“Leyli və Məcnun” operası yeni quruluşda

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası nümayiş olunub.

Daha.az xəbər verir ki, tamaşanı Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, operasevərlər izləyiblər.

Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) eyniadlı poeması əsasında 1908-ci ildə yazdığı opera bir əsrdən çoxdur ki, səhnələrin bəzəyidir.
Səhnə əsəri Əməkdar artist, rejissor Nicat Kazımov tərəfindən yeni quruluşunda hazırlanıb.
Orkestrin dirijoru Əməkdar artist Əyyub Quliyev, dekorasiyalar üzrə rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İkipərdəli, 6 şəkilli tamaşada əsas rolları Əməkdar artist Arzu Əliyeva (Leyli), Xəyal Hüseynov (Məcnun), Taleh Yahyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Mütəllim Dəmirov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası), Əməkdar artistlər Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl) və başqaları oynayırlar.

OXŞAR XƏBƏRLƏR