“Onlar XX əsrin ən yaxşı yazıçılarıdır” – Hekayə necə yazılmalı?

Daha.az Roberto Bolanyonun qısa hekayə yazmaq barədə təkliflərni təqdim edir. 

 

Artıq qırx dörd yaşım olduğu üçün qısa hekayə sənəti barədə təkliflər verə bilərəm.

  1. Qətiyyən biroturmada bir qısa hekayə yazmağa çalışmayın. Əgər biroturmada bir qısa hekayə yazmağa çalışsanız, düzünü deməliyəm, ölənə qədər eyni qısa hekayə yaza-yaza qalacaqsınız.
  2. Ən yaxşısı biroturmada üç, yaxud dörd qısa hekayə yazmaqdır. Əgər gücünüz çatırsa, doqquz, hətta on beş dənə yazın.
  3. Diqqət: sizi biroturmada iki qısa hekayə yazmağa sürükləyən istək, biroturmada bir qısa hekayə yazmağa vadar edən qədər təhlükəlidir; hətta adamı yoldan çıxaran bu istək, əsasən aşiq və onun qoşa görünüş yaradaraq melanxoliya istehsal edən aynası arasındakı qarşılıqlı münasibətə oxşayır.
  4. Horasio Quirqo, Felisberto Hernandez və Xorxe Luiz Borxes oxumalısınız. Xuan Rulfo və Auqosto Monterroso oxumalısınız. Bu yazıçılara heyran olan qısa hekayə müəllifləri qətiyyən Xose Kamila Selanı, yaxud Fransisko Umbralı oxumayacaq; halbuki, əslində, Kortasar və Adolfo Bioy Kasares oxuyacaqlar, amma qətiyyən Sela və ya Umbral oxumayacaqlar.
  5. Birdən hələ aydın olmaz ha, bir də təkrar edim: Qətiyyən Sela ya da Umbralı oxumayın.
  6. Qısa hekayə müəllifi qətiyyətli olmalıdır. Bunu qəbul etmək çətindir, bu çox həzin həqiqətdir, amma belədir.
  7. Qısa hekayə müəllifləri Petrus Boreli (Cozef-Pyer Borel) oxumaqla fəxr edirlər. Əslində, xeyli hekayə müəllifi Boreli təqlid etməyə çalışdığı üçün dilə-dişə düşüblər. Yepyekə bir səhv! Borelin yazıçılığını yox, onun geyim-kecim tərzini təqlid etsinlər. Həqiqət budur ki, onun haqqında çox az şey bilirlər – ya da Teofil Qotye, yaxud Jerar de Nerval haqqında!
  8. Gəlin bir razılaşma edək: Petrus Boreli oxuyun, onun kimi geyinin, amma bunun yanında Jül Renarı və Marsel Şvobu da oxuyun. Xüsusilə, Şvobu oxuyun, sonra Alfonso Reyeslə davam edin, sonra isə Borxesə keçin.
  9. Əslində, hamı Edqar Punun yazdıqlarında oxunası xeyli yaxşı şey tapacaq.
  10. 9 nömrəli bənd haqqında bir az düşün. Düşünüb daşının. Hələ vaxtımız var. 9 nömrəli bənd haqqında düşünün. Kifayət qədər ətraflı düşünmək üçün dizlərinizin üstünə çöküb düşünün.
  11. Üstəlik, bir neçə tövsiyə edilən kitabı və müəllifi də oxumalısınız – məsələn, “Peri hypsous” – müəllifi aristokrat Psevdo-Longin; Lord Bruk tərəfindən bioqrafiyası yazılan, bəxtsiz, ancaq cəsur Filip Sidninin sonetləri; Edqar Li Mastersin yazdığı “The Spoon River Anthology” (1916), Enrike Vila -Matasın yazdığı “İbrətlik hekayələr” (1991), Xavier Mariasın yazdığı “Qadınlar yatarkən” (1990).
  12. Bu kitabları oxuyun, bir də, Çexovu və Reymon Karveri oxuyun, çünki ikisi də XX əsrin ən yaxşı yazıçılarıdır.

 

Tərcümə edən: Qismət

OXŞAR XƏBƏRLƏR