Qadın və şeytan – Ülviyyə Lalə

Qadına münasibət ziddiyyətli olub. Bir tərəfdən qadın həyat verən, bərəkət gətirən, insan nəslinin davamını təmin edən varlıq kimi müqəddəsləşdirilib, digər tərəfdən isə qorxulu, sirli və təhlükəli bir güc kimi təqdim olunub. Bu səbəbdən qədim zamanlardan bəri qadın obrazı çox vaxt şeytan, iblis və cadugər anlayışları ilə əlaqələndirilib.

Bu düşüncənin izləri bu gün də dilimizdə qalmaqdadır. Bəzən qız uşaqlarına zarafatla “şeytan” deyilməsi də həmin uzun tarixi yaddaşın kiçik bir davamı kimi görünür. “Şeytan” sözü qədim ivrit dilindəki “Satan” sözündən gəlir və “qarşı çıxan”, “müxalif olan” mənasını verir.

Tarixin ilkin dövrlərində qadın bədəni insan üçün sirli görünürdü. Menstruasiya, hamiləlik, doğuş və südvermə kimi bioloji proseslər kişi üçün anlaşılması çətin, möcüzəvi hadisələr idi. Qadının daxilində yeni həyatın yaranması, sonra həmin körpəni südü ilə qidalandırması və böyütməsi təbiətin ən böyük sirri hesab edilirdi. Ana olmaq qadına başqa bir güc də qazandırmışdı. Balasını qorumaq instinkti qadını daim çıxış yolu axtarmağa vadar edirdi.
Balası xəstələndikdə, yaralandıqda qadın təbiətdəki otların, bitkilərin şəfa gücünü öyrənirdi.

Yaralara məlhəm hazırlayan, xəstəyə bitkilərlə kömək edən qadınlar zamanla gizli qüvvələrə sahib varlıqlar kimi qəbul edilməyə başlandı. İnsan anlamadığı hər şeyi necə fövqəltəbii sayırdısa, qadının bu bacarığı da sehr kimi qəbul edilirdi.

Amerikalı yazıçı Con Steynbek “Həyəcanlarımızın qışı” romanında qız uşağının enerjisini, davranışlarını və içindəki izaholunmaz gücü ata baxışından narahatedici bir sirr kimi təsvir edir. Bu təsvir, qadının təbiətindəki gücün kişidə yaratdığı qorxunun ədəbiyyatdakı əks-sədası kimi görünür. Orta əsrlərdə Avropada bu qorxu daha təhlükəli bir mərhələyə keçdi. Minlərlə qadın cadugərlikdə ittiham edilərək işgəncələrə məruz qaldı və edam edildi.

Ən çox hədəf alınanlar isə təbib qadınlar idi. Onlar bitkilərin xüsusiyyətlərini bilir, mamalıq edir, insanları müalicə edirdilər. Lakin elm inkişaf etdikcə və kişi həkimlər meydana çıxdıqca bu qadınlar təhlükə kimi görülməyə başladı. Dövlət və kilsə xalq arasında nüfuz qazanan bu qadınları sıradan çıxarmaq üçün onları “cadugər” elan etdi. Balzak özünün “İfritə” əsərində inkvizisiya dövrünün bu qəddarlığını açıq şəkildə göstərir. Sadəcə gözəl görünən, insanları özünə cəlb edən bir qadın belə “iblis” adlandırılır, onun varlığı günah hesab edilirdi. Qadının gözəlliyi belə təhlükə kimi qəbul edilirdi.

Tarixçilər ilk pivə və şərab hazırlayanların da qadınlar olduğunu düşünürlər. Xüsusilə qədim Mesopotamiyada qadınlar bu işlə məşğul idi. Lakin sonralar Avropada qadınların hazırladığı və satdığı pivənin insanı kefləndirməsi belə sehr kimi qəbul edildi. Nəticədə qadınlar bu sahədən uzaqlaşdırıldı və iqtisadi güc kişilərin əlinə keçdi. Eyni yanaşma təbabətdə də yaşandı. Astrofizik Karl Saqan “İblislərlə dolu dünya” kitabının bir hissəsində cadugər ovlarının tarixini araşdıraraq göstərir ki, bu proses sadəcə dini fanatizm deyil, kilsə və dövlətin birlikdə həyata keçirdiyi qorxu siyasəti idi.

Saqan, cadugər edamına şahidlik etmiş yezuit rahibi Fridrix fon Şpinin yazılarına əsaslanaraq məsum qadınların sistematik şəkildə hədəfə alındığını göstərir. Qadın gücündən duyulan narahatlıq mifologiyada da özünü göstərir. Bir çox patriarxal mədəniyyətlərdə həyat yaratmaq qabiliyyəti kişiyə aid edilməyə çalışılıb. Məsələn, yunan mifologiyasında Zevs qızı Afinanı başından doğur. Təkallahlı dinlərdə isə qadın kişinin qabırğasından yaradılır və sonradan ilk günahın səbəbkarı kimi təqdim edilir. Burada diqqət çəkən məqam qadının təbii olaraq sahib olduğu doğuş gücünün mifoloji şəkildə kişiyə ötürülməsidir.

Qadın həm də bərəkətin simvolu sayılırdı. Döşündə süd olması, bədənində həyatın formalaşması, menstruasiya kimi bioloji proseslər qədim insan üçün həm heyranedici, həm də qorxuducu idi. İnsanlar anlamadıqları bu gücü şeytanla, sehrlə və gizli qüvvələrlə əlaqələndirirdilər. Müxtəlif dini mətnlərdə də sehr və cadugərlik anlayışlarına rast gəlinir. Tövratda, Quranda sehr edənlərdən bəhs edilir. Tövratda “Cadugər qadını yaşatmayacaqsan” ifadəsi yer alır.

Tarix boyu bu kimi anlayışlar çox vaxt qadın üzərinə yönəldilib. Bütün bunlara baxdıqda aydın görünür ki, qadının bioloji və sosial gücü tarix boyu patriarxal sistemlərdə narahatlıq yaradıb. Qadının həyat yaratmaq qabiliyyəti, təbiətlə yaxınlığı, şəfa vermək bacarığı və dul qadınların kişi olmadan yaşaya bilməsi onu həm heyranlıq, həm də qorxu obyektinə çevirib. Məhz bu qorxu əsrlər boyu qadının şeytan, cadugər, iblis və azdırıcı obraz ilə təqdim olunmasına səbəb olub.

OXŞAR XƏBƏRLƏR