Keçmişdəki gələcəyin şairi – Aqşin Yenisey

DAHA.az Aqşin Yeniseyin Sabir Rüstəmxanlının 80 yaşına ithaf etdiyi “Keçmişdəki gələcəyin şairi” yazısını təqdim edir.

 

Mirzə Fətəli Axundov dünyaya baxıb komediya görürdü, Cəlil Məmmədquluzadə dünyaya baxıb qaranlıq görürdü, Mirzə Ələkbər Sabir dünyaya baxıb zülm görürdü; hər bir yazıçı, şair dünyaya baxanda nə görürsə, onun ədəbiyyatını yaradır. Bəs 80 yaşını qeyd edən Sabir Rüstəmxanlı dünyaya baxanda nə görüb? İkiyə bölünmüş bir ölkə, assimilyasiya uçrumunun qırağında dayanmış bir xalq, həm də bu ölkə və xalq müstəmləkələşdirilib. Sabir Rüstəmxanlı əlinə qələm aldığı gündən “çoxdarlıqda uçrumdan qoruyan” uşaq kimi bu assimilyasiya uçrumunun qırağında dayanıb və o uçrumun qırağından gördüyü ölkəsinin azadlığı uğrunda mübarizə aparıb. Biz indi onun ədəbiyyatının arzuladığı və arzusunu gerçəkləşdirdiyi bir Azərbyacanda yaşayırıq.

Ədəbiyyatda milli məsələ həll olunmadan bəşəri məsələnin həllinə keçmək mümkün deyil. Əvvəlcə özünə umac ova bilməlisən ki, sonra başqalarına əriştə də kəsə biləsən. Üçüncü Dünya ölkələrində milli kimlik, millətin və dövlətin ortaq simasının yaranması, təhsilin və hüququn mənəvi prosesə çevilməsi və s. kimi modern çağa yönəlik milli məsələlər həll olunmamış qaldıqca bəşəri mövzulardan yazmaq üçün cəmiyyətdə yazıçının, şairin missiyasını öz üzərinə götürən ictimai-siyasi qurumlar peyda olmalıdır. Bunun ən yaxşı nümunəsini Alberto Manquel yazıb “Borxesin evində” kitabında. Gözləri tutulan Borxesə dörd il kitab oxuyan Manquel yazır ki, Borxes nəinki yaşadığı Buenos-Ayres şəhərinin, nəinki yaşadığı Argentinanın gündəmi, dərd-səri ilə maraqlanırdı, ümumiyyətlə, yaşadığı dünyanı tamam unutmuşdu. Onun üçün maraqlı olan Nil pələngləri idi, səhra idi, Kiplinqin kitabları, cürbəcür ensklopediyalardakı məlumatlar idi. Borxes maraqlanmasa da əvvəlcə bütün Buenos-Ayres, sonra bütün Argentina, daha sonra bütün dünya Borxeslə maraqlandı. O, heç kimi görməsə də, görmək istəməsə də, hamı onu gördü, görmək istədi. Bu, ona görə baş verdi ki, Borxesi Argentinada milli məsələlərin həllindən azad edən ictimai-siyasi institutlar formalaşmışdı. Sabir Rüstəmxanlının timsalında Azərbaycan yazıçısı və şairləri heç vaxt belə bir lüksə sahib olmadılar. Onlar milli problemlərin dalınca gah şimala, gah cənuba yüyürdülər; dünyanın onlarla, onların dünya ilə görüşmək imkanı olmadı.

Ümumiyyətlə, sənət adamlarının, yaradıcı şəxslərin boynuna haqsızlıq, ədalətsizlik mücahidi olmaq öhdəliyini qoyan marksizm ideologiyası idi. Maarifçilik hərəkatıyla başlayan modern çağ kilsəni dövlətdən və sosial həyatdan uzaqlaşdırandan sonra dini həmrəyliyin xaosla nəticələcəyindən qorxan burjua sənət, ədəbiyyat adamlarını, bir növ, sekulyar rahiblər olaraq öz yanlarına almışdılar. Marksistlər burjuanın bu sekulyar gücünü parçalamaq, sənəti, ədəbiyyatı siyasi-ideoloji alət olaraq marksizmin xalqa yoluxdurulmasında istifadə etmək üçün yazıçıları, şairləri, bəstəkarları söyə-söyə, aşağılaya-aşağılaya sola, aşağı təbəqələrin yanına dəhmərləyirdilər. Lenin-Stalin cütlüyü daha “səmimi” idi; inqilabın rahibi olmaq istəməyən sənət, ədəbiyyat, elm adamlarını ya Sibirə sürgünə göndərir, ya dəlixanaya salır, ya da qısa və konkret; həbsxana zirzəmilərində güllələyirdilər. Elə ki, Qərbdə haqq və hüquqları müdafiə edən institutlar formalaşdı yaradıcı adamların haqsızlıqdan, ədalətsizlikdən dəm vurması yaradıcılığa dəxli olmayan havayı pərəstişkarları ovlama hiyləgərliyi kimi qələmə verildi və bu gün haqq və hüquqların beşiyi olan ölkələrin yazıçı və şairləri qlobal siyasətin törətdiyi haqsızlıq və ədalətsizliyə belə biganədirlər. Sabir Rüstəmxanlı müstəmləkəçiliklə mübarizə aparanda millətin sözünü deyə bilən şairdən, yazıçıdan başqa heç kimi yox idi. O heç vaxt öz ölkəsinin kirpilərini qoyub Nil pələngləriylə maraqlana bilməzdi.

Üstəgəl, Sabir Rüstəmxanlının yaradıcılığında Ezopa, ezopçuluğa rast gəlmək də mümkün deyil. Ədəbiyyatımızda yayğın olan “şair bu misrada bunu demək istəyib” kəhanəti Sabir Rüstəmxanlının yaradıcılığına yad bir bəraətdir, onun yaradıcılığında şair nə demək istəyirsə, elə onu da deyir. Sabir Rüstəmxanlıya millətçi demək olarmı? Olar! Amma necə bir millətçi? Bu suala çavab vermək üçün biz ingilis intellektualı Terri İqletonun “Tanrının ölümü və mədəniyyət” kitabında millətçilik haqqında yazdıqlarına göz gəzdirməliyik: “İdealizm dini inancın ən uğurlu müasir təzahürlərindən birinin – millətçiliyin yaradılmasında rol oynadı. Millətçilik romantizmin yaratdığı bir hərəkat idi.

Mədəniyyət anlayışı ilk dəfə… millətçilikdə mövcud dərinliyinə və əks-sədasına çatdı… Romantik millətçilikdə millət Tanrı kimi müqəddəs, özgür, bölünməz, başlanğıcsız və əbədidir; varlığın təməli, kimliyin mənbəyi, insan birliyinin mənşəyi, mülkiyyətsizlərin müdafiəçisi və uğrunda ölməyə dəyər bir səbəbdir. Ləyaqətli ayinlərlə şərəfləndirilməli bir prinsipdir; müqəddəslərin, şəhidlərin, hörmətli insanların və totemik qəhrəmanların panteonuna həyat verir. Tanrı öz yaradılışını aşdığı kimi, millət də hər bir fərddən müqayisəolunmaz dərəcədə böyükdür; amma -və yenə də Xristian ilahiyyatında olduğu kimi – fərdi kimliyin mərkəzindədir”.

Düşünürəm ki, Sabir Rüstəmxanlının millətçi ruhunu İqletondan daha mükəmməl şəkildə ifadə edə bilməyəcəyəm. O, milləti tanrı kimi görən idealist-romantikdir və bu tək olmayan tanrının səsi  yalnız mədəniyyətdə eşidilir. Bu tanrı başqalarını aşağılayaraq özünü ucaltmır, əksinə, aşağıdakıları dartıb öz bərabərinə qaldırmaq istəyir.

Amerikalı ədəbiyyatşünas Fredrik Ceymison “milli alleqoriya” dediyi şeyi belə izah edir ki, Üçüncü Dünya ölkələrinin ədəbiyyatları mütləq şəkildə  milli məsələyə diqqət yetirir. Bu ölkələrin ölkə, millət, kimlik kimi problemləri hələ ki, həll olunmamış bir coğrafiyada doğulub boya-başa çatan personajlarının acısı, sevinci, bir sözlə, bütün həyatı öz xalqlarının, ölkələrinin taleyindən azad deyil. Ona görə də bu personajların hekayələri və tarixçələri, əslində, onların öz millətləri, xalqları ilə bağlı alleqoriyalardır. Siyasət, kollektiv tarix və şəxsi təcrübə mütləq şəkildə bu ölkələrin mətnlərində istər-istəməz iç-içə keçir. Üçüncü dünya mətnləri milli alleqoriya şəklində siyasi bir üsluba sahibdir; fərdi qəhrəmanın taleyi həmişə üçüncü dünya mədəniyyətində və cəmiyyətində mübarizə aparan toplumun alleqorik ifadəsidir. Bunun ən gözəl nümunəsi Salman Rüşdünün “Gecəyarısı uşaqları” romanıdır.

Yəni Ceymison deyir ki, Ücüncü Dünya ölkələrinin bəşəri ədəbiyyat yaratması üçün milli məsələlər həll olunmalıdır. Biz ədəbiyyatda hələ ki, milli problemlərimizi çək-çevir etməklə məşğuluq. Böyük ədəbiyyata gedən yolun başlanğıcındayıq. Ola da bilər ki, biz əbədi olaraq bu başlanğıcda ilişib qalaq. Heç o böyük ədəbiyyat okeanına çıxış əldə edə bilməyək. Çünki ədəbiyyatımızın problem kimi gördüyü mənzərəni cəmiyyətimiz öz mədəniyyəti kimi qəbul edir. Sabiri, Cəlili, Hacıbəylini, Axundovu “ölməyə” qoymayan da bu kütləvi düşüncə tərzidir.

Fredrik Ceymisona görə, bizim kimi ölkələrdə vətəndaşın, yaxud fərdin öz xalqından, dövlətindən azad olmuş kədəri, sevinci yoxdur. Kollektivdən arınmış “müstəqil kədərlər”, “müstəqil sevinclər”, “müstəqil talelər” olmadığı üçün onları ifadə edən ədəbiyyatda da “müstəqil üslublar” yoxdur. Hamının ya “Madam Bovari”, ya “Cahandar ağa” olduğu cəmiyyətdə üslubun kütləviləşməmək şansı sıfıra bərabərdir. Üslubun kütləviləşməsi dili də kütləviləşdirir. Kütləvi dil isə kütləvi düşüncə yaradır. Bu isə öz növbəsində yazıçı ilə oxucu arasında fərqi aradan qaldırır. Müəllifin özü yox, dili “ölür”. Bu gün azərbacyanlı müəllifin yerli oxucunun marağını cəlb etməməsinin səbəbi hər ikisinin eyni dilə, eyni düşüncəyə, eyni kədərə, eyni sevincə, eyni taleyə sahib olmalarından irəli gəlir.

Azərbaycanda sayı on milyon olan bir nəfər yaşayır!

Bu milli mənzərə müstəmləkiçilik siyasətinin yaratdığı “həmrəylikdir”, daha doğrusu, həmrənglikdir. Sabir Rüstəmxanlının yaradıcılığı bu həmrəngliyin içində hələ sovet dönəmində boy göstərirdi. Onun Əli bəy Hüseynzadədən miras aldığı türkçülük məfkurəsi şeirləri vasitəsilə bu həmrəngliyin üstünə qan kimi sıçrayır, bu ideoloji həmrəngliyin çörəyini yeyənləri narahat edirdi. Onlar hər yerdə bütün Sabir və Sabirkimilərin bu millətin gələcəyinə aid arzularını məsxərəyə qoyur, bu arzuların heç vaxt gerçəkləşməyəcəyi ümidsizliyini yayırdılar, eynən Avropada maarifçiləri ələ salan kilsə sxolastikləri kimi. Halbuki maarifçilərin Avropa üçün arzuladığı gələcəyin təməli məhz kilsədə qoyulmuşdu. Sabir Rüstəmxanlı ilə eyni yaşda olan Britaniya tarixçisi Conatan İzrael yazır ki, maarifçilik hərəkatının təməli Orta əsrlərin teoloji mübahisələrində atılırdı. Bu mübahisələr xristianlığın Avropa xalqları üzərindəki mütləq gücünü zəiflətdi və on səkizinci əsrdə əksəriyyəti burjua təmsilçisi olan maarifçilərin tanrını təkləməsinə şərait yaratdı. Yəni maarifçilik oxu kilsədən atılmışdı, maarifçilər o oxun arxasınca gedirdilər. Türkçülük, turançılıq oxu da Asiyada çoxdan atılmışdı, Sabir Rüstəmxanlı da bu oxun arxasınca gedənlərin, bu yolda canını fəda edənlərin iziylə yola çıxmışdı. Bu iz onu keçmişə aparırdı, gələcək onu keçmişdə gözləyirdi. Necə ki, Avropa maarifçiləri öz ideyalarının arxasınca gedib qədim Romaya çıxdılar. Avropanın gələcəyi qədim Romada İsanın yırtıq kəfəninin altında ört-basdır edilmişdi. Avropa gələcəyini qədim Romanın xarabalıqları üzərində inşa etdi. Xristianlıqdan aldığı mirasdan isə tikinti avadanlığı kimi yararlandı. Keçmişdəki gələcək nə deməkdir? Gəlin bu suala cavab verməyə çalışaq.

Hər bir gələcəyini düşünən insan öncə “mən kiməm” sualına cavab verməyə məhkum olduğu kimi, gələcəyini düşünən hər bir millət də əvvəlcə bu suala cavab verməlidir: “Biz kimik?” Bu yerdə Qustav Yunqun arxetip və kollektiv təhtəlşüur anlayışlarını yada salmasaq cavabımız qüsurlu ola bilər. Yunqa görə, hər bir fərd kimi, hər bir xalqın, cəmiyyətin də özünəməxsus təhtəlşüuru mövcuddur və bu kollektiv təhtəlşüur gördüyümüz yuxular, görüntülər və ya duyğular olaraq şüurumuzda üzə çıxa bilən, mədəniyyətimizdə, tariximizdə, simvolik təcrübələrimizdə özünü göstərən, nə zaman mövcud olduğunu bilmədiyimiz arxetiplərdən ibarətdir. Bu arxetiplərin bəziləri bütün insan mədəniyyətlərində ortaq olan simvollar və mövzulardır. “Biz kimik” sualına cavab vermək istəyən hər bir millət özünün milli kimliyini tanımaq üçün mütləq bu kimliyi yaradan arxetiplərini tanımalıdır. Çünki milli şüurumuzun üzərində dayandığı zəmin milli arxetiplərdir.

Yunqa görə, əsas kimliyimiz personamız (başqalarına göstərdiyimiz zahirimiz) deyil, arxetipimizdir, batinimizdir. Öz arxetiplərini tanımayan xalq assimilyasiya olmuşdur demək. Sabir Rüstəmxanlı öz yaradıcılığında eynən Oljas Süleymanov, Çingiz Aytmatov, Oktavio Paz kimi doğma xalqının arxetiplərinə üz tutur, gələcəyə keçmişin dərinliklərindən, şuüra təhtəlşüurdan səslənir. Bir şairin missiyası da elə budur: təhtəlşüuru şüura tərcümə etmək, yuxunu gerçəyə çevirmək, kölgələrə bədən qazandırmaq. Ştefan Şvayq yazırdı ki, yalnız bir adamın – Rotterdamlı Erazmın ömrü kifayət etdi ki, müasir Avropa mədəniyyəti yaransın. Müstəqilliyin bu bir qərinəlik dövründə imzası tanınan müəlliflərin də, içi özüm qarışıq, demək olar ki, hamısının mətnində Sabir Rüstəmxanlının görünən və görünməyən izlərinə rast gəlmək mümkündür. Çünki Sabir bəyin istər şeirləri, istərsə nəsr əsərləri bizə yenə Terri İqletonun sözlərini xatırladır: “Biz aslanın aslan təlimçisindən güclü olduğunu bilirik. Təlimçi də bunu bilir. Problem aslanın bunu bilməməsidir”. Sabir Rüstəmxanlının bütün yaradıcılığı, həyatı məhz aslana öz gücünü tanıtmaq, başa salmaq olub.

Millətçilik, tarixi şüur, kulturalizmin banilərindən və fəlsəfədə linqvistik transformasiyanın əsas iştirakçılarından biri olan Herder tarixdəki irəliləyişi təsbit edərək yazırdı ki, hər bir millət öz ahəngində və öz üslubunda inkişaf edir. Vahid ahəng və vahid inkişaf xətti yoxdur. Hər bir xalq özünü dərk etmək üçün özünəməxsus yolu tutmalıdır. Başqasının yolu ilə getmək, sadəcə, mümkün deyil. Sabır Rüstəmxanlı öz həyat və yaradıcılığı ilə millətə öz yolunu göstərdi. Onun “Ömür” kitabı Azərbaycan xalqının memuarıdır, necə ki, Oktavio Pazın “Tənhalıq labiriti” kitabı Meksika xalqının ömrüdür. Bu cür kitabları yazmaq üçün ictimai-sosial mühəndislik bacarığı tələb olunur. Həyatdan qopmuş akademik heyət üzvləri, adətən, millətin yanan barmağını görməzdən gəlirlər. Onlar daha çox adlarını kağız üzərində daha uzun göstərən titulların, elmi rütbələrin, qonşu bağrı çatladan karyera yarışlarının sayılıb-seçilən sərgərdanlığı içində ömür sürürlər. Elmin, fəlsəfənin, ədəbiyyatın özü ilə deyil, daha çox siyasəti ilə məşğul olan bu cür rütbəli ziyalılar tarixin yazılmasında deyil, üzünün köçürülməsində daha çox canfəşanlıq edirlər.

Alman mütəfəkkiri Herder, bəlkə də, buna görə tarixi siyasətçilərin deyil, şairlərin, peyğəmbərlərin, xəyalpərəstlərin yazdığını iddia edirdi. Şairlər, peyğəmbərlər, xəyalpərəstlər dövlətlərin deyil, xalqların tarixini yazırlar, siyasətçilər bu tarixin praktikasıyla məşğul olanlardır. Siyasətçilərin tapılmayan vaxtında meydana çıxıb siyasətlə məşğul olan Sabir Rüstəmxanlı böyük mədəniyyətin bu formulunu heç vaxt unutmadı: Mifologiyanın üzərində din, dinin üzərində fəlsəfə, fəlsəfənin üzərində ədəbiyyat, sənət! Bu ardıcılıq pozulduqda mədəniyyət şikəst olur. Ona görə də ingilis şairi Hyum ədəbiyyatı, sənəti qabından daşıb tökülmüş din adlandırırdı, Hegel sənəti fəlsəfənin ətəyində görürdü, Drukhaym isə yazırdı ki, sənət, ədəbiyyat dinin instrumental alt qatıdır. Sabir Rüstəmxanlı mifologiya dedikdə yer üzündə hələ heç nə olmayanda sahilsiz sularda tək-tənha yaşayan Ağ Ananı görür, din dedikdə, tenqriçiliyə tapınır, ədəbiyyat, sənət dedikdə, dünya boyunca at çapan türk ruhunun səsini eşidir. Bütün bunlar nədən ötrüdür, görəsən? Nə ehtiyac var gözlə görülməyən, əllə tutulmayan bu qədimliyə?

Alman idealist şair filosofu Hölderlin parçalanmış bir milləti birləşdirmək üçün ortaq bir mifə, yaxud miflərə ehtiyac olduğunu vurğulayırdı. Böyük Fransa İnqilabından sonra ortaya çıxan alman idealizmi məhz bu işlə məşğul idi; parçalanmış alman xalqını birləşdirmək üçün ortaq mif və miflər yaratmaq. Ancaq alman siyasətçilər alman filosofları yanlış anladılar; mifi balta kimi istifadə etdilər. İsanın xaçını söküb taxtalarından milli mifologiyanın faşist svastikasını düzəltdilər. Mif yolunu azdı və fəlakət törətdi. Avropa aydınları gələcəkdə belə fəlakətlərin baş verməməsi üçün mifin xəmirinə ədəbiyyat, sənət qatmağın vacibliyi haqqında qalın-qalın kitablar yazdılar. Mif yalnız sənətlə, ədəbiyyatla siam əkizi kimi bir yerdə doğulanda öz millətinə və insanlığa xidmət edə bilərdi.

Sabir Rüstəmxanlının yaradıcılığında bu fəlsəfi tezis, sanki, anadangəlmədir, gənc şair Rəşad Nağının təbirincə desəm, badəhətəndir.

Yenə gəlib şairə çıxdıq.

Şlegel deyirdi ki, şeir respublikaçı bir nitqdir, hər sözünün azad bir vətəndaş olduğu nitq”.

Şeir dilin azadlığıdır.

Dili azad olmayandan şair olmaz.

Sabir Rüstəmxanlı dili azad olan şairdir.

Biz azad vətəndaş olmağı da onun şeirlərindəki sözlərin azadlığından öyrənəcəyik…

OXŞAR XƏBƏRLƏR