Süni zəka terapevtinə güvənən qadın intihar edib

ABŞ-da gənc bir qadının “Harry” adlı süni zəka terapevti ilə danışdıqdan sonra intiharı müzakirələrə səbəb olub.

Daha.az xəbər verir ki, “New York Times”a danışan anası Laura Reiley 29 yaşlı qızı Sofinin həyat dolu və sağlam görünüşlü biri olduğunu, lakin ötən qış yaşadığı ani ruhi sarsıntı nəticəsində intihar etdiyini bildirib.

Ananın əldə etdiyi qeydlərə əsasən, məlum olub ki, “Harry” adlı süni zəka botu gənc qadına ümidverici sözlər yazsa da, real terapevtlərin edə biləcəyi müdaxilələri edə bilməyib. Terapevt riskli hallarda xəbərdarlıq etmək və xəstəni qorumağa görə məsuliyyət daşıyır. Lakin süni zəka sistemlərinin belə bir öhdəliyi, “Hippokrat andı” yoxdur. Anaya görə, əgər Sofi süni zəka deyil, peşəkar terapevtlə danışsaydı, xəstəxanaya yönləndirilə və həyatını xilas etmək mümkün ola bilərdi.

Sofi isə hər zaman “hazır və mühakimə etməyən” bir robotla danışmağı seçmişdi.

Mütəxəssislər də xəbərdarlıq edir ki, bəzi şirkətlər süni zəka terapevtlərini yeni bazar fürsəti kimi görsə də, bu texnologiya böhran anlarında istifadəçiləri real yardım kanallarından uzaqlaşdıra bilər.
Hadisə ABŞ-də süni zəka təhlükəsizliyi ilə bağlı ciddi tənzimləmələrin olmaması nəticəsində baş verib. Tramp administrasiyası isə yaxın zamanda bu mövzuda məhdudiyyətlər tətbiq etməyəcəyini açıqlayıb. Əksinə, “innovasiyaya mane olan məhdudiyyətlərin qaldırılacağı” vurğulanıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, süni zəka botlarının nəzarətsiz şəkildə “terapevt” kimi istifadəsi real həyatda ağır nəticələrə yol aça bilər.

OXŞAR XƏBƏRLƏR