Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda Niyazinin xatirəsinə həsr olunan möhtəşəm konsert keçirilib.
Daha.az xəbər verir ki, konserti rəsmilər, ictimaiyyət nümayəndələri və musiqisevərlər izləyiblər.
Əvvəlcə sənətşünas Leyla Quliyeva səhnəyə çıxaraq Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, solistlər Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.
Bütün musiqi nömrələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Konsertin məqsədi unudulmaz dirijor və bəstəkar Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.




