DAHA.az Süzan Zontaqın “Maneken” hekayəsini təqdim edir.
I
Vəziyyətim dözülməz olmuşdu, nəsə bir çarə qılmaq lazım idi. Xeyli düşünəndən sonra ağlıma gözəl ideya gəldi. Mən bədən, baş, saç və sair üçün yaraya biləcək yapon plastması növünü seçib, maneken düzəltdirdim. Elektronika üzrə tanış mütəxəssis böyük məbləğə maneken üçün daxili mexanizm quraşdırdı: maneken diri adam kimi danışa, işləyə, yeriyə və hətta cinsi əlaqəyə girə biləcəkdi. Köhnə realist məktəbə mənsub məşhur rəssama mənim sifətimin tam eyni olan üz sifariş verdim. O, altı-yeddi seansa elə bir sifət düzəltdi ki, hətta mən də onunla öz üzüm arasında heç bir fərq tapa bilmədim. Biz iki damla su kimi bir-birimizə oxşayırdıq.
İndi bir şey — manekeni öz əvəzimə cəmiyyətə, adamlara sırımaq qalırdı. Axı gərək o mənim yerimə işə gedə, rəislərin alqış və qarğışlarını dinləyə, qalaq-qalaq kağız yaza, səy göstərə, yeri düşəndə yaltaqlanıb gözə girəydi. Mən ondan şəxsən özüm üçün bir şey umurdum — iki həftədən bir, çərşənbə günləri əmək haqqımı mənə gətirsin. Mənsə ona yalnız gediş-gəliş və səhər yeməyi üçün pul verəcəkdim.
Bundan əlavə, maneken mənim arvadımın əri olmalı idi: çərşənbə və şənbə günləri onunla eşq məsələsinə baxmalı, hər gün onun bişirdiyi dadsız, lakin cana faydalı xörəkləri yeməli, uşaqları necə tərbiyə etmək barədə arvadımla cəngə çıxmalıydı. Daha sonra mən manekenə bazar ertələri bizim kantor komandası tərkibində kriket oynamağı, cümə günləri axşamlar anama baş çəkib hal-əhval tutmağı, hər səhər qəzet oxumağı tapşıracaqdım. Hətta kostyum almağı da (bir cüt eyni cür kostyum — özü üçün və mənim üçün) ona həvalə etmək fikrindəydim. Digər vəzifələri mən işin gedişində, bunlardan xilas olmaq zərurəti yarandıqca onun boynuna qoyacaqdım. Özüm isə yalnız mənə zövq və həzz verən işlərlə məşğul olmaq niyyətindəydim.
Siz məni qınayıb deyə bilərsiz ki, mən bu zavallı manekendən hədsiz çox şey umurdum. Nə üçün də ummayım? Axı bu mənasız həyatda mürəkkəb məsələləri yalnız iki yolla — ya birdəfəlik yoxa çıxmaqla, ya da ikilənmə yolu ilə həll etmək mümkündü. Qabaqlar yalnız birinci yol — intihar yolu mümkün idi. İndi vəziyyət dəyişib. Öz şəxsi müstəqilliyin naminə nə üçün də texnikanın möcüzəli nailiyyətlərindən istifadə etməyəsən? Mənim seçmək imkanım var. Mən özünü öldürənlər cinsindən olmadığım üçün ikiləşmə yoluna üstünlük verdim.
Gözəl səhərlərin birində, bazar ertəsi mən manekeni işə saldım və onun necə hərəkət etmək lazım olduğunu (yəni tanış situasiyalarda mənim necə hərəkət edəcəyimi) bildiyinə inandıqdan sonra, ona xeyir-dua verib müstəqil həyatın geniş qoynuna buraxdım…
Budur, zəngli saat səslənir. Maneken o biri böyrü üstə çönür, arvadımı dümsükləyir, arvadım bizim ikiadamlıq çarpayımızdan tənbəl-tənbəl qalxır, biədəb şəkildə qaçınaraq sümüklərini şaqqıldadır, zəngli saatın başına qapaz salıb onu susdurur. Çəkələklərini geyir, xalatı çiyninə salır, hərəkətsizlikdən keyimiş ayaqlarını güclə ataraq, vanna otağına yollanır. Arvad oradan mətbəxə zail olduqdan sonra, maneken ayağa qalxır və öz növbəsində vanna otağına yönəlir. Siyiyir, ağzını yaxalayır, üzünü qırxır, vanna otağına qayıdır, paltar şkafından geyim əşyalarını götürür, vanna otağına qayıdır, geyinir, sonra mətbəxə arvadımın yanına gedir. Mənim uşaqlarım artıq stol arxasında əyləşiblər. Kiçik qızım dünən axşam dərslərini axıracan öyrənə bilməyib, ona görə arvadım müəllimə üzrxahlıq məktubu yazır. Böyük qızım təkəbbürlü görkəmlə qızardılmış, lakin hələ dünəndən soyumuş çörək parçasını gəvələyir.
– Sabahın xeyir, atacan, – deyə onlar manekeni salamlayır.
Maneken birinin, sonra digərinin yanağından busə alır. Səhər yeməyinin münaqişəsiz keçdiyini görüb rahat nəfəs alıram. Uşaqlar məktəbə yollanır. Onlar heç nə hiss etmirlər. Mən sevindiyimdən hoppanıb-düşmək istəyirəm. Düzü, bərk qorxu keçirirdim: birdən mexanizm məni pis vəziyyətdə qoyar, ya maneken nəyisə qarışıq salar. Allaha şükür, işlər yağ kimi gedir, o, hətta “Nyu-York tayms” qəzetini də düzgün oxuyur: xarici xəbərlərə də, idman yeniliklərinə də mənim ayırdığım qədər vaxt ayırır. Necə deyərlər, dəqiqəsinə söz ola bilməz…
Maneken arvadımı öpür, qapıdan çıxır, liftə girir. (Maraqlıdır, görəsən mexanizmlər bir-birlərini tanıya bilir?) O, vestibüldən keçib küçəyə adlayır, tələsmədən gedir — evdən vaxtında çıxıb, qaçmağa ehtiyac yoxdu, — metroya düşür. Təmkinli, sakit və təmizkar (bazar günü mən onu silib parıldatmışdım) maneken ona tapşırdıqlarımın hamısını soyuqqanlıqla, eynini pozmadan yerinə yetirir. Hələ ki, mən ondan razıyam, o da deyəsən, özünü xoşbəxt hiss edir…
Kontorda heç kəs heç nə hiss etmir. Katibə onunla salamlaşır maneken cavab olaraq, mənim kimi yüngülcə gülümsəyir, sonra mənim kabinetimə keçir, paltosunu asır, mənim yazı masamın arxasında əyləşir.
Katibə mənə ünvanlanmış poçtu ona gətirir. O, məktubları oxuyur, sonra katibəyə bir neçə cavab diqtə edir. Manekeni mənim cümə günü qurtara bilmədiyim bir yığın iş gözləyir. O, dəstəyi qaldırır və əyalətdən gəlmiş müştəri ilə səhər yeməyi arxasında görüşmək barədə şərtləşir. Onun hərəkətlərində mən yalnız bir yanlışlıq sezirəm: səhər ərzində maneken yeddi siqaret çəkib; mənsə adətən on, bəzən isə on beş siqaret fısqırdıram. Bunu onunla izah edirəm ki, o, təzəcə işləməyə başladığından əsəbləri mənimki qədər pozulmağa macal tapmayıb və mən əminəm ki, o da bu kiflənmiş kontorda altı il sərasər külüng çaldıqdan sonra siqaretləri bir-birinə calayacaq, paroxod kimi tüstülədəcək. Düşünürəm ki, nahar fasiləsində o, yəqin, mənim kimi iki şüşə martini içə bilməyəcək, bir şüşə ilə kifayətlənəcək — allaha şükür, mən yanılmamışam. O, verdiyim pulu qənaətlə xərcləyir, anlayır ki, hər bir sent daşdan çıxır…
Əyalətdən gəlmiş müştəriylə özünü ləyaqətlə aparır, yeganə iradım bu ola bilər ki, ona lazım olduğundan çox ehtiram göstərir; bu da onun təcrübəsizliyi ilə izah olunur. Şübhə etmirəm ki, tezliklə o bu xırda-xuruş səhvləri də düzəldəcək. Süfrə arxasında özünü təmkinlə, mədəni adam kimi aparır. Nimçədəkiləri qurdalamır, səliqəylə, iştaha ilə yeyir, ağzını marçıldatmır. Bunu da bilir ki, naharın haqqını nağd pulla ödəmək ona sərf eləmir, təqdim edilən hesabı imzalamaq kifayətdi — bizim firma üçün bu restoranda kredit açılıb.
Nahardan sonra satış məsələləri üzrə müşavirə keçirilir. Vitse-prezident ölkənin Qərbində ticarət şəbəkəsinin genişləndirilməsi barədə izahat verir. Maneken də çıxış edərək, bir sıra səmərəli mülahizələr söyləyir. Rəis başını tərpədir. Maneken öz nitqinin ahənginə uyğun olaraq, əlindəki karandaşla uzun müşavirə stolunu döyəcləyir və bu ona olduqca işgüzar, ağıllı görkəm verir, sözlərinin kəsərini artırır. Bir də onu sezirəm ki, mənim mexaniki ekiz tayım siqareti siqaretə calayır. Doğrudanmı, bircə günün içində əsəbləri bu cür korlanıb? Ancaq ona yox, özümə yazığım gəlir — gör bir neçə məşəqqətli, ağır ömür sürmüşəm ki, hətta cansız mexanizm — maneken də ona dözə bilmir, heç bir gün keçməmiş əldən düşüb, əsəbləri korlanıb, parovoz kimi bütün deşiklərindən tüstü buraxır. Bununla belə, axşama qədər işlər qaydasında gedir. Maneken mənim bütün vərdiş və hərəkətlərimi ustalıqla təqlid edir.
İşdən sonra maneken mənim arvadımın və uşaqlarımın yanına qayıdır, iştaha ilə şam edir, uşaqlarımla “monopoliya” oyununu oynayır, sonra arvadımla birgə televizorda kovboy filminə baxır, vanna qəbul edir, bir tikə çörəklə vetçina yeyir və yatmağa yollanır. Ümidvaram ki, o, dinc və xoş yuxular görür. Əgər onun yuxusu mənim arzumdan asılıdırsa, o, yəqin ki, sakit yatacaq. Çünki mən öz ekiz tayımdan dünyalarcan razıyam.
II
Maneken artıq bir neçə aydı işləyir. Onun haqqında nə demək olar? O, mənim ümidlərimi nə dərəcədə doğruldub? Lazımi təcrübə yığa bilib, ya yox? Sözün düzü, onun buna heç ehtiyacı yoxdu; ilk gündən məni elə ustalıqla təqlid edirdi ki, hətta ona paxıllığım tuturdu — o mənə mənim özümdən də çox oxşayırdı. Bir də ki, onun xüsusi səy göstərməsinə ehtiyac yoxdu. Ondan — vəzifəcə böyümək, xidmət pillələri ilə yüksəlmək tələb olunmurdu; öz işini həvəslə, səhvsiz görsəydi, kifayət idi. Arvadım özünü onunla xoşbəxt hiss edirdi, hər halda, mənimlə bədbəxt olduğundan çox bədbəxt deyildi. Uşaqlarım onu “ata” çağırır və ondan cib xərcliyi dilənirdilər (mən uşaqlarımı qudurğan böyütməmişəm). Mənim əməkdaşlarım və rəisim əvvəlki kimi mənim işimi ona etibar edirdilər.
Lakin son vaxtlar mənim bir məsələ narahat etməyə başlayıb. Hiss edirəm ki, o bizim yeni katibəyə — miss Lüsiyə lazım olduğundan çox diqqət yetirir. Səhər işə gələndə, Lüsi ilə salamlaşarkən, onun stolu yanında bir qədər çox ləngiyir. Halbuki mən yalnız başımı tərpədib keçirdim. Bir də mənə elə gəlir ki, son vaxtlar maneken katibəyə daha çox məktub diqtə edir. İnanmıram ki, bunu onun işə həvəsinin artması ilə izah etmək olar. Ancaq kim bilir, bəlkə o, doğrudan da vəzifə düşkünüdür? Bu cür düşünməyə əsas var. Elə birinci iş günü onun müşavirədəki çıxışı, odlu-odlu nitq irad etməsi, təkliflər irəli sürməsi yaxşı yadımdadır. Amma başqa ehtimal daha inandırıcıdır: görünür, məktub yazdırmaq bəhanədi, o, miss Lüsini mümkün qədər yanında çox saxlamağa çalışır. Yəqin onun könlünü ovlamaq, özünü ona sevdirmək niyyəti güdür. Axı onun yazdırdığı məktublara nə dərəcədə ehtiyac var? Ümumiyyətlə, ehtiyac varmı? Görəsən onun özü bu barədə nə fikirləşir? Amma manekenin sifətindən nəyisə oxumaq müşkül məsələdi. Onun özündən soruşmağa isə ehtiyat edirəm. Bəlkə həqiqəti eşitməkdən, ya onun şəxsi işlərinə müdaxilə etməklə manekeni hirsləndirməkdən qorxuram? Yox, səbr etsəm yaxşıdı, gec-tez o özü hər şeyi açıb mənə deyəcək. Ağzı nədi, deməsin. Onu mən yaratmışam, mən də öldürə bilərəm…
Nəhayət, günlərin bir günü bu qədər qorxduğum həqiqət üzə çıxır. Səhər saat səkkizdə maneken məni vanna otağında “cinayət” başında yaxaladı — mən qapı deşiyindən onun necə üzünü qırxdığına heyranlıq hissiylə tamaşa edirdim. Necə də heyran olmayasan ki, o, üzünü mənim üsulumla qırxır, hətta hərdən üzünü yüngülcə kəsməyi də unutmur. Nə isə, duydu. O, bərk həyəcanlıydı, hisslərin bolluğundan dili tutulur, gözləri dolurdu. Mən sarsılmışdım və ona paxıllığım gəlirdi. Yatsaydım heç yuxuma da girməzdi ki, maneken bu cür sevə bilər, hətta göz yaşları axıda bilər!
Mən onu sakitləşdirməyə çalışıram, sonra danlayıram. Faydası olmur, o, artıq göz yaşları axıtmır, zar-zar ağlayır. Qəlbimdə ona qarşı, daha doğrusu, sirri indiyədək gizli qalan eşqə, məhəbbətə qarşı nifrət baş qaldırır. Həm də məni dəhşət bürüyür — birdən arvadım, uşaqlarım hönkürtü səsini eşidib vanna otağına girsələr və ağlını itirmiş bu heyvərəni görsələr (onlar ikimizi bir yerdə də yaxalaya bilərlər, belə şeylər çox olur), halım necə olar? Mən duşu, əlüzyuyanın hər iki kranını açıram, unitazın suyunu buraxıram ki, manekenin böyürtü səsi otaqda eşidilməsin. Dilğır bir sevgiyə görə bu qədər səs-küy! O bu Lüsi ilə heç əməlli-başlı söhbət də eləməyib. Mən hələ cinsi əlaqəni demirəm — onunla yatmış olsaydı, yenə dərd yarıydı. Bununla belə, o, dəlicəsinə aşiq olub. Sevməyi cəhənnəm, o mənim arvadımdan ayrılmaq istəyir! Bu azğın bəyanatdan özünü itirirəm.
Ona izah edirəm ki, bu, heç cür mümkün deyil. Birincisi, mənim ailəmə görə o, məsuliyyət daşıyır. O, ər və atadır. Onlar üçün dayaq, söykənəcək yeridi. O öz xudpəsəndliyi ilə onların həyatını zəhərə döndərər. İkincisi, öz aramızdı, axı, o, miss Lüsi haqqında nə bilir? Heç nə! Lüsi azı on yaş ondan kiçikdi və yəqin ki, qol-boyun gəzdiyi, bəlkə də yatdığı dostu var, ərə getmək istəsə, ona gedəcək, daha sən kaftar onun nəyinə gərəkdi?
Maneken heç bir dəlil-sübuta, ağıllı sözə qulaq asmaq istəmir. İyrənc səslə ağlayır, ağlaya-ağlaya bildirir ki, o, ya miss Lüsini əldə edəcək, ya da özünü… öldürəcək: başını divara çırpacaq və ya özünü pəncərədən atacaq ki, incə və həssas elektron mexanizmi həmişəlik sıradan çıxsın. Məni qorxu bürüyür. Hiss edirəm ki, mənim dahiyanə ideyam məhv olmaq üzrədi. Özümü yenə iş yerində, arvadımla yataqda, metroda — basabas vaqonda, televizor önündə — bir-birindən sarsaq verilişlərə baxdığım vəziyyətdə təsəvvür edərkən, məni dəhşətli ümidsizlik bürüyür. Əgər əvvəllər bu cür həyat mənə dözülməz görünürdüsə, indi bu həyatı ağlagəlməz, qeyri-mümkün sayıram. Məni həmin həyata qaytarmaq — mənə ömürlük həbs cəzası kəsmək kimi bir şeydi. Əgər bilsəydiniz ki, maneken mənim həyatımı yaşadığı aylarda necə sakit, gözəl ömür sürmüşəm, məni qınamağa insafınız yol verməzdi. Bu vaxt ərzində mən heç bir qayğı bilməmişəm, yalnız hərdən manekenin öz vəzifəsinin öhdəsindən necə gəldiyi ilə maraqlanmışam.
Mən həyatın dibinə çökmüşəm. Harda gəldi, necə gəldi yatıram — parklarda, bomjların yanında, metroda (oraya mən yalnız gecədən xeyli keçmiş düşürəm), qaranlıq dalanlarda, bina zirzəmilərində… Mən hətta maaşımı manekendən almağa da ərinirəm, özümə artıq əziyyət vermək istəmirəm. Əslində, pula ehtiyac yoxdu, çünki nəsə almağa həvəsim gəlmir. Üzümü nadir hallarda qırxıram və bu zəhlətökən işdən həmişəlik imtina etmək barədə düşünürəm. Əynimdəki paltar cırıq və çirklidi, elə bədənim də çirkdən qatmaq bağlayıb, çünki neçə aydı çimmirəm.
Siz deyə bilərsiz ki, bu, dəhşətli həyatdı. Mənsə elə düşünmürəm. Doğrudu, maneken məni öz şəxsi həyatımdan xilas etdikdən sonra, ilk vaxtlar mən bir-birindən gözəl planlar qururdum — adlı-sanlı adamların həyatını yaşamaq niyyətindəydim. Mən Arktikanın tədqiqatçısı, məşhur pianoçu, görkəmli dövlət xadimi, seks allahı — bütün qadınların məşuqu olmaq istəyirdim. Mən əvvəl Makedoniyalı İskəndər, sonra Motsart, sonra Bismark, sonra Elvis Presli olmağa cəhd göstərdim — əlbəttə, bütün bu möcüzəli metamorfozalar mənim xəyalımda baş verirdi. Lakin az sonra anladım ki, şəxsiyyət olmağa hazır deyiləm, belə şeylərdən çox tez yorulub bezirəm. Motsart, yaxud Bismark olmaqda maraqlı heç nə görmürəm. Mən insanları müşahidə etməyi sevirəm, lakin onlarla danışmağı, ünsiyyət saxlamağı, onları sevməyi və ya onlara nifrət etməyi xoşlamıram. Hətta manekenlə də söhbət etməyə həvəsim gəlmir. Adamlar məni hədsiz yormuşdular. Mən dağ, taxta, daş olmaq istəyirdim. Lakin bir halda ki, indən belə də adam olmağa məcbur idim, mənim üçün yeganə çıxış yolu — cəmiyyətdən üz döndərmək, səfil həyatını yaşamaq idi…
İndi siz də görürsüz ki, mən manekenə özünü məhv etməyə imkan verə bilməzdim, çünki bu halda, istər-istəməz öz əvvəlki həyatıma qayıtmağa məcbur idim.
Mən ona yalvarmağa, onu dilə tutmağa başladım. Söz verdim ki, əgər indi o, gözlərinin yaşını silib, arvadım və uşaqlarımla səhər yeməyi yeməyə getsə, biz onunla bu maraqlı söhbəti günorta kontorda davam etdirəcəyik və mən miss Lüsinin könlünü ovlamaq sahəsində ona bir neçə dəyərli məsləhət verəcəm. O, sevinclə razılaşdı, mətbəxə zəhərmarlanmağa getdi. Gecikmişdi. Gözləri qızarmışdı, sifəti ölü rənginə çalırdı…
— Əzizim, olmaya soyuqlamısan? — arvadım soruşur.
Maneken qızarır, nəsə mızıldayır. Allaha yalvarıram ki, tez rədd olub işə getsin. Qorxuram, yenə coşub işləri korlasın — öz arvadına, daha doğrusu mənim arvadıma ürəyini açsın! Bu dəlidən nə desən gözləmək olar. Təşviş hissiyylə görürəm ki, yeməyə demək olar toxunmayıb, qəhvə də axıracan içilməyib.
Maneken qəmgin halda evdən çıxır. Bu dəfə sağollaşarkən arvadımı öpmür; arvad çaşqın nəzərlərlə onun ardınca baxır, zavallının ürəyindən qara qanlar axır, son günlər ərinin bu cür dəyişməsinin səbəblərini arayır. Maneken isə metroya yönəlmək əvəzinə taksi saxlayır. Kontorda miss Lüsiyə bir qalaq məktub diqtə edir və tez-tez ah çəkir, kədərlə köks ötürür. Katibə də bunu sezir. Şən səslə:
— Bu gün nolub sizə? — soruşur.
Araya uzun bir sükut çökür. Divar şkafının deşiyindən baxıb görürəm ki, maneken və miss Lüsi ehtirasla qucaqlaşıblar! Maneken katibənin döşlərini sığallayır, katibə isə həzz hissindən gözlərini yumub; sonra dodaqlar uzun bir öpüşdə zəli kimi bir-birinə yapışır. Maneken mənim divar şkafının qapısı arxasından ona zillənmiş lal baxışlarımı hiss edir. Mən əllərimi yellədir, onu başa salmağa çalışıram ki, biz mütləq danışmalıyıq, mən onun tərəfindəyəm və ona kömək edəcəyəm.
Maneken ehtiras içində astadan zarıyan miss Lüsini ağuşundan buraxır. Pıçıldayır:
— Bu gün?
— Mən səni sevirəm, — deyə miss Lüsi ehtirasla zarıyır.
— Mən də səni sevirəm, — maneken bunu ucadan deyir, mənə anlatmaq istəyir ki, bu sözlər miss Lüsi üçün nəzərdə tutulub. — Biz bu gün mütləq görüşməliyik.
— Bu gün, — miss Lüsi ehtirasla pıçıldayır. — Mənim evimdə. Bu da ünvan.
Daha bir öpüş və miss Lüsi otağı tərk edir. Mən tələsik şkafdan çıxıram. Maneken qətiyyətlə deyir:
— Yadınızda saxlayın: ya miss Lüsi, ya ölüm. Mən üçüncü yol görmürəm. — Yaxşı, — məyus halda deyirəm. — Daha səni dilə tutmayacağam. Deyəsən o, həqiqətən də yaxşı qızdı. Həm də cazibədardı. Nə bilmək olar, bəlkə elə mən özüm də… — Maneken qaş-qabağını tökür və mən sözümü yarıda kəsirəm. — Nə etmək olar, sevin bir-birinizi, ancaq sən mənə vaxt verməlisən.
— Vaxtı neynirsən? — maneken ehtiraz edir. — Sən heç nə edə bilməzsən. Əgər xam xəyallara qapılıb, zənn edirsən ki, indi mən miss Lüsinin məhəbbətinə nail olduqdan sonra da sənin arvadının, uşaqlarının yanına qayıdacam…
Ona yalvarıram ki, mənə möhlət versin. Soruşa bilərsiz ki, mən nəyə ümid edirdim? Yalnız bircə şeyə — ağlıma! — Maneken mənim əvvəlki vəziyyətimə düşüb. Evdəki həyatı ona dözülməz görünür. Lakin məndən fərqli olaraq, o, mənalı və dolğun şəxsi həyata can atır və yoxa çıxmaq istəmir. O, sadəcə olaraq, mənim xeyli işlənib köhnəlmiş arvadımı və həyasız qızlarımı uşaq dərdi bilməyən, füsunkar və təzətər Lüsiyə dəyişmək istəyir. Çox gözəl! Ehtirazım yoxdu, mən hətta ona kömək edə bilərəm. Həm də özümü xilas etmiş olaram. Bunun üçün mənə vaxt lazımdı ki, daha bir maneken düzəldim. Birinci maneken miss Lüsi ilə aradan çıxdıqdan sonra, ikinci maneken arvad-uşağın yanında və işdə məni əvəz etməliydi…
Elə həmin səhər manekendən borc alıb, türk hamamına yollanıram, yaxşıca çimirəm, oradan bərbərxanaya səmt götürüb, üzümü tərtəmiz qırxdırıram, saçımı qaydaya salıram və özümə manekenin əynindəkinin eyni olan kostyumu alıram. Maneken mənə Qriniç-Villecdəki restoranda nahar etməyi təklif edir. Deyir, bu restoranı ona görə seçib ki, orada tanışlardan kiməsə rast gəlmək ehtimalı yox dərəcəsindədi…
Başa düşmürəm o nədən ehtiyat edir? Qorxur ki, ikimizi bir yerdə görə bilərlər? Qoy görsünlər, burda nə qəribə iş var?! Görəcəklər ki, eyni cür geyinmiş ekiz qardaşlar bir yerdə nahar edir.
Amma ona heç nə demirəm. Görüşüb restorana gedirik. “Al burro” spagettisi və qızardılmış mollyusk sifariş veririk. Üç-dörd kokteyldən sonra o məni başa düşməyə başlayır. O deyir ki, mənim arvadımın hisslərinə, — mənim deyil, məhz arvadımın hisslərinə, — o bunu kəskin səslə təkrar etməyi lazım bilir, — hörmətlə yanaşdığı üçün bir az gözləməyə razıdı. Ancaq çox yox, cəmi bir-iki ay, məsələni uzatsam, o öz bildiyi kimi hərəkət edəcək. Mən öz cavab nitqimdə bildirirəm: mən heç də ondan tələb etmirəm ki, o bu vaxt ərzində miss Lüsi ilə yatmasın, əsla, qoy lap hər gün katibədən kam alsın, amma ehtiyatlı olsun, bu əlaqəni faş eləməsin, hələlik gizli saxlasın, bir halda ki, mənim arvadıma bu cür böyük hörməti var, ona heç nə sezdirməsin, zavallıı dərdə mübtəla etməsin.
Bu parlaq nitq, deyəsən, onun tərəddüdlərinə son qoyur və o, söz verir ki, mənim arvadımın hisslərinə axıracan hörmətlə yanaşacaq…
İkinci manekeni düzəltdirmək xeyli çətindi. Uzun illər qənaət edib yığdığım pul tükənmək üzrədi. Cəmi bir ilin içində humanoid plastmasların qiyməti kəllə-çarxa qalxıb, elektronika mütəxəssisi də, rəssam da görəcəkləri işə görə əvvəlkindən qat-qat yüksək məbləğ tələb edirlər. Onu da qeyd edim ki, rəisin bütün tərif və vədlərinə baxmayaraq, birinci manekenin maaşı indiyəcən artmayıb, həm də o, bədxərclik etdiyi üçün öz əmək haqqımdan mənə qəpik-quruş çatır…
Manekendən xahiş edirəm ki, rəssam ikinci manekenin üzünü düzəldərkən, bir neçə seans onun qarşısında oturub müvafiq poza alsın. Maneken bunu eşidəndə, şahə qalxır, bildirir ki, bəs o, iş adamıdı, mənim kimi avara deyil, bu cür səfeh şeylərə vaxtı yoxdu. Ona izah edirəm ki, əgər rəssam ikinci maneken üçün məni nümunə götürsə, onda süst və qeyri-dəqiq surət alınar. Mən manekeni aldatmıram, çünki həqiqətən aramızda müəyyən fərqin əmələ gəldiyini sezmişəm. Buna görə istəyirəm ki, ikinci maneken mənə yox, məhz ona oxşasın, bu halda heç kəs heç nə hiss eləməz…
Nəhayət ikinci maneken hazır olur. Mənim təkidimlə birinci maneken ona dərs keçir, bir para incəlikləri öyrədir (maneken bunu çox həvəssiz edir, çünki bütün boş vaxtını Lüsi ilə keçirmək istəyir). Buna daha bir neçə həftə sərf olunur. Nəhayət, çoxdan gözlənilən gün yetişir. Şənbə günü axşam, hamı beysbol yarışına tamaşa etməkdə ikən, ikinci maneken birincini əvəz edir. Qabaqcadan danışmışdıq ki, birinci maneken mənim arvadıma və uşaqlarıma isti sosika və koka-kola almaq bəhanəsiylə evdən çıxacaq. Elə də oldu. Evdən birinci maneken çıxdı, evə sosiska və koka-kola ilə ikinci maneken qayıtdı. Birinci maneken taksiyə minib, miss Lüsinin odlu ağuşunun gözlədiyi səmtə şütüdü.
III
Bu, doqquz il qabaq olub. İkinci maneken indinin özündə də mənim arvadımla yaşayır, o öz həyatından elə bir zövq almasa da, məndən və birinci manekendən fərqli olaraq, səbrlə dözür, kiməsə aşiq olmağı, ya intihar etməyi, ya mənim kimi aradan çıxmağı ağlına belə gətirmir. Böyük qızım kollecdə, kiçik isə orta məktəbdə oxuyur. Daha bir uşaq — oğlan uşağı peyda olub, onun artıq altı yaşı var. Ailə kooperativ mənzilə köçüb, arvadım öz işini atıb, ikinci maneken isə hazırda firmada vitse-prezident köməkçisidir.
Birinci maneken axşam kollecində oxuyur, gündüzlər isə ofisiant işləyir; miss Lüsi də kollecdə öz təhsilini davam etdirərək müəllim diplomu alıb. O, orta məktəbdə dil və ədəbiyyatdan dərs deyir. Onların iki övladı var: oğlan və qız. Olduqca xoşbəxt yaşayırlar. Hərdən mən manekenlərə qonaq gedirəm. Aydın məsələdi ki, bundan əvvəl görkəmimi dəyişdirirəm. Manekenlər mənim gəlişimə o qədər də sevinmirlər. Görünür mənim cırcındırımdan, çirkli, yağlı saçlarımdan hürkürlər. Amma məni qovmağa da ürək eləmirlər.
Mən çox oturmuram, hal-əhval tutandan, bir stəkan buz kimi dadsız qəhvə içəndən sonra sağollaşıb ayrılıram. Və hər dəfə çıxıb gedərkən, qismətimə düşən bu qısa və miskin həyatın qarşıma qoyduğu vəzifələri bu cür ədalət və ləyaqətlə həll edə bildiyimə görə, ürəkdən özümü təbrik edirəm.
Tərcümə edən: Natiq Səfərov




