DAHA.az filologiya elmləri doktoru Səfa Qarayevin “Süni intellekt dövründə insanlığın seçim strategiyası: yeni Babil, yoxsa Yerusəlim?” adlı essesini təqdim edir.
(Papa XIV Leonun xəbərdarlıqları və Claude Lévi-Straussun düşüncələri işığında)
Bu yaxınlarda yayımlanan Papa XIV Leonun “İnsanlığın əzəməti: Süni İntellekt Dövründə İnsan Şəxsiyyətinin Qorunması Haqqında” adlı ensiklik məktubunda, adından da göründüyü kimi, insanlıq kontekstində süni intellekt məsələsinə geniş yer ayrılmışdır. Mətndə süni intellektin insan iradəsi, qərarvermə qabiliyyəti və varlıq olaraq təbiətinə təsirlə bağlı ciddi narahatlıq təqdim olunur.
Xüsusilə, insanın öz yaratdığı texnoloji sistemlərlə münasibəti, bu prosesin insanın özünü dərk etməsinə təsiri və yeni humanitar transformasiyalar doğura biləcəyi ehtimalı Papanın xüsusi olaraq diqqət mərkəzindədir. Müraciətdə istifadə olunan metaforalar və simvolik qarşılaşdırmalar xüsusi diqqət çəkir.
Papanın toxunduğu məsələlər bütövlükdə müasir insanın taleyi, azadlığı, ləyaqəti və gələcəyi ilə bağlıdır. Məhz buna görə ensiklikada (Papanın müəyyən bir məsələ ilə bağlı rəsmi mövqeyini əks etdirən məktub janrı) irəli sürülən bəzi fikirlər dini-sakral məzmunundan daha çox, insanlıq probleminin ifadəsi baxımından maraq doğurur.
Ensiklik məktubda qeyd edilir: “Tanrı tərəfindən bütün əzəməti ilə yaradılmış bəşəriyyət bu gün həlledici bir seçim qarşısındadır: ya yeni bir Babil qülləsi inşa edəcək, ya da Tanrı ilə insanın birlikdə yaşadığı şəhəri quracaqdır. Hər bir nəsil öz dövrünü formalaşdırmaq, tarixi hər bir insanın ləyaqətinin qorunduğu, ədalətin təşviq edildiyi və qardaşlığın mümkün olduğu bir məkana çevirmək vəzifəsini miras alır. Bununla belə, hər bir dövr daha qeyri-insani və daha ədalətsiz bir dünya yaratmaq təhlükəsini də daşıyır. Bəşəriyyət öz həqiqi kimliyini təhrif etmək təhlükəsi ilə üzləşdiyi zaman biz xristianlar nəzərlərimizi Cismləşmiş Tanrıya yönəldirik, çünki bilirik ki, “yalnız cismləşmiş Kəlamın sirrində insanlığın sirri həqiqi şəkildə aydın olur”.
İsa Məsihdə bu əzəmətli insanlıq Yol, Həqiqət və Həyat olur və hər birimiz üçün kamilliyə doğru yüksəliş yolunu açır.” (Leo XIV. (2026, May 15). Papa qeyd edir ki, Kilsə insanlığın qarşısında duran problemləri bütün insanlarla birlikdə müzakirə etmək və ümumi rifah naminə yeni yollar axtarmaq istəyir. Bu məqsədlə mətndə XIII Leonun “Yeni şeylər haqqında” (“Rerum Novarum”) ensiklikasına müraciət edərək bildirir ki, hər dövr özünün “yeni problemləri” ilə üzləşir. Bu gün isə həmin yeni məsələlərin mərkəzində rəqəmsallaşma, süni intellekt və robot texnologiyaları dayanır. Papa texnologiyanı insanlığa qarşı duran bir qüvvə kimi deyil, insan tarixinin ayrılmaz hissəsi kimi qiymətləndirir.
Bununla belə, o vurğulayır ki, texnologiyanın gücü sürətlə artır və bu gün “bəşəriyyət heç vaxt öz üzərində bu qədər böyük gücə malik olmamışdır”. Buna görə də yalnız hüquqi tənzimləmə kifayət etmir. Texnoloji gücün kimlərin əlində cəmləşdiyi və hansı məqsədlərlə istifadə olunması məsələsi də diqqət mərkəzində saxlanmalıdır. Papa xüsusilə qeyd edir ki, bu gün texnoloji inkişafın əsas istiqamətverici qüvvələri çox zaman dövlətlər deyil, böyük özəl və transmilli qurumlardır. Buna görə də o, cəmiyyəti baş verən dəyişikliklərin mənəvi və mədəni kökləri üzərində düşünməyə çağırır və bu kontekstdə üç əsas sual irəli sürür: “Biz hara gedirik?”, “Özümüzü hansı məqsədə doğru yönəltmək istəyirik?” və “İnsan birliyi olaraq hansı istiqaməti seçməliyik?” Məhz bu suallara cavab axtararkən Papa iki mühüm metaforaya müraciət edir. O yazır: “Bu suallara cavab vermək və süni intellekt dövründə məsuliyyətli şəkildə necə hərəkət etməli olduğumuzu müəyyənləşdirmək üçün Müqəddəs Kitabdan iki səhnəni xatırlatmaq istəyirəm: Babil qülləsinin tikilməsi və Yerusəlim divarlarının yenidən qurulması”. Babil hekayəsi Yaradılış kitabında, bəşəriyyət tarixinin başlanğıc mərhələsində, Nuhun oğullarının nəsil şəcərəsindən dərhal sonra təqdim olunur.
Şinar torpağında yerləşən düzənlikdə məskunlaşdıqdan sonra insanlar “başı göylərə çatan” bir şəhər və qüllə tikməyə qərar verdilər. Yer üzünə səpələnməkdən ehtiyat edərək özləri üçün sabitlik və güc təmin etmək, hər şeydən əvvəl isə “özlərinə ad qazanmaq” istəyirdilər. Daha sonra Papa bu təşəbbüsü belə xarakterizə edir: “Bu, həqiqətən təsirli bir təşəbbüs idi: vahid dil, vahid texnologiya, vahid istiqamət”. Lakin bu layihə öz daxilində dərin bir təhlükə daşıyırdı. Bu, Tanrıya istinad edilmədən düşünülmüş, müxtəlifliyi aradan qaldıran və birlikdən daha çox eyniləşdirməyə üstünlük verən bir layihə idi. Şəhər qürur və özünəyetərlik iddiası üzərində qurulduqda ünsiyyət pozulur, dillər qarışır və insanlar artıq bir-birini başa düşmürlər. Nəticədə birlik deyil, dağınıqlıq yaranır. Beləliklə, Babil göstərir ki, nə qədər möhtəşəm görünsə də, özünütəsdiq üzərində qurulan, insan ləyaqətini səmərəliliyə qurban verən və Tanrının xeyir-duası olmadan göylərə yüksəlməyə çalışan hər bir təşəbbüsün öz sərhədləri vardır. Onun burada demək istədiyi fikrin daha yaxşı anlaşılması üçün “Babil qülləsi” hekayəsini təqdim edirik: “Bütün dünyada bir dil və bir danışıq var idi.
İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar. Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər. Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq». Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi. Rəbb dedi: «Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq. Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər». Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı. Buna görə də o yerin adına Babil dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.” (Müqəddəs Kitab. (2008) s. 18).
ğDaha sonra Papanın müraciətində qeyd edilir ki, Bunun əksinə olaraq, “Nehemya kitabı qədim İsrail tarixinin son dərəcə həssas bir dövründə başlayır. Babil sürgünündən sonra xalqın bir hissəsi Yerusəlimə qayıtmışdı, lakin şəhər hələ də viran vəziyyətdə idi, divarlar uçmuş, darvazalar yanmışdı. Fars hökmdarı Artakserksin xidmətində olan yəhudi Nehemya ata-baba şəhərinin acınacaqlı vəziyyəti barədə xəbər aldı. Hərəkətə keçməzdən əvvəl o, oruc tutdu, dua etdi və xalq üçün şəfaətçi oldu. Sonra hökmdardan Yerusəlimə qayıtmaq üçün icazə aldı və şəhərə gəldikdən sonra dağıdılmış əraziləri səssizcə nəzərdən keçirdi. Nehemya yuxarıdan hazır həllər tətbiq etmədi. Ailələri bir yerə topladı, divarın müəyyən hissələrini onların hər birinə tapşırdı, narahatlıqlarını dinlədi, səylərini əlaqələndirdi və müqavimət göstərənlərlə məşğul oldu. Bu hekayə göstərir ki, şəhər bir nəfərin təşəbbüsü ilə deyil, hamının ortaq məsuliyyəti nəticəsində yenidən dirçəlir. Kişilər, qadınlar, kahinlər, sənətkarlar, ailə başçıları və gənclər – hamısı bu işdə iştirak edir” (Leo XIV. (2026, May 15).
Papa Nehemya hekayəsini şəhərin yenidən qurulmasının Tanrı iradəsinə əsaslanan kollektiv fəaliyyət nümunəsi kimi təqdim edir. Burada əvvəlcə insanlar arasındakı münasibətlər bərpa edilir, yalnız bundan sonra daşlardan divarlar ucaldılır. Beləliklə, qədim Yerusəlim yenidən ortaq bir dil tapır. Bu, eynilik dili deyil, birlik və ünsiyyət dilidir, yəni hər bir insanın öz rolunu qəbul etdiyi və öz gücünün mənbəyinin Rəbb olduğunu dərk etdiyi zaman yaranan harmoniyanın dilidir.
Məhz bu kontekstdə Papa “Babil sindromu”ndan uzaq durmağa çağırır. Bu sindrom zəifləri qurban verən mənfəət bütpərəstliyini, fərqlilikləri neytrallaşdıran vahidləşdirməni və hətta rəqəmsal dil olsa belə, vahid bir dilin insan şəxsiyyətinin sirri də daxil olmaqla hər şeyi məlumatlara və performans göstəricilərinə çevirməyə qadir olduğu iddiasını ifadə edir. Bu gün isə həmin narahatlıq texnologiya formasında insanlığın qarşısına çıxmışdır. Papa “Nehemya yolunu” seçməyi təklif edir. Bu yol sürgündən qayıdanlar üçün Tanrı şəhərini təhlükəsiz bir məkana çevirmək məqsədilə birlikdə çalışmağın əhəmiyyətini ön plana çıxarır. Bu gün yenidən qurmaq o deməkdir ki, bəzən müxtəlif dillərin yaratdığı qarışıqlığı xatırlatsa da, məhz fərqli səslərin və baxışların çoxluğundan yeni və ümidverici bir imkan doğur. Bu birlikdə qurmaq, müxtəlifliyi bir resursa çevirmək, dinləmə və dialoqu ədalət və qardaşlığın inkişaf etdirilə biləcəyi ortaq zəminə çevirmək imkanıdır.
Müraciətdə Papa XIV Leonun əsas məqsədi süni intellekti qəti şəkildə rədd etmək deyil, onun insanlıq üçün yarada biləcəyi risklərə diqqət çəkməkdir. Lakin qeyd edilir ki, süni intellekt texnologiyalarının sürətli inkişafı ilə birlikdə insanın ləyaqətinin və şəxsiyyətinin texnoloji məntiqə tabe etdirilməsi təhlükəsi də meydana çıxır. Müasir rəqəmsal sistemlər insanın çoxölçülü mahiyyətini ölçülə bilən göstəricilər çərçivəsində qiymətləndirməyə meyil göstərir. Bu prosesin daha radikal formalarından biri insan təbiətinin texnoloji vasitələrlə yenidən formalaşdırılması ideyası ilə bağlı məsələdir.
Papa XIV Leonun narahatlıq doğuran məsələlərdən biri kimi diqqət çəkdiyi başqa bir istiqamət isə transhumanizm və posthumanizm ideyalarıdır. O qeyd edir ki, müasir texnoloji düşüncə bəzən texnologiyanı insan həyatını yaxşılaşdıran vasitə kimi deyil, insanın öz bioloji və mənəvi məhdudiyyətlərini aşaraq yeni bir varlıq formasına çevrilməsi layihəsi kimi təqdim edir. Bu kontekstdə Papa xəbərdarlıq edir ki, insanın dolğun həyata olan təbii arzusu “bütün zəifliklərdən azad edəcəyini vəd edən texnologiya perspektivi” (Leo XIV. (2026, May 15) kimi aldadıcı məqsədlər tərəfindən yönləndirilə bilər. Belə bir yanaşmada insanın məhdudluğu və zəifliyi aradan qaldırılmalı qüsur kimi təqdim olunur. Halbuki ensiklikada vurğulanır ki, insan ləyaqəti onun texniki cəhətdən yenidən qurulmasında deyil, insan olmasının özündədir. Bu səbəbdən texnologiyanın insanın xidmətində qalması, insanın isə texnoloji layihələrin obyektinə çevrilməməsi xüsusi əhəmiyyət daşıyır.
Papa XIV Leon qeyd edir ki, bəşəriyyətin öz nailiyyətlərinin qurbanına çevrilməsi təhlükəsi hələ VI Pavel tərəfindən aydın şəkildə dərk edilmişdi. VI Pavel xəbərdarlıq edirdi ki, “ən qeyri-adi elmi tərəqqi, ən heyrətamiz texniki nailiyyətlər və ən təsirli iqtisadi inkişaf, əgər həqiqi mənəvi və sosial tərəqqə ilə müşayiət olunmazsa, uzunmüddətli perspektivdə insanın öz əleyhinə çevriləcəkdir” (Leo XIV. (2026, May 15).Qeyd edilir ki, ““Bu səbəbdən texnoloji tərəqqi özlüyündə dəyərli olsa da, onu istiqamətləndirən antropoloji baxışın və xidmət etdiyi məqsədlərin diqqətlə dəyərləndirilməsini tələb edir.” (Leo XIV. (2026, May 15). Ensiklikada vurğulanır ki, texnoloji inkişaf etik və sosial inkişafla paralel getmədikdə, nəticədə insanlığın inkişafı olmadan vasitələrin artması baş verir.
Papa bunu VI Pavelin məşhur ifadəsi ilə desək, “daha çox şeyə sahib olmaq” ilə “daha kamil insan olmaq” arasındakı tarazlığın pozulması kimi xarakterizə edir. Belə bir vəziyyətdə insanın dəyəri onun şəxsiyyəti, mənəvi zənginliyi və ləyaqəti ilə deyil, əsasən ortaya qoyduğu nəticələr, məhsuldarlıq göstəriciləri və istehsal etdiyi fayda əsasında ölçülməyə başlayır. Bu isə texnoloji tərəqqənin insanın inkişafına deyil, insanın texnoloji və iqtisadi meyarlar çərçivəsində qiymətləndirilməsinə xidmət etməsi təhlükəsini ortaya çıxarır. Bu isə insanın çoxölçülü təbiətinin sadələşdirilməsi və onun yalnız hesablana bilən xüsusiyyətlərlə məhdudlaşdırılması riskini yaradır (Leo XIV. (2026, May 15)
Papa bu təhlükəni yenidən “Babil sindromu” anlayışı ilə əlaqələndirir. Mətndə qeyd edilir ki, hətta rəqəmsal texnologiyalar da insan şəxsiyyətinin bütün sirrini və zənginliyini tam şəkildə ifadə edə bilməz.
Müraciətdə xüsusi vurğulanan digər məqam yeni köləlik formalarının meydana çıxmasıdır. Papa hesab edir ki, texnologiya azadlıq vəd etdiyi halda, bəzi hallarda yeni asılılıq və tabeçilik münasibətləri yarada bilər. İnsanların davranışlarının alqoritmlər vasitəsilə istiqamətləndirilməsi, məlumatların iqtisadi resursa çevrilməsi, görünməz rəqəmsal əmək formalarının yayılması və texnoloji gücün məhdud sayda qurumların əlində cəmləşməsi bu təhlükənin əsas təzahürləri kimi təqdim olunur. Bu vəziyyət texnologiyanın ümumi rifaha deyil, müəyyən qrupların maraqlarına xidmət etməsi riskini artırır.
Papa üçün başqa bir təhlükə isə insansızlaşmadır. Onun fikrincə, texnologiyanın inkişafı insanı daha azad və daha ləyaqətli etməlidir. Əgər texnologiya insanı məqsəd deyil, vasitə kimi qəbul etməyə başlayırsa, bu zaman bəşəriyyət öz əsas mənəvi dayaqlarından uzaqlaşır. Buna görə də müraciətdə süni intellektə qarşı deyil, insanın texnologiya qarşısında öz ləyaqətini, azadlığını, mənəvi zənginliyini və müxtəlifliyini qoruyub saxlaması naminə ehtiyatlı yanaşmaya çağırış edilir.
Papa XIV Leonun diqqət çəkdiyi başqa bir mühüm təhlükə isə süni intellektin ictimai kommunikasiya və həqiqət anlayışı üzərində yaratdığı təsirlərdir. Ensiklikanın sonrakı hissələrində qeyd edilir ki, rəqəmsal platformalar və süni intellekt sistemləri ictimai və siyasi ünsiyyət sahəsində dərin dəyişikliklər yaradır. Onun fikrincə, əslində dialoq və iştirak imkanlarını genişləndirə biləcək texnoloji vasitələr çox vaxt “təhrif olunmuş narrativlər” yaratmaq, “həqiqət və yalan arasındakı sərhədləri bulanıqlaşdırmaq, faktları rəylərlə qarışdırmaq” məqsədilə istifadə olunur. Papa vurğulayır ki, dezinformasiya süni intellektlə başlamamışdır, lakin bu gün süni intellekt həmin proses üçün olduqca güclü bir gücləndirici vasitəyə çevrilmişdir.
Xüsusilə, mətn, şəkil və videoların manipulyasiya edilməsinin asanlaşması insanların qərəzli və ya yanlış təqdim edilmiş informasiya ilə qarşılaşması riskini artırır. Bu səbəbdən müəllif hesab edir ki, həqiqət yalnız texniki və ya alqoritmik nəzarətin məhsulu deyil. O, mənbələrin yoxlanılması, məsuliyyətli mühakimə və ictimai etimad üzərində qurulan ortaq bir dəyərdir. Buna görə də süni intellekt dövründə əsas vəzifələrdən biri həqiqətin ümumi rifahın vacib elementi kimi qorunmasıdır.
Diqqətəlayiqdir ki, ensiklikada qaldırılan problemlərin əksəriyyəti texnologiyanın özündən deyil, onun arxasında duran antropoloji baxışdan qaynaqlanır.
Bütün bu qeyd edilənlər Claude Lévi-Straussun “Müasir dünyanın problemləri qarşısında antropologiya” əsərində irəli sürdüyü fikirləri xatırladır. Bu səbəbdən həmin antropoloji düşüncə istiqamətinin yeni səhifələrinin daha ciddi əsaslar üzərində yazılmasına ehtiyac vardır. Lévi-Strauss elmi və texniki tərəqqinin yaratdığı yeni vəziyyəti dəyərləndirərkən yazırdı:“Elm və texnika fiziki və bioloji dünya haqqında biliklərimizi son dərəcə artırmışdır. Heç bir şübhə yoxdur ki, bunlar insana təbiət qarşısında böyük güc qazandırmışdır. Bununla belə, bu gücü əldə etmək üçün ödəməli olduğumuz bədəlin böyüklüyünü yalnız indi-indi anlamağa başlayırıq” (Levi-Strauss, C. (2012). s. 14).
Bu fikir Papa XIV Leonun müraciətində ifadə olunan narahatlıqlarla eyni istiqamətdədir. Ensiklikada da texnologiyanın imkanları inkar edilmir. Əksinə, onun insan həyatını yaxşılaşdırmaq gücünə malik olduğu qəbul edilir. Lakin Papa eyni zamanda xəbərdarlıq edir ki, insan öz yaratdığı texnologiyanın gücü qarşısında özünü itirmək təhlükəsi ilə də üz-üzə qala bilər. Müvafiq fikir hələ süni intellekt texnologiyalarının bu qədər yayğın olmadığı dövrdə belə Lévi-Strauss klassik elmin inkişafı haqqında söyləmişdir: “Bu nailiyyətlər insanların əlinə nəhəng məhvetmə vasitələri verir və onlar istifadə edilməsələr belə, sadəcə mövcudluqları ilə növümüzün yaşamaq şansını təhlükə altına qoyurlar.” (Levi-Strauss, C. (2012) s 14). Bu müşahidə süni intellekt dövründə yeni məna qazanır.
Papa XIV Leonun “Babil sindromu” adlandırdığı vəziyyət də məhz texnoloji gücün insan ləyaqətindən üstün tutulması təhlükəsinə işarə edir. Ensiklikada vurğulanır ki, insan şəxsiyyətinin sirri məlumatlara və performans göstəricilərinə tabe etdirilə bilməz. Texnologiya insanın xidmətində qalmalı, insan texnologiyanın xidmətçisinə çevrilməməlidir. Lévi-Strauss yeni elmi paradiqma qarşısında ənənəni genişləndirməyi təklif edirdi. O yazırdı: “Həmçinin, uzun müddət ərzində etibar edilən və heç vaxt kəsintiyə uğramayacağı düşünülən maddi və mənəvi tərəqqiyə inam da bu gün özünün ən dərin böhranını yaşayır. Qərb tipli sivilizasiya vaxtilə özü üçün yaratdığı modeli artıq itirmişdir və həmin modeli digər sivilizasiyalara nümunə kimi təqdim etmək imkanına malik deyildir. Belə isə, nəzərlərimizi başqa istiqamətə yönəldərək insan vəziyyəti haqqında düşüncələrimizin həbs olunduğu ənənəvi çərçivələri genişləndirməyin vaxtı çatmayıbmı? Uzun müddətdir sıxışıb qaldığımız dar üfüqə məxsus sosial təcrübələrlə kifayətlənmək əvəzinə, daha müxtəlif və fərqli təcrübələri də bu düşüncələrin daxilinə qatmaq lazım deyilmi?
Qərb tipli sivilizasiyalar öz kökləri daxilində yeni imkanlar tapa bilmədikləri zaman, yaxın keçmişə qədər təsiri altına ala bilmədikləri və uzun müddət yuxarıdan baxdıqları sadə və təvazökar cəmiyyətlərdən həm ümumən insanlıq, həm də özləri haqqında yeni biliklər əldə edə bilməzlərmi? Son iyirmi-otuz il ərzində mütəfəkkirlərin, alimlərin və ictimai fəaliyyət adamlarının irəli sürdükləri suallar məhz bunlardır. Onlar bu sualları antropologiyaya yönəltmişlər; çünki çağdaş dünyaya fokuslanan digər sosial elmlər bu məsələlərə qənaətbəxş cavab verə bilməmişdir. Bəs uzun müddət kölgədə qalmış və indi bu suallar barədə söyləyəcək sözünün ola biləcəyini anladığımız həmin elm sahəsi – antropologiya əslində nədir? ” (Levi-Strauss, C. (2012) s. 15-16). Biotexnoloji inkişaf kontekstində ənənə özü yeni suallar qarşısında qalmışdır: məs., bioloji ananınmı, yoxsa daşıyıcı ananınmı ana kimliyini daşımalı olması ilə bağlı hüquqi, psixoloji və əxlaqi suallara aydın cavabın olmadığı dövrdə (Levi-Strauss, C. (2012).s.46-47) süni zəka insanlığı “problemlər paketi” ilə üz-üzə qoyma perspektivi vəd edir. Bu halda antropologiya elmi fəlsəfə ilə təmasda daha böyük suallara cavab vermək reallığı ilə üz-üzə qalacaqdır və ya artıq qalmışdır.
Bu baxımdan süni intellekt problemi yalnız texnologiya problemi deyil. O, insanın özü haqqında düşüncəsi və seçiminin gələcəyi ilə bağlı problemdir. Papa XIV Leonun ensiklikası da, Lévi-Straussun antropoloji çağırışı ilə səsləşir: insanın yaratdığı gücün miqyasından daha vacib olan məsələ insanın özünü necə dərk etməsidir. Elə bir dövrdə yaşayırıq ki, süni intellekt texnologiyası ilə sabahımız heç bir halda dünənimiz kimi olmayacaq. Bu vəziyyəti təhlil edən akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev yazırlar ki, “Görünür ali intellekt sahibi olan insan elə öz ağlı, öz əli ilə ‘cini şüşədən buraxıb’ və onun yenidən fəth olunması, ‘şüşəyə qaytarılması’ qeyri-mümkün olacaqdır” (Əliquliyev R.,Alıquliyev R.(2026, 22 may).
Buna görə də müasir dünyanın problemləri qarşısında sosial antropologiyanın yeni səhifələrinin açılması zərurətə çevrilir. Çünki artıq söhbət yalnız texnologiyanın imkanlarından getmir, məsələ insanın özünü hansı dünyaya doğru daşımasıdır. Papa XIV Leonun dediyi kimi dilemma o dərəcədə qətidir ki, ya məhvə səbəb olan Babil qurulacaq, ya da insan ləyaqətini qoruyan yeni Yerusəlim.
__________
Ədəbiyyat
Əliquliyev, R., Alıquliyev, R. (2026, 22 may). Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru – İnsan “cini şüşədən buraxıb”, deyəsən!. https://science.gov.az/az/news/open/36159
Leo XIV. (2026, May 15). Magnifica Humanitas: Encyclical letter on safeguarding the human person in the time of artificial intelligence. The Holy See. https://www.gallardoprovince.org/wp-content/uploads/2026/05/Encyclical-Letter-of-His-Holiness-Leo-XIV-Magnifica-Humanitas-15-May-2026.pdf
Levi-Strauss, C. (2012). Modern dünyanın sorunları karşısında antropoloji (Tərc.A. Terzi,). İstanbul: Metis Yayınları.
Müqəddəs Kitab. (2008). Azərbaycan dilində Müqəddəs Kitab. Bible Society of Azerbaijan & Institute for Bible Translation.


