Gölməçədə əks olunan ay – Yasunari Kavabata

Bu gün tanınmış tərcüməçi Natiq Səfərovun anım günüdür.
DAHA.az bu münasibətlə  Yasunari Kavabatanın “Gölməçədə əks olunan ay” hekayəsini onun tərcüməsində təqdim edir. 

Bir dəfə Kükonun ağlına gəldi ki, ikinci mərtəbədə yataqda xəstə yatan ərinə əl güzgüsünün köməyilə bostanı göstərsin. Ona elə gəlirdi ki, gördüyü mənzərə ərinin halını yüngülləşdirə bilər. O, bu əl güzgüsünü, vaxtı ilə ər evinə cehiz gətirdiyi tualet masasının sağ gözündə saxlayırdı. Bu kiçik masa və güzgünün dəstəyi tut ağacından düzəldilmişdi. İlk vaxtlar güzgü Kükonun tez-tez karına gəlirdi, məsələn, onun köməyilə, saçının arxada necə yığıldığını görə bilirdi. O, güzgünü fırladanda, kimono çiynindən sürüşür, ağappaq, dopdolu qolu dirsəyəcən açılırdı və o hər nədənsə pörtüb qızarırdı…

Küko çiməndən sonra tualet masasının arxasına keçəndə, əri təkidlə deyirdi: “Sənə çətin olar, ver mən tutum”. O, əl güzgüsünü Kükonun əlindən dartıb alır və onu müxtəlif bucaqlar altında döndərirdi ki, arvadı öz saçını hər tərəfdən görə bilsin. O bu işdən açıq-aşkar həzz alırdı. Küko özünü narahat hiss etsə də, ərinin xətrinə dəymirdi.

Həmin vaxtdan az ötsə də, çox fəlakətlər olmuşdu: müharibə, köçürülmə, məhrumiyyətlər, ərinin ağır xəstəliyi. Küko birinci dəfə bostanı ərinə göstərdiyi vaxtlar artıq əl güzgüsü tutqunlaşmış, dəstəyi toz-torpaqdan çirklənib qatmaq bağlamışdı. Güzgünün çərçivəsi də yaman gündəydi. Bu, Kükonu az narahat edirdi, yəqin o, buna heç fikir də verməmişdi, çünki bu cür çirkli güzgüdə də bostan aydın görsənirdi. Lakin həmin vaxtdan əl güzgüsündən ayrılmayan və onu yastığının altında saxlayan əri məcburi avaraçılıqdan, ya çiyrəndiyindən, günlərin bir günü əl güzgüsünün təmirinə girişdi: dəstəyini, çərçivəsini səylə silib təmizlədi, aynasını cilalayıb parıldatdı. Elə sonralar da Küko tez-tez görürdü ki, əri güzgünü üfləyib-silir. Bəzən düşünürdü ki, əri güzgünü üfləyərkən, taxta çərçivənin gözlə görünməyən narın çatlarına vərəm çöpləri ilişib qala bilər. Ancaq öz narahatlığını büruzə vermirdi, Küko adətən ərinin saçına kameliya yağı sürtüb darayırdı. Əri güzgünün çərçivəsini cilalayanda, vərdiş etdiyi üçün tez-tez əlini saçına çəkirdi və yağın hikmətindən çərçivə par-par parıldayırdı. Amma tualet masasına qulluq edən yox idi, göz qabağındaca köhnəlib çürüyürdü.

Bununla belə, Küko ikinci dəfə ərə gələndə, bu masanı da özüylə cehiz apardı.

Əl güzgüsü isə artıq yox idi. Küko ərini dəfn edən günü güzgünü oda atıb yandırdı. Amma təzə ərinə bu barədə heç nə demədi. İndi onun tualet masasında naxışlı dəstəyi və sağanağı olan təzə əl güzgüsü gözə dəyirdi.

Dünyasını dəyişmiş ərini tabuta qoydular, adətin buyurduğu kimi, meyitin əl barmaqlarını sinəsi üstündə bir-birinə keçirdilər. Buna görə Küko ərinin sevimli güzgüsünü onun əlinə verə bilmədi, sinəsinə, ürəyinə yaxın yerə qoydu, çünki güzgü onların birgə həyatında mühüm rol oynamışdı.

Sonra Küko nəsə fikirləşib, güzgünü mərhumun qarnı üstünə qoydu və əyilib qulağına pıçıldadı:

– Sənin sinən həmişə ağrıyıb, qorxuram, onu bu yük incitsin.

Küko istəmirdi ki, ərinin qohumları güzgünü görsünlər, buna görə onun üstünü ağ payız gülləriylə örtdü. Dəfn tonqalında güzgü əriməyə başladı; qalın və kələ-kötür boruya çevrildi, qarsınıb saraldı.

– Bu nədi, görəsən? Şüşəyə oxşayır! – qohumlardan kimsə təəccübləndi. Məsələ burasındadı ki, Küko əl güzgüsünün üstünə daha bir güzgü – öz bəzək qabından götürdüyü kiçik güzgünü qoymuşdu. Bu güzgü tandzaku[1] formasındaydı. Küko onu toy səyahətinə götürmək istəyirdi, lakin müharibə başlandığından, səyahətə çıxmaq mümkün olmadı. Birinci əriylə yaşadığı dövrdə bu güzgüdən istifadə etmək ona qismət olmadı. Təzə əri toy səyahəti təşkil etdi. Kükonun bəzək qabı köhnəlmiş, hətta kif bağlamışdı. Buna görə, təzəsini aldı. Onun içində də tandzaku şəkilli güzgü vardı. Səyahətin elə ilk günü əri Kükonu qucaqlayıb pıçıldadı:

– Lap bakirə qız kimisən! Hətta sənə yazığım gəlir!

Onun sözlərində istehza yox, alğış hiss olunurdu. Kükonun bu cür – kişi əli dəyməmiş qız kimi qaldığına əlbəttə, sevinirdi. Lakin ərinin sözləri Kükonun qəlbinə toxundu. O, hönkürüb ağladı, büzüşüb yumağa döndü. Əri isə bunu yenə qız isməti və utancaqlığı kimi yozdu. Küko anlaya bilmirdi, nə üçün ağlayır, özünə yazığı gəlir, ya əvvəlki ərinə. Sonra fikirləşdi ki, təzə ərinə qarşı insafsızlıq eləyir, onunla mehriban davranmaq lazımdı, naz-qəmzəylə dedi:

– Doğrudan? Bu işləri belə yaxşı bilirsən?

O dəqiqə də başa düşdü ki, şitlik eləyir, qıpqırmızı qızardı. Əri isə əksinə, göyün yeddinci qatındaydı.

– Əgər səhv etmirəmsə, deyəsən, sənin uşağın da olmayıb, – əri özü də bilmədən onun yarasının gözünü qopardı.

Əvvəlki ərində olmayan kişi qətiyyəti və gücüylə üzləşən Küko özünü alçaldılmış hiss edirdi: Kükoya elə gəlirdi ki, əri ona əyləncə üçün yaranmış oyuncaq kimi baxır.

– Niyə ki, mənim də bir növ… uşağım vardı, — deyə Küko yazıq səslə etiraz elədi və dərhal da başa düşdü ki, səfeh söz danışır. Başını aşağı salıb susdu. Axı, Kükonun nə günahı vardı ki, əvvəllər də, əri öləndən sonra da bu zavallını öz bətnində böyütdüyü balası kimi dərk edirdi?!

“Axı, nə üçün mən onunla yaxınlıq etmirdim? Bunun ona nə ziyanı ola bilərdi? Yaxınlıq elə, fərqi nədi, onsuz da öləcəkdi,” – Küko kədərlə düşünürdü.

– Morini mən yalnız qatar pəncərəsindən görmüşəm, – təzə əri Kükonu qucaqlayaraq, onun doğulduğu şəhərin adını çəkdi. – Yəqin yaşıl və gözəl şəhərdi. Nahaq Mori[2] demirlər ki! Sən orada neçə yaşınacan yaşamısan?

– Kolleci qurtarana qədər. Əmək mükəlləfiyyətini isə Sandzüdəki hərbi zavodda keçmişəm.

– Deməli, sən Sandzü yaxınlığında doğulmusan? İndi başa düşdüm niyə belə qəşəngsən. Nahaq demirlər ki, Sandzü gözəllər məskənidi.

– Mən heç də gözəl deyiləm.

– Sənin gözəl əllərin, gözəl ayaqların var. Deməli, qalan yerlərin də gözəldi.

– Yox, yox, nə danışırsan? – Küko həyəcanla, səmimi-qəlbdən etiraz elədi, hətta əlini sinəsinə sıxdı.

– Əgər uşağın olsaydı belə, mən yenə də səni alacaqdım, – təzə əri etirafla onun qulağına pıçıldayırdı. – Onu oğulluğa götürüb, öz uşağım kimi böyüdəcəkdim. Əlbəttə, qız olsaydı, daha yaxşıydı.

“Oğlu var, ona görə belə deyir,” – Küko fikirləşdi. Onun sözləri məhəbbətdən irəli gəlsə də, Kükoya yersiz göründü. Bu səyahəti də yəqin ona görə təşkil edib ki, öz oğlu ilə Kükonun görüşünü mümkün qədər təxirə salsın.

Ərinin dəridən düzəldilmiş əla yol nesesseri[3] vardı. Kükonun nesesseri onunla müqayisədə gəlməzdi. Əri vaxtaşırı ezamiyyətdə olurdu, buna görə öz nesesserini göz bəbəyi kimi qoruyurdu. Bütün bahalı əşyalar kimi, bu dəri qab da göz oxşayırdı. Küko qeyri-ixtiyari, öz yöndəmsiz və kiflənmiş nesesserini xatırladı. Halbuki, o, bundan bircə dəfə olsun, istifadə etməmişdi, yalnız hərdən kiçik güzgünü ərinə verirdi. Sonra da güzgünü əriylə birgə o dünyaya göndərdi. Güzgülər odda əriyib birləşdilər.

İndi ona elə gəlirdi, odda yanan güzgülər yox, bu güzgülərdə əks olunan dünya idi. O, bu itkiylə ər itkisi arasında heç bir fərq görmürdü – hər ikisi onun üçün eyni dərəcədə əziz idi.

Əri əl güzgüsündə bostanı görən gündən onu özündə saxlayırdı. Bir müddət sonra məlum oldu ki, əri bu güzgünü uzun müddət əlində tutmağa çətinlik çəkir. Küko hər dəfə onun keyimiş əllərini və çiynini ovxalamalı olurdu. Axırda ərinə daha kiçik və yüngül olan güzgünü verdi.

Kiçik güzgüdə əks olunan dünyanın genişliyi və zənginliyinə Kükonun özü də heyrət edirdi. Küko düşünürdü: güzgü – vur-tut, insanın öz zahirini görməyə imkan verən bir əşyadı, kiçik güzgü isə onun üçündü ki, o biri güzgüyə baxıb, öz peysərini görə biləsən… Amma demə, güzgü əsl möcüzəymiş, möcüzə olmasaydı, xəstə əri güzgünün sayəsində təbiəti və insanı özü üçün yenidən kəşf edə bilməzdi!

Küko çox vaxt ərinin baş tərəfində oturub, onunla birgə güzgüyə baxır və tək olanda gördükləri barədə uzun-uzadı düşünür, xəyallara dalırdı. İndi onun üçün bir-birindən asılı olmayaraq yaşayan iki müstəqil dünya var idi – gündə rastlaşdığı gerçək dünya və kiçik güzgüdə əks olunan dünya. Həm də ona elə gəlirdi ki, o biri – güzgüdə canlanan aləm daha real və gözəldi.

– Güzgüdə göy üzü gümüşü rəngdədi, par-par yanır, – Küko pıçıldayır, sonra pəncərədən boylanıb, əlavə edirdi: – Amma pəncərədən baxanda, boz və darıxdırıcı görünür.

Güzgüdə cilvələnən göy üzü heç vaxt adama ağırlıq gətirmirdi, orada göy elə bil, həmişə işıq saçırdı.

Küko deyirdi:

– Bəlkə sən güzgünü cilaladığın üçün bu cür görsənir?

Əri başını güclə döndərərək, pəncərədən göyə baxırdı:

– Düz deyirsən, boz rəngdədi, sönükdü. Amma o da var ki, canlıların hamısı rəngləri eyni cür görmür. Məsələn, göyü insan bir cür görür, it, ya pişik başqa cür. Heç kəs bilmir ki, göy əslində, nə rəngdədi.

Sonra əri qəfildən mövzunu dəyişib, güzgünün səthini göstərdi:

– Görürsən? Bu sənin baş barmağının izidi.

Küko pərt oldu, güzgüdəki barmaq izini tələsik silməyə başladı.

– Qoy qalsın. Sən birinci dəfə mənə bostanı göstərəndə də, güzgüdə sənin barmağının əksi qalmışdı.

– Fikir verməmişəm.

– Sən fikir verməmisən, mənsə dəqiq bilirəm ki, güzgüdə izlər sənin baş şəhadət barmaqlarından qalır. – Görünür, yalnız uzun illər yatağa bağlanıb qalmış xəstə adam öz arvadının barmaq izlərini yadında saxlamağa qadirdi.

Onlar evlənən gündən əri demək olar, həmişə xəstə yatırdı. O, hətta müharibəyə də getməmişdi.

Onların öz evləri od tutub yanmışdı. Kükonun tanışlarından birinin evində kirayə qalırdılar. O vaxtlar əri güc-bəla işə gedirdi. Onun xəstə yatmadığı ayları barmaqla saymaq olardı – bir ay öz evlərində, iki ay yarım da kirayə qaldıqları evdə.

Müharibənin qurtarmasına az qalmış onu səfərbəyliyə aldılar. Aerodromların birində cəmi bir neçə gün torpaq işində işlədi, sonra xəstələnib, evə qayıtdı. Elə həmin gün müharibə qurtardı. O, artıq yeriyə bilmirdi və Küko onu valideynlərinin köçürüldüyü kəndə apardı. Öz əmlakının böyük hissəsini və ərinin əşyalarını da oraya gətirtdi.

Əri dağlarda xudmani bir ev kirayə elədi və müalicə olunmağa başladı. Bu evdə onlardan savayı köçkünlər ailəsi qalırdı. Babat yola gedirdilər. Həm də bu, uzun çəkmədi. Müharibə qurtarmışdı, günlərin bir günü bu ailə də öz doğma yurduna qayıtdı.

Hansısa qohumundan Kükoya eni də, uzunu da üç ken[4] olan torpaq sahəsi miras qalmışdı. Sahədə bostan yeri vardı. Kərdilərin izi qalmışdı.

Əlbəttə, kənd yerində göy-göyərtini, hər cür tərəvəzi yerli əhalidən də almaq olardı. Özü də su qiymətinə.

Ancaq Küko buna harınlıq kimi baxırdı. İndi elə zəmanə deyildi ki, əl altında olan torpağa xor baxasan, onu əkib-becərməyəsən, bu heç Allaha da xoş getməz. Küko üçcə günün içində bostanı əvvəlki görkəminə qaytardı: yeri bellədi, kərdilərə böldü, cürbəcür şitillər əkdi. Bostan onun xilas yeriydi. O burada xəstə ərindən deyil, tir-tikiş kimi yeknəsək işlərdən nicat tapırdı. Əri isə onu zərrəcə də bezdirməmişdi. Əksinə, o, bostana ərinə görə qulluq edirdi. Burada başqa bir incə məqam da vardı: bu işlə ruhi dincliyini özünə qaytarmaq istəyirdi, çünki bəzən canında vicvicə, səksəkə duyur, ümidsizliyə qapılırdı.

Onlar dağa sentyabrın ortalarında köçdülər. Az sonra soyuq selləmə yığışlar başladı. Lakin günlərin bir günü quşların şən zəngüləsi eşidildi, göy üzü buludlardan təmizləndi. Küko bostana çıxdı: hər yan işıq selində üzür, yaşıl şirəli tərəvəz şitilləri göz oxşayırdı. Sonra o, başını qaldırıb, uzaq dağların üzəriylə qatarla üzən çəhrayı buludlara tamaşa elədi. Elə bu vaxt ərinin ikinci mərtəbədən gələn bağırtısını eşitdi. Küko əlləri torpaqlı evə cumdu.

– Bir saatdı bağırıram! Eşitmirsən?

– Bağışla, fikrə getmişdim.

– Bostanı boşla! Yoxsa ya boğazım cırılacaq, ya da gəbərəcəm. Özü də bilmirəm sən orada nəylə məşğulsan.

– Bostanda işləyirəm. İstəmirsənsə, bir də ora ayaq basmaram.

Əri sakitləşən kimi oldu.

– Eşitdin arıquşu necə oxuyurdu? – Əslində, o, bunu soruşmaq üçün arvadını çağırmışdı.

Onlar danışmaqda ikən, yaxınlıqdakı pöhrəlikdən yenə zəngülə səsi eşidildi. Aylı səmanın altında pöhrəlik aydınca görünürdü.

– Deyirəm, bəlkə zınqırov alaq? – onda məni çağırmaq sənin üçün asanlaşar. Hələlik sənin balışının altına bir şey qoyaram, mən lazım olanda pəncərəyə atarsan.

– Bu da təzə çıxdı?! İkinci mərtəbədən fincan atım pəncərəyə? Əcəb işdi!

Bununla belə, əri ona bostanda işləməyi qadağan etmədi. Yalnız sonralar, son ucu görünməyən şaxtalı qış başa çatdıqdan sonra Kükonun ağlına gəldi ki, əl güzgüsünün köməyilə öz bostanını ərinə göstərsin.

Adi bir güzgü sütül göyərti, tərəvəz şitillərini, yaxşılığa bürünmüş bu bənzərsiz aləmi xəstə əri üçün yenidən diriltdikcə, o, necə də sevinirdi! İndi əri Kükonun yaşıl yarpaqları, zoğları zərərvericilərdən necə təmizlədiyini də görürdü. Lakin cücülərin özünü seçə bilmirdi və Küko cücələri ikinci mərtəbəyə, ərinə göstərməyə aparırdı.

– Mən güzgüdə soxulcanları görürdüm, – sonra əri ona deyirdi.

Bəzən günün axırında, günəş yerə çəpəki şüalar saçdığı saatlarda Kükonun üzünə qəfil işıq düşüb, gözlərini qamaşdırırdı. O, başını qaldırır və ərinin ikinci mərtəbədən güzgünün köməyilə günəş şüasını onun üzünə yönəltdiyini görürdü. Əri əylənirdisə, deməli, onda həyat eşqi yaranmaqdaydı. O, hətta Kükoya buyurdu ki, hələ subay vaxtından saxladığı ucuz parçadan özü üçün çaxçux tiksin. Arvadının göy rəngli xalxal çaxçuxda bostanda necə əlləşdiyinə baxdıqca, kefi kökəlir, üzündə təbəssümə bənzər ifadə peyda olurdu…

O zamanlar, yəni Yaponiya müharibədə uduzmağa başlayanda, Küko üz-gözünə boya vurmurdu. Sonralar da xəstə ərinə görə ənlik-kirşandan uzaq gəzirdi. O, yalnız ikinci dəfə ərə getdikdən sonra kosmetikadan istifadə etməyə başladı. Küko hiss etmişdi ki, ənlik-kirşan, pomada onun görkəmini büsbütün dəyişir və o, göz qabağındaca qənirsiz gözələ çevrilir. Buna görə Küko, birinci dəfə ikilikdə qaldıqları məqamdan onun gözəlliyini vəsf edən ərinin səmimiyyətinə inanmağa başlamışdı.

İndi o, çimdikdən sonra güzgüdə özünə baxanda, daha həya etmirdi. O, gözəl olduğunu bilirdi. Lakin mərhum əri onu gözəlliyi tamam başqa cür – güzgüdə əks olunmuş obraz kimi qavramağı öyrətmişdi. Bu o demək deyildi ki, Küko güzgüdə əks olunan gözəlliyi daha təbii bilirdi. Sadəcə, inanmışdı ki, güzgüdə başqa dünya mövcuddu. O, pəncərədən görünən bomboz göyü güzgüdə əks olunan gümüşü səma ilə eyniləşdirə bilmirdi.

Küko tez-tez fikirləşirdi: görəsən, mərhum əri al qırmızı lalələri, bəmbəyaz zanbaqları, zəminin qırağında oynaşan uşaqları, uzaq-uzaq qarlı zirvələrin arxasından boylanan sübh günəşini və elə onun özünü əl güzgüsündə necə görürdü?.. Küko bütün bunları yaddaşında canlandırmağa çalışmaqdan çox, öz kədərində uyuyur, bir vaxtlar ona və zavallı ərinə mənsub olan o qəribə dünyanın xiffətini çəkirdi. O, hər bir an ehtiraslı istək kimi püskürüb, üzə çıxa biləcək bu hissi içində güclə boğurdu, çünki indiki ərini narahat eləmək istəmirdi, özünü məcbur edirdi ki, mərhum əri haqqında bu dünyaya dəxli olmayan, nəsə uzaq bir şey haqqındakı kimi düşünsün.

Bir yaz səhəri Küko radioda meşə quşlarının zəngüləsini eşitdi. Reportaj dağlardan, birinci ərinin dünyasını dəyişdiyi yerin yaxınlığından aparılırdı. O, təzə ərini işə yola saldıqdan sonra tualet masasından əl güzgüsünü çıxartdı və orada aydın sübh səmasına tamaşa etməyə başladı. Sonra güzgüdə öz sifətinə baxdı. Və gözlənilmədən qəribə kəşf etdi: demə, insan öz simasını yalnız güzgüdə görə bilər, onsuz heç cür ötüşmək olmaz! Bu hadisədən sonra hər gün güzgüdə özünə tamaşa edir, əlləriylə üzünü yoxlayır və sanki əmin olmaq istəyirdi ki, sifəti güzgüdə gördüyü kimidi, heç bir fərq yoxdu, güzgü onun əsl simasını əks etdirir. Bəs, onda nə üçün Allah insanı elə yaradıb ki, özünü görə bilməsin?

“Bəlkə insan üçün belə yaxşıdı? Bəlkə insan hər bir an öz üzünü görsəydi, çaşıb qalar, ola bilsin, ağlını itirər, dəli olardı?” – o, özündən soruşdu.

Yox, görünür, əzəldən təbiət məsləhət bilib ki, insan öz üzünü görə bilməsin. İynəcəyə və dəvədəlləyinə isə bu icazə verilib.

“İnsanın sifəti onun üçün lazımdı ki, başqaları onu görə bilsinlər. Görsünlər və sevsinlər,” – Küko bu qənaətə çarəsizlikdən, ağlabatan cavab tapa bilmədiyinə görə gəldi.

O, əl güzgüsünü kənara qoydu və birdən gördü ki, tut ağacından düzəldilmiş tualet masasının işləmələri əl güzgüsünün naxışları ilə qətiyyən uyuşmur. Əvvəlki əl güzgüsü əriylə birgə odda yandıqdan sonra tualet masası elə bil, yetim qalmışdı. Küko əl güzgüsünü, sonra da kiçik güzgünü ərinə verməklə, ona yaxşılıqdan çox pislik etmişdi. Axı, hər gün bu güzgülərdə həm də öz üzünü görürdü, öz üzünə baxdıqca, xəstəliyin, getdikcə neçə canına, iliyinə işlədiyini, yaxınlaşmaqda olan ölümün aşkar əlamətlərini sezirdi. Əgər bu dünyada güzgü vasitəsilə adamı öldürmək üsulu mövcuddursa, onda belə çıxmırmı ki, Küko ərini qətlə yetirib? O, güzgüdə gizlənən təhlükəni çoxdan duymuşdu və hətta güzgünü ərindən almaq istəmişdi.

Əri incik-incik demişdi:

– Olmaya, sən məni görmək sevincindən məhrum etmək qəsdinə durmusan? Mən nə qədər ki, sağam, gördüklərimdən həzz almaq istəyirəm.

Vaxtı ilə əri yağışdan sonra həyətdə xəfifcə ləpələnən gölməçədə əks olunan Aya öz əl güzgüsündə tamaşa etməyi çox sevirdi. Və indi, suda əks olunan Ay haqqında xatirə bir an belə Kükoya rahatlıq vermir, onu üzüb, əldən salır, təzə ərinə isinməyə qoymurdu…

– Sağlam məhəbbət yalnız sağlam adamlarda olur, – təzə əri qətiyyətlə deyirdi və Küko hər dəfə təsdiq əlaməti olaraq başını tərpədirdi, lakin qəlbinin dərinliyində onunla razılaşmırdı. Əvvəllər özünü məzəmmət edirdi ki, xəstə əriylə cinsi əlaqədən nahaq yayınırdı, axı, bu, onsuz da onu ölümdən xilas edə bilməyəcəkdi. Lakin tədricən bu düşüncələr kədərli məhəbbət haqqında xatirələrə çevrildi və daha özünü məzəmmət etmədi.

Bəs, təzə əri?.. O, qadın məhəbbətini necə dərk edir? Onun incəliyinə vara bilirmi?

– Nə üçün sənin kimi xoşrəftar insan arvadından ayrılıb? – Küko bir dəfə ondan soruşdu. Əri cavab vermədi. Küko bu adama ərə böyük yeznəsinin təkidi ilə getmişdi. Evlənməmişdən əvvəl onlar dörd ay görüşmüşdülər. Təzə əri ondan 15 yaş böyük idi.

Küko biləndə ki, uşağa qalıb, bərk qorxdu. “Mən qorxuram, mən qorxuram”, – o, ərinə qısılaraq, təkrar edirdi. Bütün günü ürəyi aramsız bulandığından, elə bil, ağlı çaşmışdı, qəribə hərəkətlər edirdi: ayaqyalın həyətə qaçır, şam ağaclarının iynələrini çeynəyirdi. Bəzən də gözləri tualet masasının yeşiyinə zillənir, heç cür çəkə bilmirdi və ona elə gəlirdi ki, bu yeşik şüşə kimi şəffafdı və o, yeşiyin içində sağanağında kamakur naxışları olan əl güzgüsünü görür. Gecənin bir aləmi qəfildən oyanır, yerinin içində dikəlib oturur, yatmış ərinin sifətinə uzun-uzadı baxırdı. Qorxu içində, insan həyatının faniliyi haqqında düşünür, ev kimonosunun kəmərini açırdı – bəlkə də təzə ərini boğmaq istəyirdi. Və sonra qəfildən hönkürüb ağlayırdı. Əri oyanır, xoş sözlərlə onu ovundurur və kəməri təzədən belinə bağlayırdı. Küko isə yay olmasına baxmayaraq, soyuqdəyməli kimi titrəyir, heç cür isinə bilmirdi.

– Küko, unutma ki, sənin uşağın olacaq, – deyə əri onu dilə tuturdu, ehmalca silkələyirdi.

Həkim məsləhət gördü ki, onu xəstəxanaya qoysunlar. Küko heç cür razı olmurdu, axırda onu birtəhər yola gətirdilər.

-Yaxşı, xəstəxanada yataram, ancaq əvvəl məni bir günlüyə ata-anamın yanına buraxın, – o, xahiş etdi.

Əri onu ata evinə apardı. Ertəsi gün Küko əvvəlki əriylə son zamanlar yaşadıqları dağ kəndinə getdi. Sentyabrın əvvəlləri idi. O, xəstə əriylə təxminən bu vaxtlar oraya gəlmişdi. Qatarda onu yenə dəhşətli oyumə tutdu, elə öyüyürdü ki, sanki indicə içalatını qusacaq. Başgicəllənmə də onu rahat buraxmırdı. O, hətta qorxurdu ki, qatardan vaxtından əvvəl düşməli olacaq. Bununla belə, axıra qədər duruş gətirdi. Stansiyada düşüb, sinədolusu təmiz havayla nəfəs aldıqdan sonra halı yüngülləşən kimi oldu. Bir azdan özünü xeyli gümrah və sağlam hiss edirdi, neçə müddət ona əzab verən qarabasmalar da elə bil, çəkilib getmişdi. Küko ayaq saxlayıb, uzaq dağları həsrətlə seyr elədi. Tünd-mavi dağ silsiəsi səma fonunda apaydın seçilirdi. Küko nəmli gözlərini silərək, bir vaxtlar xəstə əriylə yaşadığı evə sarı addımladı. O vaxtlar olduğu kimi, indi də çəhrayı üfüqdə qaralan pöhrəlikdən arıquşunun səsi gəlirdi…

Evdə yaşayan vardı – ikinci mərtəbənin pəncərəsində toxuma pərdə gözə dəyirdi. Yaxına getməyə ürək eləməyən Küko öz sözlərinə özü də təəccüb edərək pıçıldadı:

– Birdən uşaq sənə oxşasa, mən nə edərəm?

Və sakitləşmiş halda geriyə – stansiyaya qayıtdı.

[1] tandzaku -tanka şeirlərini yazmaq üçün uzunsov vərəq
[2] Mori- pöhrəlik
[3] Nesesser- içində üz qırxmaq və sair tualet ləvazimatlarını saxlamaq üçün xüsusi qab. Kişi və qadın nesesserləri olur.
[4] Ken – bir ken 1.8.1 metrə bərabərdir.

 

OXŞAR XƏBƏRLƏR