Mərkəzi Asiyada birgəyaşayış fəlsəfəsi – MÜSAHİBƏ

DAHA.az Qırğızıstan, Orta Asiyada multikultural mühit,  fərqli kimliklər, etnik və dini situasiyalar, ortaq Türk dili və mədəniyyəti sahələrinin tədqiqatçıları Arabaev adına Qırğızıstan Dövlət Universitetinin müəllimi Dos. Samaqan Mirzaibraimov və Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimi Dr. Abdiraşit Babatayevlə müsahibəni təqdim edir.

Rəşad İlyasov: Samaqan və Abdiraşit müəllim, xoş gördük. Sualım hər ikinizədir: Qırğızıstan tarix boyu müxtəlif etnik və dini qrupların birgə yaşadığı bir coğrafiya olmuşdur. Bu təcrübənin əsas amilləri və prinsipləri hansılardır?

Abdiraşit Babatayev: Qırğızıstanın tarix boyu müxtəlif etnik və dini qruplara ev sahibliyi etməsi və bu müxtəlifliyi bir arada yaşada bilməsi, əslində Mərkəzi Asiya coğrafiyasının xarakterik xüsusiyyətlərinin təzahürüdür. Hamının bildiyi kimi, Qırğızıstan Tanrı dağları və münbit vadiləri ilə bu nəhəng Asiya hövzəsinin mərkəzində yerləşir və bölgənin ümumi xüsusiyyətlərini özündə daşıyır. Buna görə də Qırğızıstanın bu təcrübəsini Mərkəzi Asiyanın ümumi geosiyasi, mədəni və iqtisadi xüsusiyyətləri fonunda dəyərləndirmək daha doğru olar.Bu xüsusiyyətlər baxımından məsələyə yanaşdıqda, 3–4 əsas amil üzərində dayanmaq mümkündür.

Birinci amil Mərkəzi Asiyanın keçid dəhlizi və sivilizasiyaların qovşağı olmasıdır. Mərkəzi Asiya geosiyasi baxımdan qapalı bir hövzə kimi görünsə də, tarix boyu Avrasiya çölləri, Çin, Hindistan, İran və slavyan dünyası arasında nəhəng tranzit keçid dəhlizi funksiyasını yerinə yetirmişdir. Buna görə də Qırğızıstan İpək Yolunun şimal və cənub marşrutlarının kəsişmə nöqtəsi olmuşdur. Bölgəyə xas olan köç hərəkətləri və ticarət dövriyyəsi Qırğızıstan ərazisində Suyab, Balasaqun və Özkənd kimi kosmopolit vahə şəhərlərinin yaranmasına səbəb olmuşdur. Bu isə müxtəlif xalqların bu coğrafiyadan sadəcə keçib getməsini deyil, burada qalıcı izlər və icmalar yaratmasını da təmin etmişdir.

İkinci amil kimi bozqır mədəniyyətinin çeviklik və uyğunlaşma xüsusiyyətini göstərə bilərik. Bu, tarix boyunca oturaq əkinçilik cəmiyyətləri ilə köçəri bozqır mədəniyyətinin, yəni nomadizmin, iç-içə yaşadığı və bir-birini qidalandırdığı bir coğrafiya olmuşdur. Bozqır həyatının mahiyyəti doqmatik olmamağı, təbiətə uyğunlaşmağı və dəyişən şəraitə tez reaksiya verməyi tələb etmişdir. Bu səbəbdən Qırğızıstan köçəri ruhunu ən uzun müddət qoruyub saxlayan ərazilərdən biri olmuşdur. Köçəri mədəniyyətin əsas xüsusiyyətlərindən olan qonaqpərvərlik və yad insanı düşmən deyil, “Tanrı qonağı” kimi qəbul etmək anlayışı Mərkəzi Asiya bozqır ənənəsinin Qırğızıstandakı təzahürüdür. Bu çeviklik qırğızların öz kimliklərini itirmədən ərəb, monqol, fars və rus mədəniyyətləri ilə inteqrasiya etməsinə imkan vermişdir.

Üçüncü amil kimi Mərkəzi Asiyanın sinkretik dini quruluşunu qeyd edə bilərik. Mərkəzi Asiya heç vaxt tək bir dinin mütləq və sərt hakimiyyəti altında qalmamış, əksinə, müxtəlif dinlərin bir-birinə qarışdığı sinkretik bir məkan olmuşdur. İslam bölgəyə gəlməzdən əvvəl şamanizm, tanrıçılıq (tənqriçilik), buddizm, zərdüştilik, maniheizm və nestorian xristianlığının Mərkəzi Asiyada yanaşı mövcud olduğunu görürük. Bu xüsusiyyət Qırğızıstanda İslamın daha çox sufi və dərviş əxlaqı çərçivəsində, sülh yolu ilə yayılmasına və yaşanmasına şərait yaratmışdır.

Digər bir amil kimi “Bozqır Sülh Siyasəti” anlayışını qeyd edə bilərik. Mərkəzi Asiyada qurulmuş böyük dövlətlər və imperiyalar — Göytürklər, Qaraxanlılar, Monqollar və Çağatay xanlığı kimi — təbiət etibarilə çoxmillətli və çoxdinli cəmiyyətləri idarə etmək məcburiyyətində olmuşlar. Bu dövlətlərin idarəçilik siyasəti dini etiqad azadlığının və hüququn qorunmasını, həmin ərazilərdə yaşayan bütün dini və etnik qrupların sülh şəraitində idarə olunmasını zəruri etmişdir.

Son amil kimi isə Sovet İttifaqının Mərkəzi Asiyadakı siyasətlərini göstərmək olar. Hamınızın bildiyi kimi, Sovet dövründə Qafqazdan və digər bölgələrdən müxtəlif sürgünlər həyata keçirilmişdir. Məsələn, İkinci Dünya müharibəsi zamanı əsir düşən almanların Mərkəzi Asiyaya göndərilməsi kimi hallar yaşanmışdır. Bu da bölgə cəmiyyətinin müxtəlif etnik və dini qruplarla birgə yaşamaq təcrübəsinin tarixi davamı olmuşdur.

Samagan Myrzaibraimov: Abdiraşit bəy ümumi amillərdən danışdı. Mən də bunlara əlavə olaraq bəzi məqamları açıqlamaq istəyirəm. Qırğızıstandan danışarkən ona Mərkəzi Asiyanın bütövlüyü çərçivəsində baxmaq lazımdır. İkinci tərəfdən, qırğızları türk millətinin bir parçası kimi dəyərləndirmək gərəkdir. Eyni zamanda regionun və qırğızların tarixinə coğrafi baxımdan da diqqət yetirməliyik.

Xüsusilə, son tədqiqatlarda maraqlı bir fakt ortaya çıxır. Bildiyiniz kimi, Çin mənbələrində e.ə. III əsrdən etibarən qırğızlardan bəhs olunur. Maraqlı cəhət ondan ibarətdir ki, elmi məlumatlara əsasən, qırğızların dövlət quruculuğu prosesində Çin tərəfindən qırğızlarla döyüşmək üçün göndərilən bəzi qrupların sonradan onlarla birləşərək Qırğız Xaqanlığının formalaşmasında iştirak etdiyinə dair tarixi qeydlər mövcuddur. Yəni qırğızlar tarixlərinin ən erkən dövrlərindən etibarən həm etnik, həm də mədəni baxımdan müxtəlif xalqlarla əməkdaşlıq etmişlər.

Bu proses xüsusilə Rusiyadakı Minusinsk bölgəsindən, Sibirdəki Yenisey qırğızlarından başlayaraq Monqolustana qədər uzanır. Bildiyiniz kimi, Monqolustanda bu gün də eyni adı daşıyan və doqquz göldən ibarət olan Qırğız gölü mövcuddur. Monqolustanda və bu gün “Mərkəzi Asiya” adlandırdığımız coğrafiyada hökm sürən Qırğız Xaqanlığının bəzi dövrlərdə oturaq, bəzi dövrlərdə isə köçəri həyat tərzi sürdüyünü deyə bilərik. Bu dövrlərdə qırğızların etnik, mədəni və dini baxımdan fərqli cəmiyyətlərlə sıx təmasda olduqlarını görürük.

Bu gün “qırğız” adlandırdığımız etnik quruluş daxilində qırx soyun mövcudluğundan danışılır. Həmin soyların genetik haploqruplarına(gen) baxdıqda, təxminən 60–65 faiz nisbətində saklardan gələn R1a xromosomunun mövcud olduğunu, bununla yanaşı müəyyən dərəcədə R1b və monqol mənşəli haploqrupların DNT izlərini daşıdıqlarını da elmi araşdırmalar göstərir.

Buna görə də bu gün qırğızları müxtəlif etnik qruplar arasındakı əlaqələrdən kənar, homogen bir toplum kimi deyil, öz daxilində müxtəlif elementləri birləşdirən bir millət kimi qiymətləndiririk. Bu nəyi göstərir? Tarixdə qırğızların idarə etdiyi xaqanlıqlar, siyasi qurumlar olmuşdur. Bu qurumların tərkibinə monqollar, tatarlar, qıpçaqlar və digər qruplar daxil olmuş, Qırğız Xaqanlığı adı altında birlikdə mübarizə aparmış və ortaq siyasi iradə formalaşdırmışlar. Bəzən Özbək xanın, bəzən isə qırğız liderlərinin rəhbərliyi altında birləşmişlər.

Məsələn, bu gün Qırğızıstandakı soyların haploqruplarına baxdıqda R1a, R1b və N qruplarının birlikdə mövcud olduğunu görürük. Bu da müxtəlif mədəniyyətlərin və etnik qrupların bir-birinə qarışdığını göstərir. Bu gün qırğız, özbək və qazax kimliklərini ayrı-ayrı qiymətləndirsək də, əslində onların bir-biri ilə sıx bağlı olduğunu görürük. Məsələn, qazaxlarda təxminən 20 faiz nisbətində R1a haploqrupunun müşahidə olunması aradakı genetik və tarixi əlaqələrin göstəricisidir. Bu fakt əslində eyni köklərdən gəldiyimizi, lakin fərqli siyasi qurumlar daxilində müxtəlif mədəni xüsusiyyətlər formalaşdırdığımızı göstərir.

İkinci mühüm məsələ İpək Yoludur. Bu gün Qırğızıstanın paytaxtı Bişkekin şimal hissəsində şərqdən qərbə uzanan böyük bir İpək Yolu prospekti mövcuddur. İpək Yolu yalnız Qırğızıstandan deyil, həmçinin Qazaxıstan və Özbəkistandan da keçmişdir. Bu region təkcə keçmişdə deyil, bu gün də Çinin Avropa ilə əlaqəsini təmin edən strateji bir mövqedə yerləşir. İki il əvvəl Çin, Qırğızıstan və Özbəkistan dəhlizi vasitəsilə iri dəmir yolu layihəsinə başlamışdır. Bu da tarixin müəyyən mənada təkrarlandığını göstərir.

Etnik, tarixi və coğrafi amillərin nə qədər sıx bağlı olduğunu bəzi mühüm hadisələr vasitəsilə də izah edə bilərik. Məsələn, 750-ci ildə baş vermiş Talas döyüşü ərəblərlə çinlilər arasında məhz bizim coğrafiyada baş vermişdir. Bu müharibədə türklər, karluklar, tatarlar və qırğızlar strateji maraqlarına uyğun olaraq müsəlman ərəblərin tərəfində yer almışlar.

Yenə də 840-cı ildə qırğızların uyğurlar üzərində qələbə qazandığı böyük müharibədə qırğızlarla çinlilər arasında əməkdaşlığın şahidi oluruq. Bütün dövrlərdə mədəni və dini qarşılıqlı təsirlər mövcud olsa da, əsas müəyyənedici amilin siyasi maraqlar olduğunu görürük. İstər beynəlxalq siyasətdə, istərsə də daxili siyasətdə mövcud olan tarazlıqlar, xanlıqların idarə olunması və cəmiyyətin davamlılığını qorumaq istəyi çoxmədəniyyətli bir quruluşun formalaşmasına səbəb olmuşdur.

Dövlətin davamlılığı və cəmiyyətin rifahı naminə qurulan bu əməkdaşlıqlar tarixdən gələn siyasi bir ənənənin davamıdır. Buna görə də bu gün məsələyə yalnız mədəni və ya dini amil prizmasından yanaşa bilmərik. Bütün bu amillərin birləşməsi və zaman-zaman onlardan birinin daha çox ön plana çıxması nəticəsində bu çoxmədəniyyətli quruluş öz varlığını davam etdirməkdədir.

Sizin bəhs etdiyiniz dəmir yolu layihəsi İpək Yolu çərçivəsində Azərbaycana qədər də uzanır. Mərkəzi Asiyada tarix boyu müxtəlif etnik, dini və mədəni qrupların qarşılıqlı təsir və əməkdaşlıq şəraitində yaşadığı məlumdur. Bu tarixi təcrübənin müasir cəmiyyətlər üçün əsas nəticələri və çıxarılmalı olan dərslər hansılardır?

Abdiraşit Babatayev: Birinci sualın davamı olaraq, bu təcrübələrdən çıxara biləcəyimiz dərslərə baxdıqda qırğızların ən böyük dastanı olan Manasda keçən bu misralar çox önəmlidir: “Kulaalı kaptap kuş kıldım, kurama jıyıp yurt kıldım.” Bu ifadə zəif olanı gücləndirməyi və müxtəlif etnik qruplardan, yəni “kurama” — yamaq-yamaq, parçalanmış strukturlardan bir araya gətirərək millət və dövlət formalaşdırmağı ifadə edir.

Bütün qırğızlar bu anlayışa böyük önəm verir. Qırğız etnik kimliyi və sosial quruluşu “qırx boy”dan ibarətdir. Bir qırğızdan adını soruşduqdan sonra “Uruğun (boyun) nədir?” sualı verilir. Hər qırğız “Ceti Ata” (Yeddi ata) ənənəsinə görə soyunu yeddi nəsil geriyə qədər bilməlidir. Bu vəziyyət kənardan ayrı-seçkilik kimi görünsə də, əslində insanların bir yerdə yaşamasının əsas dayaqlarından biridir.

Manas dastanındakı bu fəlsəfə göstərir ki, müxtəliflik intellektual inkişafın, sosial sülhün və dövlətin güclənməsinin əsas zənginlik və güc mənbəyi kimi qəbul edilir. Buna görə də qırğızlarda tarix boyu bir xalqı, fərqli etnik mənşədən olan insanı və ya başqa bir boyu yeni bir yerə gəlib məskunlaşdığı zaman qəbul edən, prosesi asanlaşdıran, onları bir arada saxlayan və güvən verən bir yanaşma formalaşıb.

Statistikaya baxdıqda Qırğızıstanda 85-dən çox etnik qrupun yaşadığını görmək mümkündür. Bu yaxınlarda bir dostla söhbət zamanı bu mövzuya toxunduq. Məsələn, Qırğızıstandakı bir rəqs qrupu bütün xalqlara məxsus rəqsləri öyrədir — Qafqaz rəqsləri, özbək, tacik, qazax rəqsləri və s. Bu, keçmişdən gələn çoxmədəniyyətlilik və birgəyaşayış ənənəsinin, uyğunlaşmanın və buna verilən dəyərin simvolu kimi qəbul edilə bilər.

Qırğızıstanda müxtəlif etnik qruplar Qırğızıstan vətəndaşıdır. Onların öz ana dillərində qəzet çıxarması, televiziya kanallarının olması və ana dillərində təhsil alması üçün şəraitin yaradılması tarixi təcrübənin davamıdır. Bu, çoxetnikliyin və birgəyaşayışın dövlətin əsas hərəkətverici qüvvəsi kimi qəbul edilməsinin bir nümunəsidir. Nəticə olaraq, Qırğızıstanın bu sahədə tarixi təcrübədən dərs çıxardığını və bunu müasir dövrdə də davam etdirdiyini söyləmək mümkündür.

Samaqan Mirzaibraimov: Əlavə olaraq bəzi məqamlara mən də toxunmaq istəyirəm. Abdürreşit bəy mövzunu açdığı üçün tarixi baxımdan davam edim. Bu gün Qırğızıstan vətəndaşlarının təxminən 88–95 faizi, orta hesabla 90 faizi müsəlmandır. Lakin gündəlik praktikada bu, əslində mədəniyyət deməkdir, dini və sosial dəyərlərin həyata keçirilməsi nəticəsində bir mədəni sistem formalaşır.

İslam dininin təsiri ilə formalaşan mədəniyyətimizə baxdıqda, İslamdan əvvəlki inanc və mədəni elementləri “qırğızlaşdırdığımızı” görürük. Çünki həmin dövrdə Zərdüştilik, Yəhudilik, Xristianlıq və Buddizmin təsirləri mövcud olmuşdur. Bildiyiniz kimi, bu gün Rusiyada yaşayan qırğızların bir hissəsi xristiandır. Onlar bizi “İslamlaşmış və kökündən uzaqlaşmış qırğızlar” kimi qəbul edirlər. Məsələn, milli papağımız olan kalpakın forması və naxışlarında qədim inancların izlərini görmək mümkündür. Lakin biz bu gün Peyğəmbərimizin sünnəti olan başı örtmə ənənəsini kalpak geyərək yerinə yetirmiş oluruq.

Deməli, biz keçmiş mədəni və dini həyatımızı tamamilə tərk etməmişik; bu, əslində bütün xalqlarda mövcud olan bir haldır. İnsanlar gündəlik istifadə etdikləri mədəni xüsusiyyətlərin kökünü çox vaxt araşdırmır, sadəcə ata-babadan gördüyü kimi davam etdirir. Məsələn, Novruz bayramını bəzi din alimləri nə qədər tənqid etsələr də, müxtəlif dini əsaslar gətirsələr də, biz Novruzu İslamla uyğunlaşdırmışıq. Orada İslami elementlərlə dualar edilir. Novruz bizim üçün həm ənənə, həm də yeni ilin başlanğıcıdır. Buna görə də müsəlman olmayan birinin Novruzu qeyd etməsini yad qarşılamırıq, onu özümüzə yaxın bir dəyər kimi qəbul edirik. Yəni tarixi baxımdan siyasi, etnik və mədəni təsirlərin şüurlu və ya şüursuz şəkildə bu günə qədər yaşadığını görürük. Qırğızıstan və ümumilikdə Mərkəzi Asiya müxtəlif etnik qrupların və mədəniyyətlərin birgə yaşadığı və bunu normal qəbul etdiyi bir regiondur.

Sovet dövrünün təsiri ilə Qırğızıstanda ruslar, qazaxlar, özbəklər, tatarlar, azərbaycanlılar və axıska türkləri yaşayır. Lakin maraqlı məqamlardan biri də Qırğızıstanda “dungan” adlanan bir xalqın xeyli sayda mövcud olmasıdır. “Dungan” adının “dönmək” (döngən) sözündən gəldiyi deyilir. Etnik baxımdan çinli olsalar da, müsəlmandırlar.

Onların dili türk dillərinə bənzəmir; hətta çinlilərlə bağlı işlərdə çox vaxt tərcüməçilik edən də dunganlar olur. Bişkek ətrafında böyük məhəllələrdə yaşayırlar və müxtəlif dövrlərdə buraya köç etmişlər. Eyni şəkildə, Buxara və Səmərqənddə “özbək yəhudiləri” kimi tanınan icmalar, Qırğızıstanda isə xeyli sayda koreyalı əhali mövcuddur. Bu icmalar tarix boyu müəyyən məhəllələr quraraq bu günə qədər gəlib çatmışdır. Qırğızıstan vətəndaşı kimi öz inanc, mədəniyyət və dillərini qoruyub saxlamışlar. Məsələn, dunganlar dillərini demək olar ki, heç itirməmişlər; bu baxımdan onların üzərində ciddi assimilyasiya siyasəti də olmayıb. Bu gün uşaqlar belə dungan dilini (çincəni) bilirlər. Hətta bir çoxu qırğız dilini bilmədən rusca ünsiyyət qurur. Lakin son dövrlərdə məktəblərdə qırğız dilinin tədrisinə başlanılmışdır. Bu çoxmədəniyyətliliyi bir dəyər kimi, yoxsa sadəcə bir fakt kimi qəbul etmə məsələsi ayrıca müzakirə mövzusudur. Amma onun elementlərinin bu gün də canlı şəkildə mövcud olduğunu söyləyə bilərik.


Üçüncü sualı əməkdaşımız Tahirə xanım ünvanlayacaq.

Tahirə xanım: Qırğız xalqının ənənəvi dəyərləri ilə İslamın etik prinsipləri arasında hansı ortaq məqamları görürsünüz?

Samaqan Mirzaibraimov: İlk növbədə bunu qeyd etməliyik ki, qırğızlar əsrlərdir müsəlman olaraq tanınır. Buna görə də bu, sosioloji bir prosesdir. Bu gün qırğızların etnik-mədəni xüsusiyyətləri ilə İslam dəyərlərini bir-birindən tamamilə ayrı elementlər kimi görmək çox çətindir. Çünki gündəlik mədəniyyət kimi qəbul etdiyimiz, hətta dindən müstəqil kimi düşündüyümüz bir çox praktikada belə İslamın təsirini açıq şəkildə görmək mümkündür.

Məsələn, bir insan bir qrupa yaxınlaşarkən əvvəlcə salam verməlidir. Atlı olan yayaya salam verir. Biz bunu mədəniyyətimizdən gələn bir ənənə kimi qəbul edirik, lakin bu, eyni zamanda Peyğəmbərin hədisidir. Buna görə də etnik mədəniyyətlə İslami dəyərləri birlikdə nəzərdən keçirmək mümkündür. Bununla yanaşı, bəzi məqamları xüsusilə vurğulamaq lazımdır. Bu, ümumi türk mədəniyyətinin bir hissəsidir; qırğızlar, özbəklər və qazaxlar üçün ayrıca milli xüsusiyyətlər kimi də formalaşmışdır.

Məsələn, qonaqpərvərlik bunlardan biridir. Azərbaycanda olduğu kimi Qazaxıstanda da çox güclü qonaqpərvərlik mədəniyyəti var. Qırğızlarda da bu belədir. Qazaxıstana getdiyiniz zaman insanların nə qədər qonaqpərvər olduğunu görə bilərsiniz. İkinci mühüm məsələ ədalət anlayışıdır. Qırğızlarda (və ümumilikdə türk xalqlarında) ailə bağları qərarvermədə həlledici rol oynamır. Məsələn, bir şəxs səhv edirsə, atası və ya qardaşı olsa belə ona “sən səhv etdin” deyilə bilir. Bu, tarixi köklərə malik bir xüsusiyyətdir.

Digər vacib məsələ verilən sözə sadiqlikdir. Biz bunu “namus” anlayışı ilə ifadə edirik. Əgər söz verilibsə, mütləq yerinə yetirilməlidir. Hətta kənd mühitində belə sözündə durmayan insanlar cəmiyyət tərəfindən qəbul edilmir. Sovet dövründə hərbi xidmət keçmiş insanlar haqqında tez-tez deyilən bir xüsusiyyət də var: qırğızlar adətən çox danışmayan, sakit, lakin sözünün üstündə duran insanlar kimi xarakterizə olunur. Bu, müxtəlif yerlərdə də qeyd olunan bir müşahidədir. Bu xüsusiyyətlər İslamın əxlaqi prinsipləri ilə də üst-üstə düşür. Bunlar təkcə mədəniyyətlərarası deyil, həm də insanlar arasında etibarı və münasibətləri gücləndirən universal dəyərlərdir.

Tarix boyu qonşularımız çətin dövrlər yaşadıqda minlərlə insanı qəbul etdiyimizi bilirik. Eyni şəkildə biz çətin vəziyyətdə olanda da qonşu xalqların bizə yardım etdiyini görmüşük. Sovet sonrası dövrdə iqtisadi və bəzi mənəvi böhranların yaşandığını demək olar. Lakin məni ən çox sevindirən məqam bu gün gənclər arasında bu dəyərlərin yenidən canlanmasıdır. Qırğızıstanda, xüsusilə çoxmədəniyyətlilik baxımından və insanların bir-birinə hörmətlə yanaşması kontekstində daha savadlı və intellektual bir gənc nəsil yetişir. Bəlkə buna ayrıca da toxunmaq lazımdır. Bu xüsusiyyətlər çoxmədəniyyətlilik daxilində insanlararası münasibətləri gücləndirən mühüm amillərdən biridir. Təşəkkür edirəm.

Abdiraşit Babatayev: Müəllimimizin dediklərinə bir qədər əlavə etmək istəyirəm. Qırğızların İslamdan əvvəl qəbul etdikləri inanc sistemi — Tenqriçilik, yəni Göy Tanrı inancı mövcud idi. Qırğızların İslamı asanlıqla qəbul etməsinin səbəblərindən biri də onların öz dəyərlər sistemi ilə İslamın dəyərlər sisteminin üst-üstə düşməsi olmuşdur. Bu da İslamın regionda daha rahat qəbul edilməsində mühüm amil kimi çıxış etmişdir.

Qırğızların dəyərlər sistemində bəzi atalar sözləri var. Məsələn: “Qoyunu, qamışı öldürdülər, kişi öldü, namus öldü” kimi ifadələr və ya “sözüm bitənə qədər özüm bitərəm” mənasında deyimlər mövcuddur. Yəni verilən sözə sadiqlik, onu mütləq yerinə yetirmək, qonağa “Tanrı qonağı” kimi davranmaq kimi anlayışlar geniş yayılıb.

Əslində, qırğız atalar sözlərinin çoxu İslam hədisləri ilə üst-üstə düşür. Çünki araşdırdıqda görürük ki, gündəlik istifadə etdiyimiz bir çox atalar sözlərinin kökündə hədislər dayanır. Bu mövzuda hətta bəzi elmi tədqiqatlar da mövcuddur.

Sovet dövründə isə biz bunu sadəcə atalar sözü kimi qəbul edirdik, onun hədislərlə əlaqəsini bilmirdik. Bu, Sovetlərin ümumilikdə dinə qarşı apardığı ideoloji siyasətlə bağlıdır. Orta Asiyada Sovet dövrünü araşdırdıqda görürük ki, ateizmə dair ədəbiyyatlarda ən çox tənqid edilən məqam məhz adət-ənənələr və dini köklü dəyərlər olmuşdur. Onları “köhnə dövrün qalığı” kimi təqdim edib cəmiyyətdən çıxarmağa çalışmışlar.Lakin Sovet dövründə din açıq şəkildə yaşana bilməsə də, bütün dini dəyərlər əsasən adət-ənənə və milli mədəniyyət formasında yaşadılmışdır. Yəni insanlar açıq dini mərasimləri edə bilməsələr də, həmin dəyərləri milli davranış normaları, adət-ənənələr və sosial praktikalar vasitəsilə davam etdirmişlər. Bu da Tahirə xanımın verdiyi sualda qeyd olunan məqamı təsdiqləyir: İslami dəyərlərlə qırğız milli dəyərləri bir-biri ilə ciddi şəkildə üst-üstə düşür və bu uyğunluq bu günə qədər davam edir.

Dördüncü sualı mərkəzimizin əməkdaşı Nərmin xanım ünvanlayacaq.

Nərmin: Türk dünyasında ortaq mənəvi irsin qorunması və təşviqi istiqamətində hansı yeni layihələr həyata keçirilə bilər?

Samaqan Mirzaibraimov: Bəli, bildiyiniz kimi, bu mövzuda xüsusilə Türk dünyasının birləşməsi istiqamətində son illərdə çox ciddi addımlar atıldığını müşahidə edirik. Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün üzv dövlətlərin əməkdaşlıq edə biləcəyi müxtəlif sahələr üzrə platformalar yaradılıb və əməkdaşlıq imkanlarının artdığını görürük. Orada gələcəyə yönəlmiş çox gözəl layihələrin olduğunu da müşahidə etmək mümkündür. Amma mən ümumi olaraq iki əsas məqama toxunmaq istəyirəm.Birincisi, müxtəlif sahələr ola bilər, lakin əsas diqqət gənclərə yönəlməlidir. Çünki gənclər yalnız Türk dünyası haqqında deyil, həm də öz ölkələri məsələn, qırğızıstanlı gənclər Qırğızıstanı, azərbaycanlı gənclər Azərbaycanı daha yaxşı tanımalı və bu barədə bilik və şüur sahibi olmalıdırlar. Bu, avtomatik olaraq bizi bir qardaşlıq mühitinə aparacaq. Çünki tariximiz, mədəniyyətimiz və bütün praktiki təcrübələrimiz bizim qardaş xalqlar olduğumuzu göstərir.

İkincisi isə bu prosesi necə həyata keçirə biləcəyimiz məsələsidir. Burada texniki və institusional mexanizmlər önə çıxır. Məsələn, bu gün universitetlərarası əməkdaşlıq, tələbə mübadilələri və dövlət dəstəyi ilə həyata keçirilən layihələr çox önəmlidir.Məsələn, bu yaxınlarda ölkə rəhbərliyinin qərarı ilə bütün bölgələrdə dövlət layihəsi çərçivəsində tələbə yataqxanalarının tikilməsi planlaşdırılır. Beləliklə, Qırğızıstanın cənubunda yaşayan bir tələbə Bişkekdə oxumaq istədikdə dövlət onun yaşayışını təmin edir. Bu, gənclərin bir-birini tanıması üçün çox böyük fürsətdir. Eyni model Türk Dövlətləri Təşkilatı daxilində də tətbiq oluna bilər.

Amma mənim daha strateji hesab etdiyim və uzun zamandır düşündüyüm bir məsələ var: bu birliyin əsas problemi ortaq dil məsələsidir. Çünki nə qədər multikulturalizmdən danışsaq da, mədəni müxtəlifliyin daşıyıcıları olan insanlar arasında anlaşmanı təmin edən bir ortaq dil olmalıdır. Bu həm bir dövlət daxilində, həm də dövlətlərarası səviyyədə vacibdir.

Biz tarixə çox bağlanmadan, “kim əvvəl gəldi”, “Türk anlayışı nə vaxt formalaşdı” kimi mübahisələrə girmədən, bu gün ortaq bir platforma üzərində dayanmalıyıq. Bu platforma da Türk dilləridir. Amma maraqlıdır ki, bu dillər artıq çoxlu xarici təsirlərə məruz qalıb. Qırğız dilində Fars, Ərəb, Rus, İngilis, Çin və hətta Monqol təsirlərini görürük. Yəni bu gün “təmiz qırğız dili” dediyimiz strukturun içində çoxlu dil qatları mövcuddur. Biz bunu dilçilərlə müzakirə etdikdə maraqlı nəticələr ortaya çıxır: bir çox sözlərin başqa dillərdən gəldiyini görürük.

Mən bir neçə sadə nümunə verim. Məsələn, “uçak” sözünü biz uşaqlıqda “samolet” kimi eşidirdik, amma türklər “uçak” deyir. “Pilot” üçün biz “uçquş” deyirdik. Yəni dil öz içində təbii şəkildə yeni formalar yaradır.

Eyni şəkildə “dönmək” sözündən “döngü” anlayışı yaranıb, biz də bunu gündəlik dildə işlədirdik. “Makas” əvəzinə “qayçı” deyirik və s. Bu fərqlər maraqlı dil müxtəlifliyi yaradır. Bütün bunları nəzərə alanda görürük ki, dilləri “bu tam Türkdür, bu tam deyil” kimi sərt şəkildə bölmək düzgün deyil. Dil təbii şəkildə alınan və uyğunlaşan bir sistemdir.

Məsələn, Türkiyədə “fast food” ifadəsi işlənir, amma biz “tez tatın” deyirik yəni “tez + dadmaq”. Bu, bizim dilimizdə formalaşmış bir ifadədir. Buna görə də mənim əsas təklifim budur: Türk dövlətləri arasında gənclərə yönəlmiş strateji proqramlar hazırlanmalı və ortaq söz ehtiyatı üzərində iş aparılmalıdır. Yəni müxtəlif dillərdə olan oxşar sözlərdən çıxış edərək ortaq bir terminoloji fond yaradılmalıdır. Hətta sadə bir nümunə: Türkiyədən bir diplomat deyirdi ki, “fast food” ifadəsini necə tərcümə edək? Qırğız dilində “tez tatın” deyirik. Bu çox gözəl bir ifadədir və dilin öz imkanlarından doğur. Bu kimi sözlər toplanmalı, ortaq bir lüğət və ya sözlük hazırlanmalıdır. Bu sahədə sistemli layihələrə ehtiyac var.

Mən hesab edirəm ki, Türkiyə bu istiqamətdə müəyyən rol oynayır, amma daha geniş elmi və dilçilik əsaslı bir əməkdaşlıq lazımdır. Nəticə olaraq, gənclər, dil və ortaq söz ehtiyatı Türk dünyasının gələcək birliyi üçün ən vacib strateji sahələrdir.

Tamamilə haqlısınız, Samagan bəy, mən də qısa bir əlavə etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda 100 il əvvəl — 1926-cı ildə Türkoloji Qurultay keçirilib. Yəni ortaq əlifba və sizin də dediyiniz kimi söz ehtiyatı məsələləri dilçilərin vurğuladığı kimi doğrudur və bu istiqamətdə müəyyən ümidlər var. Türk Dövlətləri Təşkilatı və bu kimi platformalar mövcuddur. Amma bildiyiniz kimi, bu, zaman tələb edən bir prosesdir. Lakin nəticə verəcək bir prosesdir. Mən bir şeyi xüsusilə vurğulamaq istəyirəm: biz Abdiraşit, siz, mən və digər həmkarlarımız bir-birimizi tanıdıq və indi türk dilində ünsiyyət qururuq. Üçümüz də Türkiyədə magistratura və doktorantura təhsili almışıq. Əgər bu olmasaydı, bəlkə də bu mövzulara bu qədər dərindən bələd ola bilməzdik. Az və ya çox olması vacib deyil, əsas istiqamətdir. Məsələn, təsəvvür edin ki, biz Rusiyada və ya İngiltərədə oxusaydıq, bəlkə də bu məsələlərin kənarında qalardıq. Yəni ortaq dəyərlərin və ortaq dil formalaşmasının təkcə siyasi deyil, həm də ortaq sözlərdən formalaşan bir dil modeli olduğunu düşünürəm.

Abdiraşit Babatayev: Bir neçə məqamı qeyd etmək istərdim. Məsələn, bizim universitet Qırğızıstan–Türkiyə Manas Universiteti Türk Dövlətləri Təşkilatının təhsil sahəsindəki ən mühüm qurumlarından biri kimi fəaliyyət göstərir. Bizdə son iki-üç ildir davam edən “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” adlı onlayn dərs layihəsi var. Bu dərslərə müxtəlif türk dövlətlərindən müəllimlər və tələbələr qatılır. Tələbələr bu dərsi seçmə fənn kimi götürür və transkriptlərində qeyd olunur. Bu dərsi müxtəlif ölkələrdən olan müəllimlər tədris etdiyi üçün və tələbələr də müxtəlif ölkələrdən iştirak etdiyi üçün ortaq bir akademik yaddaş formalaşır.

Bununla yanaşı, gələcəyə yönəlmiş başqa bir layihə kimi bir neçə il əvvəl “Türk xalqlarının fəlsəfi irsi” adlı beynəlxalq konfranslara başlamışdıq. İlkini Bişkekdə keçirdik, ikincisini Türkiyədə — Ahi Evren Universitetində təşkil etdik.Üçüncü konfransın isə Azərbaycanda, Qazaxıstanda və ya Özbəkistanda keçirilməsi planlaşdırılırdı, lakin müəyyən səbəblərdən yarımçıq qaldı. Halbuki “Türk xalqlarının fəlsəfi irsi” kimi layihələr bizim iqtisadi, siyasi və mədəni yaddaşımızı yenidən canlandırmaq baxımından çox vacibdir. Bəlkə də sizin mərkəz bu istiqamətdə yenidən təşəbbüs göstərə bilər.

— Artıq var, Abdiraşit bəy. Bizdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu var. Son iki ildir orada “Türk xalqlarının fəlsəfəsi” bölməsi də yaradılıb.

Abdiraşit Babatayev: O zaman biz əvvəllər belə edirdik. Samagan hocamızın da dediyi kimi, hər kəs öz ana dilində danışırdı. Biz isə bütün materialları tərcümə etmədən və ya tək bir dilə gətirmədən yayımlayırdıq. Çünki biz “Türk ləhcələri” anlayışını qəbul edirik. Məsələn, Özbəkistandan gələn bir ifadəni “tərcümə” deyil, “ötürmə” kimi qəbul edirik. Çünki tərcümə anlayışı fərqli bir dilə tam keçidi ifadə edir, biz isə ortaq anlayışlara daha çox önəm veririk.

Bundan başqa, gələcəyə yönəlmiş layihələrdən biri “Orxon Mübadilə Proqramı”dır. Türk Dövlətləri Təşkilatına üzv olan universitetlər bu proqrama qatılır. Lakin maliyyə məsələlərinə görə bəzi ölkələr tələbələrə tam dəstək verə bilmir.

Məsələn, bizim universitetdən bir çox tələbə və müəllim Bakı Dövlət Universitetinə gedib-gəlir. İdman akademiyalarına gedənlər də var. Amma Samagan hocamızın da qeyd etdiyi kimi, dilə, mədəniyyətə və ortaq dəyərlərə yönəlmiş səfərlər daha geniş təşkil oluna bilər. Tələbələr bu dəyərləri yerində gördükdə bu, daha təsirli bir nəticə verir.

Növbəti sualı əməkdaşımız Elnur bəy ünvanlayacaq.

Elnur: Müsəlman cəmiyyətlərində vətəndaş həmrəyliyinin formalaşmasında dini institutlar hansı rolu oynaya bilər?

Samaqan Mirzaibraimov: Bu, bütün dövlətlər üçün çox vacib bir məsələdir. Çünki vətəndaşların eyni hisslə, dövlətə aidiyyət duyğusu ilə özünü dövlətin bir parçası kimi görməsi və eyni zamanda dövlətin siyasətini və mədəni xüsusiyyətlərini qoruyan yanaşmaların formalaşdırılması çox önəmlidir.

Qırğızıstan nümunəsində son 5 ildə “Qırğız-Caranı” adlı bir layihə həyata keçirilir. “Caran” bizdə “vətəndaş” deməkdir. “Qırğız-Caranı” layihəsinə görə, etnik, dini və mədəni fərqlərdən asılı olmayaraq hər kəs özünü Qırğızıstan vətəndaşı kimi görməlidir. Bu, müəyyən qədər ideoloji yanaşma kimi də qiymətləndirilə bilər.

Mənim fikrimcə, bunu təkcə “Qırğız-Caranı” kimi deyil, birbaşa “Qırğızıstan vətəndaşı = qırğız” kimliyi istiqamətində düşünmək daha uyğun olar. Lakin hazırda dövlət siyasəti bu istiqamətdədir və biz də bunu dəstəkləyirik. Bu, müsbət bir haldır. Bu mövzuda dini çevrələrdə də, həm qurumlar səviyyəsində, həm də müsəlman icması daxilində bu yanaşma dəstəklənir. Çünki Qırğızıstan yaxın keçmişdə etnik zəmində bəzi problemlər yaşamışdır və bu məsələlər tam həll olunmuş deyil.

Həmçinin unutmamalıyıq ki, Qırğızıstan xarici təsirlərə tam dayanıqlı, çox güclü bir dövlət deyil. Region da çox həssas bir geosiyasi məkandır. Buna görə də bəzi hallarda din amili etnik fərqlilikləri birləşdirən mühüm faktor kimi çıxış edir.

Qırğızıstanda əhalinin təxminən 90 faizi müsəlmandır və bu müsəlmanların da təxminən 97 faizi Hənəfi məzhəbinə mənsubdur. Buna görə də bizdə İslam deyiləndə Şafilik, Malikilik və ya Hənbəlilik deyil, əsasən Hənəfilik anlaşılır. Mərkəzi Asiya yəni “Mavəraünnəhr” regionu tarixən Hənəfi fiqhinin və Hənəfi düşüncə sisteminin mərkəzlərindən biri olmuşdur. Buna görə də Hənəfilik və Maturidilik bizim mədəniyyətimizdə birləşdirici ideoloji çərçivə kimi çıxış edir. Bu səbəbdən vətəndaşlıq hissinin formalaşmasında ən güclü və ən uyğun elementlərdən biri də məhz Hənəfi-Maturidi ənənəsidir. 2014-cü ildə Milli Təhlükəsizlik Şurasında rəsmi olaraq qeyd olunmuşdur ki, Qırğızıstanın rəsmi İslam anlayışı Hənəfi-Maturidi ənənəsinə əsaslanır. Dövlətin din siyasəti də bu çərçivədə həyata keçirilir.

Bu yanaşmanın müsbət tərəflərini də görürük. “Kim müsəlmandır?” sualına yalnız iman edən şəxs kimi deyil, daha çox birləşdirici sosial kimlik kimi yanaşmaq Qırğızıstanda sosial inteqrasiyanı gücləndirən amildir. Nəticə olaraq, dövlət nəzarəti və dövlət siyasəti çərçivəsində din amili Qırğızıstan vətəndaş kimliyini gücləndirən əsas elementlərdən biri kimi çıxış edir.

Abdiraşit Babatayev: İndi din anlayışı, dini qurumlar və dini tədris edən insanların milli şüurun formalaşmasında, millət ola bilmə prosesində çox mühüm rolu var. Lakin əgər yanlış dini axınlar və yanlış dini düşüncələr cəmiyyətə hakim olarsa, bu, milli şüurun formalaşmasına ciddi maneə yarada bilər və ya onu yanlış istiqamətə yönləndirə bilər. Biz 2013-cü ildə bütün Qırğızıstan üzrə bir sahə araşdırması aparmışdıq. O suallardan biri də kimlik məsələsi idi: dini kimlik, milli kimlik, vətəndaş kimliyi və dil kimliyi. Nəticələrdə “Qırğız vətəndaşı olmadan əvvəl müsəlman olmaq daha vacibdir” fikrini söyləyənlər də ön plana çıxmışdı. Lakin “öz vətənin üçün canını verə bilərsənmi?” sualı veriləndə bəzi ziddiyyətli nəticələr də ortaya çıxmışdı.

Bu araşdırmanın nəticələrini daha sonra Prezident Administrasiyasına təqdim etdik. Ondan sonra Samagan hocamızın da qeyd etdiyi “Qırğız-Caranı” konsepti və ümumi dini siyasət çərçivəsi formalaşmağa başladı.

Çünki müstəqillikdən sonra müxtəlif ölkələrdən fərqli dini axınlar cəmiyyətə daxil olmağa başladı və bu proses bəzən mənfi nəticələr də doğura bilir. Buna görə də sualda qeyd olunduğu kimi, dini institutlar əgər düzgün şəkildə fəaliyyət göstərərsə və dini düzgün izah edərsə, əksinə, milli şüurun formalaşmasına, vətəndaşlıq anlayışının güclənməsinə və dövlətə bağlılığın artmasına böyük töhfə verə bilər. Beləliklə, Samagan hocamızın dediyi kimi, dövlətin Hənəfilik və ənənəvi İslam anlayışına üstünlük verməsinin əsas səbəbi milli şüurun, tarixi yaddaşın, dövlətin bütövlüyünün və dövlətçilik ideyasının möhkəmləndirilməsidir.

OXŞAR XƏBƏRLƏR