Yeni roman – İnsanın yox, mədəniyyətin bioqrafiyasıdır.
Yeni roman II Dünya müharibəsindən sonra ədəbiyyatda ənənəvi romanın təhkiyə formasına etiraz kimi ortaya çıxan, nəsrdə inqilabi bir dəyişikliyin baş verməsi ilə nəticələnən, ədəbi cərəyandan çox yazılı bir təhlil, araşdırma işi olan tamamilə modern bir hadisədir.
Yeni roman ənənəvi romandan, demək olar ki, geri dönüşü olmayan qırmızı xətlərlə ayrılır. Məsələn, ənənəvi roman ancaq insana və onun daxili dünyasına fokuslanırdısa, yeni roman insanının da içində yer aldığı mədəniyyətin özünü ifadə edir.
Yeni roman obrazları və hadisələri arxa plana keçirir, onların yerinə mədəni, tarixi ünsürləri, əşya və nəsnələri seçir. Yeni roman ümuminin deyil, xüsusinin ifadə tərzidir. Yeni romanın ən qabarıq özəlliyi polifonik olması, mətndaxili çoxsəsliyi ilə yanaşı, digər sənət sahələrinin üslub və ideyalarını da içində əridə bilməsidir.
“Yeni roman” Alen Rob-Qriye, Mişel Butor, Klod Simon, Natali Sarrot və digər fransız yazıçılarının Kafkadan, Coysdan, Prustdan, Jiddən sonra romanı yenidən modernizasiya etmə cəhdləri nəticəsində ortaya çıxan bir roman növüdür.
Yeni roman ilk növbədə roman müəllifini XIX əsr təhkiyəsinin çərçivələrindən xilas etmək, ona insanla yanaşı, mədəniyyəti ifadə etmək üçün azadlıqlar verməkdir. Floberin, Balzakın, Dostoyevskinin, Tolstoyun romanlarında dünya birölçülü idi, ənənəvi romanlar bir gözün müşahidəsi və bir ağlın mühakiməsi ilə yazılırdı. Yeni romançılar bunu inkar etdilər, dünyanın çoxölçülü olduğunu, müşahidə və mühakimədə başqa gözlərin və beyinlərin də iştirakının vacibliyini iddia etdilər. Yeni roman özünə lazım olan hər bir şeyi özününküləşdirə biləndir.
Yeni romanda hadisə dilin özüdür, yeni roman ənənəvi romana dastan estetikasından gələn hadisəçiliyi rədd edir.
Yeni romanın özünəməxsus təhkiyə texnikaları var ki, onlardan biri, “subyektiv təsvir” texnikasıdır. Subyektiv təsvir zamanı müəllif oxucuya göstərmək istədiyini deyil, göstərmək istədiyində özünün gördüyünü çatdırmaq məqsədi güdür.
Kutzeenin, Saramaqo öz romanlarında bu texnikadan geniş istifadə edir. Yeni romanın başqa bir texnikası tragediyanın və komediyanın siam əkizləri kimi yanaşı verilməsidir. Oxucunu ayrı-ayrılıqda verilən tragediyanın və komediyanın monotonluğu ilə bezdirməmək üçün yeni roman müəllifləri bilərəkdən tragediyanın içində ironiya, yumor, ironiyanın, yumorun içinə tragediya qatır. Yeni romanın üçüncü bir texnikası polifoniklikdir, yəni çoxsəslilik. Yeni romandan şerin də, fəlsəfənin də, essenin də, reportajın da səsi eşidilə bilər, bir şərtlə ki, roman onların deyil, onlar romanın tələblərinə cavab versin.
Yeni roman şüur axınının yeni formalarını kəşf etdi ki, onlardan biri də “halüsinasiya effekti” texnikasıdır. Amerika psixo-analitiki Qardner Merfiyə görə, şüur fasiləsiz axan bir prosesdir, bu axının formalarından biri də halüsinasiyalardır. Yeni roman halüsinasiyaları şüur axının bir növü kimi təhkiyədə istifadə edir. Prustda, Coysda şüur axını dil vasitəsilə ifadə olunur, amma məsələn, Salman Rüştinin “Gecəyarısı uşaqları” romanında bu, metafizik halüsinasiyalar şəklində baş verir.
Yeni romanda ənənəvi olan yalnız oxucudur, amma hazırlıqlı oxucu.




