Oğru Prometeydən İsa Məsihə doğru – Aydın Talıbzadə

DAHA.az Aydın Talıbzadənin “Oğru Prometeydən İsa Məsihə doğru esse-miniatürünü təqdim edir. 

Prometey barəsində daha kimlər nə yazmayıb ki: o kimlər Prometeydən daha nələr yazmayıb ki… Düşündüm ki, eybi yox, qoy, nələrsə yazmış o kimsələrdən biri də mən olum.

Uzun illər heç cür özümə izah edə bilməmişəm ki, dünyanın dörd bir yanında, xüsusilə də, Sovetlər Birliyində, az qala, ideal qəhrəman, cəsarətli üsyankar, bəşər övladının şücaətli xilaskarı  kimi şöhrətləndirilmiş titan Prometeydən nə üçün, nəyə görə zəhləm gedir. Amma fikrimi də heç kəslə bölüşməmişəm: demişəm ayıb olar yunan mifologiyasında uca göylərdən insanlara od gətirmiş, onlara astronomiyanın əlifbasını, saymağı və yazmağı öyrətmiş birisini subyektivcəsinə günahlandırım, mədəniyyət tarixinin ünlü filosoflarının pozitivdə qavradığı Prometeyi neqativdə görükdürüm.

Hərçənd onu da fikirləşmişəm ki, Prometeyə aşkar bir rəğbət və empatilə yanaşan qədim yunan dramaturqu Esxil görəsən niyə bu qədər urvatsız, cəfəng, ağlasığmaz bir ölümlə qarşılaşmalıydı? Təsəvvür edirsinizmi, Siciliya adasında bir qartal caynağında yeməyə bir tısbağa aparırmış və onun çanağını partlatmaq üçün yaxşı bir daş axtarırmış. Birdən uca göylərdən qartalın gözünə Esxilin daz başı sataşır: qartal onu qaya daşı zənn edib hədəf seçir, tısbağanı Esxilin kəlləsinə çırpır. Esxil mifik bir şəkildə elə yerindəcə dünyasını dəyişir.

Qəribə bir fantastik ölüm: Prometey haqqında mifin davamı kimi oxunur.

Bunu Zevsin intiqamı kimi yozmaq olarmı? Zefs Esxildən öcmü alır onun Prometeyə rəğbətinə görə? Məgər Esxil gerçək dünyanın adi insanlarından biri deyildimi? Nə üçün onun ölümü mifə çevrilməliydi, mən də Zevsi mifdən götürüb Esxilin həyatına gətirməliydim, gerçəyi və mifi bir-birinə düyünləməliydim? Doğrudanmı Esxilin bu cür qeyri-adi ölümü təsadüfdür, yoxsa ki biz hamımız mifin içindəyik və bu mif hələ də davam edir?

Bu suallarıma cavabları qəfil tapdım. Əsərləri yunan dilində qələmə alınmış İncil sayılan Esxilin “Zəncirlənmiş Prometey” faciəsi əsasında gürcü rejissoru Robert Sturuanın hazırladığı eyniadlı tamaşa sanki məni nurlandırdı, cavabları ələ gətirməkdən və bəyan etməkdən ötrü mənim üçün bir təkan oldu. Pyesin “faciəli fantaziya” janrında R.Sturua tərəfindən təqdim edilən səhnə versiyası üç fəlsəfi və aktual konsept ətrafında yığılmışdı.

Birinci konsept: insanlar nankor və nanəcib olub kiçik bir səhv ucbatından öz xilaskarlarından üz döndərə bilərlər, onu unuda bilərlər. Prometey insanlara bu qədər yaxşılıqlar elədi, amma onlar Prometeyi zəncirlərdən qurtarmağa balaca bir cəhd belə göstərmədilər.

İkinci konsept: Prometeyin əməli insanları ümidsiz qoydu, onları söndürdü. Burada R.Sturua bizə Pandoranı xatırladır. Axı, Prometeyin əlindən qəzəblənmiş Zevs onun qardaşı Epitemeyə arvadı Pandoraya toy hədiyyəsi qismində çatdırılacaq bir mücrü göndərir və mücrünün açılmasını yasaq buyurur. Əslində, bu mücrü insanlar üçün cəzadır. Zevs Epitemey və Pandoranın əliylə insanlardan intiqam alır, oğurlanmış odun hayıfını çıxır. Bilir ki, Pandora maraqdan yanıb-yaxılıb dözməyəcək və mücrünü açacaq. Elə elə də olur. Pandora mücrünü açır və xəstəliklər, paxıllıq, kədər, ölüm və insanları incidəcək daha başqa pisliklər dünyaya dağılır. Fikir verin, “epidemiya” sözü necə də Prometeyin qardaşının adı ilə baxışır: çünki məhz o, vəsilə olur neqativ təzahürlərin dünyaya yayılmasına. Mücrünün qapağını tələsik qapadanda isə ümid içəridə qalır, çölə atılmağa macal tapmır. O vaxtdan bəri ümid Pandoranın mücrüsündə sakitcə uyuyur.

Bu məqamda onu da qeyd etmək yerinə düşərdi ki, “Zəncirlənmiş Prometey” tamaşasına yazdığı resenziyada bu konsepti önə çəkən Emil Əskərov-Bakuvi müasir dünyada xərçəng xəstəliyi kimi yayılmış ümidsizliyi insanlığın “komfort zonası” (https://daha.az/umidsizliyin-rahatligi-emil-esk%c9%99rov/) adlandırır.  Çox dəqiq bir müşahidədir. Çünki insanlar onları xilas etmiş Prometeyi zəncirlərdən xilas edə bilmədilər, heç bu haqda düşünmədilər də: ümidsizlik içində rahatlandılar və unutdular ki, Prometeyə mənəvi borcları var…

Amma Prometeyi xilas etməyinə dəyərdimi?

Birazdan bu suala cavabı məndən gözləyin.

İndisə R.Sturuanın üçüncü konsepti. Rejissor titan Prometey olayını, yəni “Zəncirlənmiş Prometey” pyesini Olimpin digər müqəddəs sakini od və dəmirçilik tanrısı Hefestin tamaşası kimi yozur: məhz avara-müdrik-aktyor-kifir-axsaq tanrı  Hefest Prometey və insanlarla həm ağrılı-acılı, həm də baməzəliklə, zarafatla, ironiya ilə dolu bir oyun qurur. Nə üçün də olmasın? Məgər Olimpdəki odu Prometey Hefestdən oğurlamayıb? Məgər Prometeyi Qaf dağına o, zəncirləməyib? Məgər Pandoranı gildən Hefest düzəltməyib?  Deməli, Hefest hadisənin əsas iştirakçılarından biridir, işlərin mayeyi-fəsadıdır… Məhz burada Esxilin faciəsini tam aktuallaşdırmaq, günümüzün olayları ilə qiyaslamaq üçün Robert Sturua Hefestin monoloqlarını yəhudi musiqisilə müşayiət edir, dünyada hökm sürən gərginliklərlə əylənməyə başlayır, Hefesti yəhudi qocası kimi görür.

Tamaşanın epizodlarını çözə-çözə bir də anladım ki, mən Esxilin də, R.Sturuanın da Prometey macərasına verdikləri konseptual şərhə tamamilə zidd bir mövqedən yanaşıram, Prometeyi günahkar sayıram. Belə ki:

Prometeyin bəraəti və xilası yoxdur: Prometey oğrudur; o öz əməlilə insanların mənəviyyatının təməl prinsiplərini pozub.

Müqəddəs od Olimp dağından oğurlananda artıq müqəddəs od olmur. Oğruluq aktı müqəddəs odu murdarlayır.

Ona görə də Prometeyin insanlara gətirdiyi murdarlanmış oddur.

Elə ol səbəbdəndir ki, bu od bəşər tarixinə xeyir gətirə bilmir və elə hey yandırır, davamlı şəkildə müharibələri alovlandırır, dəli kimi rəqs eləyə-eləyə canlar alır, aramsız yanğınlar törədir. İnsanlar bir tərəfdən qurub yaradırlar, o biri tərəfdən həməncə hər şeyi odla uçurub dağıdırlar, özləri özlərinə qənim kəsilirlər: nədən ki, görməmişlik sindromu oğurluq, çalmaq, qəsb etmək mexanizmini əlüstü işə salır.

Başqa bir yöndən isə Prometey Zevsin yeni proyektinin əngəli olub. Nədən ki, Zevs xəlq etdiyi insanlardan bir elə də razı qalmamışdı deyə, onları qırıb, məhv edib yenilərini, daha yaxşılarını yaratmaq istəyirdi. Prometey isə öz oğurluğu ilə bu prosesi dayandırdı, insanlara yalanla, aldanışla, hiylə ilə yaşamağı öyrətdi.

Oğru Prometey həm də mahir hiyləgər idi. Zevs insanlardan ona qurban gətirilməsini tələb edəndə qüdrətli titan bu dəfə də dinc dayanmamışdı. Öküzü kəsib Zevslə paylaşmamaq niyyətində bulunan acgöz insanlar yenə Prometeydən kömək ummuşdular. Prometey də yubanmadan onlara biclik öyrətmişdi: demişdi ki, öküzün ətini sümüklərindən ayırın; sümükləri bir yerə toplayıb üstünə öküzün piyini sürtün, o biri yerdə isə öküzün ətindən bir qalaq düzəldin, üzərinə də onun qara dərisini örtün və elə bu şəkildə də Zevsə təqdim edin, qoy, öz payını özü seçsin. İnsanlar Prometeyin söylədiyi kimi davranmışdılar. Zevs piy qatının parıltısına aldanmışdı, sümük qalağını tərcih etmişdi, insanlara isə qara dəri altında gizlədilmiş ət qalağı çatmışdı. Sonucda Olimpin sahibi anlamışdı ki, onun əleyhinə hiyləgərcəsinə davranmağı insanlara yenə Prometey öyrədib.

Buradan da belə aydın olur ki, oğurlamaq, aldatmaq və hiyləgər olmaq şakəri titan Prometeydən insanlara qalmış bir yadigardır.

Digər bir yöndən baxanda isə görürük ki, Prometey hər zaman özünü divergent kimi aparıb, yəni permanent fraksiyaçılığa meyllənib: titan olub, di gəl ki, Zevsin titanlarla mübarizəsində birincini dəstəkləyib, müdrik məsləhətlərilə onun qələbəsini asanlaşdırıb. Biləndə ki, Zevs insanları məhv edib yenilərini yaratmaq istəyir, Zevsin əleyhinə işləyib, insanların tərəfini saxlayıb, onları soyqırımdan qurtarıb. Bu faktlar isə Prometeyi etibarsız və ikiüzlü birisi kimi portretləşdirir. Etibarsızlığı, ikiüzlülüyü, xəyanəti insanlara o, aşılamayıbmı?

Deməli, Prometey halala haram qatmış, insanları mənəvi öhdəliklərdən sapdırmış, onların əxlaqını pozmuş, “yaşamaq naminə hər şey mübahdır” konseptini insan davraşının nüvəsinə çevirmiş bir titandır, mənfi bir xarakterdir. Yəni baxım bucağını azacıq dəyişdirməklə Prometeyi qəhrəman yüksəkliyindən anti-qəhrəman səviyyəsinə də endirmək mümkün.

Odur ki, insanları Prometey öyrəşdirib qəhrəman, xilaskar, müqəddəs elçi, fədakar gözləməyə, görəvlərini başqalarının üstünə atmağa və bacardıqca məsuliyyətdən qaçmağa.

Ona görə mən hesab eləyirəm ki, Zevs Prometeyi haqqına cəzalandırıb, düzlük, ədalət naminə haqqına zəncirləyib: çünki titan Prometey insanları saflığa, paklığa, halallığa, dürüstlüyə doğru yönləndirməyib, onları mənəviyyatsızlığın uçurumuna yaxınlaşdırıb.

Amma hər necə olursa olsun, insanlar əzabkeşlik simvolu kimi qavrayırlar Prometeyi. Təsadüfi deyil ki, İsa Məsihə verilən işgəncələr öz brutallığı və amansızlığı ilə Zevsin Prometey üçün konkretləşdirdiyi işgəncələrlə paralelləşir. İsa Məsihin çarmıxa çəkilməsi, daha düz olar desəm, xaça mıxlanması Qaf dağında qayaya zəncirlənmiş Prometeyin xristian versiyası kimi çözülür. Hətta mən fikirləşirəm ki, İsanın da Prometey kimi bir divergent səciyyəsi var:  nədən ki, İsa əvvəlcə, yəhudilikdə bir mövqe tutub, sonradan isə coğa toplayaraq xristianlığın təbliğinə başlayıb. İsa Məsihin qafasına qoyulmuş tikanlı tac da Prometeyin zəncirlərdən qurtulduqdan sonra başında gəzdirdiyi söyüd budaqlarından hörülmüş çələnglə assosiasiya yaradır.

Ol səbəbdən də mən elə düşünürəm ki, İsa Məsih haradasa elə xristianlığın Prometeyidir, yəhudiliyə təfriqə salmış, fraksiya yaratmış, divergent olmuş birisidir. Həqiqətən, oğru Prometeydən İsa Məsihə doğru gedəndə biz hələ də tarixi mövcudluğu sübut edilməmiş xristian peyğəmbərini dini-mifoloji bir obraz statusunda qavrayırıq.

OXŞAR XƏBƏRLƏR