“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində, Azərbaycan Şəhərsalma Kampaniyası və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) ərəfəsində Bakıda “Şəhərin səsi” adlı xüsusi mədəni proqram keçiriləcək.
DAHA.az xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının tarixi məkanında baş tutacaq bu tədbir şəhər anlayışını yalnız urbanistika və memarlıq kontekstində deyil, həm də musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı sənayelərin sintezi vasitəsilə təqdim edəcək.
“Şəhərin səsi” Bakının çoxqatlı şəhər kimliyini yeni formatda nümayiş etdirməyi qarşıya məqsəd qoyur. Burada şəhər ritm, səs, vizual hekayə və kollektiv təcrübə kimi yenidən düşünülür. Tədbir iştirakçıları üçün DJ çıxışları, audiovizual performanslar, videomapping, rəqəmsal proyeksiyalar, mural konsepti və “Azərbaycanfilm” kinostudiyasının unikal tarixi atmosferində xüsusi proqram təqdim olunacaq.
Vizual proqramda iştirak edirlər: Səbinə Şıxlinskaya (vizual proqramın kuratoru), Emin Mezers (live video mapping), Ramil Məmmədli (animasiya), Bəxtiyar Zaidzadə (mural).
Musiqi proqramında DJ-lər Pancho, Hazi Karim, Cestlek, Sløu çıxış edərək şəhərin ritmini elektron musiqi və müasir performans vasitəsilə canlandıracaqlar.
Layihə Torpağın Səsi və AtəşHub platformalarının təşkilatçılığılə həyata keçirilir. Tədbir Azərbaycan Respublikasının Kino Agentliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Yelo Bank-ın dəstəyi ilə təqdim olunur.
“Şəhərin səsi” “Bakı Şəhərsalma Həftəsi” proqramının mühüm hissəsi olaraq şəhər mədəniyyətinin gələcəyinə yaradıcı baxış təqdim edir, Bakını qlobal şəhər müzakirələri çərçivəsində yalnız şəhərsalma nümunəsi kimi deyil, həm də müasir mədəniyyət və yaradıcı transformasiya məkanı kimi ön plana çıxarır.
Tədbir haqqında məlumat:
Məkan: Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası
Tarix: 16 may 2026
Qapılar açılır: 19:30
Proqram: 20:30 – 00:00
Giriş: Ödənişsiz
Qeydiyyat: link
Yerlər məhduddur. İştirakçılar qeydiyyatdan keçərək Bakının səsini, ritmini və yaradıcı enerjisini fərqli və immersiv formatda yaşamaq imkanı əldə edəcəklər.
Qeydiyyat linki: https://forms.gle/qAKDyJLM3EnpsQjF7



