DAHA.az Antuan de Sent-Ekzüperinin həyatının ən çətin mərhələsində etdiyi və qələmə aldığı “Dualar”ı təqdim edir.
İlahi, mən səndən nə möcüzə, nə ilğım (miraj) istəmirəm, sadəcə hər günümü başa vurmaq üçün güc istəyirəm. Mənə kiçik addımlar atmaq sənətini öyrət.
Məni müşahidə və araşdırma bacarığı yüksək birinə çevir ki, gündəlik həyatın istənilən dəyişikliyində məni həyəcanlandıran yeniliklərə və təcrübələrə açıq olum.
Mənə öz həyatımda zamanımı düzgün idarə etmək bacarığı bəxş et. Mənə vacıb məsələləri ikinci dərəcəli məsələlərdən ayıra bilmək üçün həssaslıq ver.
Həyatda büdrəməmək, büdrəsəm belə, çox çırpınmamaq, gedəcəyim yolda enişləri və yoxuşları düzgün proqnozlaşdırmaq və gündəlik həyatımı ağılla planlamaq üçün mənə lazım olan iki şeyi istəyirəm səndən: təmkin və bitərəflik duyğusu.
İstər keçmiş, istər gələcəklə bağlı nəyi isə arzulamağın mənə heç bir köməyi olmayacağını anlamağıma kömək et. Mənə sadəcə bu gün üçün var olmağı, burda və indi yaşadığım dəqiqənin vacib olduğunu öyrət.
Məni sadəlövh inamdan qoru ki, yaşamaq mənə daha rahat olsun. Mənə aydın düşüncə bəxş et ki, çətinliklərin, enişlərin və uğursuzluqların həyatın təbii tələbi olduğunu və onların, əslində, bizi müdrikləşdirdiyini, daha təcrübəli etdiyini anlayım.
Mənə tez-tez ürəyin ağılla mübahisə etdiyini xatırlat.
Mənə həqiqəti söyləmək cəsarəti olan birini doğru zamanda göndər. Elə et ki, o, həqiqəti söyləməyi sevsin.
Mən bilirəm ki, problemin çoxunun həll yolu var və onlar həll olunur, əgər problemin həlli məndən asılı deyilsə, mənə səbr etməyi öyrət.
Sən bilirsən, bəzən əsl dostluğa necə ehtiyacımız olur. Məni taleyin ən gözəl və incə hədiyyəsi olan dostluğa layiq et.
Mənə zəngin fantaziya nəsib et, hansı ki, o mənə lazımi anda, lazımi yerdə susaraq və ya danışaraq ətrafımdakılara isti münasibət bəxş etməyimə səbəb olsun.
Mənə kədərin dib nöqtəsində olan insanlara “toxuna bilmək” üçün insanlıq ver.
Məni həyatda nəyisə/kimisə itirmək qorxusu ilə atdığım addımlardan qoru, bu qorxunu dəf et məndə.
Mənə istədiklərimi deyil, ehtiyacım olanları ver.
Mənə kiçik addımlar atmaq sənətini öyrət..
Tərcümə etdi: İlahə Fazilova




