“Füyuzat” jurnalının sərgi-təqdimatı keçirilib

Naxçıvan şəhərində “Füyuzat” jurnalının üz qapaqlarına həsr olunan “Dəyərlərin işığında” sərgisi keçirilib.

Daha.az xəbər verir ki, sərgi Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi, “SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Cahan Holding”, “ENNA” MMC və Elegant Medianın sponsorluğu ilə baş tutub.

Tədbirdən öncə MİMTA Fondunun əməkdaşları Heydər Əliyev muzeyini ziyarət ediblər. Bu ziyarətdə Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova fondun əməkdaşlarına bələdçilik edərək muzeyin eksponatları ilə ətraflı tanış edib.Muzeyin direktoru Ramil Orucəliyev isə muzeyin tarixi, fəaliyyəti ilə bağlı MİMTA Fondunun əməkdaşlarına ətraflı məlumat verib.

Daha sonra “Dəyərlərin işığında” fotosərgisi həyata keçirilib. Sərginin açılışında millət vəkilləri, ictimai xadimlər, mədəniyyət işçiləri, yazıçılar və media nümayəndələri iştirak edib.

Tədbir zamanı “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və milli ideologiyası barədə iştirakçılara geniş məlumat verilib, eyni zamanda jurnalın üz qapaqlarının hazırlanması prosesi, burada toxunulan istiqamətverici məsələlər və verilən mesajlar barədə məlumatlar ziyarətçilərlə bölüşülüb.

Qeyd edək ki, Naxçıvan şəhəri, Əziz Əliyev G2 (Əyləncə adası, Luna kafe) ünvanında keçirilən sərgi 30 noyabr 2025-ci il tarixinə qədər davam edəcək.

OXŞAR XƏBƏRLƏR