Daha.az Samanta Şveblinin “Sürət itkisi” hekayəsini təqdim edir.
İspandilli Argentina yazıçısı Samanta Şveblin (1978) qısa hekayələri və romanları ilə məşhurlaşıb. Onun əsərləri 20-dən çox dilə tərcümə edilib. O, “Ağız dolusu quş” qısa hekayələr toplusu ilə “Casa de Las Americas” mükafatına layiq görülüb. Yazıçı 2017-ci ildə “Xilasetmə məsafəsi” romanı və 2019-cu ildə “Ağız dolusu quş” kitablarının ingiliscəyə tərcüməsi ilə “Beynəlxalq Buker mükafatı”na namizad olub. Gənc ispandilli yazıçılar arasında ən yaxşılarından biri hesab edilir.
Teqo özünə qayğanaq bişirmişdi, amma masada əyləşib boşqabına baxanda başa düşdü ki, yeyə bilməyəcək.
– Nə olub? – dedim.
Bir müddət gözlərini qayğanaqdan çəkə bilmədi.
– Narahatam, – dedi, – məncə, sürətim getdikcə azalır.
Elə bil qəsdən, mənim acığıma qolunu asta-asta o yan-bu yana oynatdı və fikrimi öyrənmək üçün gözlərini üzümə dikdi.
– Qəti başa düşmürəm nədən danışırsan, – dedim, – yuxuluyam hələ.
– Telefona necə gec cavab verdiyimi görmədin? Qapını gec açıram, bir stəkan suyu gec içirəm, dişlərimi də gec fırçalayıram… Bu, dözülməzdir.
Vaxt var idi, Teqo qırx kilometr-saat sürətlə uçurdu. Sirk bizim üçün əsl cənnət idi. Mən topu mərkəzə sürüyürdüm. İşıqdan tamaşaçıları görə bilməsək də, uğultunu eşidirdik. Məxməri pərdələr aralanır, gümüşü dəbilqəli Teqo səhnəyə çıxır və qollarını açıb alqışları qəbul edirdi. Qırmızı kostyumu par-par yanardı. O, yuxarı dırmaşıb sısqa bədənini topun lüləsinə yerləşdirir, mən də barıtı doldururdum. Orkestrin barabanları hər kəsdən səssizlik tələb edirdi. Bundan sonra hər şey mənim əlimdə olardı. Yalnız popkorn xırçıltısı eşidilirdi, ya da arabir kimsə həyəcanla boğazını arıtlayardı. Cibimdən kibritləri çıxarırdım. Kibritləri saxladığım gümüşü qutu hələ də məndədir. Qutu balaca olsa da, elə parlaq idi ki, tribunanın ən uzaq pilləsindən belə görünürdü. Qutunu açır, bir kibrit çöpü çıxarıb qutunun dibindəki alışqan kağıza sürtürdüm. Belə anlarda bütün baxışlar mənim üzərimdə olurdu. Kibrit bir göz qırpımında alışırdı. Fitili yandırırdım və qığılcımlar hər tərəfə yayılırdı. İndicə dəhşətli bir şey baş verəcəyini bildirmək üçün bir neçə addım geri çəkilirdim. Tamaşaçılar diqqətlə yanan fitili izləyirdi. Və budur: Bum! Qırmızı, işıltılı oxa bənzəyən Teqo tam sürətlə lülədən çıxırdı.
Teqo qayğanağı bir kənara itələyib güclə stuldan qalxdı. Həm kökəlmişdi, həm də qocalmışdı. Onurğası ağ ciyərlərini sıxdığı üçün ağır-ağır, xırıltılı nəfəs alırdı. Mətbəxdə gəzəndə gah stullardan, gah piştaxtadan yapışırdı, düşünmək və dincəlmək üçün tez-tez dayanırdı. Bəzən isə sadəcə dərindən nəfəs alıb davam edirdi. Aramla mətbəxin kandarına çatıb ayaq saxladı.
– Həqiqətən, elə bil, sürətim azalır, – dedi.
Qayğanağa baxdı.
– Deyəsən, ölüm ayağındayam.
Sırf onu əsəbləşdirmək üçün boşqabı özümə tərəf çəkdim.
– İnsan hər şeydən yaxşı bacardığı işin öhdəsindən gələ bilməyəndə ölür, – dedi, – Məncə, belədir.
Qayğanağın dadına baxdım, soyumuşdu. Bu, axırıncı söhbətimiz oldu. Son sözlərini deyib qonaq otağına tərəf üç yöndəmsiz addım atdı və yıxılıb öldü.
Bir neçə gün sonra yerli qəzetin jurnalisti məndən müsahibə almağa gəldi. Xəbər üçün bir şəkil imzalayıb verdim. Teqo ilə topun yanındayıq, onun əynində dəbilqəsi və qırmızı kostyumu, mənim əynimdə mavi kostyumum, əlimdə isə kibrit qutusu var. Jurnalist qız buna xeyli sevindi. O, Teqo haqqında daha çox şey öyrənmək istəyir, onun ölümü ilə bağlı məndən bir-iki bəzəkli cümlə qoparmağa çalışırdı. Amma mən bu barədə danışmaq istəmirdim, heç nə düşünə bilmirdim. Qız getmədiyi üçün ona içki təklif etdim:
– Qəhvə?
– Olar! – dedi. Deyəsən, qiyamətəcən beləcə oturub məni dinləyə bilərdi. Mən isə əlimdəki kibrit çöpünü yandırmaq üçün bir neçə dəfə gümüşü qutuya sürtsəm də, bir şey alınmadı.
İspancadan tərcümə edən: İlahə Əkbər




