Xalq üçün tiryək – Mario Varqas Lyosa

DAHA.az Mario Varqas LyosanınXalq üçün tiryək” essesini təqdim edir.  

İctimai həyatda dinin artıqlığı mövhumat, fanatizm, fundamentalizm və cəhalət, çatışmazlığı isə tamahkarlıq, əxlaqsızlıq və hakimiyyətdən sui-istifadə doğurur. Din cəmiyyət üçün zəruridir, lakin o, həqiqət üzərindəki monopoliyasından əl çəkmək, kompromislərə getmək və ikinci dərəcəli rolla kifayətlənmək istəmir, geriçi təşəbbüslər və arxaik təcrübələrlə özünü xatırlatmağa davam edir.

XIX və XX əsrlərdə yaşamış azadfikirlilərin, aqnostiklərin və ateistlərin verdikləri proqnozların əksinə, postmodern dövrdə din nə öldü, nə də unuduldu; o, özünü sağlam hiss edir və hələ də ictimai həyatın mərkəzində dayanır.

Müasir dünyada müxtəlif dinlərə mənsub möminlərin şövqünün nə qədər artdığını və ya azaldığını mühakimə etmək çətindir, lakin dinin ictimai, mədəni və siyasi həyatdakı varlığını inkar etmək mənasızdır. Din XIX əsrdə olduğundan daha az deyil, hətta, bəlkə də, daha çox hiss olunur.

Müasir siyasətin baş qəhrəmanı – intiharçı-terrorçu da birbaşa dinlə, islam fanatizmi və fundamentalizminin yan məhsulu ilə bağlıdır. Ən böyük islamçı terror qruplaşmalarından biri olan “Əl-Qaidə” imansızlara, nəsranilərə (yəni xristianlara) və şeytanın özünün – ABŞ-ın başçılıq etdiyi Qərb ölkələrinə qarşı təmizləyici mübarizə aparır.

Maraqlıdır ki, islam terrorunun qurbanları arasında müsəlmanların sayı digər dinlərin nümayəndələrindən qat-qat çoxdur.

Ərəb dünyasında ən çox qurban vermiş münaqişə də dini zəminə malikdir. Minlərlə iraqlı şiə və sünni ekstremist qruplaşmalar tərəfindən öldürülüb; bundan da artıq əfqanıstanlı isə Əfqanıstan və Pakistan mədrəsələrində yaranmış fundamentalist hərəkat olan Taliban tərəfindən qətlə yetirilib. Taliban da “Əl-Qaidə” kimi fundamentalist baxışları bölüşməyən digər müsəlmanları öldürməkdən heç vaxt çəkinməyib.

Müsəlman ölkələrindəki parçalanma insanların həyatında dinin rolunun güclənməsinə səbəb oldu. Son illərdə dünyəvi təşkilatlar Livandakı “Hizbullah” və Fələstindəki seçkilərdə qalib gələrək Qəzza zolağı üzərində nəzarəti ələ keçirən “Həmas” hərəkatının artan nüfuzu fonunda populyarlıqlarını itiriblər. Tunis və Misirdə ilk azad seçkilərin nəticələrinə görə isə səslərin əksəriyyətini islamçı partiyalar (əsasən mülayim olsalar da) qazanıb.

Müsəlman dünyasında baş verənlər budur. Xristian dünyasına gəlincə, burada da müxtəlif konfessiyalar, kilsələr və sektalar həmişə bir-biri ilə dinc və yanaşı yaşamır. Şimali İrlandiyada protestant əksəriyyət və katolik azlıq arasındakı (həmişəlik bitdiyinə inanmaq istədiyimiz) düşmənçilik hər iki tərəfdən minlərlə insanın ölümünə və yaralanmasına səbəb oldu.

Münaqişələr katolisizmi içəridən də parçalayır.

Bir neçə il əvvəl onlardan ən əsası ənənəçilər və tərəqqipərvərlər, “azadlıq teologiyası” tərəfdarları arasındakı münaqişə idi. İki mühafizəkar papanın – II İohann Pavel və XVI Benediktin – seçilməsi tərəqqipərvərlərin mövqelərini müvəqqəti olaraq zəiflətdi, lakin onları təslim olmağa məcbur etmədi.

Katolik kilsəsi üçün ən ağrılı zərbə məktəblərdə, seminariyalarda, uşaq evlərində və kilsə icmalarında çoxsaylı pedofiliya hallarının ifşası oldu – çoxdan şübhələnilən, lakin kilsənin uzun müddət ört-basdır etdiyi cinayətlər. Ali rəhbərlik bütün bunları inkar etsə də, tamamilə aydındır ki, heç olmasa kilsə hakimiyyətinin bir hissəsi baş verənlərdən xəbərdar idi, pedofilləri qoruyurdu və onları səlahiyyətlilərə təhvil vermək əvəzinə, sadəcə başqa şəhərlərə göndərirdi, onlar da orada köhnə işlərinə davam edirdilər.

Son illərdə cinsi zorakılıq hallarıyla bağlı xəbərlər o qədər çoxalıb ki, bunun istisna hal deyil, uzun illər ərzində bir çox ölkədə baş verən geniş yayılmış bir praktika olduğu aydınlaşıb.

Bu fakt bütün dünyada, ilk növbədə möminlərin öz arasında qəzəb dalğasına səbəb oldu. Nüfuza xələl gəlməsi öz yerində, bəzi ölkələrdə (ilk növbədə İrlandiya və ABŞ-da) kilsələr vəkillərə çəkilən böyük xərclərə və təzminat ödənişlərinə görə iflas həddinə çatdı. Papa XVI Benedikt sonradan “Məsihin Legionu” ordenini və onun qurucusu Marsial Masieli – ikiarvadlı, fırıldaqçı, oğlan və qızları (o cümlədən öz övladlarını) zorlayan, sanki Markiz de Sadın romanlarından çıxmış bir personaj kimi qətiyyətlə pislədi.

Bütün bu qalmaqallar katolik kilsəsinin təsirini zəiflətdimi? Mən belə deməzdim.

Bəzi ölkələrdə seminariyalar həqiqətən boşaldı, ianə axını nəzərəçarpacaq dərəcədə azaldı. Lakin çətinliklər və maliyyə itkiləri, görünür, katoliklərin şövqünü daha da artırdı, onlar qat-qat artan enerji ilə eynicinsli nikahlara, abortların leqallaşdırılmasına, kontrasepsiyaya və evtanaziyaya qarşı çıxış etdilər.

İspaniyada katoliklərin səfərbərliyi kütləvi xarakter alıb, Latın Amerikasının əksər ölkələrində isə kilsənin siyasi və ictimai nüfuzu sarsılmaz olaraq qalır. Nəticədə, cinsi azadlıq və qadın hüquqları ilə bağlı vəziyyət dəyişmir. Üstəlik, kilsə hamiləliyə qarşı vasitələrin və bəzi digər kontrasepsiya formalarının qadağan edilməsinə nail ola bilib. Təbii ki, bu qadağa yalnız kasıblara şamil edilir, çünki daha varlı qadınlar qanundan yan keçərək kontrasepsiya və aborta əl atırlar.

Protestant kilsələri də eyni yolla gedir. ABŞ-da onlar məktəb təhsilinin “İncil”ə uyğunlaşdırılmasını və Darvinin təkamül nəzəriyyəsinin tədris proqramından çıxardılaraq kreatsionizmlə (yaradılışçılıq) əvəz edilməsini tələb edirlər. Bu anaxronistik və obskurantist təlim dini təsirin xüsusilə güclü olduğu ştatlarda asanlıqla qəbul edilə bilər.

Latın Amerikasında və digər Üçüncü Dünya ölkələrində güclü missioner hərəkatları son illərdə əhəmiyyətli dərəcədə uğur qazanıb.

Xeyli uzaq və kasıb bölgələrdə yevangelik kilsələr katolisizmi sıxışdırıb. Katoliklik keşiş çatışmazlığı və missioner şövqünün zəifləməsi ucbatından enerjili protestant sektaların hücumları qarşısında öz mövqeyini itirib. Sonuncular, spirtli içkiyə qarşı dözümsüzlüklərinə və yeni müridlərin daim ibadətlərini yerinə yetirməsini tələb etdiyinə görə, qadınlar arasında populyarlıq qazanırlar. Bütün bunlar ailənin birliyini gücləndirir və ərlərin barlardan, fahişəxanalardan uzaq durmasına kömək edir.

Din son illərin demək olar ki, bütün qanlı münaqişələrinin – Fələstin-İsrail münaqişəsi, Balkanlardakı müharibə, Çeçenistan müharibələri, Çinin Sintszyan-Uyğur bölgəsindəki insidentlər, Hindistanda induist və müsəlman ölümləri, Hindistan-Pakistan düşmənçiliyinin – təməlində dayanırdı. Sovet İttifaqı və onun keçmiş peyk dövlətlərinin nümunəsi göstəricidir. Kilsənin altmış il təqib edilməsi və ateizm təbliğatından sonra din nəinki yoxa çıxdı, əksinə cəmiyyətdə yenidən aparıcı rol oynamağa başladı. Bu müddət ərzində o mürgüyə gedərək əlverişsiz zamanların bitməsini gözlədi və geniş əhali təbəqəsinin dəstəyini qoruyub saxladı.

Rus Pravoslav Kilsəsinin dirçəlişi təsiredicidir. Rusiyada, eləcə də digər postsovet ölkələrində kilsələr yenidən möminlərlə doludur. Putin və Medvedev hökuməti bolşeviklərin müsadirə etdiyi kilsə əmlakının qaytarılması prosesinə başlayıb. Hətta Kremlin məbədləri, monastırları, məktəbləri, qəbiristanlıqları və sənət əsərləri ilə birlikdə kilsəyə qaytarmaq təklifi belə irəli sürülmüşdü.

Bəzi hesablamalara görə, kommunist rejiminin süqutundan sonra Rusiyada pravoslavların sayı üç dəfə artıb.

Hər şey onu göstərir ki, din hələ uzun müddət mövcud olmağa davam edəcək. Bu, mədəniyyət və azadlıq üçün yaxşıdır, yoxsa pis?

Britaniyalı ateist alim, “Tanrı illüziyası” kitabının müəllifi Riçard Dokinz və “Tanrı – eşq deyil: din hər şeyi necə zəhərləyir” kitabının müəllifi jurnalist Kristofer Hitçens bu suala qətiyyətlə “yox” cavabı verir və dinə qarşı mövhumat, irrasionallıq, cinsi ayrı-seçkilik, avtoritarizm, obskurantizm və gerici mühafizəkarlığı yaymaq kimi köhnə ittihamlarla hücum çəkirlər. Lakin dinə inancını heç də az şövqlə müdafiə etməyən və Tanrıya inam tərəqqi, azadlıq və elmin inkişafı ilə bir yerə sığmır iddialarını rədd edənlər də var. Onlardan biri – Nobel mükafatlı fizik Çarlz Harda Tauns “ağıllı dizayn” nəzəriyyəsini dəstəkləyir.

Bu mübahisəni rasional dəlillərlə udmaq mümkün deyil, çünki hər iki tərəfin də arqumentlərinin arxasında inam durur. Tanrının varlığını sübut etmək və ya təkzib etmək mümkün deyil. Buna görə də, rasional müzakirə çərçivəsində qalmaq üçün bütün metafizik və teoloji nəzəriyyələri mötərizəyə almaq və dinin tarixdə, eləcə də cəmiyyətin mədəni həyatındakı rolu ilə bağlı müzakirə ilə məhdudlaşmaq lazımdır.

Ali bir varlığa və ölümdən sonrakı həyata inam, istisnasız olaraq, bizə məlum olan bütün mədəniyyətlərin bir hissəsidir.

Dünyanın hər yerində və bütün zamanlarda insanların bu cür inanclara bağlı qalmasını necə izah etmək olar? Ateistlər cavab verəcəklər ki, səbəb cahillik və ölüm qorxusudur: həm ən primitiv, həm də ən mədəni insanlar ölüm ideyasına qarşı üsyan edirlər. Cəmiyyət nə qədər cahil olursa, dinin təsiri bir o qədər güclü olar. Elm mövhumatı dağıdıb onları obyektiv həqiqətlərlə əvəz etdikcə, primitiv insanın dünyanı izah etməyə çalışdığı inanclar öz gücünü itirəcək.

Nəzəri olaraq belə olmalıydı. Lakin praktikada bu baş vermədi. Mağara dövründən bəri bəşəriyyət elm və texnologiya sahəsində heyrətamiz tərəqqi əldə etdi: təbiətin, kosmosun və insan bədəninin sirlərini açmağa, keçmişə nəzər salmağa, xəstəliklərə qalib gəlməyə və həyat səviyyəsini ciddi şəkildə yüksəltməyə nail olduq.

Lakin elm və texnologiya bizə din və Tanrı ideyasına son qoymaqda kömək etmədi.

Ateistlər iddia edirlər ki, hər şey hələ qabaqdadır, mübarizə davam edir və gec-tez elm dini sıxışdıracaq. XIX əsrin liberalları və tərəqqipərvər mütəfəkkirləri belə düşünürdülər. Lakin bizim dövrümüzdə onların nikbinliyini bölüşmək çətindir, çünki əksini sübut edən çoxlu dəlil var. Bu gün Tanrı siyasətdə hakimdir, dini müharibələr isə orta əsrlərdə olduğu qədər dağıdıcıdır. Gördüyümüz kimi, insanların əksəriyyəti, o cümlədən bəzi görkəmli alimlər ölümdən sonra həyat vəd edən ilahi varlığa inamdan əl çəkmək istəmirlər.

Dinin davamlılığı təkcə ölüm qorxusu ilə deyil, həm də insanın yaxşılığa mükafat verən və pisliyi cəzalandıran ali bir hakimiyyətə ehtiyac duyduğuna dair inamla izah olunur. 

Qanunvericilik təkmilləşdirilsə də, elə bir cəmiyyət yoxdur ki, onun üzvləri mütləq ədalətin bu həyatda əlçatmaz olduğuna inanmasın. Qanunlar nə qədər ədalətli, hakimlər nə qədər nüfuzlu, hökmdarlar nə qədər dürüst olsa da, insanlar əmindirlər ki, ədalət sadə vətəndaşları hakimiyyət sahiblərinin özbaşınalığından qoruya bilmir. Nəticədə, din, adətən cəzasız qalan ədalətsizliklərdən daha çox əziyyət çəkən kasıb əhali arasında dərin kök salır. Əgər insan ölümdən sonra çəkdiyi əzabların mükafatlandırılacağına inanırsa, yoxsulluq, ayrı-seçkilik, istismar və alçalma ilə barışması daha asandır.

İnsanların qüdrətli Tanrı və ölümdən sonrakı həyat ideyalarına sadiq qalmasının səbəblərindən biri də budur: əksəriyyət qorxur ki, əgər Tanrının mövcud olmadığı təkzibolunmaz şəkildə sübuta yetirilsə, cəmiyyət sürətlə vəhşiliyə yuvaralanacaq, cəngəllik qanunları hökm sürəcək və insanlar hazırda qanunlar və ya əxlaq tərəfindən yox, din tərəfindən cilovlanan qaranlıq istəklərin cənginə keçəcək. Başqa sözlə, əxlaqın – qarşılıqlı hörməti, comərdliyi, altruizmi, mərhəməti təşviq edən, zorakılıq və istismarın qarşısını alan qaydalar toplusunun – mənbəyi insan qanunları deyil, İlahi qanundur. Əxlaq olmasa, dünyanın güclü adamları istənilən cinayəti törətmək imkanı qazanar. Əgər bu həyat bizim sahib olduğumuz yeganə həyatdırsa və ondan sonra heç nə yoxdursa, nə üçün onu maksimum dərəcədə yaxşı keçirməyək, hətta bunun üçün düz dünyanı meyitlərlə doldurmaq lazım gəlsə belə?

İnsanlar Tanrıya inanırlar, çünki özlərinə güvənmirlər – və tarixin göstərdiyi kimi, bu inamsızlıq haqlıdır.

Bu o demək deyil ki, din xeyrin şər üzərində qələbəsini təmin etməyə, zorakılığa və qəddarlığa son qoyacaq əxlaqi qanunları bərqərar etməyə qadirdir. Bu sadəcə o deməkdir ki, dünyada işlər nə qədər pis olsa da, bəşəriyyətin əhəmiyyətli bir hissəsi əminliklə belə düşünür: əgər ateistlər öz məqsədlərinə çatıb Tanrıya və dinə son qoysaydılar, vəziyyət daha da pis olardı. Lakin bu əminlik faktlarla təsdiqlənmədiyinə görə, o, sadəcə bir inam aktı kimi qalır.

Tanrı ideyasına bağlılığın daha bir metafizik səbəbi var. Nə elm, nə də mədəniyyət – xüsusilə də bugünkü günə düşən mədəniyyət – insanları ölümdən sonra heç nəyin olmadığı düşüncəsi qarşısında ümidsizlikdən xilas etməyə qadir deyil. Bu ümidsizliyin əsl səbəbi həmişəlik yox olmaq qorxusu deyil, həyatın mənasını təyin edən, doğuluşumuzun sirrinin cavabını bilən qüdrətli və hər şeyi bilən bir varlıq olmadan, bu həyatda, burada və indi tənhalıqla üzləşmək qorxusudur. Nə qədər tərəqqi baş versə də, elm bu sirri açmaqda uğurlu olmayıb və yəqin ki, heç vaxt da olmayacaq.

Alber Kamünün “Sizif haqqında mifi”ndə təsvir etdiyi həyatın absurdluluğu ilə çox az insan barışa bilir.

Mariya Zambrano “İnsan və ilahi” toplusunun “Tanrıların doğuluşu haqqında” adlı ilk essesində soruşur: “Tanrılar necə və nə üçün yarandı?” O düşünür ki, bunun səbəbi primitiv insanların öz müdafiəsizliyini, zəifliyini və tənhalığını dərk etməsindən daha böyük bir şeydir. Zambranonun sözlərinə görə, insan vəziyyətinin ayrılmaz hissəsi “narahatlıq”, “təqib maniyası” hissidir ki, bu da yalnız tanrılarla əhatələndiyimizi başa düşəndə keçib gedir.

60-cı illərdə Londonda yaşayırdım. O zaman orada hippi hərəkatı təzəcə yaranırdı. Bu hərəkatın əsas fərqləndirici xüsusiyyətləri parlaq geyimlər, narkotik təbliğatı, cinsi azadlıq, həmçinin, Qərb dinləri ilə yox, buddizm və induizmin şərq ənənələri, habelə əksəriyyəti şübhəli mənşəyə malik olan və ikinci dərəcəli quruların, xarizmatik fırıldaqçıların qurduğu primitiv dini kultlarla ruhlanan dindarlıq idi. Hippi hərəkatı qismən sadəlövh və həvəskar idi, lakin o, bütün dünyada minlərlə gənci bir araya gətirdi; onlar keçmişdə babalarının Yerusəlimə həcc ziyarətinə getdiyi kimi Katmanduya yollanırdılar. Hippilər insanın mənəvi həyata olan ehtiyacını əyani şəkildə nümayiş etdirdilər.

Maraqlıdır ki, xristianlığın bir çox qatı əleyhdarı sonradan özləri də yeni təbliğatçıların təsiri altına düşdülər: LSD-nin atası Timoti Liri, Bitlz qrupunun qurusu Maharaşi Maheş Yoqi və “Birləşmə Kilsəsi” hərəkatının banisi Mun Son Myon.

Düzünü deyim ki, çox az adam bu bezdirici və aşağı səviyyəli reklamlarla qızışdırılan dini duyğuların yalançı dirçəlişini ciddi qəbul etdi. Lakin bu hərəkatların yaxın keçmişdə (bəzən açıq-aşkar şəkildə şarlatanlar tərəfindən) qurulması və ardıcıllarının sadəlövhlüyündən, yüngüllüyündən və cahilliyindən istifadə etməsi onların ənənəvi dinlər kimi insanların mənəvi ehtiyaclarını ödəməsinə və həyatlarındakı boşluğu doldurmasına mane olmur. Ron Habbardın qurduğu və ardıcılları arasında Hollivud ulduzları Tom Kruz və Con Travoltanın olduğu Sayentologiya Kilsəsinin, Almaniya da daxil olmaqla, yetkinlik yaşına çatmayanların beyninin yuyulmasında günahlandırılması və bir çox ölkədə təqib olunsa da həyatda qalmasını başqa cür necə izah etmək olar?

Tamaşa sivilizasiyasında din sirkə çevrilir.

Lakin dinin ayrı-ayrı insanların həyatındakı və cəmiyyətdəki rollarını fərqləndirmək lazımdır. Din möminlərə sakitlik bəxş edir, onların kim olduqlarını və bu dünyaya nə üçün gəldiklərini anlamağa yardımçı olur; onlara həyatda rəhbər tuta biləcəkləri əxlaqi kodeks təmin edir; bu, ölümdən sonrakı həyata ümid, çətinliklərdə təsəlli və ortaq inanc, adət və ideallara malik insanlar icmasına mənsubiyyət duyğusundan irəli gələn təhlükəsizlik hissi verir. Din zorakılıq və istismardan əziyyət çəkən, məhrumiyyət və bədbəxtlik yaşayan hər kəsi ümidsizlikdən xilas etməyə, intihardan saxlamağa qadirdir.

Din ictimai həyatda da müsbət dəyişikliklərin katalizatoru ola bilər.

Bağışlanmağı, düşmənlərə məhəbbəti və bütün insanların qardaşlığını təbliğ etməklə xristianlıq bir inqilab etdi. Bu ideyalar dərhal dövlət siyasətinin bir hissəsinə çevrilməsə də, onlar ayrı-seçkiliyin aradan qaldırılmasına kömək etdi və insan hüquqlarının tanınması, köləliyin ləğvinə zəmin yaratdı. Beləliklə, xristianlıq demokratiyanın inkişafında həlledici rol oynadı.

Lakin dünyəvi ölkələrdə xristianlıq demokratiyaya töhfə verdiyi halda, kilsənin dövlətdən ayrılmadığı ölkələrdə demokratiyanın qurulması yolunda əsas maneələrdən birinə çevrildi, yəni özünü hər hansı digər din kimi apardı.

Dinlər yalnız mütləq həqiqətləri təbliğ edir, üstəlik, hər bir din rəqiblərinin təbliğ etdiyi həqiqətləri qətiyyətlə rədd edir.

Bütün dinlər yalnız insanların ruhunu fəth etmək yox, həm də onların davranışına nəzarət etmək istəyirlər. Xristianlıq kasıbların və məzlumların marginal dini olduğu müddətcə, bütpərəstlərin vəhşiliyindən, qeyri-insaniliyindən və mövhumatından müsbət mənada fərqlənirdi. Lakin hakim siniflər arasında kök saldıqdan sonra xristianlıq öz tolerantlığını itirdi, doqmatik və dözümsüz oldu. İmanı qorumaq bəhanəsi ilə o, ilk xristianların məruz qaldığı əzablardan da böyük əzablara səbəb oldu. Üstəlik, İntibah dövründə kilsə incəsənətin inkişafına kömək etsə də (Dante, Pyero della Françeska və Mikelancelo onun himayəsi olmadan mövcud olmazdı), sonradan fəlsəfə və elmə qarşı son dərəcə geriçi mövqe tutdu, bidətdə şübhəli bilinən alim və sənətkarları qovdu, işgəncə verdi və edam etdi. Xaç yürüşləri, inkvizisiya və Qadağan olunmuş kitablar İndeksi kilsənin intellektual, elmi və bədii azadlığa qarşı dözümsüzlüyünün ən məşhur simvollarıdır. Nəticədə, katolik ölkələrində azadlıq mücahidləri kilsəyə qarşı çıxış etməyə məcbur oldular. Protestant ölkələrində elmə qarşı belə dözümsüzlük və sənət üzərində sərt senzura yox idi, lakin ailə, cinsiyyət və sevgi məsələlərində vəziyyət eyni idi: həm orda, həm də burda kilsə qadınlara qarşı ayrı-seçkiliyi və antisemitizmi təbliğ edirdi.

Yalnız dünyəvi cəmiyyət qurulduqdan sonra kilsə könülsüz də olsa, qeysərin haqqını qeysərə, Tanrının haqqını Tanrıya verməyə razı oldu və öz təsirini mənəvi sfera ilə məhdudlaşdıraraq, dünyəvi həyatla bağlı qərarları vətəndaşların öz ixtiyarına buraxdı.

Kilsənin dünyəvi hakimiyyətdən məhrum edilməsi demokratiyanın – müxtəlifliyə, plüralizmə və bəzi hallarda birbaşa xristian əxlaqına zidd olan qanunun aliliyinə əsaslanan sistemin – meydana çıxmasını mümkün etdi.

Fransa inqilabı, İkinci İspaniya Respublikası, Meksika inqilabı, 1917-ci il Rusiya inqilabı və Çindəki kommunist inqilabı zamanı dinin kökünü kəsmək cəmiyyətin sekulyarlaşmasına nail olmağın yeganə yolu hesab edilirdi. Kilsələr və monastırlar yandırıldı, möminlər qırıldı, dini ayinlər qadağan edildi, ateizm və materializm fəal şəkildə təbliğ olundu. Bütün bunlar təkcə əsassız dərəcədə qəddar deyil, həm də nəticəsiz idi, çünki bir müddət sonra qadağan olunmuş inanclar daha böyük güclə geri qayıtdı.

Sekulyarlaşma inancların qadağan edilməsini yox, hökumətin qoyduğu qanunlara riayət etmək şərti ilə öz dinini sərbəst şəkildə həyata keçirmək hüququnu nəzərdə tutur. Hökumətin vəzifəsi isə heç kimin öz inancına görə təqib olunmamasını təmin etmək və qanunlara əməl olunmasına nəzarət etməkdir.

Kilsənin dövlətdən ayrılması demokratiyanın qorunub saxlanmasının zəruri şərtidir.

Buna əmin olmaq üçün sekulyarlaşma prosesinin baş vermədiyi ölkələrə – məsələn, Səudiyyə Ərəbistanı və İrana baxmaq kifayətdir. Bu iki ölkədə dini hakimiyyət cəmiyyətin demokratikləşməsi yolunda keçilməz bir əngələ çevrilib və vətəndaşların şəxsi həyatına müdaxilə edən, icazə verilən yeganə dinin göstərişlərindən bir az kənara çıxanda onları amansızcasına cəzalandıran diktaturanın qorunub saxlanmasına kömək edib. Xristian ölkələrində kilsə dövlətdən ayrılanadək vəziyyət oxşar idi və əgər bu proses keçilməsəydi, elə də qalacaqdı.

Katolik və protestant kilsələri xristianlıq islamdan daha tolerant olduğuna görə deyil, ictimaiyyətin təzyiqi onları demokratiya şərtlərini qəbul etməyə məcbur etdiyi üçün digər dinlərə qarşı dözümlü olmağa başladılar.

İslam mədəniyyətə və azadlığa xristianlıqdan heç də az uyğun deyil. Fərq yalnız ondadır ki, xristian ölkələrində kilsə dövlət hakimiyyəti iddialarından əl çəkməyə məcbur edilib. Türkiyədə Atatürkün səyləri sayəsində cəmiyyət (zorakı olsa da) sekulyarlaşma prosesindən keçdi, buna görə də türklərin əksəriyyəti müsəlman olsalar da, Türkiyə uzun illər ərzində digər müsəlman ölkələrindən daha demokratik olub.

Dünyəvilik imkan vermir ki, din azadlıqların həyata keçirilməsinə mane olsun, azad cəmiyyəti müəyyən edən plüralizm və müxtəlifliyi təhlükə altına atsın. Azad cəmiyyətdə din şəxsi həyatın bir hissəsidir, dövlət hakimiyyəti isə məhz dini sahədə monopoliyanın qarşısını almaq üçün dünyəvi qalmalıdır, çünki istənilən monopoliya sui-istifadəyə gətirib çıxarır. Vətəndaşlara seçdikləri dinə etiqad etmək (yaxud heç birinə etiqad etməmək) hüququna zəmanət verməyin yeganə yolu cəmiyyətin dünyəvi quruluşudur.

Nə qədər ki, din şəxsi sferanın hüdudları daxilində qalır, o, demokratiya üçün təhlükə törətmir, əksinə, onun təməli rolunu oynayır.

Burada demokratların və liberalların dəqiq cavab tapa bilmədikləri mürəkkəb bir məsələyə gəlib çıxırıq. Kilsənin dövlətdən ayrılması istənilən azad cəmiyyət üçün zəruri olsa da, mən qəti əminəm ki, hər hansı azad cəmiyyətin vətəndaşları həm də mənəvi həyat sürməlidirlər, çünki bunsuz hətta ən etibarlı qanunlar və institutlar belə lazımi qaydada fəaliyyət göstərə bilməz. Vətəndaşların demokratiyanın mümkün sistemlərin ən yaxşısı olduğuna inanması üçün təkcə qanunun aliliyi, bərabər imkanlar, ədalət, azad bazar, mətbuat azadlığı, plüralizm və insan hüquqları kifayət deyil; vətəndaşlıq və mənəvi dəyərlər də zəruridir. Belə ki, aqnostik və ateistlər arasında əqidəsi qanuna riayət etməyə və həmvətənləriylə həmrəylik göstərməyə mane olmayan çoxlu nümunəvi vətəndaş olsa da, insanların böyük əksəriyyəti üçün din hələ də əxlaqi prinsiplərin əsas mənbəyi olaraq qalır. Buna görə də, din öz gücünü itirməyə, səthi və qeyri-ciddi olmağa başlayanda, demokratik institutlar üçün də nəticələr acınacaqlı ola bilər.

Mənəviyyatın boşalması ictimai həyatın bütün səviyyələrində baş verir, lakin bu proses ən bariz şəkildə iqtisadiyyatda özünü göstərir.

Katolik kilsəsi ilə kapitalizm heç vaxt bir-biri ilə yola getməyib. Hələ sənaye inqilabının əvvəlində bəzi ingilis keşişləri moizələrində tamahı, eqoizmi və fərdiyyətçiliyi təşviq edən, varlı ilə kasıb arasındakı uçurumu böyüdən və insanları mənəvi həyatdan uzaqlaşdıran yeni sistemi pisləyirdilər. Bu tənqid qismən ədalətlidir, lakin daha geniş tarixi kontekstdə o, elə də inandırıcı deyil: nəticə etibarilə, xüsusi mülkiyyət və bazar iqtisadiyyatı bəşəriyyətin əhəmiyyətli hissəsini Marksın “kənd həyatının idiotizmi” adlandırdığı şeydən xilas etməyə, tibb və elmdə tərəqqiyə nail olmağa, azad ölkələrdə rifah səviyyəsini görünməmiş səviyyəyə qaldırmağa kömək etdi, qapalı cəmiyyətlərdə əhalinin böyük hissəsi yoxsulluğa sürükləyən patrimonial rejimin zülmü altında əzilməyə davam etdi, elita isə lüks içində üzdü.

Azad bazar orta sinfin yaranmasına gətirib çıxardı ki, bu da öz növbəsində siyasi sabitliyi və bəşər tarixində heç vaxt olmadığı qədər əksər vətəndaşlar üçün layiqli həyatı təmin etdi.

Azad iqtisadiyyat həqiqətən varlı ilə kasıb arasındakı uçurumu artırır, materializmi, istehlakçılığı, yığımı, rəqabəti və eqoizmi təşviq edir. Üstəlik, bir müddət əvvəl Qərb ölkələrini bürüyən maliyyə böhranı ani gəlir əldə etmək hərisliyi ilə bazar qanunlarını pozan, müştərilərini aldadan və bütün dünyada milyonlarla insanı pulsuz qoyan iqtisadi fəlakətə səbəb olan bankirlərin, investorların və iş adamlarının cilovlanmamış tamahının birbaşa nəticəsi idi.

Kapitalizmin digər mənfi nəticəsi qiymət və dəyər anlayışlarının bir-birinə qarışmasıdır ki, bu da tamaşa cəmiyyətində müşahidə etdiyimiz mədəniyyət və mənəviyyatın deqradasiyasına gətirib çıxarır. Azad bazarda məhsulların qiyməti tələb və təklifə uyğun olaraq müəyyən edilir. Nəticədə, mədəni cəhətdən inkişaf etmiş ölkələrdə belə əhəmiyyətli sənət əsərləri mürəkkəbliklərinə görə çox vaxt lazımınca qiymətləndirilmir. Ortabab və ya istedaddan tamamilə məhrum yazıçılar və rəssamlar isə əksinə mataha minit, təhsilsiz əksəriyyət onları dahi hesab etdiyi və əsərlərini həvəslə aldığı üçün onlar böyük uğur qazanırlar. Dəfələrlə şahidlik etmişik ki, fırıldaqçıların çəkdiyi rəsmlər qalereyaları, tənqidçiləri və kolleksiyaçıların zövqünü manipulyasiya etdiyi üçün astronomik məbləğlərə satılıb. Bu cür hallara görə, Oktavio Pas bazarı pisləyir və müasir cəmiyyətdə mədəniyyətin iflas etməsində günahı onda görürdü. Bazarla yanaşı, incəsənət sahəsində qiymət və dəyərin bir-birinə qarışmasına səbəb olan daha bir amil də var – əvvəllər estetik iyerarxiyanın yaradılmasına cavabdeh olan elitanın və xalis tənqidçilərin yoxa çıxması.

Con Stüart Mill, Karl Popper, Adam Smit, Lüdviq fon Mizes, Fridrix Avqust fon Hayek və Milton Fridman kimi böyük liberal mütəfəkkirlər iqtisadi və siyasi azadlığın yalnız o zaman məna kəsb etdiyini iddia edirdilər ki, cəmiyyət zəngin mənəvi həyat yaşasın və özünəməxsus dəyərlər iyerarxiyasına malik olsun.

Korrupsiya, qohumbazlıq, cilovlanmaz tamah, bankların fırıldaqçı hiylələri və kapitalizmin təkrar-təkrar qarşılaşdığı digər problemlərin səbəbi onun özünün və institutlarının qüsurlarında deyil, daha çox kapitalizmi qanun çərçivəsində saxlamalı olan əxlaqi dəyərlərin tənəzzülündədir. Bu görünməz etik təməl çökəndə anarxiya yüksəlişə keçir və yalnız varlılara, hakimiyyət sahiblərinə fayda gətirən sistemə qarşı inamsızlıq yaranır.

Elita üçün din boş səsə çevriləndə, haqqında tez-tez eşitdiyimiz kapitalizmin “böhranı” başlayır.

Qeyri-ciddilik mədəniyyətin əxlaqi əsaslarını sarsıdır, vicdansız və qeyri-qanuni praktikaların meydana çıxmasına imkan yaradır. Vəziyyət daha da ağırlaşır, belə ki, hansısa cani KİV-in diqqət mərkəzinə düşəndə, Endi Uorholun 1968-ci ildə hər kəsə vəd etdiyi o 15 dəqiqəlik şöhrəti qazanmış olur. Son dövrdən bir nümunə – bir neçə il ərzində İtaliya qəzetlərində yazıçılar, siyasətçilər və din xadimləri (o cümlədən Roma Papası) ilə saxta müsahibələr dərc etdirən jurnalist Tommazo Debenedettinin işidir. Onun saxtakarlığını amerikalı yazıçı Filip Rot ifşa etdi; Rot mətbuatda ona aid edilən sözləri heç cür xatırlaya bilmədi. O, dezinformasiya mənbəyini tapmaq qərarına gəldi və sonda iz onu Debenedettiyə apardı. Tommazo Debenedetti 79 (hazırda təsdiqlənmiş) saxta nəşrinə görə hansı cəzanı aldı? Heç nə! Əksinə, ifşa olunması onu dövrümüzün qəhrəmanına çevirdi. Və, nə qədər kədərli olsa da, bunu etiraf etməliyik, o, həqiqətən də belədir. Debenedetti özünə bəraət qazandırmaq üçün dedi: “Bəli, mən yalan danışdım. Ancaq yalnız həqiqəti söyləmək üçün”. Hansı həqiqəti? Bizim fırıldaqçılar dövründə yaşadığımızı, ictimaiyyəti əyləndirdiyi təqdirdə istənilən fırıldağın bağışlanıldığınımı?

Tərcümə edən: Qismət

OXŞAR XƏBƏRLƏR