DAHA.az Aqşin Yeniseyin “Allah fəlsəfənin tabutudur” yazısını təqdim edir.
Atası gənc Qustav Yunqa nəsihət verirdi: “Düşünmək yox, inanmaq lazımdır”.
Düşünmək sual verə bilmək cəsarətindən başlayır. Sual yoxdursa, düşüncə də yoxdur. Sualsız beyində baş verən, sadəcə, şüuraxındır.

Günümüzün sosial şəbəkələr çağında milyardlarla insan düşüncəyə deyil, şüuraxınına sahibdir və bu kollektiv şüuraxını nəhəng neoliberal bazarın çarxını fırladan kortəbii təbiət gücü kimi bir şeydir.
Artıq yazıçılar, müsiqiçilər, filosoflar, elm adamları bu qlobal şüuraxınına qarşı müqavimət göstərməkdə acizdirlər. Bu acizliyi yazıçıların günlük cari mövzulara baş vurmasında, musiqiçilərin ən səthi duyğulara xitab etməsində, filosofların, az qala, mollalıqla məşğul olmasında görməmək üçün kor olmaq lazımdır.
Bu yazımızda da dövrün düşüncə mühitini yaratmağa məsul olan filosoflar haqqında bir iki kəlmə cızmaqara etmək fikrindəyəm.
Filosof dindar ola bilərmi?
Ola bilər, Şərq fəlsəfəsi, Orta əsr xristian fəlsəfəsi doludur dindar filosoflarla. Gördükləri işin adına da “din fəlsəfəsi” adı qoyublar. Filosof suallarına dində çavab tapa bilər. Dinin cavablarında həqiqəti və hikməti tapan, tapınan adam artıq filosof deyildir. O, artıq həqiqəti dində tapmış xalis bir dindardır.
Fəlsəfi düşüncənin qaynağı şübhədir, sual vermək marağı bu şübhədən yaranır. Fəlsəfə hazır cavablar axtarırsa, bu, fəlsəfə deyil, imandır, etiqaddır. Şühbə etməyən fəlsəfənin özü də şübhəlidir. Fəlsəfəyə üz tutan insanın məqsədi bilməkdir, dinə tapınan insanın məqsədi inanmaq.
İman şübhə etməyən fəlsəfi dünyagörüşüdür. Fəlsəfə şübhədən başlayır, din inamdan.
Fəlsəfə suallar dünyasıdır, din cavablar. Fəlsəfi yol hikmətə aparır, dini yol imana. Hikmətlə iman eyni şey deyil. İmanda, məsələn, yumora yer yoxdur.
Fəlsəfi suallar sizi allaha aparıb çıxarıbsa, filosofluq bitmişdir. Çünki şübhəyə yer qalmamışdır. Allah anlayışı bütün cavabların küliyyatıdır. Filosof allahdan danışırsa, deməli, onu satmaq üçün müştəri axtarır.

Karl Yaspersə görə, fəlsəfə sualları cavablarından daha dərin olan bir hikmət elmidir. Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir.
Əgər filosof peyğəmbərlərin dediyini deyirsə, onun fəlsəfəsinə nə ehtiyac var?
Şərq fəlsəfəsi şeir və mifologiya ilə qarışmış, adət-ənənələrə, məsəllərə çox yer vermişdir. Fəlsəfənin ən fərqli özəllikləri olan azad və tənqidi düşüncəyə Şərq fəlsəfəsində çox az rast gəlinir.
Allah fəlsəfənin tabutudur!
Bir filosof dindən, imandan, allahdan danışırsa, o, artıq filosof kimi ölüb, kahin kimi dirilib deməkdir.
Fəlsəfədə müqəddəs olan sualdır, cavab deyil.
Filosof başqalarını inandırmağa deyil, düşündürməyə çalışan insandır. Başqalarını inandırmağa çalışan inandığına özü də gizli-gizli şübhə edən din xadimdir. Bəs o nə üçün başqalarını da öz inandığına inandırmaq istəyir?
İnananın öz inandığına başqalarını da inandırmaq canfəşanlığı içindəki əminlik hissinin yox, şübhənin təlaşıdır.
İnanan öz inandığına başqalarını da inandırmaqla içindəki şübhəni basdırmaq istəyir. İnananların sayı çoxaldıqca şübhə əminliyə çevrilir.
İnananın əminliyinin arxasında say çoxluğu, kəmiyyət dayanır. İnam başqaları da inandıqdan sonra inanca çevrilir.
İstənilən həqiqət inananlarının sayı çoxalmış yalandır.
İnanan öz inandığına inandıra bildiyi başqalarını sonradan özünün inandığının sübutuna çevirir.
Filosofun belə bir dərdi olmamalıdır. Onun düşüncəsinin başqalarına ehtiyacı yoxdur. Əgər onun düşüncəsi başqaları tərəfindən asanlıqla mənimsənilirsə, demək ki, düşünə bilməmişdir.
İnandırmaq ehtiyacı yalanın ehtiyacıdır. Yalan, yalan olduğunun üzə çıxacağından həmişə ehtiyat edər və bunun qarşısını almaq üçün sürəkli özünü çoxaldar.
Həqiqət özünü biləndir! Başqasının onu bilməsinə ehtiyac duymaz. Ona görə həqiqət heç vaxt gəlməz, heç vaxt özünü çoxaltmaz, ayağına aparar və susdurar.
Həqiqət dili açmaz, bağlayar.
Yalan isə özü gələr. Kimsə yalana varmaz, onu axtarmaz. Yalan insanın qulağından girib ağzından çıxar. Yalanın lalı olmaz.
Həqiqətin sübutu özüdür. Həqiqət özü sübutdur. Yalanın isə minlərlə sübutu vardır. Yalan sübutunu həmişə üstündə gəzdirər. Yalanın içi boş, üstü doludur.
Həqiqət axtarışına inandığına şübhə edənlər çıxar. İnanmaq yolun sonu yox, başlanğıcıdır.
Həqiqəti tapan özünü itirər, özünə aid olanları da itirər. Həqiqətə varınca inam da, şübhə də yoxa çıxar.
Həqiqət ruhun, zəkanın sanatoriyasıdır. İnsan zəkası, ruhu həqiqətdə dincələr. Boğuşan şey həqiqət deyil, yalandır.
Fəlsəfə buna görə inandırmaq öhdəliyindən imtina edər. Onun missiyası düşündürməkdir. Amma öncə özü düşünməyi, yəni sual verməyi bacarmalıdır…


