Müjdə – Həmid Piriyevin yeni hekayəsi

DAHA.az Həmid Piriyevin “Müjdə” adlı yeni hekayəsini təqdim edir.

Qədim-qədim zamanlarda, ötmüş-keçmiş əyyamlarda yer üzündə ancaq adamlar vardı, amma yuxu və ölüm yox idi. Adamlar ov edirdilər, yeyirdilər, amma yatmırdılar, yaşayırdılar, amma ölmürdülər. Bir gün adamlardan biri yerə uzanıb yatdı. Həmin adamın üzündə rahatlıq var idi, gülümsəyirdi, mışıl-mışıl yatırdı, hərdən də yüngülcə xoruldayırdı. Adamlar ona baxırdılar, amma yaxınlaşmağa, ona toxunmağa qorxurdular, çəkinirdilər. Çünki yatmağın nə olduğunu bilmirdilər. Xeyli keçəndən sonra yatan adam oyandı. Qollarını açıb ləzzətlə gərnəşdi. Heç vaxt belə dincəlməmişdim, dedi. Adamlar gedib şamanı çağırdılar. Şaman ocaq qaladı, təbil çala-çala ocağın ətrafında dövrə vurdu, axırda huşunu itirib yıxıldı. Özünə gələndən sonra dedi ki, o adam yatmışdı, bu yuxudu, siz də yatın. O vaxtdan hamı yatmağa başladı. O vaxtdan yer üzünə yuxu gəldi. Yuxu gecəni özünə götürdü, gündüzü adamlara verdi. Amma yuxu tək gəlməmişdi, özüylə ölümü də gətirmişdi. Bir gün bir qoca kişi yıxılıb öldü. Adamlar elə bildilər yatıb. Amma kişinin gündüz vaxtı yatmağı onlara qəribə gəldi. Yatmaq üçün gecə var, gündüz yatmaq nəyə lazım? Kişini səslədilər, hay vermədi, oyatdılar, oyanmadı. Adamlar gedib şamanı çağırdılar. Şaman ocaq qaladı, təbil çala-çala ocağın ətrafında dövrə vurdu, axırda huşunu itirib yıxıldı. Özünə gələndən sonra dedi ki, o adam ölüb. Siz də öləcəksiniz. Hamınız öləcəksiniz…

Bu rəvayət Qam Ğanın danışdığı axırıncı şey oldu. Qam Ğan bu rəvayəti danışandan sonra ocağın ətrafında təbil çala-çala dövrə vurdu, huşunu itirib yıxıldı, bir də ayılmadı.

Bayındır bir həftəlik yuxuya gedəndə Qam Ğanın ölümündən beş il keçmişdi. Bayındır ön dörd yaşlı, cüssəli, biləyi güclü, üzü təzə-təzə saqqal gətirən yeniyetmə olmuşdu. Yaşı az olsa da, mahir ovçu sayılırdı. Hələ ovdan boş qayıtdığı olmamışdı. Artıq qəbilə camaatı ona tək Qam Ğanın oğlu olduğuna görə yox, həm də əli gətirən ovçu kimi hörmət edirdi.

Bayındır bir gün hazırlaşıb ova getdi. O, adətən ova tək gedirdi. Həmişə ov ovlayəb quş quşladığı meşəyə çatmağa az qalmış bulağın yanında oturub dincini almağa başladı. Sərin bulaq suyundan içib əl-üzünü yuyandan sonra yastı qayalardan birinə söykənib uzandı, yuxu onu apardı. Ayılanda uzaqda bir adam gördü. Amma o adamı yuxuda, yoxsa doğrudan gördüyünü anışdıra bilmədi. Adamın görkəmi qəribə idi, buraların adamına oxşamırdı. Bayındıra maraqlı gəldi, durub adamı izləməyə başladı.

Adam qabaqda, Bayındır dalınca günlərlə getdilər. Bayındır bilmirdi hara gedirlər, qarasına adamın dalınca düşmüşdü. O hara getsə, Bayındır da gedirdi. Çalışırdı özünü bəlli etməsin, sadəcə izləyirdi.

Adamın hərəkətləri də görkəmi kimi qəribə idi. Yaşayış yerlərinin yanından keçirdi, amma heç vaxt adamlara yaxın getmirdi, qəbilələrdən uzaq dolanırdı. Qəbilə yurd salan yerlərin yaxınlığındakı bulaqların, kəhrizlərin yanındakı qənbərlərdən hamarını seçirdi, ucu sivri balaca daşla qənbərin üstündə əyri-üyrü xətlər cızırdı, qənbəri suyun yanında qoyub gedirdi. Adam hər dəfə üstünü cızdığı qənbəri qoyub uzaqlaşandan sonra Bayındır gəlib baxırdı. Qənbərlərin üstündəki cızıqlar bir-birinə oxşayırdı, amma eyni deyildilər.

Fəsil dəyişdi, havalar soyumağa başladı. Artıq Bayındırın əynindəki paltar onu soyuqdan qorumurdu. Elə özü də bu qaçdı-qovdudan yorulmuşdu. Bir dəfə adam bir bulağın yanında oturub qənbərin üstünü cızanda Bayındır onun yanına getdi, oturub kürəyini qayaya söykətdi.

Adam başını qaldırıb ona baxsa da, heç nə demədi, yenə başını aşağı salıb işinə davam elədi.

– Neynirsən? – Bayındır soruşdu.

– Yazı yazıram, – adam dedi.

– Yazı nədi? – Bayındır soruşdu.

– Yazı yaddaşdı, – adam dedi.

– Cızdığın daşları görmüşəm, heç nə başa düşməmişəm, – Bayındır dedi.

– Haçansa başa düşənlər tapıb oxuyacaq, – adam dedi.

Adamın qənbəri cızmağına baxa-baxa Bayındırı yuxu apardı. Oyananda adam yox idi, Bayındırın yanında üstü cızıqsız hamar qənbər qoyub getmişdi.

Bayındır qənbərə əl vurmadı, durub öz qəbiləsinə qayıtdı. Görənlər ona təəccüblə baxırdı, Bayındır birinci dəfəydi ovdan bir neçə ay sonra, özü də əliboş qayıdırdı. Görən-görən ondan nəsə soruşurdu, amma Bayındır heç kimi eşitmirdi. Birbaş öz alaçıqlarına getdi, anasının təəccüblü baxışları altında uzanıb yatdı.

Yuxuda Bayındırı qızdırma basdı. Bayındır titrədə-titrədə, sayıqlaya-sayıqlaya bir həftə yatdı, özünə gəlmədi. Yatmağının dördüncü günü adam göndərib qonşu qəbilənin şamanını çağırdılar.

Şaman böyük ocaq qalatdırdı, üç gün-üç gecə ocağı sönməyə qoymadı. Üç gün dayanmadan təbil çalıb ocağın ətrafında dövrə vurdu, uğuldadı, ruhları çağırdı.

Bayındırın yatmağının yeddinci, özünün bura gəlməyinin üçüncü günündə axşam şamanın əlləri yanına düşdü. Taqətsiz yerə çöküb qəbilə başçısına dedi:

– O dünyanın qapısı bağlıdı. Nə özüm gedə bilirəm, nə də ruhları çağıra bilirəm. İndiyəcən belə şey görməmişdim.

Bu vaxt Bayındırın anası alaçıqdan çıxıb oğlunun ayıldığını dedi. Qəbilə başçısı ilə şaman tez alaçığa girdilər. Bayındır yerinin içində oturub key-key yan-yörəsinə baxırdı.

– Mən hardayam? Mənə nə olmuşdu? – Bayındır soruşdu.

– Evindəsən. Bir həftədi xəstə yatırdın, – qəbilə başçısı dedi.

– Yuxuda nə gördün? – şaman soruşdu.

– Heç nə. – Bayındır dedi. – Heç nə.

Şaman Bayındırın yanında çöküb başını aşağı saldı, uzun müddət fikirləşdi, heç nə demədi. Uzun müddət qəbilə başçısı Bayındıra, Bayındır şamana, şaman isə yerə baxdı. Axırda şaman başını qaldırdı:

– Sənin qismətin bəlli olur, Qam Ğanın oğlu. Ya şaman olacaqsan, ya başçı. Səfərə çıxmalısan, – dedi.

– Nə səfər? – Bayındır soruşdu.

– Tale yolu səfərinə. İndi dediklərimə yaxşı qulaq as, hamısını bircə-bircə yadında saxla. Sabah səhər açılan kimi yola düş. Piyada get, qismətini at ayaqlarının tappıltısı ilə səksəndirmə. Yeddi düzənlik keçib altı dağ aşandan sonra meşə görəcəksən. O meşədə ağ marallar yaşayır. O marallardan birini öldürüb dərisindən təbil düzəltməlisən. Meşədən o tərəfdə yeddinci dağ ucalır. O dağın zirvəsində şahinlər yuva salıb. O şahinlərdən birini tutub sol qanadından bir lələk çəkməlisən. Amma şahini öldürmək olmaz. Təbillə lələyi hazır eləyəndən sonra yeddinci dağa çıx, zirvəyə az qalmış mağara var. O mağaraya girib ocaq qala, şahinin lələyini ocaqda yandırıb təbili çalmağa başla.

– Bəs sonra? – Bayındır soruşdu.

– Sonrası sənin qismətindi, – şaman deyib getdi.

Səhər açılan kimi Bayındır yola düşdü. Yeddi düzənlik keçib altı dağ aşdı, şamanın dediyi meşəyə çatdı. Ucu-bucağı bilinməyən bu meşədə ağaclar çox hündür idi, o qədər hündür idi ki, başları görünmürdü, kölgələrindən gündüz də gecə kimi qaranlıq olurdu. Bayındır adam ayağı dəyməyən heyvan cığırlarıyla meşəni dolaşmağa başladı. Günlərlə gəzdi, ayı gördü, canavar gördü, tülkü gördü, çöl donuzu gördü, xallı maral gördü, axırda ağ marallara rast gəldi. Oxunu yaya çəkib marığa yatdı. Amma bu marallar hər xışıltıdan səksənib qaçırdılar, qaçmaqları oxdan sürətli idi. Bayındırın atdığı oxlar onlara çata bilmirdi. Bayındır günlərlə maral sürüsünün dalınca düşdü, axırda birini vura bildi. Maralın dərisini soyub günün altında qurutdu, aşılayıb təbil düzəltdi.

Meşədən çıxıb yeddinci dağın ətəyinə gəldi. Bu dağ keçdiyi altı dağdan daha uca, daha əzəmətli idi. Havada fırlanan şahinləri gözü kəsdirdi. Şahinləri güdməyə başladı. Gördü ki, şahinlər gündə bir dəfə zirvədən aşağı enib yem axtarırlar.

Bayındır dağın ətəyindəki yamacda özü dərinliyində çuxur qazdı, çuxurun ağzını nazik budaqlarla hördü, budaqların üstünə ot döşədi. Dovşan tutub ayağından nazik çatı ilə çuxurun yanında yerə çaldığı budağa bağladı. Çuxura girib gözləməyə başladı.

Birinci gün şahin gəlmədi.

İkinci gün şahin gəlmədi.

Üçüncü gün bir şahin yamacın üstünə dövrə vurub qıy çəkdi. Şığıyıb bir dimdik zərbəsiylə dovşanın başını parçaladı, leşini dimdikləməyə başladı. Bayındır təbildən artıq qalan dərini doladığı əllərini budaqların arasından çıxardıb şahinin ayaqlarından yapışdı. Çuxurdan çıxdı, əlindəki şahin üzünü dimdikləmək istəyəndə Bayındır hirsləndi, əl atdı bıçağına, amma şamanın sözü yadına düşdü. Şahinin sol qanadından bir lələk çəkib özünü havaya buraxdı. Şahin yenə yamacın üstündə dövrə vurdu, uçub zirvəyə qalxdı.

Bayındır təbillə lələyi, bir də bir neçə dənə quru budaq götürüb dağa çıxmağa başladı. Zirvəyə çatmağa az qalmış mağaranı gördü. Mağaranın girişi dar və alçaq idi, Bayındır əyilib içəri keçdi. Gətirdiyi budaqları sındırıb ocaq qaladı, şahinin lələyini ocağa atdı. Lələk çırtıldayıb yanandan sonra təbili çalmağa başladı.

Tam-tam-tam…

Təbili şaman kimi aramla, ahənglə çalırdı.

Tam-tam-tam…

Gündüz keçdi, gecə oldu, Bayındır isə çalmağa davam edirdi.

Tam-tam-tam…

Səhərə yaxın mağaranın dərinliyindən xışıltı eşidildi. Xışıltı getdikcə yaxınlaşdı, ayaq səslərinə çevrildi. Hardansa iri, gonbul bir arvad peyda oldu. Arvad gəzdikcə iri, sallaq döşləri yellənirdi. Bayındır onu görəndə heyrətdən və qorxudan əlləri boşalıb yanına düşdü. Arvad gəlib Bayındırın qabağında dayandı.

– Gəldin, Qam Ğanın oğlu. Səni gözləyirdim. Sənə bir həftəlik yuxunu mən göndərmişdim. O yuxu məni müjdəm idi. Amma özüm yuxuna gəlmədim. Məni yuxusunda görənlər, döşümdən süd əmənlər şaman olur. Sən şaman olmayacaqsan. Sənin qismətin xanlıqdı. Sən xanlar xanı olacaqsan.

Arvad təbili Bayındırdan alıb qılınc verdi.

– Get, – dedi. – Taleyinə get.

Bayındır qılıncı götürüb mağaradan çıxdı. Dan sökülürdü. Altıncı dağın zirvəsindən yarısı görünən günəşin şüaları Bayındırın üzünə düşüb gözlərini qamaşdırdı.

Bayındır artıq bilirdi nə etmək lazımdı. Əvvəlcə adamın onun üçün bulaq başında qoyduğu cızıqsız hamar qənbərin dalınca getməliydi…

OXŞAR XƏBƏRLƏR