Darıxmağa mədhiyyə – İosif Brodski

DAHA.az İosif Brodskinin “Darıxmağa mədhiyyə” essesini təqdim edir.
(Dartmut Universitetinin məzun mərasimindəki çıxış)

Əgər qoruya bilməsən öz səltənətini,
və sən də gəlib çıxsan vaxtilə atan kimi
ağlın suçladığı, duyğuların məsxərəyə qoyduğu o yerə –
İnan öz ağrına…
(U. H. Oden, “Alonso Ferdinanda”)

Qarşıdakı ömrünüzün böyük bir hissəsi darıxmaqla keçəcək. Bu gün, bu təntənəli mərasimdə sizə məhz bundan danışmaq istəməyimin səbəbi sadədir: zənnimcə, heç bir kollec insanı belə bir labüdlüyə hazırlamır; Dartmut da istisna deyil. Nə humanitar fənlər, nə də təbiət elmləri darıxmaq haqqında dərs keçir. Ən yaxşı halda, dərslərin yeknəsəkliyi ilə sizə bu hissin nə olduğunu qiyabi hiss etdirə bilərlər. Amma sağalmaz bir dərd qarşısında təsadüfi toxunuş nəyə yarayar ki? Kürsüdən gələn ən yuxugətirən mühazirə, yaxud qondarma, qəliz dildə yazılmış dərsliklər düz yataq otağınızdan başlayan və o intəhasız ruhi Sahara ilə müqayisədə heç nədir.

Bir-birindən fərqli adlar altında gizlənən – qüssə, məlal, usanmaq, durğunluq, can sıxıntısı, apatiya, süstlük, laqeydlik, letargiya, ətalət və sairə – darıxmaq çox mürəkkəb fenomendir və əsasən təkrarın məhsuludur. Belə çıxır ki, onun ən yaxşı əlacı tükənməz novatorluq və bənzərsizlik olardı. Həyata təzəcə qədəm qoyan sizin kimi gənclərin də arzuladığı elə budur. Əfsus ki, həyat sizə belə bir fürsət tanımayacaq; çünki həyatın əsas mayası elə təkrardır.

Əlbəttə, kimsə deyə bilər ki, orijinallığa və yeniliyə can atmaq tərəqqinin, eləcə də sivilizasiyanın əsas qayəsidir. Ancaq dönüb geriyə baxanda bunun o qədər də mötəbər bir bəhrə olmadığını görürük. Əxlaqi meyarları kənara qoyub bəşər tarixini yalnız elmi kəşflərə bölsək belə, nəticə xeyrimizə olmayacaq; quru dillə desək, əlimizdə əsrlərlə ölçülən bir usanmaq hissi qalacaq. Yenilik və orijinallıq anlayışının özü belə standart gerçəkliyin, yəni əsas dili yeknəsəqlik olan həyatın təkrarçılığından xəbər verir.

Həyat elə buna görə incəsənətdən ayrılır; çünki yaxşı bildiyiniz kimi, sənətin ən qatı düşməni şablondur. Odur ki, incəsənətin də darıxmaqla necə davranmağı sizə öyrədə bilməməsinə təəccüblənməyin. Bu mövzuda romanlar barmaq sayıdır, rəsmlər lap azdır; musiqiyə gəldikdə isə onun mənası onsuz da sözlə ifadə olunmur. Ümumilikdə sənət darıxmağa müdafiə instinktiylə, satirik bir tərzdə yanaşır. Sənətin darıxmaqdan – şablonun bu ekzistensial əkizindən – qurtuluş və təsəlli mənbəyinə çevrilməsinin bircə yolu var: gərək özünüz sənətkara çevriləsiniz. Sayınızı nəzərə alsaq, bu ehtimal inandırıcı görünmədiyi kimi, heç ürəkaçan da deyil.

Lakin bu mərasimdən çıxıb bir nəfər kimi yazı makinalarının, molbertlərin və royalların başına keçsəniz belə, özünüzü darıxmaqdan büsbütün sığortalaya bilməyəcəksiniz. Təkrar darıxmağın anasıdırsa, sənət aləminin iki xroniki dərdi – tanınmamaq və qəpik-quruş qazanmaq – təzəcə qanadlanan sizi tezliklə boğub məhv edər. Bu baxımdan yazıçılıq, rəssamlıq və ya bəstəkarlıq hüquq bürosunda, bankda, hətta laboratoriyada işləməklə müqayisədə açıq-aşkar gücsüz qalır.

Sənətin xilasedici fəziləti də elə bundadır. Gəlirli sahə olmadığı üçün o, demoqrafiyanın qurbanına çevrilməyə o qədər də tələsmir. Çünki dediyimiz kimi, təkrar darıxmağın anasıdırsa, demoqrafiya (həyatınız boyu burada öyrəndiyiniz hər hansı elmdən qat-qat böyük rol oynayacaq) onun digər valideynidir. Bu sözlərim sizə bədbin və insansevməzlik kimi görünə bilər, amma mən sizdən iki dəfədən çox yaşlıyam və yer kürəsində əhalinin iki dəfə artmasının şahidi olmuşam. Siz mənim yaşıma çatanda bu rəqəm dörd dəfə çoxalacaq – özü də gözlədiyiniz şəkildə yox. Məsələn, 2000-ci ilə qədər dünyada elə mədəni və etnik silkələnmələr baş verəcək ki, bu, sizin insanlıq haqqındakı təsəvvürlərinizi ciddi sınağa çəkəcək.

Təkcə bu amil novatorluğun darıxmağa qarşı məlhəm olma ehtimalını heçə endirəcək. Ancaq daha birmənalı dünyada belə, novatorluq və istedadla bağlı başqa bir problem var: onların hərfi mənada pul gətirməsi. Əgər bunlardan birinə qadirsinizsə, tezliklə varlanacaqsınız. Bu nə qədər arzuolunan görünsə də, çoxunuz yaxşı bilirsiniz ki, dünyada varlılar qədər bərk darıxan heç kim yoxdur; çünki pulla zaman satın alınır, zaman isə təkrardan ibarətdir. Kasıb qalmayacağınızı fərz etsək – yoxsa universitetə girməzdiniz – özünüzü təmin etməyin ilk imkanları əlinizə keçən kimi darıxmaq hissi sizi də yaxalayacaq.

Müasir texnologiya sayəsində bu imkanlar darıxmağın sinonimləri qədər boldur. Onların əsas məqsədini – sizi zamanın lüzumsuzluğuna qarşı qəflətdə saxlamaq vəzifəsini – nəzərə alsaq, bu bolluq çox şeydən xəbər verir. Alıcılıq qabiliyyətinizin rolu da eyni dərəcədə ibrətamizdir; valideynlərinizin və qohumlarınızın əllərində bərk-bərk tutduqları kameraların şaqqıltısı və vıyıltısı arasından keçib bu meydançanı məhz o alıcılıq qabiliyyətini artırmaq naminə tərk edirsiniz. Bu, peyğəmbəranə bir səhnədir, 1989-cu ilin məzunları: axı siz hadisəni qeydə almağın hadisənin özünü kölgədə qoyduğu bir dünyaya – videonun, pultun, idman kostyumunun və sizi özünüzün, yaxud başqasının keçmişini təkrar yaşamağa hazır vəziyyətdə saxlayan trenajorların dünyasına qədəm qoyursunuz: canlı bədəni əsir alan konservləşdirilmiş vəcd dünyasına.

Bəlli bir qəlibi, nizamı olan hər şey darıxmağa hamilədir. Bu, pula bir neçə cəhətdən aiddir: həm kağız əsginasların özünə, həm də onlara sahib olmağa. Əlbəttə, bu, yoxsulluğu darıxmaqdan xilas yolu kimi təqdim etmək demək deyil –  hərçənd, Müqəddəs Fransisk, deyəsən, məhz buna nail ola bilmişdi. Lakin bizi əhatə edən bütün bu məhrumiyyətlərə rəğmən, video-xristianlıq əsrində yeni monastır həyatı ideyası elə də cəlbedici görünmür. Üstəlik, dünyaya təzə qədəm qoyan gənclər olaraq siz qonşunuza deyil, uzaq Afrikada kiməsə yaxşılıq etməyə daha meyllisiniz; şəhərin təhlükəli məhəllələrinə ayaq basmaqdansa, sevimli qazlı içkinizdən imtina etməyə daha çox hazırsınız. Ona görə də heç kim sizə yoxsulluğu məsləhət görmür. Yeganə tövsiyə olunacaq şey pula bir az ehtiyatla yanaşmaqdır; çünki bank hesablarınızdakı sıfırlar öz zehni əkizlərini – daxili boşluğu da öz arxasınca gətirə bilər.

Yoxsulluğa gəlincə, darıxmaq onun səfalətinin ən amansız parçasıdır və ondan qurtulmaq daha kəskin yollar tələb edir: qanlı qiyam və ya narkomaniya. Hər ikisi ötəridir, çünki yoxsulluğun səfaləti sonsuzdur; bu sonsuzluğa görə də hər ikisinin bədəli çox ağırdır. Ümumiyyətlə, damarına heroin vuran adam bunu sizin video-kamera almağınızla eyni səbəbdən edir: zamanın artıqlığından və təkrarından canını qurtarmaq üçün. Fərq yalnız ondadır ki, o, əlində olandan artığını xərcləyir və onun qurtuluş vasitəsi başını götürüb qaçdığı bəla qədər sürətlə lüzumsuzlaşır. Bütövlükdə götürsək, şpris ilə musiqi mərkəzinin düyməsi arasındakı toxunuş fərqi zamanın yoxsullara və varlılara göstərdiyi təsirin kəskinliyi ilə kütlüyü arasındakı fərqə uyğundur. Bir sözlə, istər varlı olun, istər kasıb, gec-tez zamanın artıqlığı ilə üzləşəcəksiniz. Ey gələcəyin imkanlı insanları, siz işinizdən, dostlarınızdan, həyat yoldaşlarınızdan, sevgililərinizdən, pəncərənizdən görünən mənzərədən, otağınızdakı mebeldən və ya divar kağızından, düşüncələrinizdən, özünüzdən bezib darıxacaqsınız. Və təbii ki, qurtuluş axtaracaqsınız. Bayaq dediyim əyləncələrdən savayı, işinizi, mənzilinizi, çevrənizi, ölkənizi, iqliminizi dəyişməyə tələsəcəksiniz; təsadüfi münasibətlərə, içkiyə, səyahətlərə, kulinariya dərslərinə, narkotiklərə, psixoanalizə üz tutacaqsınız.

Hətta bunların hamısını bir-birinə qatıb bütöv bir qarışıq da edə bilərsiniz və bu, bir müddət işinizə yarayar. Ta o günə qədər ki, bir səhər yataq otağınızda, yeni ailənizin əhatəsində, başqa bir divar kağızının altında, ayrı bir ştatda və iqlimdə, turagentinizin və psixoterapevtinizin göndərdiyi bir yığın borc qəbzi ilə oyanacaqsınız, lakin pəncərənizdən içəri süzülən gün işığına baxanda içinizdə həmin o köhnəlmiş, boyat hissi duyacaqsınız. Ayaqqabılarınızı geyinəcəksiniz və anlayacaqsınız ki, tanıdığınız bu bataqlıqdan özünüzü dartıb çıxarmağa onların bağcığı kömək etmir. Xasiyyətinizdən, yaxud yaşınızdan asılı olaraq, ya təşvişə düşəcəksiniz, ya bu tanış hisslə barışacaqsınız, ya da dəyişikliklərin bitib-tükənməz çarxına yenidən qatılacaqsınız.

Lüğətinizə nevroz və depressiya, dərman qutunuza isə həblər daxil olacaq. Əslində, təzminatları ödəməyə gücünüz çatırsa və bir-birinə qarışmış xatirələrlə yaşaya bilirsinizsə, ömrü daim alternativ axtarışına, işdən-işə, həyat yoldaşından-həyat yoldaşına, mühitdən-mühitə tullanmağa çevirməkdə qəbahətli heç nə yoxdur. Axı bu vəziyyət kinoda və romantik poeziyada yetərincə ideallaşdırılıb. Lakin işin düyün nöqtəsi ondadır ki, çox keçmədən bu axtarış daimi bir peşəyə çevrilir və alternativə olan tələbatınız narkomanın gündəlik dozasına olan ehtiyacla eyniləşir.

Amma bundan başqa bir çıxış yolu da var. Bəlkə də sizin nəzərinizdə daha yaxşı olan görünməz və mütləq mənada təhlükəsiz deyil, amma birbaşa və xərcsizdir. Robert Frostun “Qulluqçuların qulluqçusu” şeirini oxuyanlar yəqin onun bu misrasını xatırlayır: “Ən yaxşı çıxış yolu həmişə içindən keçib getməkdir”. Bax, mənim sizə təklif edəcəyim də həmin mövzu üzərində bir variasiyadır.

Darıxmaq sizi yaxanızdan yapışanda onun üstünə gedin. Qoyun o sizi əzsin; qərq olun, dibə batın. Ümumiyyətlə, xoşagəlməz şeylərlə bağlı belə bir qayda var: dibə nə qədər tez batsanız, yuxarı bir o qədər tez çıxacaqsınız. İngilis poeziyasının başqa bir dahi şairinin sözlərini yada salsaq, məqsəd ən pisin gözünün içinə dik baxmaqdır. Can sıxıntısının bu qədər diqqətəlayiq olmasının səbəbi odur ki, o, öz təkrarlanan, lüzumsuz və yeknəsəq əzəməti ilə saf, qatqısız zamanı təmsil edir.

Məcazi mənada desək, darıxmaq sizin zamana açılan pəncərənizdir; insanın öz ruhi rahatlığını qorumaq xatirinə görməzdən gəldiyi zaman xüsusiyyətlərinə açılan bir pəncərə. Kəsəsi, bu, zamanın sonsuzluğuna, yəni sizin onun içindəki əhəmiyyətsizliyinizə açılan pəncərədir. Bəlkə də insanın tənha, yorğun axşamlardan qorxmasının, bəzən günəş şüasında dolanan bir toz dənəsinə heyranlıqla baxmasının səbəbi də elə budur: haradasa saat çıqqıldayır, hava bürkülüdür və iradəniz sıfıra enib.

Bu pəncərə bir dəfə açıldımı, örtməyə çalışmayın; əksinə, taybatay açın. Çünki darıxmaq zamanın dilində danışır və o sizə ömrünüzün ən dəyərli dərsini – bu yaşıl qazonlarda ala bilmədiyiniz o dərsi – mütləq acizliyinizin dərsini verməlidir. Bu dərs sizin üçün də, çiyin-çiyinə yaşayacağınız insanlar üçün də dəyərlidir. “Sən fanisən, – deyir zaman darıxqan səsiylə, – və nə edirsənsə et, mənim gözümdə heç nədir”. Əlbəttə, bu sözlər qulağa xoş gəlməyə bilər; lakin ən böyük, ən alovlu əməllərinizin belə puçluğunu dərk etmək onların bəhrəsinə bəslənən illüziyadan və bunun arxasınca gələn təkəbbürdən qat-qat yaxşıdır.

Çünki darıxmaq – zamanın sizin dəyərlər sisteminizə müdaxiləsidir. O, varlığınızı öz həqiqi ölçüsünə qaytarır; bunun da nəticəsi dəqiqlik və təvazökarlıqdır. Qeyd etmək lazımdır ki, birinci ikincini doğurur. Öz ölçünüzü nə qədər dərindən anlasanız, bənzərlərinizə – günəş şüasında dolanan və ya artıq masanızın üstünə qonmuş həmin toza qarşı bir o qədər təvazökar və mərhəmətli olarsınız. Ah, o zərrəciklərin içində nə qədər həyat vardı! Sizin baxışınızdan yox, onların öz baxışından. Zaman sizin üçün nədirsə, siz də onlar üçün osunuz; məhz buna görə onlar sizə belə kiçik görünür. Bəs bilirsinizmi toz masadan silinəndə nə pıçıldayır?

“Məni unutma”, – pıçıldayır toz.

Yəqin alman şairi Peter Huhelin bu ikimisralıq şeirindəki duyğudan daha uzaq bir fikir gənc və iddialı olan sizlərin heç ağlına da gəlməz.

Mən bu misraları sizdə xırda şeylərə – toxumlara və otlara, qum dənələrinə, yaxud ağcaqanadlara – kiçik, lakin saysız-hesabsız olanlara qarşı bir rəğbət oyatmaq üçün sitat gətirmədim. Sadəcə, bu misraları sevdiyim üçün, onlarda özümü və ümumiyyətlə yer üzündən silinib gedəcək hər bir canlını gördüyüm üçün xatırladım. “Məni unutma”, – deyə pıçıldayır toz. İnsan bu pıçıltıda eşidir ki, əgər biz özümüz haqqında həqiqəti zamandan öyrəniriksə, bəlkə zaman da öz növbəsində bizdən nə isə öyrənə bilər. Görəsən, o nədir? Ola bilər ki, əhəmiyyət baxımından geri qalsaq da, duyğuda, həssaslıqda biz zamandan üstünük.

Əhəmiyyətsiz olmaq, bax elə bu deməkdir. Əgər bunu anlamaq üçün iradəni iflic edən darıxmaq hissi lazımdırsa, onda eşq olsun ona! Siz əhəmiyyətsizsiniz, çünki fanisiniz. Lakin bir varlıq nə qədər fanidirsə, həyatla, duyğularla, sevinclə, qorxularla, şəfqətlə bir o qədər zəngindir. Çünki sonsuzluq o qədər də canlı deyil, o qədər də hissiyatlı deyil. Ən azı, darıxmağınız sizə bunu pıçıldayır. Çünki sizin darıxmağınız sonsuzluğun darıxmağıdır.

Elə isə onun mənşəyinə hörmət edin – bəlkə də öz mənşəyinizə bəslədiyiniz qədər. Çünki insan duyğularını coşduran və çox vaxt yeni bir həyatın yaranması ilə nəticələnən məhz həmin o cansız sonsuzluq intizarıdır. Bu o demək deyil ki, siz darıxmaqdan doğulmusunuz, yaxud fani olan fani olanı yaradır (hərçənd, ikisi də həqiqətə bənzəyir). Bu, daha çox ehtirasın əhəmiyyətsiz varlıqlara məxsus bir imtiyaz olduğunu göstərir.

Ona görə də ehtiraslı qalmağa çalışın, soyuqqanlı olmağı bürclərə buraxın. Ehtiras, hər şeydən əvvəl, darıxmağın dərmanıdır. Başqa bir əlac isə, əlbəttə, ağrıdır – psixolojidən daha çox cismani ağrı, ehtirasın ən çox rast gəlinən aqibəti, hərçənd, mən sizə bunların heç birini arzulamıram. Yenə də canınız ağrıyanda heç olmasa bilirsiniz ki, aldadılmamısınız (nə bədəniniz, nə də ruhunuz tərəfindən). Eynilə bunun kimi, darıxmağın, qüssənin, öz varlığınızın və başqa hər şeyin mənasızlığı hissinin ən yaxşı tərəfi odur ki, o, yalan deyil.

Detektiv romanlarını və ya macəra filmlərini də sınaya bilərsiniz – sizi sözlə, vizual, yaxud zehni baxımdan əvvəllər olmadığınız bir yerə aparan, heç olmasa bir-iki saat başınızı qatan nələrsə. Televizordan, xüsusən də kanalları dalbadal çevirməkdən uzaq durun: bu, lüzumsuzluğun təcəssümüdür. Əgər bu vasitələr kara gəlməsə, qapılarınızı onun üzünə taybatay açın, “ruhunuzu qatılaşan zülmətə tullayın”. Onsuz da sizdən böyük olan darıxmağı və qüssəni qucaqlamağa çalışın, ya da qoyun onlar sizi ağuşuna alsın. Şübhəsiz, bu sizə boğucu gələcək, amma bacardığınız qədər, sonra isə bir az da artıq dözməyə çalışın. Ən əsası, haradasa səhv etdiyinizi düşünüb onu düzəltmək üçün keçdiyiniz yolla geriyə qaçmayın. Xeyr, şairin dediyi kimi: “İnan öz ağrına”. Bu boğucu sıxıntı təsadüfi səhv deyil. Sizi sarsıdan heç nə səhv deyil! Hər an xatırlayın ki, bu dünyada sonu gəlməyəcək, nəhayəti olmayacaq heç bir ağuş yoxdur.

Bütün bunları qaranlıq və bədbin hesab edirsinizsə, deməli, zülmətin nə olduğunu bilmirsiniz. Əgər bunları yersiz sayırsınızsa, arzu edirəm, zaman sizin haqlı olduğunuzu göstərsin. Yox, əgər bu cür təntənəli bir mərasim üçün bunu münasib saymırsınızsa, sizinlə razılaşmayacağam.

Bu mərasim sizin burada qalmağınızla bağlı olsaydı, sizinlə razılaşardım; lakin o, gedişinizdən xəbər verir. Sabah siz artıq burada olmayacaqsınız, çünki valideynləriniz yalnız dörd ilin pulunu ödəyiblər, bircə gün də artıq yox. Deməli, karyera qurmaq, pul qazanmaq, ailə sahibi olmaq, öz təkrarolunmaz taleyinizlə qarşılaşmaq üçün başqa yerlərə getməlisiniz. O “başqa yerlərə” gəldikdə isə nə ulduzlar arasında, nə tropiklərdə, nə də sərhədin o tayındakı Vermontda bu Dartmut çəmənliyindəki mərasimdən xəbərdardırlar. Hətta heç kim mərcə gələ bilməz ki, buradakı orkestrinizin səsi gedib Vayt-River-Cankşına çatacaq.

Siz bu məkanı tərk edirsiniz, 1989-cu ilin məzunları. Siz bu meşəlik guşədən qat-qat sıx məskunlaşmış və son dörd ildə alışdığınızdan qat-qat az diqqət görəcəyiniz bir dünyaya qədəm qoyursunuz. Siz böyük ölçüdə öz ixtiyarınıza buraxılırsınız. Əhəmiyyətinizə gələsi olsaq, öz 1100 nəfərlik sayınızı dünyanın 4,9 milyardlıq əhalisi ilə qarşılaşdıraraq bunu asanlıqla ölçə bilərsiniz. Belə olan halda tədbirlilik bu mərasimə şeypur təntənəsi qədər yaraşır.

Mən sizə yalnız səadət arzulayıram. Buna baxmayaraq, həm xarici dünyanın, həm də öz düşüncələrinizin yaratdığı xeyli qaranlıq və ən pisi, usandırıcı saatlar olacaq. Siz bunlara qarşı necəsə sipər çəkməlisiniz; mənim öz aciz qüvvəmlə burada etməyə çalışdığım da elə məhz budur, hərçənd, bəllidir ki, bu, yetərsizdir.

Çünki irəlidə sizi unudulmaz, lakin yorucu bir səfər gözləyir; siz bu gün sanki başını alıb gedən bir qatara minirsiniz. Qarşıda sizi nə gözlədiyini heç kim deyə bilməz, xüsusən də, arxada qalanlar. Amma onların sizə zəmanət verə biləcəyi bircə şey var: bu, gediş-dönüş bileti olan bir səfər deyil. Odur ki, bu və ya digər stansiyanın nə qədər darıxdırıcı olmasından asılı olmayaraq, qatarın orada həmişəlik dayanmayacağı fikrində təsəlli tapın. Deməli, siz heç vaxt ilişib qalmırsınız – hətta ilişib qaldığınızı hiss etdiyiniz anlarda belə; çünki bu məkan bu gün artıq sizin keçmişinizə çevrilir. Bundan sonra o yalnız sizdən uzaqlaşacaq, çünki həmin qatar daimi hərəkətdədir. O, hətta siz ilişib qaldığınızı zənn edəndə belə sizdən uzaqlaşacaq… Ona görə də hələ öz təbii ölçüsündə ikən, hələ fotoşəklə çevrilməmişkən, bura son dəfə baxın. Bura toplaya biləcəyiniz bütün nəvazişlə baxın, çünki siz öz keçmişinizə baxırsınız. Ən yaxşının gözünün içinə dik baxın. Çünki bundan yaxşısını tapacağınıza çox şübhə edirəm.

Tərcümə edən: Qismət

OXŞAR XƏBƏRLƏR