“Anna Karenina” necə yaranıb?

“Anna Karenina” ədəbiyyat tarixinin ən yaxşı əsərlərindən biri sayılır. Vladimir Nabokov onu “19 əsr ədəbiyyatının ali şah əsəri” adlandırıb. Nyu-Yorkun Siti Universitetinin ingilis dili professoru, bioqraf Bob Bleysdell isə bu əsəri 20 dəfə oxuyub. Üstəlik, əsəri orijinal dildə oxuya bilmək üçün rus dilini öyrənib.

Bleysdell Lev Tolstoyun bu şah əsərini yazdığı vaxt üzləşdiyi çətinliklər haqda maraqlı bir kitab da ərsəyə gətirib. Kitabın adı belədir: “Anna Kareninanın yaradılışı: Tolstoy və ədəbiyyatın ən müəmmalı qəhrəmanının doğuluşu”.

Daha.az xəbər verir ki, Tolstoy “Anna Karenina”nı əvvəlcə novella şəklində yazmağı və tezcə bitirməyi düşünürmüş. O, əsərin qaralamasını cəmi bir neçə həftəyə bitirib. Ancaq Tolstoyun işləri sonraya saxlamaqla arası yaxşı olduğu üçün iş ləngiyir. Bleysdellin hesablamasına görə, Tolstoy əsərin üzərində işlədiyi 53 ayın 30-u ərzində əlyazmasına yerli-dibli toxunmayıb.

Əsər üzərində işin bu qədər ləng getməsi qismən məşğul və bəzən faciəvi ailə həyatı ilə bağlı idi. Belə ki, həmin vaxt ailənin üç uşağı tələf olub. Onun peşə həyatına isə Rusiyada təhsil islahatı üzərində işləmək də daxil idi. Bundan başqa, onun hobbiləri də var idi: atlar, səyahət, ov.

Tolstoy get-gedə romandan bezməyə başlayır. Hətta bəzi məqamlarda ürəyi bulandığını, onun “son dərəcə iyrənc”, “darıxdırıcı” olduğunu yazır. Hətta bir məqamda romanı çap etdirmək istəmədiyini, onu heç bəyənmədiyini qeyd edir.

Ancaq xoşbəxtlikdən Tolstoyun iradəsi qalib gəlib. Bu məsələdə onun həyat yoldaşı Sofya və dostu Nikolay Straxovun böyük rolu olub. Sofya ümumilikdə 13 uşaq dünyaya gətirib. Gün ərzində uşaqların təlim-tərbiyəsi və evin işləri ilə məşğul olan qadın gecələr ərinin əlyazmalarının qaralamalarını səliqə ilə köçürürdü.

Uzun illər Tolstoyun dostu olmuş tənqidçi Straxov isə yazıçının ən diqqətli oxucusu idi. Tolstoy dəfələrlə Straxovdan düzgün yolda olub-olmaması barədə məsləhət istəyib və hər dəfə onun dəstəyini alıb.

“Siz və sizin romanlarınız artıq uzun zamandır ki, mənim həyatımın ən gözəl hissəsisiniz”, – Straxov yazırdı.

Tolstoyun Anna haqqında təsəvvürü əsəri yazdığı müddətdə dəyişib. Bu, yazıçını bir qədər çətinə salıb. Əvvəlcə o, Annanı ərinə xəyanət edən, başqa kişi ilə qaçmış qadın kimi görür. Annanın bu versiyası öz aqibətinə görə hər hansı mərhəmətə layiq deyildi. Ancaq zaman keçdikcə o, bir qədər də təkmilləşib daha müdrik insana çevrilir. Romanın səhifələrində oxucu onu gözəl, eleqant, füsunkar və ağıllı qadın kimi görür. Ancaq onun qüsuru da var idi. Bleysdellə görə, Tolstoy Annanı təsvir etdikcə onu sevməyə başlayır.

Əsərin bu qədər uzun müddətə ərsəyə gəlməyi Tolstoyun öz hiss və düşüncələrini götür-qoy etməsi ilə də bağlı da ola bilər. Bu mübarizənin sonunda o öz varidatından imtina edir, pasifist və xristian anarxistinə çevrilir. Sonradan o, yaşadığı orta yaş böhranını 1882-ci ildə çap etdirdiyi “Mənim etirafım” əsərində təsvir edib.

Tolstoy “Anna Karenina”nı yazdığı vaxt həm xoşbəxt, həm də intihar həddinə çatacaq qədər depressiv günlər yaşayıb. Hətta Bleysdell onun Annanın ağlını itirməsi və intiharını bu qədər detallı təsvir etməsini yazıçının öz depressiyası ilə əlaqələndirir.

OXŞAR XƏBƏRLƏR