Texnoloji feodalizm, yaxud ekzistensial nekroz – Faiq Xudanlı

DAHA.az fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlının “Texnoloji feodalizm, yaxud  ekzistensial nekroz” yazısını təqdim edir.

I yazı

Hara gedirik? Nə istəyirik? Nə axtarırıq? Ümumiyyətlə, gedirik, yoxsa qayıdırıq? Bu bizikmi? Bizmi axtarırıq?

Bacarsaq, bizi əhatə edən bütün nəsnələrdən ikicə gün tamamilə ayrılaq, sonra özümüzə, ətrafımıza diqqətlə baxaq.

Sivilizasiya, insanın sosio-mədəni cəmiyyətdə formalaşması, inkişafı, psixoloji halı, onun cəmiyyətdə rolu və fəaliyyəti bəşəriyyətin mövcudluğundan müasir dövrə qədər uzun, təlatümlü yol keçib.

İnsan sosiallaşdıqca yeni qanun, qayda, norma və tabular sisteminə daxil olur. İstənilən halda mədəni insanın mahiyyəti də zaman-zaman dəyişikliklərlə məruz qalır. Əlbəttə, bu dəyişikliklər onun sosial-psixoloji vəziyyətini müəyyən edir. Cəmiyyəti insansız təsəvvür etmək mümkün olmadığı kimi, cəmiyyətdən kənarda insanın varlığından da danışmaq olmaz.

Paradoks o ki, cəmiyyət inkişaf etdikcə, təbiətdən uzaqlaşdıqca sosiallaşır, normalar sisteminin təsiri ilə mədəniləşir və eyni zamanda həm özü üçün, həm də cəmiyyət üçün təhlükəyə çevrilir.

Zamanla insan mahiyyətini itirir, başqalaşır, özgələşir.
Tarixən qazanılmış bilgilər, təcrübələr nəticəsində elmin, texnikanın yüksək sürətlə inkişaf etməyə başladığı XIX – XX əsrlərdə sözügedən proses pik həddə çatdı, XXI əsrdə isə yeni müstəviyə keçdi.

İnsanın stixiyası, mahiyyəti, cəmiyyətdə yeri, rolu, əsasən, XX əsrdə öyrənilməyə başlandı, elə o dövrdə də ekzistensializm, neopozitivizm, personalizm, praqmatizm, freydizm, neofreydizm və digər yeni sosial-fəlsəfi cərəyanlar meydana gəldi. Yaranan yeni sosial-fəlsəfi cərəyanların əsas predmeti insan, onun cəmiyyətdə rolu, fəaliyyəti və taleyi idi. Həmin dövrdə Erik Fromm yazırdı ki, müasir insan yeni fenomendir: Bu fenomenin xarakterik əlaməti ondadır ki, o, təfəkkürünü ancaq obyektə yönəltmiş və obyekt üzərində ağalığını dərk etməklə özünü itirmişdir.

Yaxşı, insan özünü nə vaxt, niyə, harada itirdi? Həqiqətənmi, insan özünü itirib?

Hələlik insanın “obyekt üzərində ağalığı” anlayışını diqqətdə saxlamaq şərti ilə kənara qoyaq. Bəlkə də, axtarışımızın açarı məhz bu anlayışdadır.

Bəşəriyyət texnoloji tərəqqi vasitəsilə bir tərəfdən “obyekt üzərində ağalığı” vasitəsi ilə firavan gələcəyi, rahat, komfortlu həyatı təmin edirsə, digər tərəfdən “Mən”inin transformasiyasını labüd edir. Təsadüfi deyil ki, artıq hiss, həyəcan, vicdan duyğusu, eləcə də digər dəyişməz hesab edilən milli-əxlaqi keyfiyyətlər arxa plana atılır, mənəvi böhran yaşanır, dəyərlər rekonstruksiya olunur.

Texnoloji tərəqqi cəmiyyətin və ya ayrıca fərdin fiziki-psixoloji sağlamlığı, mənəvi-sosial problemlərinin həllində böyük rol oynamaqla bərabər, daha ciddi problemlər də ehtiva edir. Paradoks həyatın hər bir sahəsində müşahidə olunur. Tibb, səhiyyə sürətlə inkişaf edir, nano-texnologiya, süni intellekt, digər müasir texnoloji vasitələr xəstəliklərin müalicəsi və ya birdəfəlik aradan qaldırılması imkanlarını artırır, ancaq həm də yeni xəstəliklər, viruslar peyda olur; təyyarə, sürət qatarları, avtomobil, digər sürətli nəqliyyat və kommunikasiya vasitələrinin məqsədi insana zaman qazandırmaq olsa da, zaman azlığı, vaxt yetərsizliyi ciddi problemə çevrilir. Texnoloji tərəqqqi sayəsində vaxtımıza qənaət olunmalıydı axı. Hanı bəs? Bəs niyə indi də tənginəfəsik, qaçaqaçdayıq?” (Salam Sarvan, “Fikir oyunları”, səh: 80). Müxtəlif sosial platformalar insanın sosial-psixoloji durumunu yüngülləşdirməli, ünsiyyət keyfiyyətini yüksəltməli, insan azadlığının sərhədlərini genişləndirməli deyilmiydi!?.

“Ağalıq” şövqü insanı dəyişir: o, yerini texnikaya verərək özünü, bir növ, texnikanın əlavəsinə çevirir. Görünən odur ki, elm və texnika sürətli təkamül prosesi keçdikcə insan mahiyyətini itirir, cılızlaşır və elə bil öz məhvinə doğru şüurlu şəkildə irəliləyir, “fərdin inkişafı yolunda atılan hər addım, – hətta ən kiçiyi bəşəriyyəti yeni-yeni təhlükələrlə üz-üzə qoyur”. (Фромм Э. Бегство от свободы. Минск. 1998, 55).

Gəlin tələsməyək. Yuxarıda “obyekt üzərində ağalığı” anlayışını diqqətdə saxlamağı xahiş etmişdim. Beləliklə, aydın olur ki, insanın “obyekt üzərində ağalıq” iddiası əksinə cərəyan edir. Dolayısı ilə, elm və texnologiya vasitəsi ilə istənilən növ təminatın əldə edilməsi üçün “obyekt üzərində ağalıq” insanı qapalı dairədə saxlayır. Bir addım irəli, iki addım geri, iki addım irəli, bir addım geri…
Azadlıq uğrunda mübarizə aparan bəşəriyyət, əslində, azadlığın özüylə mübarizə apardı və sonda özünü daha da kölələşdirdi, robortlaşdırdı. İndi o elə sürət qatarına minib ki…  Ya biz bu qatarla bilinməzliyə doğru sürünməli, ya da qatarın istiqamətini dəyişməli, son ünvanı təyin etməliyik. Bu isə elə də asan deyil.

Öz maraqlarına xidmət etdiyini düşünən insan, əslində, özü də bilmədən robotik imperalizmə qulluq edir. Belə ki, “obyekt üzərində ağalıq” iddiası zamanla onu yaratdığı obyektin əlavəsinə çevirir, daha sonra isə asılı vəziyyətə salır.
İnsan bunu hiss etmir, zamanla asılılıq onun ruh halına çevirilir: Xaricən öz maraqlarına uyğun davranır, daxilən robotik imperializmin qurbanıdır.

Təzə sistem – robotik imperializm yeni tabular, qaydalar, ümümən yeni normalar sistemi tələb edir. Dünya artıq çoxdandır ki, birüzlü, birrəngli, bircür deyil, elə adamlar da.
İnsan artıq hara aid olduğunu, harada olduğunu dəqiq bilmir: O, gerçək həyatamı aiddir, yoxsa virtual aləməmi? Teleulduzlarmı düz deyir, yoxsa siyasətçilərmi? Metrodakı qırmızı hərflərlə daim nəsə təklif edən reklam banerlərəmi inanmaq lazımdır, yoxsa vərdişlərəmi?

Belə bir dünyanın incəsənəti də başqa cür olmalıdır, başqa cürdür də. Artıq klassik realizm, ya da neorealizm bu gerçəkliyi, bu dünyanı, bu dünyadakı insanı ifadə etməkdə acizdir. Fukosuyla, Ekosuyla artıq fəlsəfədə də, romançılıqda da ənənəvi metodların defunksionallığı çoxdan sübut olunub. Biz indi elə epoxada yaşayırıq ki, adi gündəlik yaşantımız belə sonsuz mənalar çoxluğuna açılan pəncərələrlə əhatələnib.

“Biz indiki dünyada, bir növ, zaman turistləriyik.”
(Qismət Rüsrəmov. “Güzgülü pərdə”, səh. 96).

Müasir dünyanın mənalar çoxluğu içində formalaşan yeni normalar sistemi isə klassik dünyəvi, mədəni-mənəvi dəyərləri arxa plana atıb, bəşəriyyətin ruhunu param-parça edib.

“Ruhun parçalanması, onun böhranı, əslində, həyat və düşüncə tərzinin, insanlararası münasibətlərin, insanın və cəmiyyətin, bütövlüklə həyat və fəaliyyətin, mənəviyyatın, ictimai şüur formalarının, mədəni, etik, estetik dəyərlərin öz məcrasından çıxması, patologiyaya məruz qalması deməkdir.” (İsmayılov Fərman. “Müqəddəs od, yaxud fəlsəfənin fəlsəfəsi”. Bakı, “Elm və təhsil”, 2015).

Yazılanları oxuduqca elə düşünə bilərik ki, texnoloji tərəqqiyə qarşı çıxmalı, prosesin qarşısını almalıyıq. Əsla! Texnoloji tərəqqi dönüşü olmayan sonsuz prosesdir. Fəqət bu gedişatın aləti yox, istiqamətverici aktoru olmalı, prosesi elə yönləndirməliyik ki, o, insanın ruhuna xidmət etsin.

Hansı ki, texnoloji tərəqqi əvvəl-əvvəl insana xidmət məqsədini daşıyırdı.

Salam Sarvanın belə bir fikri var: Texnoloji tərəqqinin dağıdıcı sürəti sayəsində insan getdikcə həyatın iştirakçısından tamaşaçasına çevriləcək. Dünya cansızlaşacaq.” (Salam Sarvan, “Fikir oyunları”, səh: 83).

Bu yazıda məqsədimiz insanı həyatın tamaşaçısı deyil, həyata yön verən iştirakçı olmağa, dünyanın cansızlaşmasına deyil, bəşəri ruhun qorunması üçün həyacan təbili çalmağa çəhd etməkdir.

Bu gün qloballaşan, bir başqa mənada kiçilən dünyada sivilizasiya mövcud yüksək texniki imkanlara baxmayaraq, özünün ən keşməkeşli, ruhi böhran dövrünü yaşayır. Qlobal informasiya məkanının formalaşması və informasıyanın sürətli axını nəticəsində ənənəvi milli sərhədlər dağılmış, elmi-texniki tərəqqi məngənə kimi dünyanı sıxıb, müxtəlif mədəniyyətləri iç-içə yaşamağa sövq edib. Bir tərəfdən əldə edilən elmi-texniki nailiyyətlər insanın komfort, təhlükəsiz həyat şərtlərinə xidmət etsə də, digər tərəfdən bəşəriyyəti təbii, sosial və mənəvi böhran, kataklizmlərlə qarşı-qarşıya qoyub.

Biz hələ süni intellektin, bir növ, ibtidai mərhələsindəyik. Gələcək – ki, çox uzaq deyil… – necə gələcək?
Tutalım, bədəninə müəyyən çip yerləşdirilmiş və bütün fəaliyyəti idarə olunan varlığa bəşər övladı deyə bilərikmi?

Yeni tabular, normalar sistemi formalaşacaq, oyunun qaydaları kökündən dəyişəcək. Oyunun qaydaları dəyişəcəksə, deməli, keçmiş təcrübə və vərdişlər gözlənilən nəticəni verməyəcək.

XXI əsrdə isə insanın uzun-uzadı düşünmək fürsəti yoxdur. Ona görə də bu əsrdə vicdani bəraəti olmayan, nəticəsi fəlakətlərə aparacaq hadisələr daha çox baş verir. Məhəbbətə, rahatlığa can atan insanlar sanki, deyə-gülə bir-birinə arxa çevirirlər.” (Fərid Hüseyn, “İntihar İlahəsi”, səh: 12).

Bu, yeni epoxanın ruhunu təyin edir.

Bəşəriyyət epoxanın ruhunun sağlamlaşdırılması üçün çıxış yolu axtarmaq məcburiyyətindədir. Xüsusi ilə milli, maddi-mənəvi dəyərləri rekonstruksiya etməli, dövrün reallıqlarına uyğun formalaşdırmalı, müasir qlobal çağırışların prinsiplərinə adekvat normalar sistemi qurmalı; elm və təhsildə, mədəniyyət və incəsənətdə, sosial-ictimai məsələlər üzrə, tibb və səhiyyədə, fiziki-psixoloji sağlamlıq kimi istiqamətlərdə yeni konsepsiyalar işlənməli və həyata keçirilməlidir.

ardı var…

OXŞAR XƏBƏRLƏR