Sentyabrın 12 də İtaliya mədəniyyət nazirliyinin dəvəti ilə tanınmış İtalyan rəssamlarının qatılacağı Volpedo İncəsənət Festivalında Azərbaycanlı rəssam Elay Məmmədovun “Sülhün zəfəri” adlı rəsm əsəri tamaşaçılara təqdim olunacaq.
DAHA.az xəbər verir ki, festivalda tanınmış İtaliya, Almaniya, Amerika, ispaniyalı rəssamların dünyada sülhün tərənnümünü əks etdirən rəsmləri nümayiş olunacaq.
Sərgidə iştirak edən rəssamlar İtaliya prezidenti cənab Sergio Matterellaya İtalyan xalqı adından “Sülh və silahsızlanma” çağırışı ilə imza kampaniyası başladacaqlar. İmza kampaniyası rəmzi xarakter daşıyır. İtaliya Mədəniyyət Nazirliyinin dəvəti ilə tanınmış rəssamlardan, Omar Galliani, Giampaolo Bertozzi, Marco Nereo Rotelli, Giulio Callegari, Ernesto Jannini, Lorenzo Gatti, Giuseppe Penone, Maurizio Cattelan, Michelangelo Pistoletto, Ugo Rondinone, Mimmo Paladino və bir çox digər rəssamlar iştirak edəcəklər. Sərgilənən əsərlər İtalya Mədəniyyət Nazirliyinin rəsm fondunda saxlanacaq.
Sülh və zəfəri simvolizə edən rəsm əsəri tək ağ rənglə “Reflektionizm” üslubunda işlənmiş at rəsmidir.
“Reflektionizm” üslubu immaterial element olan işıq vasitəsilə, məkan və zamana görə dəyişən, işıq-kölgə nisbiliyi əsasında təbii işığı təsvirə çevirir. Nisbilik modelində olduğu kimi, baxış nöqtəsindən asılı olaraq işıqlı sahələr kölgə kimi, kölgəli sahələr isə işıqlı olaraq yer dəyişə bilən təsvirlərin ifadə bənzərsizliyi, lirikası, texniki manevrasının orijinallığı, xüsusilə portretlərdə ifadənin dəyişməsi, işıq kölgələrin dəyişkənliyi xüsusiyyətləri ilə rəsimdə nisbilik əlamətlərini xatırladır.
Əlavə hissələrdən arınmış monoxrom səthdə çəkilən fırça izləri təbii işığın rəsmdə təsviri rol oynamasına imkan yaradaraq bədii estetik formanı tamamlayan immateriyal element olan işıq şüalarını yönləndirərək şəklə çevirir. Məlum olduğu kimi, immaterial elementi şəkilləndirmək mümkünsüzdür, onun yalnız müəyyən şərtlər çərçivəsində mövcudluğunu göstərmək olar. Qeyri material məhfumların incəsənətdə istifadəsi mümkünsüz olsa da təbii işıq şüalarının yaratdığı təsvir immaterial incəsənətin başlanğıcı ola bilər.




