DAHA “Mikrorayon” serialı haqqında Sevda Sultanovanın qeydlərini təqdim edir.
“Mikrorayon” serialının “Slovo patsana”dan təsirlənməsi və ya onu “təqlid edib” fikri əsassızdır. Çünki yeniyetmələrin dünyası, həmin dönəmdə keçdikləri proses, müxtəlif səbəblərdən kriminal mühitə düşmələri və s. – dünya kinosunda çoxdan işlənmiş hekayələrdir.
Ən təsirli nümunələrdən biri Bunuelin “Unudulmuşlar” (1950) filmidir.
Ona qalsa, Meyrellişin “Tanrının şəhəri”, Qarronenin “Qomorra” filmləri elə “Unudulmuşlar”ın başqa versiyasıdır.
Sosial fərqləri nəzərə almasaq, dünyanın hər yerində böyümə prosesi zamanı yeniyetmələr eyni problemlərdən keçirlər: valideynlə konflikt, emosional qeyri-sabitlik, özünüaxtarış, anlaşılmama duyğusu və s. Ona görə, hansısa motivlərin, xarakterlərin, situasiyaların tanış gəlməsi normaldır.

“Mikrorayon” mental mədəniyyətimizi, sosial reallığı və çətin şərtlərdə, problemli ailələrdə böyüyən yeniyetmələrin ağrılı böyümə prosesini əks etdirən uğurlu metafordur (ssenarist Gəray Həsən, rejissor Qulu Əsəgərov).
Və vacib fikri bir daha xatırladır: görünən hər şey həqiqət deyil, övladlarınızı dinləməyi bacarın.
Adilin (Eltəkin Xan) kriminal mühitə meyl salmasında, bəlkə də, anasının ona inamsızlığı daha çox rol oynayır.
Anasının inanmadığı Adilə kriminal Azik inanır.
Azikin, çayxana epizoduna görə, müştəriləri yeniyetmələrdən üzr istəməsinə məcbur etməsi, atasız, daim tənbeh olunan uşağa hava su kimi lazımıydı. Adil evə onda qayıdır ki, ata kimi gördüyü Azik ona inanır, o, özünü təsdiq edir.
Fikir verdim, Azik obrazı sanki yunan Tanrıları kimi təsvir olunur. Rakurslar (operator Vasif Vəlizadə) onun əzəmətinə, gücünə vurğular edir. Əslində, Orxan İskəndərlinin fakturası da buna uyğun gəlir. Onu maraqlı edən, Tanrı obrazına yaxınlaşdıran cəhətlərdən biri sirri, qaranlığıdır. Onun məkanı da açılmayan daxili dünyası kimi qaranlıq təsvir olunur. Son bölümlərdən birində isə o, qapını bağlayaraq özünü qaranlığa qapadır. Sərt reallıqlarla döyülüb bərkimiş Azik kitabdan yox, həyatdan gəlmə filosofdur, təmkinlidir, mərhəmətlidir, qəddardır, cinayətkardır və ən əsası ziddiyyətlidir.
Bu obraz serial, film üçün əla materialdır.
Azik bir tərəfdən yeniyetmələrə seçim imkanı verir (yəqin ki, onlarda öz keçmişini görür), hətta Adilə zəifliyi sezilir, digər tərəfdən öz qaranlığına çəkir.
Serialda bir-birinə zidd iki ata, mentor var və onların heç biri uşaqların atası deyil: Azik və Fəridin idman müəllimi.
Son bölümlərə yaxın Azik həyat hekayəsi haqqında Adilə (əslində, tamaşaçıya) qısa danışmasa belə, onun bioqrafiyasını təxmin etmək olurdu. Belə başa düşdüm ki, Azikin müəyyən xüsusiyyətlərinin tamaşaçı tərəfindən rəğbətlə qarşılanmasından ehtiyatlanan müəlliflər, 11-ci bölümdə həbsdə olan kişinin arvadı ilə dramatik-maarifləndirici söhbətini əlavə ediblər. Ümumi strukturda epizod göydəndüşmə, dəxlisiz görünür. Buna ehtiyac yoxuydu. Çünki hekayə əsas ideyanı, fikri onsuz da çatdırır.
Azik-Kərim (Elşən Əsgərov) tandemi bir qədər “Axırıncı aşırım”da Kərbalayı – Qəmlo konsepsiyasını xatırlatdı.
Amma montaj rejissoru Fərəc Süleymanovun işini qeyd etməyə bilmərəm. Onun yaxşı mənada montaj hoqqabazlıqları, strukturla oynaması bir tərəfdən hekayənin emosional, ritmik davamlılğını qoruyurdusa, digər tərəfdən kəskin ritm kontrastları yaradırdı və heç bir halda dramaturji bütünlüyü, personajların o andakı emosional vəziyyətini pozmurdu.
Fərəc Süleymanovu istedadlı montaj rejissoru kimi yadımda saxladım. 




