Tanrı ölübsə, məzarı hanı? – Aqşin Yenisey

DAHA.az Aqşin Yeniseyin “Tanrı ölübsə, məzarı hanı?” adlı məqaləsini təqdim edir. 

 

“Biz tanrının öldüyünü bilirik, bəs özü?”

                                              Slavoy Zizek

…çox keçmədən aydın oldu ki, “ölən” tanrının özü deyilmiş, maarifçilər tanrının müqəvvasını daş-qalaq edirmişlər. İndi isə aydın olmayan zehni bir bulanıqlıq içindəyik; biz bu gün tanrının özünəmi inanırıq, müqəvvasınamı? Amma bir məsələ artıq qətidir: Dinə tanrının özü lazım olduğu kimi, mədəniyyətə onun müqəvvası lazımdır.

Din və mədəniyyət dedikdə biz dərhal yada düşən qorxu və sevgi hisslərindən danışmayacağıq. Bu hisslərdən bizdən öncəkilər kifayət qədər danışıb. Məsələn, Mövlana insanın metafizik himayəyə sığınmaq ehtiyacını qarşılıqlı sevgi hissiylə süsləyib, onun avropalı kolleqası Makiavelli isə qorxu hissini ən başa keçirib. Biz din və mədəniyyət dedikdə insanın antropoloji özəlliklərini yaradan maraq, şübhə və inam duyğularından bəhs edəcəyik. Ona görə ki, maraq, şübhə və inam bütün canlılara xas olan emosional bir tərkibdir. Qarğalar hər yeni gördükləri obyektə maraq göstərib, addım-addım ona yaxınlaşarlar, əti ov qəniməti olan bütün heyvanlar ömürlərini ətraf aləmə şübhə edərək keçirərlər, itlər və atlar isə öz sahiblərinə dərin bir sədaqət duyğusuyla başlanıb onlara şəksiz bir inam bəslərlər. “Sədaqət itlərin dinidir” deyə məşhur bir söz də var ortalarda.

İnsan maraq etdikdə elmin ərazilərinə girmiş olur; kəşf, ixtira, icad, maraq hissinin törəmələridir. Şübhə insanı fəlsəfənin ərazilərinə cəsarətləndirir. Maraq və şübhənin axtarışlarının nəticəsini bəri başdan hazır şəkildə insana təqdim edən digər duyğu isə inamdır. İnanan insanda maraq və şübhə duyğusu sıfırlanır. İnanan özünü həqiqətə çatmış zənn edir. İnanan insan elmin və fəlsəfənin ərazilərinə daxil olmadan birbaşa dinin torpaqlarında mülk sahibi olur. Din vasitəsilə insan bütün səbəblərin səbəbinə – tanrıya sahiblənir. Kainatdakı bütün yaradılışın sahibi olmaqla yanaşı, tanrı həm də insanın sahibləndiyi metafizik bir obyektdir. Hətta Spinoza kimi düşünsək, o heç metafizik də deyil, tamamilə fiziki bir obyektdir. Spinozaya görə, təbiət tanrının bədənidir.

İnsanla tanrı arasındakı, adətən, gizli, bəzən isə açıq-aşkar şəkildə baş verən münaqişə də bu sahiblənmək məsələsinə görə alovlanır. Çünki tanrı hər şeyin sahibidirsə, hər bir varlığın həyatındakı neqativləri də o aradan qaldırmalıdır. O niyə Avropadakı, ABŞ-dəki uşaqların yemək istəmədikləri yeməkləri Afrikada aclıq çəkməkdən qarınları kürəklərinə yapışmış uşaqlara göndərmir? Niyə yer üzündə haqq-ədalət məsələlərinə biganədir? Niyə kasıbın gözünün ağı-qarası eşşəyini də canavara yem edir, amma varlının bahalı avtomobil kolleksiyasına bir cızğın belə düşməsinə icazə vermir və s..?

İnsanın əzablarının yanında deyil, tanrının qüdrətinin yanında dayanıb oradan danışmağı sevən teoloqlar bu cür asi sualların cavabını belə verirlər ki, tanrının mütləqiyyəti, nə qədər xeyirxah olsa da, despotik bir mütləqiyyət deyil; Tanrı dünyanın, insanın olduğu kimi olmasına icazə verən bir gücdür. Tanrı yaradıcıdır, amma yaratdığının sahibi deyil. Yaratmaq sahiblənmək anlamına gəlmir, yaradıcılıq sahiblənməyin ziddidir. Sadələşdirsək, belə deyə bilərik; bir müəllif çap edib oxucunun qoltuğuna verdiyi əsərinə kənardan nə qədər müdaxilə etmək şansına sahibdirsa, tanrı da yaratdığı dünyaya sonradan müdaxilə etmək şansına o qədər sahibdir. Yəni tanrı dünyanı yaratmaqla, həm də ondan uzaqlaşmışdır. Dünya tanrı üçün, tanrı dünya üçün yoxdur. O zaman başqa bir sual çıxır ortaya: Əgər tanrı yaratdığı dünyaya müdaxilə etmək şansına sahib deyilsə, ona inanmağın və güvənməyin nə faydası var? Bu sual bizi inamın ərazisindən çıxarıb yenidən marağın və şübhənin ərazilərinə göndərir. İnsanı öz gücünə, özünün yaratdıqlarının faydasına inanmağa və güvənməyə məcbur edir. İnsan da onu tərk etmiş tanrını tərk edir. Mədəniyyət bu qarşılıqlı tərketmədən sonra başlayır. Amma bu dediklərimiz dünyaya müdaxilə edə bilməyən tanrının yerinə insan ağılını təklif edən intellektual azlıq üçün keçərlidir. Bu azlıq üçün din də mədəniyyətin bir növüdür. Xalq kütlələri isə mədəniyyəti, adətən, folklorlaşdıqdan, anlaşılması zehni zəhmət tələb etmədikdən sonra anlamağa və qəbul etməyə başlayır. Simfonik musiqi xalqın qarşısına Məşədi İbadı dingildədən oyun havası kimi çıxmalıdır ki, xalq onu anlaya bilsin. Necə ki, mifologiya xalqın qarşısına din şəklində çıxır. Çünki dindən fərqli olaraq mif xalqın arasına enmir, xalqın arasına enən mif isə lənətlənir. Tanrıların odunu oğurlayıb xalqa gətirən Prometey kimi. Xalqın dini canından, dövlətindən, millətindən çox sevməsinin səbəbi də xoş gündə də, pis gündə də onu yanında hazır dayanmış görməsidir. Din hətta öləndə də insanı tək qoymur, ölənə qoşulub o dünyaya yollanır, onun o dünyada yerbəyer olması işləriylə uğraşır. Mif və mədəniyyət insana qarşı bu qədər səmimi və canıyanan deyillər. Mədəniyyət də mif kimi kaprizlidir, daha çox özüylə məşğuldur. Mədəniyyət deyir: “Həndəsə bilməyənlər içəri girməsin”. Din isə car çəkir: allahın evinin qapısı hər kəsin üzünə açıqdır. Dinin xalq üçün digər cazibədar tərəfi müqəddəsləşdirilmiş törə adətləri olmasıdır. Dindəki universal dəyərlər mədəniyyətdən plagiatdır, plagiat olduğu üçün də, Aqambenin təbirincə desək, fövqəlada hal vəziyyətində ayaqlar altına atıla bilir. Qılınclarının sayı az olan Məkkə dövründə ayələri “öldürmə” deyən müqəddəs kitab, qılınclarının sayı çox olduğu Mədinə dövründə mədəniyyətdən köçürdüyü bəşəriliyi unudub “öldürün” deyərək özü-özünü təkzib edə bilir.

Sıravi insanlar kimi, bəzən filosoflar, yazıçılar, alimlər də dinlə inancı fərqləndirə bilmirlər və iddia edrlər ki, dini mədəniyyətə və yaxud mədəniyyəti dinə qarşı qoymaq düzgün yanaşma deyil. Din və mədəniyyət bir-birini dəstəkləyən, gücləndirən, rahatlıqla bir-birinin evində gecələyən iki əqraba kimidir. Halbuki mədəniyyətin evində gecələyən əqrabanın adı din deyil, inancdır. Elə bir inanc ki, dinlər olmayanda da vardı, dinlər olmasa da var olacaq. İnanc ibtidai duyğu olmaqla yanaşı, dünyəvidir. Dindən fərqli olaraq ilahiliyin insaniliyə endirişidir. Mental tərkibi yoxdur. İddiasız və mütəvazidir. İnanc musəvidə də, müsəlmanda da, xristianda da eyni olandır. Dinin özünə həbs etdiyi fəlsəfəni, sənəti ayırıb onlara yenidən müstəqillik verən islahatçı bir təbiətə sahibdir. İslam dinin ən böyük qorxusu inancsızlar deyil, inanclılardır. Çünki o, ortancıl qardaşı xristianlığı islahatlarla zəiflədənlərin, taqətdən salanların inancsızlar deyil, inanclılar olduğunu gözüylə görüb. Nə Martin Lüter, nə Jan Kalvin, nə də xristinalığı dünyəviləşdirən digərləri inancsız idilər. Din mədəniyyətə yenilirsə, bu, inancın sayəsində mümkün olur. Dinin gözündə inanc mədəniyyətə işləyən bir casusdur. Azərbaycan məscidlərində kitabxana yaradılmasını təklif edən inancdır, bu təklifi süngü ilə qarşılayan dindir. Millət vəkili Fazil Mustafanın qəlbindəki inancdır, ona güllə atanın içindəki dindir. Çox vaxt dinin öldürmək istədiyini inanc qoruyur. Xristianlıq dövlət gücünü ələ keçirdikdən sonra ilk işi yunan-Roma dövründən qalan Afina məktəblərini bir-bir bağlamaq oldu. Bununla da Roma mədəniyyəti çökdü, xristianlıq pöhrə verdi. Bu qısa izahdan sonra qəti şəkildə elan edə bilərik: Din mədəniyyətin dostu yox, düşmənidir. Mədəniyyətin dostu inancdır. Və mədəniyyət dinin içində var olan bir şey deyil, onun qarşısında var olan alternativdir. Mədəniyyətin inkişaf etdiyi regionlara baxın, orada din öz qəfəsinə qapadılıb, amma inanc azaddır. Axundovun fikirlərini dövrünün mətbuatında dəstəkləyən Qafqaz müsəlmanlarının III şeyxülislamı Şeyx Əhməd Səlyani inanclı idi, dindar olsaydı, “Kəmalüddövlə məktubları”nın ateist müəllifinin öldürülməsinə fətva verməyə bilməzdi. İnancın təbliğata ehtiyacı yoxdur, İnanc təbliğ olunanda dinə çevrilir. Din təbliğ olumasa çökər. İnanc insanın içindəkidir, din çölündəki. Dini öyrədirlər, inancın isə müəllimi və məktəbi yoxdur.

Din də, mədəniyyət də insanı öz prinsiplərinə uyğun bir şəkildə dəyişir. Din də, mədəniyyət də insanı assimilyasiya edir; din fərdi kimliyi dini kimliklə, mədəniyyət mədəni kimliklə əvəzləyir. Məsələn, müasir azərbaycanlının dini kimliyi islamdır, mədəni kimliyi rus-xristian. Bir-birini nəzarətdə saxlayan bu iki fərqli kimlik azərbaycanlının tolerant dünyagörüşünü formalaşdırır. Dini kimliyimiz azca radikallaşan kimi mədəni kimliyimiz onun qulağını burur, mədəni kimliyimiz şiti-şorunu çıxaranda dini kimliyimiz ona gözünü ağardır. Ona görə bizdə nə islam radikalizmi yayıla bilir, nə Qərb sekulyarizmi.

Din üçün assimilyasiya aləti allahdır, mədəniyyət üçün ideologiya və sənət. Quran ayələrində Məhəmməd peyğəmbər hətta evdə sözünə baxmayan xanımlarını da allahın sözləriylə, yəni vəhylərlə assimilyasiya edir. Allahın adından onları digər qadınlardan fərqli olaraq ikiqat cəhənnəm əzabıyla qorxudur, eyni zamanda, ona itaət etsələr, allahın adından digər qadınlardan fərqli olaraq o dünyada ikiqat mükafatlandırılacaqları ilə müjdələyir. Cəza və mükafat qadınların dini kimliyinə ünvanlanır. Peyğəmbərin evdə etdiyini, islam çöldə edir. İtaət etməyənləri allahın qəzəbiylə qorxudur, itaət edənləri allahın mükafatıyla müjdələyir. İsa yoxsullara deyir: “Sizin (yoxsulların) qəlbi müqəddəsləşdirilib (təltif edilib), çünki siz (o dünyada) allahı görəcəksiniz”. İsa məhz bu sözlərlə dini kimlik paylayaraq assimilyasiya etdiyi xristianları min il “qaranlıq çağa” gömdü. Elə bir qaranlığa ki, vəbaya görə ingilis dindarlar Tomas Hobbsu, ispan dindarlar yəhudiləri günahlandırdı. Şeytanın yerdəki təmsilçiləri olduqları iddiasıyla qadınlar və pişiklər diri-diri yandırıldı. Yüzlərlə bu cür məntiqsiz və qəddar xətalar baş verdi.

Dindar assimilyasiya olunmuş insandır. Assimilyasiya olunmuş insan beyni yuyulmuş insandır, qərar verməkdə azad deyil. Onun düşüncələri inandığının dediklərindən ibarətdir. Onun sorğulamaq, təhlil etmək, nəticə çıxarmaq bacarığı axtalanıb. Ona deyilsə ki, Qacar sənin düşmənin olub, dərhal Qacarın əleyhinə poema yazacaq. Assimilyasiya olunmuş insan tarixin kənarına qovulmuş insandır. O yalnız assimilyasiya edənin işinə yarayanda tarixin ərazilərinə buraxılır. Oxşar vəziyyət dindara da aiddir. Ona deyilir ki, allaha başınla deyil, qəlbinlə bağlan. Çünki başın mühakimə bacarığı var. Allahı beyinlə dərk etmək üçün uzun və zəhmət tələb edən axtarışa başlamalısan. Qəlbə isə onun tapılmış, əl altına olan illuziyası təqdim olunur. Dindar allah məsələsində hazırın naziridir və onun üçün ən böyük təhlükə ateist deyil, əkiz qardaşı deistdir. Dindarla deist Qabillə-Habil kimidir. Deizm dinin içində yaşayan və hər an dinə qarşı baş qaldıracaq bir şübhə qiyamıdır. Çünki deist allaha birbaşa inanır, din onun üçün lüzumsuz, hətta zərərli bir yolkəsəndir. Orta əsrlərdə dindarlar ən çox deistləri öldürürdülər.

Mənsur Həllac və bir xeyli təsəvvüf filosofu, şairi deist idi, onlar allaha inanır, eyni zamanda dini məntiqli sual və moizələrlə çürüdürdülər. İnkivizitorlar da Qərbdə dini deistlərdən təmizləyirdilər. 1750-ci illərə qədər Avropa xalqlarının dillərində, ümumiyyətlə, “ateizm” kəlməsi yox idi. Allaha birbaşa inam dini assimilyasiyadan, yəni dini kimlik daşımaqdan imtina etməkdir, bu imtina isə cəmiyyətə nəzarətin, hakimiyyətin, milyonlarla vəsaitin, sehrli nüfuzun itirilməsi deməkdir. Ona görə din xadimləri deistlər haqqında cürbəcür dedi-qodular yayıb edamlarını legitimləşdirirdilər. Deistin allahı başla dərk edilən allahdır. Deistin allahı Eynşteynin dediyi allahdır, Eynşteynə isə bu allahı kilsə deyil, Spinoza təqdim etmişdi. Spinozaya görə, allah varlığın bütünüdür. Varlığın bütün formaları, Spinozaya görə, allahın bədənləridir. Nitsşeyə görə də, tanrı bütünün adıdır, bu bütünə turp da aiddir, insan da, uzunqulaq da.

Deistləri allaha inandıqlarına görə təqib edən din, daha sonra atestləri də allaha inanmadıqlarına görə təqib etməyə başladı.

Mədəniyyət isə insanı ideologiya və sənətlə assimilyasiya edir. Məsələn, Hitler almanları ideologiya vasitəsilə faşizmə, Stalin sovet vətəndaşlarını bolşevizmə assimilyasiya etmişdi. Modern Avropa öz insanlarını romanlarla, ABŞ filmlərlə assimilyasiya edir. Sənət adamının azad ruhlu olması fikri də buradan doğur. Yəni sənət adamı heç bir assimilyasiya işində iştirak etməməlidir. Şair insana dində, ideologiyada olanı yox, insanın özündə olanı deməlidir. Çünki dində qəlb var, baş yoxdur, ideologiyada qəlb başın əsarətindədir. Yalnız sənətdə qəlb və baş azaddır, bərabər statusa sahibdir. Biz dindən və ideologiyadan tərəfsizlik tələb edə bilmərik. Amma sənətin tərəf tutması bizi əsəbiləşdirir. Qəlbin və başın birlikdə azad olması isə o qəlbin və başın sahibi üçün acınacaqlı bir ömür vəd edir. Azad sənətin fədaisi və şəhidi onu yaradandır. Ona görə də bir çox hallarda sənət adamı başını saxlamaq üçün qəlbini qurban verir. Müasir dünyamızda insan dinin assimilyasiya etdiyi cəmiyyətdən mədəniyyətin assimilyasiya etdiyi cəmiyyətə qaçır. Hətta bəzən ona görə qaçır ki, allaha öz istədiyi kimi inana bilsin.

Ancaq bu, o demək deyil ki, mədəniyyətin nöqsanlı tərəfləri yoxdur. 1789-ci ildə baş verən Fransa İnqilabının icad etdiyi gilyotin başkəsən aparatını görən Avropanın ağıl dəryaları nəzarətsiz qalmış insan ağlının qadiri-mütləq olan allahdan daha qəddar əməllərə əl atdığını gördülər və modern çağ tarixə ağıl tənqidçilərinin qapazı altında daxil oldu. Bu dəfə daş-qalaq edilən cəhalət yox, mədəniyyət idi. Mədəniyyətə ilk daşı atanlar da cahillər deyildi, alimlər, filosoflar, şair və yazıçılar idi. Fixte kimi xeyli alim, şair, filosof ortaya çıxdı ki, özləri allaha inanmasalar da, xalqın allahsız yaşaya bilməyəcəyini söylədilər. Fixte özünün “Elm Doktrinası”nda yazırdı ki, bizim ilk vəzifəmiz (yenidən) ölümsüz və mütləq olanı kəşf etməkdir. Novalis isə əksinə, Mütləqin bu şəkildə kəşfinin təhlükəli bir fantaziya, bir ruh zəhərləməsi olduğunu düşünür və bu zəhərin insanı öldürəcəyini müjdələyirdi. Nitsşe qorxu içində elan edirdi: “Öz yaradılışlarını ədalətsizlik kimi qəbul etməyi öyrənən və yalnız özlərinin deyil, bütün nəsillərinin qisasını almağa hazırlaşan barbar kölələrdən daha dəhşətli bir şey yoxdur”. Nə etməli, yenidən Orta əsrlərəmi qayıtmalı, yoxsa ağıla və onun yaratdığı mədəniyyətə nəzarət edən mistik bir gücün sınaqlarınamı başlamalı? Xristianlığı öz başına uçurmuş Avropa canını qoymağa yer gəzirdi. Ən sonda Qərb allahla ağılın ittifaqının yaradılması layihəsini dəstəklədi. Bundan sonra allah radikallaşarsa, ağıl, ağıl qudurarsa, allah təhdid edəcəkdi. Nə allah qadiri-mütləq olacaqdı, nə də ağıl. Dini cəmiyyətdən mədəni cəmiyyət keçidin bu prinsipi yeni deyildi, ağılın da allahın da suverenliyini tanıyan bu ikili həqiqət formulu hələ antik çağda kosmosla loqosun birlikdə ortaya çıxardığı qədim yunan mədəniyyətinin modernizasiyası sayıla bilərdi.

Mədəniyyət nə üçün dinsiz (daha doğrusu, inancsız) keçinə bilməzdi? Birincisi, xalqa təsir gücünə görə “işgəncə görmüş bir bədənin iztirabı” ilə yüzlərlə Rasselin yazdığı fəlsəfi-intellektual əsəri müqayisə etmək belə gülüncdür. Xalqı təmsil edən heç bir kişi ona cənnət, üstəgəl, bu cənnətdə əbədi bakirə hurilər vəd edən peyğəmbəri unudub, özünə düz-əməlli ev və arvad ala bilməyən Kantın arxasınca getməz. Bu aksiomadır. Hələ o Kantın adını yepiskoplar, rahiblər itlərinə qoyublarsa, qara camaat onu küçədə daşa basıb öldürmürsə, getsin nəzir versin.

Ümumiyyətlə, cəmiyyətdə insanlar arasındakı bağın gözəgörünməz mistik, mifik varlıqlar tərəfindən deyil, insanın özünün yaratdığı anlayışlar tərəfindən hörülməsi, xalqın ayələrə deyil, qanunlara inanması mümkün göründüyündən daha müşkül məsələdir. Din, inanc hər şeydən öncə psixoloji ehtiyacdır, mədəniyyət bu ehtiyacı qarşılmaqda dinə uduzur. Freydin bir-bir qəbul edib sağaltıqlarına Musa kütləvi şəkildə şəfa verir. Qustav Yunq dostu Herman Hesseni müalicə məqsədilə mistisizmin qıcqırdığı Hindistana göndərir. Çünki onun psixoterapiyaya deyil, mistik auraya ehtiyacı olduğunu bilir. Həm də dinin vəd etdiyi mistik ayın-oyunu mədəniyyət inkar edir. Din insanlara mif və əbədi həyat satır. Mədəniyyət isə ağıl və zövq. Elə bir insan yoxdur ki, desin: Mənim ağıla və zövqə ehtiyacım var. Əksinə, ən ağılsız və ən zövqsüz adamlar özlərinin ən ağıllı və ən zövqlü olduqlarına inanırlar. Amma elə bir insan yoxdur ki, desin: Mənim mifə və əbədi həyata ehtiyacım yoxdur. Alman filosofu Valter Benyamin necə də şairanə deyib: “Dünyada ən son dilənçi ölənə qədər mif öz mövcudluğunu qoruyacaq”. Buradan görünür ki, dinin bazara çıxardığı matah daha cazibədardır və alıcılar ən çox onun piştaxtasının qarşısına toplaşacaqlar.

İkinci bir problem: Din öz tapınanlarını eyni düşüncənin, eyni davranışların, hətta eyni geyimin, hətta və hətta eyni saqqalın ətrafında birləşdirib ortaq bir güc mərkəzi yarada bilir. Dinin ən sərt və öndər prinsipi budur: eyniləşdirmək, fərqləri yox etmək. Amma mədəniyyət, tam əksinə, fərqlilik, rəngarənglik tələb edir. Rəngarənglik, fikir müxtəlifliyi olmasa mədəniyyət də yoxdur. Fərqliliyin dəstəklənməsi mədəniyyətin gücünü pərakəndələşdirir, bir-birindən narazıların sayını artırır, hətta bəzən mədəniyyət yaranmasına icazə verdiyi bu fərqliliklərin qurbanı olur.

Ücüncüsü və ən əsası: din gücünü itirdikdə başqa bir cildə girərək mədəniyyətin içinə daxil ola, orada yenidən dirçələ bilir. Məsələn, romantizm sekulyarlaşaraq mədəniyyətin içinə girmiş dindir. Mədəniyyətin isə mifik-mistik bir cildə girib dinin içinə daxil olması mümkün deyil. Allahı allahla aldada bilməzsən!

Mədəniyyətin təkbaşına insanlığı yaşatması ona görə müşküldür ki, kollektiv təhtəlşüur dinin işğalı altındadır. Din min illər öncə bu əraziləri mifologiyanın əlindən alıb, amma mifologiyanı məhv etməyib, əksinə, mifləri də assimilyasiya edərək öz xidmətçilərinə çevirib. Nəzərə alanda ki, həyatımız, sadəcə, təhtəlşüurdan gələn əmrlərə itaət etməkdən ibarətdir, insanlığın öz içindəki bu qaranlıq aləmdən arınması mümkünsüz kimi görünür.

Modern cəmiyyətin əksinə, postmodern cəmiyyət öz içindəki bu qaranlıq aləmin səsini dinləmək istəmir. Amma bu zaman da onun ingilis intellektualı Terri İqletonunun təsvir etdiyi, dərinliyi olmayan, tragediya fərarisi, qondarma, sirsiz, təməlsiz, anti-universal, mütləqlərə şübhə ilə yanaşan və batiniliyi rədd edən şəkli ortaya çıxır. Dindən sonrakı mədəniyyətin bu görüntüsündə tanrı ilə bərabər insan da yox olur. Yaradıcılıq anlayışı sıfırlanır.

Maarifçilər tanrını “öldürdü”lər, ancaq onu basdırmağa yer tapa bilmədilər. Onlar tanrını elə bir yerdə basdırmaq istəyirdilər ki, müqəddəs məzar həm burjuaya yaxın olsun, həm də xalqa. Gec də olsa, Nitsşenin ağlına belə bir fikir gəldi: “Uca Tanrı yalnız insan onun yanında dəfn olunarsa, məzarında rahatlıq tapacaq”. Artıq gec idi, maarifçilərin xələfləri çoxdan tanrının müqəvvasını düzəldib xalqa göstərirdilər. Çünki sürü qorxusuz və lidersiz yaşaya biməzdi…

OXŞAR XƏBƏRLƏR