması hadisəsi qadının gender fəaliyyəti kontekstində bir-birini tamamlayır.

Bu mənada çöpçülük sənətini qadınların doğumla bağlı sosial və simvolik funksiyalarının metaforik genişlənməsi kimi dəyərləndirmək mümkündür. Vaginal doğum qabiliyyəti metaforik səviyyədə ağız vasitəsilə “çöp çıxarma” davranışının genezisində dayanır. Başqa sözlə, ənənəvi düşüncə sistemində qadın necə ki, bədəndən uşağı çıxaran peşə sahibidirsə, eyni semantik model daxilində ağızdan da “xəstəliyi”, “çöpü” və ya “maneəni” çıxarmağa qadir varlıq kimi təsəvvür olunur. Buna görə də çöpçülüyün qadınlara aid edilməsi təsadüfi deyil. Bu, qadının doğum və yaradıcı-bioloji funksiyası kontekstində aparılan işin metaforik şəkildə başqa sahəyə transfer olunmasının nəticəsidir.

Ağızda əməliyyat aparan qadının müxtəlif illüzionist davranışlar nümayiş etdirməsi məsələnin başqa bir mənalı tərəfini ortaya çıxarır. Bu cür davranışlar göstərir ki, çöpçülük sənəti müəyyən mənada xalq təlqin mexanizmlərini və illüzionist üsulları da özündə birləşdirir. Qadının “ötürmə”, “üfürmə” və buna bənzər hərəkətlər etməsi çöpün guya boğazdan çıxarılması təsəvvürünü gücləndirir və sənətin daxilindəki “yanıltma” mexanizmini gizlədir.

Bu baxımdan çöpçülük sənətinin bütün qadınlara deyil, yalnız müəyyən qadınlara verilməsi də təsadüfi görünmür. Çünki bu sənətin icrası müəyyən illüzionist davranışları, üsul və fəndləri bilməyi tələb edir. Həmin illüzionist biliklər isə müəyyən nəslə məxsus “gizli biliklər” kimi qorunur. Buna görə də sənətin icrası ilə bağlı üsul və priyomlar əsasən həmin nəslin qadın nümayəndələrinə öyrədilir. Beləliklə, “xalq illüziyaları”na aid olan müəyyən modellər və priyomlar nəsil daxilində qorunaraq ötürülür və çöpçülük sənətinin davamlılığı da bu ötürülmə mexanizmi vasitəsilə təmin olunur.

Bu fəaliyyət və onun “nəticələri” isə mədəniyyətdə mövcud olan ənənəvi inanclar tərəfindən dəstəklənir. İnanc kontekstində çöpçüyə olan etimad gerçəkliyi görməyə imkan vermir. Çox adam çöpçüyə getdikdən sonra uşaqlarının sağaldığını iddia edir. Lakin bu, sosioloji təhlillə təsdiqlənmiş və şərh edilmiş hadisə deyil. Daha çox inancın məna qurma mexanizmi ilə bağlıdır. İnanc faktları tənqidi şəkildə əlaqələndirib şərh etmir. Aradakı təfərrüatları, çöpçüyə getməzdən əvvəl və çöpçüyə getdikdən sonra davam edən “dava-dərman” proseslərini, aradan çıxararaq, gec-tez baş verən sağalmanı çöpçünün təəccüb doğuran davranışı ilə əlaqələndirir.

İnanc diskursu çöpçülüyün gerçək mahiyyətini görməyə imkan vermir. Hətta bir çox hallarda boğaza qoyulan vasitə çöpçünün “əlində tutulsa” belə, bu, sənətin yalan diskursu kimi deyil, konkret bir şəxsin yalanı kimi yozulur. Təbii ki, inancın təzyiqi altında insan düşünə bilmir ki, bəlkə digərləri “xalq illüziyaları”nı daha yaxşı icra etdikləri üçün tutulmayıblar, tutulan şəxs isə yalan performansını lazımi şəkildə həyata keçirə bilmədiyi üçün ifşa olunub.

Müvafiq xalq sənəti xalq inancının mövcud olduğu reallıq daxilində yayılır və gerçəkləşir. İnanc gözü kor etmir, məntiqi korlaşdırır. İnancın məntiqi “anesteziya etdiyi” şəraitdə hər cür absurd fikir həqiqət donu geyinərək özünün mütləq həqiqiliyini elan edə bilər. Məntiqi bu anesteziya vəziyyətindən çıxarmaq isə olduqca çətindir. Məntiq bu vəziyyətdən çıxdığı halda çoxsaylı stereotiplərin onu oyundankənar elan etməyə hazır olduğunu qeyri-şüuri şəkildə əvvəlcədən bildiyi üçün həmin “anesteziya” vəziyyətindən çıxmağa da meyl göstərmir.

_

İstifadə edilmiş ədəbiyyat

  • Bayat, F. (2018). Geleneksel tıbbi bir uygulama olarak çöpçülük. AKRA Kültür Sanat ve Edebiyat Dergisi, 6(14), 123-140.
  • Dundes, A. (1980). Interpreting folklore. Bloomington: Indiana University Press.
  • Dundes, A. (2007). The symbolic equivalence of allomotifs: Towards a method of analyzing folktales. In S. J. Bronner (Ed.), Meaning of folklore: The analytical essays of Alan Dundes (pp. 319-324). Logan, UT: Utah State University Press.
  • Həkimova, N. (2015). Azərbaycan xalq təbabəti: Nəzəriyyə və təcrübə. Bakı: Elm və təhsil.
  • Lakoff, G., & Johnson, M. (1980). Metaphors we live by. Chicago, IL: University of Chicago Press.
  • Qarayev, S. P. (2016). Mifoloji xaos: Strukturu və poetikası. Bakı: Elm və təhsil.
  • Qarayev, S. (2022). Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: Metaforik düşüncə və simvolik məna. Bakı: Elm.
  • Qasımlı, M. (1993). El düzgüləri, elat söyləmələri. Bakı: Azərnəşr.
  • Qasımlı, M., Əliyev, O., & Xəlilov, R. (2014). Dərbənd folklor örnəkləri (1-ci kitab). Bakı: Elm və təhsil.
  • Quliyeva, N. M. (2005). Azərbaycanda müasir kənd ailəsi və ailə məişəti. Bakı: Elm.

 

OXŞAR XƏBƏRLƏR