Dinozavrla qidalanan timsah fosili tapılıb

Argentinanın cənubundakı Pataqoniya bölgəsində müasir timsahların uzaq qohumu olan nəhəng bir yırtıcının fosilləri tapılıb. “Kostensuchus atrox” adlandırılan bu növün, təxminən, 70 milyon il əvvəl Təbaşir dövrünün sonlarında yaşadığı və dinozavrlarla qidalandığı ehtimal olunur.

Daha.az xəbər verir ki, tədqiqatçılar bu yırtıcının 3,5 metr uzunluğa və 250 kiloqram çəkiyə malik olduğunu, güclü çənələri və iti, çıxıntılı dişləri sayəsində böyük ovlarını parçalaya bildiyini, həm quruda, həm də su hövzələrində yaşayaraq ot yeyən dinozavrları asanlıqla ovladığını bildirirlər.

Alimlər qeyd edir ki, bu canlı burun dəliklərinin önə baxması, gözlərinin isə kəllənin yan tərəfində yerləşməsi ilə müasir timsahlardan fərqlənir. Bu hal elm adamları tərəfindən “yaxınlaşan təkamül” nümunəsi kimi qiymətləndirilir.

Tədqiqatçılar yaxın zamanda dişlərdəki izotop analizi vasitəsilə heyvanın qidalanma vərdişləri və yaşadığı mühit barədə məlumat əldə etməyi planlaşdırır. Həmçinin sümüklərin strukturu üzərində aparılacaq analizlər vasitəsilə onun yaşı, böyümə sürəti və mümkün xəstəlikləri araşdırılacaq.

Mütəxəssislərə görə, bu nadir və yaxşı qorunmuş fosil qədim timsahabənzər növlərin təkamülü və ekosistemdəki rolu barədə yeni məlumatlar üzə çıxara bilər.

 

 

 

OXŞAR XƏBƏRLƏR