Sillyon antik şəhərində bir neçə mədəniyyətin izləri birləşib

Türkiyənin Antalya vilayətinin Serik rayonunda yerləşən Sillyon antik şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində Helenistik, Roma, Bizans, Səlcuq, Anadolu bəyliyi və Osmanlı dövrlərinə aid əsas küçə aşkar edilib.

Daha.az xəbər verir ki, bir kilometr uzunluğa malik küçədən Sillyonun qurulduğu ilk dövrlərdən Osmanlı dövrünün sonlarına qədər fasiləsiz istifadə edilib. Küçənin genişliyi 4-10 metr arasında dəyişir və üzərində Roma dövrünə aid dükanlar, Osmanlı məscidi və bulağı, səlcuqlara məxsus qəbiristanlıq, qədim abidələr, heykəllər və şəhər qapıları kimi tarixi elementlər yer alır. “Tarixin kəsişmə nöqtəsi” adlandırılan bu küçədə gəzənlər altı fərqli sivilizasiyanın izlərini bir yerdə görə bilir.

Tədqiqatlar Mədəniyyət və Turizm Nazirliyinin “Gələcəyə Miras” layihəsi çərçivəsində və “Opet” şirkətinin sponsorluğu ilə aparılır. Qazıntılarda yalnız arxeologiya deyil, həm də zooarxeologiya, paleoarxeologiya, geofizika və geologiya kimi müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edir.

Bu tarixi küçə gələcəkdə turizmə açılaraq mədəni irs kimi qorunacaq və layihə sayəsində bölgənin arxeoturizm potensialı da gücləndiriləcək.

OXŞAR XƏBƏRLƏR