Daha.az məşhur rumın filosofu Emil Mişel Çoranın “Çürümənin kitabı” əsərindən bir hissəni təqdim edir.
FANATİZMİN ŞƏCƏRƏSİ
Əslində, hər bir fikir tərəfsizdir və ya tərəfsiz olmalıdır; lakin insan onu canlandırır, ehtirasını və dəliliyini ona yükləyir; saflığını itirib inanca çevrilən fikir zamanda öz yerini alır, bir hadisə simasına bürünür; məntiqdən epilepsiyaya keçid tamamlanır… ideologiyalar, doktrinalar və qanlı zarafatlar bu cür yaranır.
İnstinktiv olaraq bütlərə ibadət etdiyimiz üçün xəyallarımızın və mənfəətlərimizin obyektlərini qeyd-şərtsiz fenomenlərə çeviririk. Tarix, Saxta Mütləqlər paradından, bəhanələr adına tikilmiş bir sıra məbədlərdən, zehnin Qeyri-Mühtəməl qarşısında kiçilməsindən başqa bir şey deyil. Dindən uzaqlaşdıqda belə, insan ona tabe qalır; bütün cəhdləri ilə tanrıya bənzər fiqurlar yaradır, sonra onları həvəslə mənimsəyir; insanın içindəki uydurma ehtiyacı, mifologiya ehtiyacı aşkar görünən reallığı və gülünclüyü aradan qaldırır. Onun bütün cinayətlərinin məsuliyyəti imanın gücündədir; Bir tanrını necəgəldi sevən şəxs başqalarını da onu sevməyə məcbur edir və razı olmadıqları təqdirdə onları məhv etməyə də hazırdır. Elə bir dözümsüzlük, ideoloji barışmazlıq və ya dini missionerlik yoxdur ki, şövqün heyvani təməlini üzə çıxarmasın. İnsan, xüsusilə, biganəlik sifətini itirərsə, potensial qatilə çevrilir. Hələ fikrini tanrıya çevirərsə: bunun fəsadları saysız-hesabsız olur. Yalnız bir tanrı və ya bir tanrının təqlidi adına insan öldürülür: Ağıl ilahəsinin, millət, sinif və ya irq ideyasının yaratdığı radikalizm İnkvizisiya və ya Reformasiya ideyaları ilə qohumdur. Qanlı mərifətlər mövzusunda coşqun həvəs dövrlərinin əvəzi yoxdur. Müqəddəs Tereza yalnız tonqalda yandırılanlarla, Lüter isə kəndli qırğınları ilə müasir ola bilərdi… Mistik böhranlarda qurbanın iniltiləri vəcdin iniltiləri ilə paraleldir… Dar ağacları, zindanlar, hücrələr yalnız bir inancın kölgəsində – ruhu tamamilə ələ keçirmiş inanmaq ehtiyacının kölgəsində çoxalır. Bir həqiqəti, öz həqiqətini tapan insanla müqayisədə şeytan belə məsum görünür. Biz Neronlara, Tiberilərə qarşı ədalətsiz davranırıq: separatizm anlayışını heç də onlar icad etməyiblər: onlar, sadəcə, qırğınlarla baş qatan dəli xəyalpərəstlər idilər.
Əsl qatillər dini və ya siyasi sferada ortodoksluq quranlar, möminlə kafir arasında fərq qoyanlardır.
Fikirlərin bir-birini əvəz edə biləcəyi düşüncəsindən imtina edildikdə qan axır… Qəti qərarların altından xəncər çıxır, parıltılı gözlər cinayət müjdəçisidir. Hamletdən təsirlənən tərəddüdlü bir ruh heç vaxt zərər verməyib: Şərin prinsipi iradənin gərginliyində, sülhü yaşaya bilməməsində; xirtdəyəcən ideallarla dolu, qənaətlərinin ağırlığı altında çat verən və şübhəylə tənbəlliyi – bütün fəzilətlərindən ən nəcib olan zəifliklərini – ələ salmaqla könül əyləndirdiyi üçün məhv olduğu bir yola, tarixə, o absurd adilik və apokalipsisin qarışığına girən bir irqin Prometeyvari meqalomaniyasındadır… Orada əminliklər çoxdur: onları, xüsusən də nəticələrini aradan qaldırın: cənnəti yenidən yaradacaqsınız. Çöküş bir həqiqətin ardınca getmək və onu tapdığından əmin olmaq deyilsə, bir doqmaya olan ehtiras, bir doqmaya təslim olmaq deyilsə, bəs nədir? Buradan fanatizm doğar – insana gərəkli olmaq, peyğəmbərlik etmək və terror zövqü verən əsas qüsur – bu lirik cüzam vasitəsilə ruhlara yoluxur, onları özünə tabe edir, əzir və ya təhrik edir… Bundan yalnız skeptiklər (və ya avaralarla estetiklər) qurtula bilərlər, çünki onlar heç nə təklif etmirlər, çünki bəşəriyyətin əsl xeyirxahları olan onlar tərəf tutmaz və içlərindəki sayıqlamanı təhlil edərlər. Mən özümü bir Pirronun (eramızdan əvvəl 365-275-ci illər arasında yaşamış skeptik məktəbin banisi) yanında Müqəddəs Pavelin yanında olduğundan daha təhlükəsiz hiss edirəm; çünki hazırcavab bir müdriklik zəncirlərindən azad edilmiş bir müqəddəslikdən daha mülayimdir… Alovlu bir ruhda yırtıcı bir heyvan gizlənib; İnsan bir peyğəmbərin pəncəsindən asanlıqla xilas ola bilməz… İstər səma adına, istər şəhər və ya başqa bir bəhanə ilə səsini qaldırarsa, dərhal ondan uzaqlaşın: O, sizin tənhalığınızın satirasıdır; onun həqiqətlərindən və radikallığından kənarda yaşamağınızı sizi bağışlamayacaq; öz isteriyasını, var-yoxunu sizin də bölüşməyinizi tələb edəcək; bunu sizə zorla qəbul etdirmək və sizi tanınmaz hala gətirmək istəyəcək. Bir inanca əsir düşüb onu başqalarına ötürməyə çalışmayan insan qurtuluş vəsvəsəsinin həyatı boğduğu bir yer olan dünyaya yad bir hadisədir. Ətrafınıza baxın: hər tərəfdə moizə oxuyan soxulcanlar var, hər bir qurum bir missiya ifadə edir; bələdiyyələrin də məbədlər kimi mütləqləri var; hökumətlərin öz qaydaları var – meymunlardan istifadə etmək üçün metafizika… Hamısı da insanların həyatı üçün qurtuluş tapmağa çalışır: hətta dilənçilər və sağalmaz xəstələr də buna can atırlar: dünyanın səkiləri və xəstəxanaları islahatçılarla dolub-daşır. Hadisənin mənbəyi olmaq istəyi onların hər birinə zehni qarışıqlıq və ya özünə arzuladığı lənət kimi təsir edir.
Cəmiyyət – xilaskarlar cəhənnəmdir! Diogenin gündüz lampa ilə axtardığı adam biganə biriydi…
Birinin idealdan, gələcəkdən, fəlsəfədən səmimi danışdığını, inamla “biz” dediyini, “başqalarından” bəhs etdiyini, özünü onların tərcüməçisi kimi gördüyünə şahid olmağım onu özümə düşmən hesab etməyim üçün kifayətdir. O adamda bir tiran müqəvvası, yaxud bir cəllad görürəm; o, tiranlar və böyük cəlladlar qədər nifrətə layiqdir. Hər bir inancın terror törətməsinə görədir bu. Və bunu törədənlərin “sadəlövhlər” olması məsələni daha da vahiməli edir. Hiyləgərlərə, fırıldaqçılara, axmaqlara etibar etmək olmaz; halbuki tarixdə heç bir böyük iştişaşı onlar törətməyiblər. Heç nəyə inanmadıqları üçün nə qəlblərinizə, nə də gizli niyyətlərinizə müdaxilə edərlər, sizi öz zəifliyinizin, ümidsizliyinizin və ya faydasızlığınızın ümidinə buraxarlar; bəşəriyyət özünün azacıq rahat anlarını onlara borcludur: fanatiklərin işgəncə verdiyi, “idealistlər”in məhv etdiyi xalqları xilas edənlər onlardır. Onlar doktrinasızdırlar, yalnız şıltaqlıqları və mənfəətləri vardır; prinsipial despotizmin yaratdığı dağıntıdan min dəfə daha dözümlü olan ahəngdar zəifliklərdir onlar. Çünki həyatdakı bütün pisliklər bir “həyat anlayışından” törəyir. Yetkin bir dövlət xadimi köhnə sofistləri dərindən öyrənməli və vokal dərsləri almalıdır; – bir də rüşvətxorluq dərsləri…
Fanatikə gəlincə, o, rüşvət götürməz: əgər bir ideya uğrunda öldürürsə, şübhəsiz ki, onun uğrunda ölə də bilər; hər iki halda da, istər tiran, istərsə də şəhid olsun, o, bir canavardır. Bir inanc uğrunda əzab çəkəndən daha təhlükəli bir varlıq yoxdur: ən böyük zalımlar başı kəsilməmiş məzlumların arasından çıxır. Əzab çəkmək, hakimiyyət iştahanı azaltmaq əvəzinə, onu daha da alovlandırır; zehin də özünü bir təlxəyin məclisində bir qurbanınkından daha rahat hiss edir; onda bir ideya uğrunda ölmək aksiyasından daha çox ikrah doğuran heç nə yoxdur… Alilikdən və qan tökməkdən bezib usandığı üçün, kainata bərabər əyalət darıxdırıcılığının, şübhənin bir hadisə, ümidin isə bir fəlakət kimi göründüyü sabitlikdə bir Tarixin xəyalını qurar.
ANTİ-PEYĞƏMBƏR
Hər bir insanın içində bir peyğəmbər mürgüləyir və o oyandıqda dünyada şər əməllər daha da artır…
Moizə oxuma dəliliyi içimizdə o qədər dərin kök salıb ki, özünüqoruma instinktinin belə o dərinlikdən xəbəri yoxdur. Hər bir insan nəsə bir şey təklif edə biləcəyi anı gözləyir: nə təklif edəcəyi önəmli deyil. Sadəcə, səsi varsa, bu kifayətdir. Lal və kar olmamağımız bizə baha başa gəlir…
Süpürgəçisindən tutmuş dəbdəbəlisinə qədər hər kəs cani səxavətinin pul kisəsindən xərcləyir; hamısı xoşbəxtlik reseptləri paylayır; hamısı hər kəsin addımlarını istiqamətləndirmək istəyir: buna görə də ictimai həyat dözülməz hala gəlir; İnsanın öz həyatı daha da dözülməz olur: başqalarının işlərinə heç vaxt qarışmadığı halda insan öz işləri üçün o qədər narahat olur ki, öz “mənliyini” sadəcə bir obyektə çevirir və ya əksinə, həvarilik edərək öz “mənliyini” inkar edir: Biz universal oyunun qurbanlarıyıq…
Varlığın formalarına təklif olunan qurtuluş yollarının bolluğu yalnız bu təkliflərin faydasızlığı ilə müqayisə edilə bilər. Tarix: ideallar emalatxanasıdır… nə olduğu bəlli olmayan mifologiya, sürülərin və tənhaların həddindən artıqlığı… reallığı olduğu kimi qəbul etməkdən imtina, ölümcül uydurma aclığı…
Fəaliyyətimizin mənbəyi özümüzü zamanın mərkəzi, səbəbi və nəticəsi olaraq şüursuzca təsəvvür etməyimizdir. Reflekslərimiz və qürurumuz təşkil olunduğumuz ət və şüuru bir planetə çevirir. Əgər dünyadakı mövqeyimizi düzgün başa düşə bilsəydik; əgər müqayisə etmək yaşamaqdan ayrı bir şey olsaydı, varlığımızın əhəmiyyətsizliyinin aşkara çıxması bizi əzərdi. Nə yazıq ki, yaşamaq öz ölçülərinə kor olmaqdır…
Bütün fəaliyyətimiz – nəfəs almaqdan tutmuş imperiyalar və ya metafizik sistemlər qurmağa qədər – öz əhəmiyyətimiz haqqında bir illüziyadan, xüsusən də peyğəmbərlik instinktindən qaynaqlandığı üçün, öz əhəmiyyətsizliyini düzgün dərk etsəydi, kim faydalı olmağa və özünü xilaskar kimi təqdim etməyə çalışardı ki?
“İdeal”sız bir dünya, doktrinasiz ölüm əzabı, həyatsız bir əbədiyyət həsrəti… Cənnət… Özümüzü aldatmadan bir saniyə belə mövcud ola bilməzdik: içimizdəki peyğəmbər bizi öz boşluğumuzda canlandıran dəli tərəfimizdir.
İdeal olaraq açıq düşüncəli, yəni ideal olaraq normal bir insan, içindəki heçlikdən başqa heç bir şeydən yapışmamalıdır… Bunu eşitdiyimi fərz edirəm: “Mən məqsəddən, bütün məqsədlərdən ayrılmışam; yalnız istəklərimin və sıxıntılarımın formullarını qoruyuram. Nəticəyə bağlamaq meylinə müqavimət göstərdiyim üçün ruhu yendim; eynən həyatı da, onun içində qurtuluş yolu axtarmaqdan vahimələnərək yendiyim kimi… İnsanı seyr etmək – necə də ürəkbulandırıcı bir şey! Sevgi – iki tüpürcəyin qarşılaşması… Bütün hisslər öz mütləqlərini ifrazat vəzilərinin səfilliyinə borcludur. Nəciblik varlığın inkarındadır, xarabalığa çevrilmiş mənzərələrə yuxarıdan aşağı baxan bir təbəssümdədir.
(Vaxtilə bir “mənliyim” var idi; indi, sadəcə, bir əşyayam… Tənhalığın bütün narkotikləri ilə özümü doyururam; dünyanın narkotikləri mənə mənliyimi unutdurmaqda çox təsirsizdirlər. İçimdəki peyğəmbəri öldürdüyüm üçün insanlar arasında necə yerim ola bilər ki?)
TƏSNİFATLAR QƏBİRİSTANLIĞINDA
“Artıq heç nə mənim üçün mövzu ola bilməz, çünki mən hər şeyin təsnifatını vermişəm” deyə qışqıran bir zehni təsəvvür edə bilərikmi? Belə bir şeyi təsəvvür edə bilsək belə, onu zamana necə yerləşərdirmək olardı?
Bizi əhatə edən şeylərə ad verdiyimiz – və onların fövqünə çıxdığımız – dərəcədə dözümlüyük. Lakin bir şeyi təsnifatla qəbul etmək, nə qədər könüllü olsa da – və nə qədər könüllü olsa da, bir o qədər vahiməlidir, çünki bu halda ruh bilginin önünə keçir – həmin şeyi rədd etməkdir, onu dəyərsizləşdirmək, əhəmiyyətsizləşdirmək və məhv etmək deməkdir. Avara və boş bir zehn – dünya ilə yalnız yuxu vasitəsilə inteqrasiya olan bir zehn – əşyaların adlarını çoxaltmaqdan, mənasını ucuzlaşdırmaqdan və formullarla əvəz etməkdən başqa nə işə yaraya bilər? Sonra əşyaların xarabalıqları üzərində hərəkət edər; artıq heç bir hiss yoxdur: yalnız xatirələr var. Hər formulun altında bir cəsəd yatır: Varlıq və ya obyekt məhəl verdiyi bəhanə ilə ölür. Bu, zehnin mənasız və bədxah israfçılığıdır. Bu zehin ad verdiyi və qeydiyyata aldığı şeylərin içində özünü də boşa sərf edir. Sözlərə aşiq olduğu üçün ağır sükutlardakı sirrə nifrətlə yanaşır və bu sükutları cılızlaşdırıb sadəlövhləşdirir: bu zehin özü də cılız və sadəlövh bir vəziyyətdədir, çünki hər şeyin yükünü atıb və hər şeydən arınıb. Təsnifatlandırma zəifliyi onu mərhəmətli bir qatil və itaətkar bir qurbana çevirib.
Beləliklə, ruhun zehnə yaydığı, ona həyatını xatırladan yeganə ləkə də silinib gedib.
SİVİLİZASİYA VƏ QEYRİ-CİDDİLİK
Təkəbbürlü və zövqlü ağıllar əsərlərin və şah əsərlərin teksturalarına incə tolerantlıq və ədəbsiz istehzalardan saçaqlar əlavə etməsəydilər, onların köhnəlmiş həcminə və dərinliyinə necə dözə bilərdik? Öz incəlikləriylə cəmiyyətin həm zirvələrini, həm də sahillərini ələ keçirən o sevimli varlıqlar olmasaydı, ətalət və ədəb-ərkanın ağıllı və faydasız zəifliklərə lazımsız şəkildə əlavə etdiyi qanunlara, adətlərə və səmimi keçidlərə necə dözə bilərdik?
Ciddiliyi istismar etməyən, dəyərlərlə oynayan, onları yaratmaqdan və məhv etməkdən böyük zövq alan sivilizasiyalara minnətdar olmalıyıq. Yunan və Fransız sivilizasiyalarından başqa, zarafatcıl bir zehin açıqlğıyla şeylərdəki zərif heçliyin tamaşasını təqdim edən başqa bir sivilizasiya tanıyırıqmı? Alkiviad dövrü və on səkkizinci əsr Fransası iki təsəlli mənbəyidir. Halbuki digər sivilizasiyalar həyata puçluq ləzzətini verən o şən fəaliyyətin dadını yalnız son mərhələlərində, bütöv bir inanc və ənənə sisteminin çöküşü zamanı dadıblar. Bu iki əsr isə hər şeyə qarşı qayğısız olan və hər şeyi qəbul edən cansıxıcılığı ən yetkin çağlarında, güclərinə və gələcəyə sözün əsl mənasında sahib ikən yaşayıblar. Bir yandan həyata lənət oxuyarkən, digər yandan həyatın xoş acılığını dadan qoca, kor və uzaqgörən Madam du Deffanddan daha yaxşı bir nümunə varmı?
Heç kim dərhal qeyri-ciddiliyə nail ola bilməz. O, bir imtiyaz və bir sənətdir; hər növ qətiliyin mümkünsüzlüyünü dərk edən və qətiliklərdən iyrənənlərin səthilik axtarışıdır; təbii olaraq dibsiz olduqları üçün heç bir yerə daşınması mümkünsüz olan uçurumlardan uzaqlara qaçışdır.
Geriyə isə, sadəcə, görüntülər qalır: Nə üçün onları bir üslub səviyyəsinə ucaltmayaq? Bütün ağıllı dövrlərin təsnifi buradadır. İfadəni daşıyan ruhdan daha şox ifadənin özünə, sezgidən daha çox meyletməyə etibar edilən nöqtəyə varırıq; həyəcan belə yox olacaq hala gəlir. Heç bir nəzakət önyarğısı olmayan, öz-özünə təslim olan bir varlıq bir canavardır; öz daxilində yalnız terror və inkarın qolboyun gəzdiyi qaranlıq bölgələr tapar. Öldüyünü bütün canlılığı ilə bilmək və bunu gizlədə bilməmək barbarlıq aktıdır. Hər bir səmimi fəlsəfə sirlərimizi saf-çürük edən və onları arzuolunan nəticələrə çevirən sivilizasiyanın ünvanlarını inkar edir. Beləliklə, qeyri-ciddilik, olduğumuz kimi olmaq istəyinə qarşı ən təsirli pahzəhərə çevrilir: onun vasitəsilə dünyadan şər naminə istifadə edirik və içimizin dərinliyində gizlənən ədəbsizliyi gizlədirik. Onun hünərləri olmadan bir ruha sahib olmaq üçün necə xəcalət çəkməyə bilərdik?
Həddindən artıq həssas tənhalığımız başqaları üçün necə də cəhənnəmdir! Amma biz həmişə onlar üçün, bəzən də özümüz üçün uydururuq öz görüntülərimizi…
Dilimizə uyğunlaşdıran: Aqşin Yenisey



