DAHA.az Rikardo Piqliyanın “Hekayə haqqında tezislər” essesini təqdim edir.
I

Çexov qeyd dəftərlərindən birinə belə bir əhvalat qeyd edib: “Monte-Karloda bir kişi kazinoya gedir, bir milyon udur, evinə qayıdır və intihar edir.” Hekayənin klassik forması hələ yazılmamış bu süjetin nüvəsində cəmləşib.
Süjet xətti təxmin edilən və ənənəvi gedişata (qumar oynamaq – uduzmaq/intihar etmək) qarşı bir paradoks kimi meydana çıxır. Əhvalat qumar əhvalatı ilə intihar əhvalatını bir-birindən ayırmağa meyil edir. Bu ayrım hekayənin formasına xas olan ikili xarakteri müəyyənləşdirmək üçün açar rolunu oynayır.
Birinci tezis: Hekayə həmişə iki əhvalat nəql edir.
II
Klassik hekayə (Po, Kiroqa) ön planda birinci əhvalatı (qumar əhvalatını) danışır, ikinci əhvalatı (intihar əhvalatını) isə gizlincə qurur. Hekayəçinin ustalığı ikinci əhvalatı birincinin qatları arasına incəliklə yerləşdirə bilməsindədir. Zahiri süjet qırıq-qırıq və üstüörtülü şəkildə ötürülən gizli süjeti pərdələyir.
Sürpriz effekti gizli əhvalatın sonluğu üzə çıxanda yaranır.
III
İki əhvalatın hər biri ayrı-ayrılıqda nəql olunur. İki əhvalatla işləmək iki fərqli səbəbiyyət sistemi ilə işləmək deməkdir. Eyni hadisələr paralel şəkildə iki bir-birinə zidd ilan təhkiyə məntiqi çərçivəsində irəliləyir. Hekayənin başlıca ünsürləri ikili funksiya daşıyır və iki əhvalatın hər birində fərqli şəkildə istifadə edilir. Onların arasındakı keçid nöqtələri isə kompozisiyanın əsasını təşkil edir.
IV
“Ölüm və kompas” hekayəsinin əvvəlində bir tacir kitab çap etdirmək qərarına gəlir. Bu kitaba yer verilib, çünki gizli əhvalat çərçivəsində həyati əhəmiyyət kəsb edir. Qırmızı Şarlax kimi bir qanqsterin mürəkkəb yəhudi ənənələrinə bələd olub Lönrot üçün mistik və fəlsəfi tələ qurması başqa cür necə mümkün ola bilərdi? Borxes öz metodunu inkişaf etdirmək naminə Şarlaxın bu kitabı əldə etməsini təmin edir. Eyni zamanda kitabın əsl funksiyasını gizlətmək üçün birinci əhvalatdan istifadə edir: kitab mətndə Yarmolinskinin qətli ilə əlaqədar yer verilmiş kimi görünür; bu qətl özü də ironik bir səbəbiyyət əlaqəsinə söykənir. “İstənilən adamın ona təklif olunan istənilən kitabı gec-tez alacağını anlayan tacirlərdən biri “Həsidi təriqətinin tarixi”nin ucuz nəşrini buraxdı.” Əhvalatlardan biri üçün artıq olan detal digəri üçün zəruridir. Tacirin kitabı qısa hekayənin mikroskopik təhkiyə mexanizmini hərəkətə gətirən mübhəm detala gözəl bir nümunədir – eynilə “Cənub”dakı “Min bir gecə” cildi və ya “Qılıncın izi”ndəki yara izi kimi.
V
Hekayə daxilində gizli bir əhvalat saxlayan əhvalatdır. Söhbət yozumdan asılı olan hər hansı sirli mənadan getmir: müəmmalı şəkildə nəql olunan əhvalat müəmmanın özüdür. Təhkiyə strategiyası sətir aralarına hopdurulmuş bu gizli xəttə xidmət etmək üçün qurulur. Bir əhvalat nəql olunarkən digəri necə nəql oluna bilər? Bu sual hekayənin texniki problemlərini ümumiləşdirir.
İkinci tezis: Gizli əhvalat hekayə və onun törəmələrinin formasıyla bağlı açardır.
VI
Hekayənin Çexov, Ketrin Mensfild və Şervud Andersondan, eləcə də “Dublinlilər”in müəllifi Coysdan gələn müasir variantı gözlənilməz sonluqdan və qapalı quruluşdan imtina edir; bunun əvəzinə iki əhvalat arasındakı gərginliyə diqqət yetirir və bu gərginliyi heç vaxt çözümlə nəticələndirmir. Gizli əhvalat getdikcə daha çətin anlaşılan şəkildə nəql olunur. Posayağı klassik hekayələr bir əhvalatı nəql edərkən arxada başqa birisinin də olduğunu bəyan edirdi; müasir hekayələr isə iki fərqli əhvalatı sanki tək bir əhvalatmış kimi təqdim edir.
Heminqueyin “aysberq nəzəriyyəsi” bu təkamül prosesinin birinci ümumiləşdirməsidir: ən vacib məqam əsla birbaşa deyilmir. Gizli əhvalat deyilməyənlər, sezdirilənlər və üstüörtülü işarələrlə qurulur.
VII
Heminqueyin mühüm hekayələrindən biri olan “Böyük çay”da ikinci əhvalat (müharibənin Nik Adamsa təsiri) elə işlənib ki, mətn balıq ovu haqqında adi bir təsvir təsiri bağışlayır. Heminquey gizli əhvalatın qapalı şəkildə nəqlində bütün ustalığını nümayiş etdirir. O, sətiraltı və ixtisarla təhkiyə sənətindən elə məharətlə yararlanır ki, o biri əhvalatın yoxluğu dərhal nəzərə çarpır.
Heminquey Çexovun əhvalatını yazsaydı, necə edərdi? Qumar məclisini, oyunun keçirildiyi mühiti, oyunçunun mərc eləmə tərzini, hətta hansı içkilərin içildiyini ən xırda detalına qədər təsvir edərdi. Adamın özünə qəsd edəcəyini heç vaxt açıq deməz, hekayəni sanki oxucu bunu onsuz da bilirmiş kimi qələmə alardı.
VIII
Kafka gizli əhvalatı aydın və sadə şəkildə nəql etdiyi halda, zahiri əhvalatı sirli və qaranlıq bir formaya düşənədək üstüörtülü şəkildə danışır. “Kafkaesk” anlayışının kökündə məhz bu tərsinə çevrilmə dayanır.
Kafka olsaydı, Çexovun əhvalatındakı intiharı ön plana çıxarar və bunu tamamilə təbii bir hadisə kimi təqdim edərdi. Hekayənin dəhşəti isə oynanılan qumara fokuslanar və təhdid dolu, qırıq-qırıq eyhamlarla çatdırılardı.
IX

Borxes üçün birinci əhvalat növdür, ikinci əhvalat isə həmişə eynidir. Bu gizli əhvalatın mayasındakı yeknəsəkliyi yumşaltmaq və ya pərdələmək üçün Borxes növlərin təqdim etdiyi təhkiyə müxtəlifliyinə üz tutur. Borxesin bütün hekayələri bu üsulla qurulub.
Borxes olsaydı, zahiri əhvalatı – yəni Çexovun qeydindəki qumarı – bir ənənənin, yaxud janrın stereotipi (qismən parodiyası) kimi götürərdi: İlario Askasubinin dostu Urkisanın köhnə süvarilərindən olan bir ağsaqqalın dilindən nəql edilən, Entre-Rios düzənliyindəki bir dükanın arxa otağında təşkil olunmuş qumar məclisi. Bir insanın həyatı onun taleyini həll edəcək bircə ana sığışdırılar, intihar əhvalatı da məhz bu cəmləşmə və kələk üzərində qurulardı.
X

Borxesin hekayə tarixinə qazandırdığı əsas yenilik ikinci əhvalatı məqsədyönlü şəkildə işlənmiş bir struktur daxilində mətnin başlıca mövzusuna çevirməsi idi.
Borxes hekayələrini zahiri süjetin ünsürlərindən məkrli və gizli bir intriqa quran birinin gedişləri vasitəsilə nəql edir. “Ölüm və kompas”da ikinci əhvalat məhz Şarlax tərəfindən qəsdən hazırlanıb. Eyni cəhət “Ölü”dəki Asevedo Bandeiraya, “Xain və qəhrəman mövzusu”ndakı Nolana və Emma Sunsa da aiddir.
Borxes (eynilə Po və Kafka kimi) təhkiyə formalarının problemlərini süjetli bir əhvalata necə çevirəcəyini çox gözəl bilirdi.
XI
Hekayə gizli qalan bir məqamı süni yolla üzə çıxarmaq üçün qurulur. O, daim yenilənən bir axtarışı – həyatın nüfuzedilməz səthi altında həqiqi bir sirri görməyimizə imkan verən bənzərsiz bir təcrübə axtarışını yenidən hasil edir. Rembo “naməlumu uzaqlarda, hansısa “terra incognita”da yox, məhz anın öz ürəyində kəşf etməyə imkan verən qəfil bəsirətdən” söz açmışdı.
Məhz bu dünyəvi aydınlanma təkamül edərək hekayə formasına çevrilib.
tərcümə edən: Qismət




