Bu gün Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yurd Gallery”də gerçəkləşib.
Daha.az xəbər verir ki, ekspozisiyada rəssamın “Laçın etüdləri”ndən başlayaraq Vətən həsrəti və azad torpaqların dirçəlişindən ilhamlanan əsərləri təqdim olunur. Əl işləri Laçının təbiətini, Qarabağ ruhunu və keçmişlə bu gün arasında qurulan sənət körpüsünü əks etdirir.
1959-cu ildə Laçının Sadınlar kəndində anadan olan Yusif Mirzə Azərbaycanla yanaşı, BƏƏ, Türkiyə, Fransa, Norveç və digər ölkələrdə sərgilərdə iştirak edib, əsərləri isə dünyanın bir çox şəxsi kolleksiyalarında saxlanılır.
Qeyd edək ki, sərgi 26 avqust – Laçın Şəhəri Günü münasibətilə təşkil olunub.




