Vicdan, dəfn aksesuarları, xoşbəxt ölüm və İvan İliç – Emil Əskərov

DAHA.az Emil Əskərovun  “Qaranlığın epifaniyası: cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları. Eksponat: Vicdan – dəfn aksesuarları. “Xoşbəxt ölüm”. İndeks: İvan İliç …Və ölüm bitdi” yazısını təqdim edir. 

 Ölümün xeyir…
Ölümünə qənşər…

 Aydın Talıbzadə

Ölümün xoşbəxt olsun… Yəqin ki, dünya ədəbiyyatında ölümü bu qədər qutsayan başqa əsər yoxdur. Yəqin ki, dünya ədəbiyyatında ölümü bu qədər gözləyən, ölümə bu qədər yaraşan, ölümü bu qədər sevən və sevdirən ikinci bir obraz tapılmaz. Söhbət Lev Nikolayeviç Tolstoydan, onun “İvan İliçin ölümü” povestindən gedir.

Yəqin ki, bu əsəri Azərbaycanda Mirzə Nicatdan yaxşı quran rejissor ola bilməzdi. Çünki Mirzə Nicat ölümlə əlləşməyi sevən sənətçidir. O, qaranlıqlar səltənətinin rejissorudur; Azərbaycan teatrında qaranlıqda görünməyi bacaran tək rejissor odur. Dünyada ən dəyərli şey qaranlıq otaqdaki qara pişikdir — çünki onun illüziya kimi heç bir saxta dəyəri yoxdur.

Bir çox qədim mifologiyalarda və kosmoqonik sistemlərdə hər şey qaranlıqdan — Xaosdan və ya “ana bətnini” xatırladan sonsuz gecədən başlamışdır. İşıq formanı, sərhədi və görünəni yaradır, lakin qaranlıq potensialın özüdür. Hər bir işıqlı ideya, hər bir kəşf və hətta yeni bir həyat əvvəlcə qaranlıqda — səssizlikdə və görünməzlikdə formalaşır. Daxili həqiqətləri, qorxuları, arzuları və şüuraltını anlamaq üçün insanın “daxili gecəsindən” keçməsi lazımdır. Qaranlıq tənhalığın qoruyucusudur; o, insana cəmiyyətin maskalarından azad olaraq gerçək “mən”i ilə tək qalmaq imkanı verir. İşıq görməyə imkan verir, qaranlıq isə hiss etməyə. Nicat qaranlıq dünyanın qapqara rejissorudur — ondan qarası yoxdur. Tolstoyun bu əsəri də qaranlıqlar səltənətinin, ölülər dünyasının diri insanlara tutduğu kəskin güzgüdür.

Söhbət bir adamın həyatından gedir. Hər şey qaydasında olan, hər şey cəmiyyətin istədiyi kimi qurulan, standart, hamar, amma içi bomboş bir ömürdən… İvan İliç mühitə uyğunlaşan, rütbə pillələrini səssizcə dırmaşan, “layiqli” evlilik edən, mebellərini, pərdələrini elit zövqlə seçən bir çinovnikdir. Onun həyatında heç bir qaranlıq yoxdur — hər şey işıqlı, bəzəkli və intizamlıdır. Lakin bu işıq görünmək üçündür, hiss etmək üçün yox. İvan İliç öz rahatlığının, cəmiyyətdəki prestijinin içində diri-diri basdırılmış bir cəsəddir. O, ölməzdən çox-çox əvvəl zatən yaşamırdı.

Bir gün evin bəzəyi üçün pərdə asarkən pilləkəndən yıxılır. Böyrəyinə dəyən balaca bir zərbə… Səthi görünən, əhəmiyyətsiz bir fiziki nasazlıq. Amma məhz bu kiçik zərbə İvan İliçin illərdir qurduğu o rahat, süni sarayında ilk çat oyadır. İşıqlı otaqlara ilk dəfə qaranlığın və ölümün kölgəsi düşür. Pərdəni asmaq istərkən öz həyatının pərdəsini endirəcək xəstəliyə tutulur.

Ağrı getdikcə şiddətlənir, həkimlər, diaqnozlar, mürəkkəb tibbi terminlər bir-birini əvəz edir. Amma heç kim ona həqiqəti demir. Arvadı, qızı, iş yoldaşları, həkimlər — hamı onunla bir yalan oyunu oynayır: “Sən sadəcə xəstəsən, tezliklə sağalacaqsan”. Əslində isə hamını maraqlandıran tək şey onun ölümü deyil, ölümünün onların rahatlığına vuracağı zərərdir. İvan İliç başa düşür ki, etibar etdiyi, sevdiyi hamı üçün o, artıq lüzumsuz bir yükdür. Yalnız nökər Gerasim — o sadə, kəndli gənc — yalan satmadan onun ayaqlarını çiyninə qoyub ağrısını paylaşır. Qaranlıq otağında təkbətək qalan İvan İliç ilk dəfə hiss etməyə başlayır: Mən bütün ömrümü yanlış yaşamışam…

Ölümünə bir neçə gün qalmış ağrılar dözülməz həddə çatır. Üç gün boyunca aralıqsız bağıran İvan İliç metafizik bir qaranlıq deşiyin, qapqara bir torbanın içinə itələnir. Bu, artıq bədənin ağrısı deyil; bütün ömrün yalanı ilə üzləşən ruhun fəryadıdır. O, qaranlığın lap dibində müqavimət göstərir: “Axı mən hər şeyi düzgün etmişdim! Axı mən qanunlara, qaydalara riayət etmişdim!” Qaranlıq isə ona susaraq cavab verir: “Bəli, sən hər şeyi qaydalara uyğun etdin, amma yaşamadın.”

Və son an… Ölümün tam boğazına çökdüyü, nəfəsin kəsildiyi saniyədə İvan İliç birdən-birə ətrafındakılara — ağlayan oğluna, arvadına acıyır. Onun içindəki eqo, saxta “mən” darmadağın olur. O, ilk dəfə özünü deyil, başqalarını hiss edir və onları bu əzabdan azad etmək üçün getməli olduğunu anlayır. Tam o anda qorxu yox olur. Ölüm yerini mütləq aydınlığa verir. Ağzından bu sözlər çıxır: “Ölüm bitdi… O artıq yoxdur!” Və o, qaranlığın lap mərkəzində işığı taparaq son nəfəsini verir.

Cavid Zeynallının bu adaptasiyası epik ədəbi mətni səhnənin spesifik plastikasına çevirən  teatr potensialına malikdir. Tolstoyun povestində günlərlə davam edən daxili psixoloji təhlil mətni Cavid Zeynallı tərəfindən çox dinamik dialoqlara, ritmik replikalara və vizual səhnə işarələrinə sıxlaşdırılmışdır. Müəllif povestin təhkiyyə ağırlığını dramatik gərginliklə əvəz edərək, hər bir epizodu varoluşsal zərbəyə çevirmək potensialını dəqiqliklə tutmuşdur. Zeynallının dramaturji dili ədəbi mətnin fəlsəfi dərinliyini zədələmədən onu birbaşa səhnənin ritminə hazır vəziyyətə gətirir.

Tamaşanın rejissor partiturası insan şüurunun, saxta cəmiyyətin və varoluşun qaranlıq məhkəməsidir. Aydın sezilən bu estetik xətt mətni məişət çərçivəsindən çıxararaq tamamilə metafizik müstəviyə daşıyır. Hələ əvvəldə tabutun səhnənin mərkəzində görünməsi və qəbiristanlıq yeri, pul bazarlığı kimi məişət qeybətlərinin səslənməsi cəmiyyətin mənəvi çürüməsinə tutulmuş kəskin güzgüdür; çünki İvan İliç hələ sağlığında, rütbə və mənsəb dalınca qaçarkən onsuz da öz ruhunun qəbiristanlığını yaratmışdı. Cəmiyyəti maraqlandıran insanın əzabı deyil, onun ölümündən sonra qazancın necə bölüşdürülməsidir. İvan İliçin səthi və “içi bomboş” səadəti pərdəni asarkən aldığı kiçik zərbə ilə darmadağın olur və maskaların düşməsi kimi təqdim edilən bu an illüziyanın ölümünü simvolizə edir – insan illərdir qurduğu o saxta sarayın divarlarını məcburən öz əlləri ilə yıxır. Rejissor işində işıq və qaranlıq münasibəti ənənəvi teatr çərçivəsindən çıxaraq şamların titrək işığı, xəfif amma boğucu tüstü, qırmızı pərdələr səhnəni ilahi ədalət qarşısında çılpaqlaşmış vicdan məhkəməsinə çevirir, burada işıqlı otaqlar burjuaziyanın yalanlarını, qaranlıq isə həqiqətin oyanış yerini göstərir. Bütün bu soyuq və riyakar dünyanın içində nökər Gerasim yeganə təmiz adam kimi çıxış edir; onun İvan İliçin ayaqlarını qaldırıb çiyninə qoyması, üzərinə su tökməsi sadəcə fiziki qulluq deyil, ruhun təmizlənməsi, təmənnasız insan sevgisinin ayinidir. Tamaşa ölümü qorxunc bir son kimi deyil, insanı illüziyalardan azad edən qurtuluş fırtınası kimi qələmə alır və İvan İliç son nəfəsində bütün ömrünün səhv olduğunu dərk edərək daxili zülmətdən işığa çıxır. Nəticə etibarilə, bu səhnə əsəri tamaşaçıya rahatlıq vəd etmir, əksinə, zalda oturan hər kəsi öz “diri ölümü” ilə üzləşdirən, saxta maskalarını cırıb atan və insanı öz vicdanının qaranlığında tək qoyan sarsıdıcı teatr hadisəsidir.

Teatr sənətinin gerçək hüdudları mətnin səhnəyə köçürülməsi ilə deyil, aktyor bədəninin varoluşsal sərhəddə necə parçalanması, səhnə mətninin isə ontoloji qrupa çevrilməsi ilə ölçülür. Bu aktyor oyunları silsiləsi ənənəvi teatr məktəbinin illüstrativ təriflərindən tamamilə uzaqlaşaraq, səhnəni hər kəsin öz vicdanı ilə hesablaşdığı təkzibedilməz məhkəmə zalına çevirir.

Somatik Çökmə – Əməkdar artist Elşən Rüstəmovun ifasında İvan İliç fiziki xəstəliyin çərçivəsinə sıxışdırılmış xəstə fərd deyil; o, illüziyaların bədəndən qopmasını fiziki olaraq yaşayan varlıqdır. Aktyor bürokratik mexanizmin o səliqəli, cilalanmış simmetriyasından daxildəki həlledici uçuruma doğru gedən yolu böyük bir somatik dürüstlüklə işləyir. İvan İliçin mənsəb sahibindən heç nəyə çevrilmə metamorfozu sadəcə səs tonunun dəyişməsi ilə deyil, bədənin hər bir qıvrımında hiss olunan qaçılmazlıq hissi ilə ötürülür. Gözlərdəki o sönüş, daxildə daralan o qapqara torbanın ağırlığı Rüstəmovun ifasında tamaşaçıya sənətin illüziya deyil, birbaşa həqiqət olduğunu diktə edir. Aktyor səhnədə  əzab çəkmir; o, cəmiyyətin illərdir insan üzərinə örtdüyü o yalançı pərdələri öz ağrıları ilə cırıb atır və bədəni təmiz vicdanın mühakimə kürsüsünə çevirir. Bu səhnə gərginliyi, bəlkə də, illərdir səhnənin bütün mənəvi və fiziki yükünü daşıyan Elşən müəllimin daxilindən qopan — “əl çəkin məndən, hər tamaşada olmaq istəmirəm” — o tükənməz yorğunluğun və üsyanın bədənsəl fəryadına çevrilib.

Soyuq Simulyasiya və Məişət Eqizmi – Əməkdar artist Şəlalə Şahvələdqızının səhnədə hər zaman özünün oynaq temperamenti, zəngin daxili dinamikası və iti aktyorluq reaksiyaları ilə seçilməsi onun bu ağır dramatik rola gətirdiyi fərqli bədii keyfiyyəti şərtləndirir. Aktrisa öz təbii temperamentinin o canlı enerjisini məqsədli şəkildə donduraraq, Praskovya Fyodorovna obrazında cəmiyyətin mexaniki simulyasiyasının alternatsiz formasını yaradır. Məişət qadınının eqizmini və riyakarlığını bayağı emosional gedişlərlə deyil, ölümün belə iqtisadi dəyərə çevrildiyi quru rasionalizmlə ifşa edən Şahvələdqızı, səhnədə dəqiq soyuqluq sergiləyir. Onun üçün yas — funksional ticarət, daxili boşluq isə normal həyatın və rahatlığın qorunması üçün zəruri olan səssiz razılaşmadır. Aktrisanın malik olduğu o yüksək oynaq temperament bu donuq, buz kimi soyuq obrazın daxilində gizli bir gərginlik yaratmış olur. Məhz bu kontrast Praskovya Fyodorovnanın hər baxışını, hər soyuq hərəkətini daha da təhlükəli və kəsərli edir. Şahvələdqızı səhnədə burjua mexanizminin o təmiz, tərəddüdsüz riyakarlığını yaradaraq cəmiyyətin mənəvi səhrasını nümayiş etdirir və sübut edir ki, emosiyanın yoxluğu bəzən yüksək temperamentli sənətkarın əlində ən kəskin tənqid silahına çevrilə bilər.

Polifonik Sistem, İncə İroniya və Səhnə Şirinliyi – Ramin Şıxəliyevin beş ayrı rolda — Həkim, Viktor, Pyotr İvanoviç, Sokolov və Keşiş obrazlarında səhnəyə çıxması quruluşun ən kəskin nəzəri və estetik tapıntılarından biridir. Aktyor bu müxtəlif sosial maskaları təkbaşına canlandırarkən sadəcə funksional keçidlər etmir; o, hər bir obraza məhz o nadir səhnə şirinliyi, incə ironiya qatır. İstər elmi terminlərlə xəstəliyi pərdələyən həkimin o məsum görünən, lakin dondurucu təkəbbüründə, istərsə də mexaniki dualar oxuyan keşişin mimikalarındakı o qatışıq qrotesk şirinlikdə Şıxəliyevin peşəkar dəst-xətti dərhal duyulur. O, bu sərt sistem adamlarını quru sxemlərə deyil, tamaşaçını həm heyran edən, həm də daxildən üşüdən canlı, maraqlı və fərdi xüsusiyyətlərlə parıldayan xarakterlərə çevirir. Şıxəliyev ayrı-ayrı fərdlərin arxasında dayanan bürokratik-ideoloji aparatın seriyalı təkrarını məhz bu unikal səhnə cazibəsi və oynaq şirinliklə təqdim edərək, cəmiyyətin o cansız üzünü daha da kəskin və düşündürücü şəkildə ifşa edir; çünki ən dəhşətli riyakarlıq məhz belə cazibədar və şirin maskaların arxasında gizlənir.

Təbiiliyin Ontologiyası – Bu soyuq, mexaniki və riyakar dünyanın qarşısında gənc aktyor Elsevər Rəhimovun canlandırdığı Gerasim obrazı təmiz, təbii və toxunulmamış bir insanlıq adası kimi dayanır. Aktyor sentimentalizmə, ucuz dramatikliyə və ya süni effektlərə qapılmadan, tamamilə səmimi ifa tərzi seçir. İvan İliçin ağrıyan ayaqlarını çiyninə qaldırması, onun tənəffüsünü və əzabını təmənnasız şəkildə bölüşməsi Gerasimin ifasında adi fiziki qulluq deyil; bu, çürümüş cəmiyyətə qarşı qoyulan tək dürüst ontoloji jestdir. Elsevər Rəhimov saxta işıqların altında korlaşmış dünyada zülmətin içindən süzülüb gələn yeganə ilahi saflığı, mərhəmətin estetikasını elə bir plastik zərifliklə canlandırır ki, onun bu roldakı parlaq çıxışı alqışalayiqdir.

“İvan İliçin ölümü” teatrımızın səthi illüstrativlikdən uzaqlaşaraq daxili zülmətə nüfuz etdiyi barışmaz bir mövqedir. Mirzə Nicatın rejissor təfəkkürü, Cavid Zeynallının dramaturji cəsarəti və aktyor ansamblının somatik dürüstlüyü zalda oturan hər kəsə estetik təsəllidən, ucuz ümiddən və ya məişət rahatlığından uzaq bir həqiqət təqdim edir. Finalda zalı çulğalayan o sükut insana cəmiyyətin geyindirdiyi cilalanmış maskaları, süni dəyər sistemini xatırladır və onu daxili gecəsində vicdanının çılpaq həqiqəti ilə təkbətək qoyur. Bu tamaşa diri adamların ruhuna tutulmuş soyuq bir güzgüdür: insanı məhv edən bədənin ağrıları deyil, tərəddüdsüz yaşadığı o böyük, bəzəkli yalanlardır. Gerçək teatr — səhnə işıqlarının söndüyü, insanın isə öz qaranlıq həqiqəti ilə baş-başa qaldığı o sarsıdıcı oyanış anıdır. Bu tamaşa diri adamaların tamaşasıdır… Ölüləri bağlayın….

PS: Bu gün Akademik Milli Dram Teatrında işıq yanır… O işığı öz kollektivi və sevimli sənətkarları ilə birgə İlham Əsgərov yandırıb. İlk mərhələdə işıq biraz zəif ola bilər, ya da illərdir gözümüzü bürüyən o mənəvi torlardan biz o işığı tam görə bilmərik… Amma o işıq yanır… Səhnənin o doğma qaranlığını yarıb keçən o xəfif süzüntü hörmətli İlham müəllimin təmiz qəlbinin, teatra olan səmimi sevgisinin və gözəl niyyətlərinin işığına yanır…

İllərdir divarları yorğunluq, intizar və ümidlə nəfəs alan bu doğma ocağa, onun hər daşına bələd olan insanlara dəstək olmaq lazımdır… Heç olmasa qarşıdakı 5 ildə bu ocağın istisinə sığınmaq, ona qəlbən inanmaq lazımdır. Kim bilir, bəlkə də məhz o işığın altında illərdir ağrı çəkən, yarımcan qalmış Azərbaycan teatrı yenidən nəfəs alacaq, yeni pöhrələr verəcək… Bəlkə də bu səhnə hamımızın həsrətində olduğu o saf, təmiz və canlı teatr mühitinə çevriləcək… Yaraları sarımaq, əl tutmaq, dəstək olmaq zamanıdır… Bəsdir köstək olduq, bəsdir bu ocağın hərarətini söndürdük…

Uğur olsun… Bu işıq teatrımıza, ruhumuza uğur gətirsin… Yeni, işıqlı sabahlarınız xeyir olsun… Salamat qalın…ya da….

OXŞAR XƏBƏRLƏR