Daha.az Simran Qədimin “Populyar mədəniyyətsizlik?” yazısını təqdim edir.
Nəqliyyat və kommunikasiya sahələrindəki inqilablar ucsuz-bucaqsız Yer kürəsini kiçildərək ovcumuzun içinə sığışdırıb. Artıq bütün sərhədlər yoxa çıxıb, qloballaşan dünya həddən artıq mürəkkəb, qarma-qarışıq şəbəkə mexanizmləri ilə hər şeyi, hər kəsi bir-birinə bağlayıb. Siyasi, iqtisadi, mədəni sahələr ortaq bir nöqtədə – “qloballaşma çətiri”nin altında birləşib. Sekulyar, yəni dünyəvi təfəkkür sahibləri dünyanın mənzərəsinə məhz buradan baxırlar.
Bu gün, sözün əsl mənasında, tam müstəqil qüvvə yoxdur. Bütün tərəflər bir-birindən az-çox asılı olduqlarına görə bir-birinə təsir edirlər. Bu baxımdan müstəqilliyini, təmizliyini, saflığını tam qoruyub saxlayan, zamanın ağır sınaqlarından keçib dəyişikliyə məruz qalmayan mədəniyyət də yoxdur. Mədəniyyətlərin hamısı uzun tarixi yolda müəyyən eniş-yoxuşlardan keçiblər. Dünya ilə birlikdə dəyişib, təkrar-təkrar yenidən formalaşıblar. Digər tərəfdən, bu gün dünyanı ağuşuna alan, hökmranlığını get-gedə artıran qlobal bir mədəniyyət var: populyar mədəniyyət!..
“Populyar mədəniyyət”, “pop mədəniyyəti” və ya “kütlə mədəniyyəti” ötən əsrin 40-cı illərindən aktuallaşmağa başladı. Qısa zamanda dünyanı elə bürüdü ki, qapı-pəncərəni bağlayıb öz qınına çəkilməklə ondan qaçmaq, populyar mədəniyyətin “mədəniyyət”i “məhv etməsinin” qarşısını almaq mümkün olmadı. Əslində, heç bu cür radikal addımlar atmağa ehtiyac da yoxdur.
Əgər söhbət primitiv, bayağı mədəniyyət nümunələri ilə mübarizədən gedirsə, bunun tək bir yolu var: rəqabətə qoşulmaq, daim yeni-yeni, daha səviyyəli alternativlər yaratmaq! Əlbəttə, yaxşını yamandan ayırmaq üçün aradakı fərqlərə diqqət yetirmək, zövqü formalaşdırmaq da vacibdir.
Qadağalar həmişə maraq doğurduğundan adamı maqnit kimi özünə çəkir, əks təsirlər yaradır.
Əslində, mövzu genişdir, haqqında cild-cild kitablar yazılıb, ictimai-sosial tədqiqatlar aparılıb. Məsələn, Frankfurt məktəbinin tanınmış nümayəndəsi, alman filosofu, sosioloqu Teodor Adornoya görə, populyar mədəniyyətə xas bəzi ümumi cəhətlər var: primitivlik, stereotiplər, təkrarlanmalar… Əgər elitar sənətin mövqeyi güclənməsə, insanların səviyyəsi aşağı düşəcək. Zamanla deqradasiyaya uğrayacaq, dərin əxlaqi-mənəvi böhrana sürüklənəcəyik.
Fransız sosioloq, kulturoloq, postmodern filosof Jan Bodriyara görə isə, populyar mədəniyyət reallıq, həqiqət kimi anlayışlardan çox-çox uzaqdır. İnsanlar gerçəklik hissini itirirlər, populyar mədəniyyət bizi reallıqdan qoparıb xam xəyalların, illüziyaların içinə salır. Beləliklə, fiktiv dəyərlər sistemi – simulyakrlar yaranır.
Populyar mədəniyyət insanlardan hansısa intellektual və emosional hazırlıq tələb etmir, asanlıqla qavranılıb dərhal da unudulur. Fastfud kimi tezbazar, əlüstü istehlak olunan bu mədəniyyətin bir çox nümunələri var: belletristika, bulvar romanlar, pop musiqi, şou proqramlar… “Sabun köpüyü” serialları, blokbasterlər, qorxu-dəhşət filmləri, düşük komediyalar… Reklamlar, dəb, idman yarışları…
Populyar mədəniyyət televiziya, radio, internet kimi texnoloji vasitələrlə yayılır, kino, musiqi, ədəbiyyat kimi yaradıcı alətlərlə gücünə güc qatır. Onun ən təhlükəli tərəfi bizi komfort zonasında saxlaması, hiss etdirmədən zövqümüzü korlamasıdır. Biz, adətən, yüngül, cazibədar, əyləncəli nə görürüksə, dərhal onun ətrafına toplaşırıq. Bu zaman hər şeyi ölçüb-biçən rasional təfəkkür yalnız həzz arxasınca qaçan ibtidai instinktlərə – hedonizmə uduzur.
Zehni qidadan, mənəvi-estetik dəyərlərdən məhrum qaldıqca kütləşir, cəhalətə yuvarlanırıq. Müəyyən müddətdən sonra isə “həzz dozası” əvvəlki təsirini itirir, maraq, cəlbedicilik yoxa çıxır. Axırda boşluq hissi ilə üz-üzə qalırıq. Nə ibtidai instinktlər məmnun olur, nə də ağıl, rasional təfəkkür.
Populyar mədəniyyət həyat tərzimizi, gündəlik vərdişlərimizi formalaşdırır, psevdoelmi, uydurma məlumatlarla ötəri məmnunluq hissi yaradır. Həm dünyaya, həm də özümüzə qarşı yadlaşırıq.
Bu gün mədəniyyətin tək bir avtoriteti var: əlahəzrət Şou!.. Şou göstərən hər kəs, bütün peşə sahibləri asanlıqla qabağa gedir. Populyar mədəniyyətdə müğənnilər, artistlər, idmançılar hamıdan ötrü, xüsusən gənclər üçün örnəkdirlər, rol model kimi qəbul edilirlər. İstehlak cəmiyyətinə hesablanmış bu kultda qazanan həmişəki kimi istehsalçılar olur. Başımızı qatıb başımızı aldadan, kəmiyyəti keyfiyyətdən üstün tutan istehsalçılar…
Ancaq digər mövzularda olduğu kimi, burada da birtərəfli yanaşma xətalıdır, ədalətdən, obyektivlikdən uzaqlaşmamalıyıq. “Populyar mədəniyyət” nümunələrinin heç də hamısını çıxdaş edə, onların tam yararsız olduğunu deyə bilmərik. Sadə, rahat anlaşılan kontentlə bayağı, düşük məzmun bir-birindən ayrılmalıdır.
Digər tərəfdən, bəzən populyar mədəniyyətin yüksək səviyyəli nümunələri öz sərhədlərini aşır, elitar sənətin ərazisinə keçməyə cəhd göstərir. Bununla yanaşı, elitar sənət də, istər-istəməz, populyar mədəniyyətdən nələrsə öyrənir, ondan bəhrələnməyə çalışır.
Bir çox müasir filosoflara, kulturoloqlara görə, sənəti konkret iki yerə – elitara və kütləviyə ayırmaq doğru deyil. Bu gün hər şey tək müəllifə yox, həm də tamaşaçının, dinləyicinin, oxucunun əsərə verdiyi şərhlərə, interpretasiyalara bağlıdır. Müəllifin nəzərdə tutduğundan əlavə, əsər bizim ona verdiyimiz yozumlarla məna qazanır. Belə deyək, saysız anlam sayrışmaları, subyektiv yanaşmalar önə çıxır.
Modern dövrdə “yüksək”, “əbədi” olana can atırdıq, postmodern çağda isə seçim etmək və şərh vermək azadlığımız var.
Məşhur italyan yazıçısı, filosofu Umberto Eko vurğulayır ki, yaşadığımız postmodern cəmiyyətdə onsuz da saxta şeylər orijinalları, nüsxələr öz əsllərini gözdən salıb. Beləliklə, aradakı sərhədlər şəffaflaşıb, tədricən silinərək, demək olar, yoxa çıxıb.



