DAHA.az Aqşin Yeniseyin “Mentalitet mədəniyyətin ölüsüdür” yazısını təqdim edir.
Elita dediyimiz dəyər yaradıcıları imkanlı şəxslər deyil, imkanlı şəxsiyyətlərdir. İmkanlı şəxs və imkanlı şəxsiyyət fərqli, hətta bir-birinə düşmən anlayışlardı. Bizim kültür imkanlı şəxs yarada bilir, imkanlı şəxsiyyət yaratmaq üçün onun heç bir potensialı yoxdur. Müstəmləkə boyunduruğu altında yaşamış bütün xalqlarda vəziyyət oxşardır. Şəxsiyyət azadlığın övladıdır.
Heç bir müqəddəs kitab göndərməyən, göndərilən bütün müqəddəs kitablardan əvvəl yazının sirrini bilən Misirin yazı tanrsı Tot firon Tamesə deyir ki, uşaqlarınıza yazı yazmaq öyrədin. Firon etiraz edir: Uşaqlarımız yazı yazmağı öyrənsələr hər şeyi yazacaqlar, heç nəyi yaddaşlarında saxlamayacaqlar. Uşaqlar yazı yazmağa başlasaydılar canlı yaddaş yox olacaqdı. Firon bundan qorxurdu.
Canlı yaddaş nədir? Şəxsiyyətin təməli! Bu elə təməldir ki, sonradan heç bir yazı onu uçurub dağıda bilmir. Və bu təməl uşaqlıqda, ailə mühitində atılır. Təhsil şəxsiyyətin formalaşmasında kosmetik rol oynayır. Təhsilin şəxsiyyət yetişdirmək gücü olsaydı, dünyada millət, xalq anlayışları zamanla əriyib yoxa çıxardı. Dünyanın müxtəlif ölkələrində məktəbdə eyni şeyləri öyrənən uşaqlar canlı yaddaşlarını itirib eyni şəxsiyyətlərə çevrilərdilər. Amma bu baş vermir, əksinə, hər bir ölkənin təhsil sistemi öz xalqının canlı yaddaşının üzərində qurulur, ailənin uzantısına çevrilir.
Demək ki, islahatları ailədə aparmaq lazımdır. Uşaq evdən məktəbə mədəniyyət gətirməlidir. Bizdə tam əksinədir, ömrü boyu kitab üzü açmayan valideynlər gözləyir ki, uşaq məktəbdən evə mədəniyyət gətirsin. Belə bir şey mümkün deyil. Çünki uşağın canlı yaddaşında mədəniyyətə aid bir şey yoxdursa, yazıb-oxumaq onu ancaq savadlı “bicbala”ya çevirəcək.
Ona görə də canlı yaddaşı mədəni dəyərlərdən məhrum olan xalqlar şəxsiyyət yetişdirə bilmirlər. Onların şəxsiyyətləri öz xalqının ucqarında yetişir. Xalq onun yetişmə prosesində iştirak etmir, etsə, şəxsiyyət yetişdirmə təcrübəsi qazanar və heç vaxt şəxsiyyət qıtlığıyla üzləşməz. Belə xalqlar özü-özünü yetişdirən hazır şəxsiyyətə sahib çıxırlar.
Hətta xalq yetişdirsə belə şəxsiyyət kollektiv ölçülərin fövqündə bir fərddir. Kollektiv nizamda bir sıçrayışdır, pozuntudur. Ümumi düzəndən seçilən bir fərqlilikdir. Xalqın mövcudluq prinsipi eynilikdir!
Şəxsiyyət dünyagörüşü ilə kollektiv həmrəyliyə zidd biridir. Zidd olmasa, fərqlilik yarada, yeni dəyər kəşf edə bilməz. Buna lüzum görməz. Şəxsiyyət kimi xarakterizə etdiyimiz bütün tarixi şəxslərin öz xalqı ilə ölüm-dirim problemi olub. Şəxsiyyət və xalq bir-birini “öldürüb” diriltmək istəyir həmişə. Şəxsiyyətin xalqa təsiri “oyatmaq”, “yeniləmək” kimi dirilməni ifadə edən sözlərlə izah olunur. Şəxsiyyəti öldürdüyü deyil, diriltiyi xalq qəbul edir, bağrına basır. Şəxsiyyət həmişə oğulların sevdiyidir, o oğulların ki, atalarını şəxsiyyət özü öldürüb. Bir xalqı onun dahi şəxsiyyətləriylə obrazlaşdırmaq pedaqoji yanaşmadır. Tarixi, mədəni, əxlaqi, sosial, siyasi və s. baxımdan hər bir xalq özünün dahi şəxsiyyətlərindən xeyli geridə olur həmişə.
Dahilərin zamanın övladı olması fikri xeyli mücərrəd bir təsbitdir. Hər ölkənin, hər mədəniyyətin özünə xas zamanı var; İngiltərə ilə Nepalın fərqi bu gün ayrı-ayrı zamanda mövcud olmalarıdır. Şimali Koreya ilə Cənubi Koreya eyni məkanda olsalar da, eyni zamanda deyillər. Miladi təqvimə görə, bütün ölkələr XXI əsrdədir, amma mən sizə bu gün XIV əsrdə yaşayan onlarla ölkə adı çəkə bilərəm.
Zamanın xarakterini həmin zaman kəsiyində mövcud olan mədəniyyətin vəziyyəti müəyyən edir. Dahilər içində doğulduqları zamanın deyil, içində yaşadıqları mədəniyyətin övladlarıdır desək düşüncələrimiz bir az durular. Bir dâhinin necə yetişdiyini görmək üçün onun içində böyüdüyü mədəniyyətin xarakterinə baxmaq lazımdır. Pikassonu Əndəlüs doğdu, Paris böyütdü. O Əndəlüs ki, əsrlər öncə müsəlman İbn Rüştü də doğmuşdu, amma müsəlman Şərqi İbn Rüştü böyüdə bilmədi, əksinə, yığışıb onu Afrikaya sürgün etdirdi.
“Mədənəyyət nədir” sualına verilən yüzlərlə cavabın içində mənim ən çox üzərində düşündüyüm cavab amerikalı antropoloq Rut Benediktə məxsusdur. Benedikt xanım deyir ki, mədəniyyət böyüdülərək ekranda əks etdirilən fərdi psixologiyadır. Yəni bir fransızın, bir rusun, bir azərbaycanlının psixoloji ölçülərini böyütsək onların təmsil etdiyi mədəniyyətin xarakterini üzə çıxarmış olacağıq. Mədəniyyətimiz düşüncələrimizin davranışlarımızda üzə çıxmasıdır.
Şəxsiyyətin etnoqrafik mənşəyini araşdıran insanşünas Ralf Lintonun gəldiyi nəticə budur ki, öz mədəniyyətindən başqasını tanımayanlar öz mədəniyyətlərini də tanıya, dəyərləndirə bilməzlər. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyətinin hansı dönəmində üzə çıxır? Şərq muğamının Qərb simfoniyasını tanımağa başladığı bir dönəmdə. Coğrafiya fakultəsinin məzunu olaraq deyə bilərəm ki, cəmiyyətdə olduğu kimi, təbiətdə də nəhəngliyi yaradan tektonik layların toqquşması, üz-üzə gəlməsidir. Görünür, Azərbaycan mədəniyyəti bu gün heç bir başqa mədəniyyətlə canlı ünsiyyətdə deyil, ya da toqquşduğu, qarşılıqlı əlaqədə olduğu mədəniyyət(lər)in özü də o qədər köhnədir ki, istər-istəməz bu köhnəpərəstlik bizə də yoluxur.
“Sivilizasiya mühakimə olunur” əsərində mədəniyyətləri dahi şəxsiyyətlərin yaratdığını iddia edən ingilis tarixçisi Arnold Toynbi Renessansdan sonra yaranmaqda olan sekulyar-liberal Qərb mədəniyyətinin üç əsr ərzində mövcud mədəniyyətlərdən 26-sını yox etdiyini, 9-unu isə inkişaflarının mövcud mərhələsində dondurduğunu yazır. Kimdə belə bir əminlik var ki, müasir Azərbaycan mədəniyyəti üz-üzə gəldiyi sekulyar-liberal Qərb mədəniyyətinin yox etməyə, yaxud inkişafının indiki mərhələsində dondurmağa başladığı növbəti, mədəniyyət deyil?
Bu ingilis kəlləsinin yazdıqlarına inansaq, əgər həqiqətən mədəniyyəti dahi şəxsiyyətlər yaradırsa, deməli, cəmiyyət əvvəlcə özünün şəxsiyyət problemini həll etməlidir. Bu gün Azərbaycanda mədəniyyət problemindən əvvəl şəxsiyyət probleminə baxmaq lazımdır. Bu gün mövcud mədəni səviyyəmiz şəxsiyyət(lər) yetişdirə bilirmi? Şəxsiyyət yoxdursa, mədəniyyət də olmayacaq. Necə deyərlər, hər din bir peyğəmbərin əsəridir.
Yenə misallara müraciət edək. Amerikalı antropoloq Marqaret Mid Yeni Qiveniyanın eyni irqdən olan Arapeş və Munduqumor qəbilələrində apardığı araşdırmalardan bu nəticəyə gəldi ki, məhdud imkanlara baxmayaraq, rifah içində böyüyən arapeşli uşaqlar böyüdükdə nəzakətli, xeyirxah və zəki insanlar olurlar, onların o biri tayı olan munduqumorlar isə uşaqlarının rifahına fikir vermirlər və bu qəbilənin böyüməkdə olan nəsilləri “bacarana can qurban”lara, “gözdən tük qapanlara” və “tərbiyəli yaltaqlara” çevrilirlər. Bu təcrübənin nəticələri digər xalqlara da aiddir; rifah içində yaşayan xalqların mədəniyyəti də zəngin olur, lümpenproletar mənəviyyata sahib xalqlar isə öz görməmişliklərinin içində boğulurlar.
Mid xanımın bu araşdırması şəxsiyyətin yetişməsində rifahın önəmini ortaya qoyur. Vələmyesir mühitdə şəxsiyyətlər ancaq genetik təsadüf nəticəsində üzə çıxa bilər ki, o vaxta da ya xan ölər, ya eşşək.
Toynbi “mədəniyyətləri dahi şəxsiyyətlər yaradır” fikrində haqlıdır; o xalqlar ki mədəniyyət pilləkəninin altında yaşayırlar, o xalqlar şəxsiyyət qıtlığından əziyyət çəkənlərdir. Adətən, imperialist hökumətlər əsarətdə saxladıqları xalqları daha rahat idarə etsinlər deyə, ilk növbədə, onların milli kimliklərini şəxsiyyətsizləşdirirlər. Çünki şəxsiyyətləri olmayan xalq heç bir mənəvi, ideoloji gücə sahib ola bilməz. Şəxsiyyətsiz qalan xalq yalnız təsərrüfat yarada bilər, onu mədəniyyətə çevirmək üçün mütləq şəxsiyyətlərə ehtiyacı var. Ona görə də bütün böyük xalqar özlərini böyük şəxsiyyətlərinə borclu bilir və onların yetişməsi üçün gecə-gündüz mədəniyyətlərini “gübrələyirlər”.
Mədəniyyəti dahi şəxsiyyətlər yaradır fikriylə razılaşmaq olar, amma o fikir kökündən yanlış düşüncədir ki, mədəniyyəti dahi şəxsiyyətlər təmsil edirlər. Hər bir mədəniyyət ortaya qoyduğu əsərlərlə, ideyalarla, anlayışlarla təmsil olunur. Bizdə bunlar qıt olduğuna görə məcburən yerini şəxslərlə doldururuq. Özünü mədəni dəyərin yerində görən şəxs isə elə bilir ki, onun olmadığı yerdə mədəniyyət də olmur.
Məsələn, bu gün dünyanın yüzlərlə böyük sənət, elm adamları var ki, heç vaxt Azərbaycana gəlməyiblər, heç vaxt da gəlməyəcəklər, amma öz əsərləri, fikirləriylə yaşadıqları ölkədən yüzlərlə azərbaycanlının beynini, düşüncələrini idarə edirlər. Biri mən! Yəqin ki, heç vaxt müasir alman filosofu Çul Xanı Muğam teatrında görməyəcəyəm, amma adam kitablarıyla bütün beynimi işğal edə bilib. Mədəniyyəti təmsil etmək budur.
Mədəniyyətin xarakterini təyin edən şərtlərdən biri də ona tətbiq olunan konyukturadır. Bizdə bu konyukturanın nə az, nə çox düz 2500 yaşı var. Bizim mədəniyyəti hələ də Platon yönləndirir. Platon nə deyirdi? Deyirdi ki, sənət tərbiyəçidir. Platonun xəyalında utopik bir dövlət ideyası var idi və sənət adamlarından tələb edirdi ki, əsər yaradarkən yalnız bu dövlətin qanunlarına istinad etməlidirlər. Homer, Hesiod kimi yunan şairlərini söyürdü ki, onlar uşaqlarımızın tərbiyəsini pozur. Hesiodun tanrısı Uran düz-əməlli ailə başçısı deyil. Homerin Zevsi də ilahə Heranı görəndə özünü alqasımlı oğlanları kimi aparır və s.
Platonun sənətə, kültürə baxışından kim çıxdı? İslam dini və Stalin! İslam sənətlə arasına məsafə qoydu, yaradıcılığın yalnız allaha məxsus olduğunu deyib sənətlə məşğul olanlara mütrif damğası vurdu. Platon özünün utopik dövlətində mədəniyyəti necə görmək istəyirdisə, Stalin də bunu olduğu kimi sovet xalqlarının mədəniyyətinə tətbiq etdi.
Biz həm islamın, həm bolşevizmin sənətə tətbiq etdiyi belə bir konyukturanın şinelindən çıxmışıq. Çıxmışıqmı?
Biz mədəniyyət adı altında necə bir kəhanətin içində olduğumuzu müzakirə etməliyik. Bu gün bizim mədəniyyət dediyimiz şey mentalitetdən başqa bir şey deyil. Mədəniyyət odur ki, onun yaratdığı maddi-mənəvi məhsullardan bütün xalqlar yararlanır, yaxud yararlanmaq istəyir. Mentalitet odur ki, ancaq öz xalqının maddi-mənəvi ehtiyaclarını ödəyir. Biz mədəniyyətini mentalitetinə qurban verən Şərq xalqlarından biriyik. Mentalitetin şah qanunu budur: dəyişməmək! Mədəniyyət isə dəyişərək, dəyişdirərək inkişaf edir. Mentalitet yerində sayan mədəniyyətdir. Hətta mədəniyyətin ölü halıdır. Mentalitet eynən italyan yazıçısı Cuzeppe Lampeduzanın “Leopard” romanındakı şahzadə kimi əmr edir: “hər şeyi o qədər az dəyişdirin ki, hər şey tamamilə olduğu kimi qalsın!”



