MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycanın Laçın şəhəri 2025-ci il üçün “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilib.
Daha.az xəbər verir ki, bu münasibətlə 25–29 avqust tarixlərində Laçın şəhərində “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçiriləcək.
Layihə 26 avqust – “Laçın şəhəri Günü”nə həsr olunub.
Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın təmsil olunacağı düşərgə çərçivəsində gənclər yaradıcı sənayelərlə bağlı işçi qruplarda müzakirələr aparacaq, birgə layihə ideyaları hazırlayacaq və təqdim edəcəklər. Bununla yanaşı, teatr, incəsənət və media yaradıcılığı sahələrində ustad dərsləri də təşkil ediləcək.
Qeyd edək ki, “MDB ölkələrinin Beynəlxalq Kino Günləri”ndə isə hər ölkədən bir film Azərbaycan dilində altyazı ilə nümayiş olunacaq.




