DAHA.az Aleksey Domninin “Kudım-Oş haqqında rəvayətlər”ini təqdim edir.
Aleksey Domnin (1928-1982) – şair, yazıçı, jurnalist, folklor araşdırmaçısı. Ömrünü “İqor polku dastanı”nın araşdırmasına həsr edən atası Mixail Domninin təsiri ilə o da folklor araşdırmalarına başlayıb. Universitetdə diplom işini də həmin dastandan yazıb, 1967-ci ildən 1977-ci ilə qədər isə dastanın tərcüməsi ilə məşğul olub. Tarixi povestlərin, böyüklər və uşaqlar üçün şeirlərin, nağılların müəllifidir. Bir müddət Rusiyada yaşayan etnik azlıq komilərin və permyakların folkloru ilə maraqlanıb, həmin motivlər əsasında “Kudım-Oş haqqında rəvayətlər” və “Ovçu Per haqqında rəvayətlər” poemalarını yazıb.
Kudım-Oş komilərin və permyakların əfsanəvi qəhrəmanıdır. Əfsanəyə görə, bu xalqlar Oşdan törəyib.
Kudım-Oş haqqında rəvayətlər
1
Nəğmələrin geniş qanadlarında
Sizi qədim rəvayətlər yurduna
Aparacağam ki, mənim sözlərim
Toxum kimi qəlbinizdə cücərsin.
Qədim nəğmələrin nəqarəti var,
Hər xalqın da başlanğıcı mövcuddur.
Qədim-qədim zamanlarda parmada1
Boz gözlü çudinlər2 yaşayırdılar.
Dar və qaranlıq idi kor qazmalar,
Geniş idi ətrafdakı meşələr.
Dadlı idi maralların ciyəri.
Onlara istilik verirdi günəş,
Quşlar xəbər gətirirdi uzaqdan.
Rəqs edirdi gur alovun dilləri,
Qovlayırdı gecənin ruhlarını.

Əcdadların adəti necəydisə,
Elə də yaşayıb ömr edirdilər.
Qocalıqdır insanı əldən salan.
Və əgər hansısa qərib qocanı
Ölüm unudurdu, aparmırdısa,
Həmin qoca gizlincə bir cığırla
Dağa gedib mağara qazıyırdı
Və özünü orada dəfn edirdi.
Cavan Oş öz doğma qəbiləsində
Bahar vaxtı oyanan torpaq kimi
Güc-qüvvətə dolub yetkinləşirdi.
İti ağıl verilmişdi gənc Oşa.
Ölülərin kölgəsini görürdü,
Uçan oxu havadaca tuturdu,
Gözbağlıca oynayırdı ayıyla.
Onun anasıydı cadugər Pevsin,
Bacarırdı yuxuları yozmağı.
Bilirdi ki, harda dincəlir Oypel –
Meşələrin və çayların tanrısı.
Əgər kimsə pis niyyətlə gəlsəydi,
Onu kor edərdi gizli sehrlə.
Heyvanı tələyə sala bilərdi,
Yumşaldardı düşmənin qılıncını.
Qəbilənin şamanı Çikış qarı
Gecə dağa çıxıb söhbət edirdi
Süra-Peley adlı hiyləgər ruhla.
Cadu edib diriltməyi bilirdi
Öldürülmüş adamları bu şaman.
Göbələk çəkirdi, təbilə vurub
Qovlayırdı xəstəliyi və şəri.
Oşun atası pamdı3 qəbilədə.
Gedərdi Yuqranı yağmalamağa.
Bir gün onu gətirdilər yürüşdən
Ürəyində lələkli bir ox ilə.
Şaman Çikış xeyli çaldı təbili,
Quş kimi çırpındı ocaq başında.
Amma onu ölülər diyarından
Qaytara bilmədi, çəkə bilmədi.
Onlar pamı torpağa tapşırdılar.
Ayağına ayı başı qoydular,
Üzünü də maska ilə örtdülər,
Gecə düşənəcən şənlik etdilər.
Onlara baxırdı kor gözlərilə
Taxta boz büt. Qanlı dodaqlarından
Axıb yerə tökülürdü piy və bal.
Qəbiləyə təzə pam lazım idi.
Ağsaqqallar ocaq başında Oşu
Pam təyin etdilər. Ona verdilər
Hakimiyyət nişanəsi əsanı
Və bürünclə bəzədilmiş kəməri.
Hamı ilə birgə Pevsin qarı da
Yerə qədər təzim etdi oğluna.
Qurd tanıyır maral cığırlarını.
Düşmən bilir qənimətin yerini.
Düzəngahda çudların qəbiləsi
Quş yuvası kimi açıq-aşkardı.
Vaxtaşırı düşmən qəbilələri
Pusqu qurub hücuma keçirdilər.
Günü-gündən əriyirdi qəbilə.
Oş məsləhət tonqalını qaladı.
– Düşmən ona görə hücum edir ki,
Bizdən uzaq dağlardadır tanrılar.
Biz onların yanına köçməliyik,
O məskəndə qazmaları qazıyıb
Ətrafına hasar da çəkməliyik.
Oypel bizi qoruyacaq. Necə ki,
Torağay qoruyur balalarını.
Bu cəsur sözləri eşidənlərin
Dilləri qurudu ağızlarında.
Hətta İnva çayı da sakitləşib
Tanrıların qəzəbini gözlədi.
Şaman Çikış hirs içində kükrədi:
– Hər kimsə ki, müqəddəs dağa gedib
Haram qatar torpağın yuxusuna,
Qoy elə əlləri qurusun onun!
Oş qəzəblə qışqırdı:
– Siz özünüz
Mənə əsa verib pam elədiniz.
Cəsurları səsləyirəm özümlə,
Amma kim ki siçan kimi gizləndi,
Qəniməti olsun qoy düşmənlərin,
Qorxudan sıxılsın qabırğaları.
Adamları sarsıtdı bu kəlmələr,
Çayın dalğaları kükrəyib coşdu.
Oş qaldırdı əllərini günəşə:
– Günəş, sən aç bizim gözlərimizi,
Vəhşi ağlımızı nura qərq elə!
Və qaranlıq çökdü yerin üzünə,
Təkcə çılpaq zirvə nura qərq oldu.
Birinci Oş çıxdı sıldırımları,
Göstərdi ki, harda şam ağacından
Ucaltmaq lazımdır möhkəm qalanı.
Zaman keçər, ağacları çürüdər,
Amma həyat çayı axar, qurumaz.
Beləliklə, ilk kötük və ilk qazma
Oşun şəhərinin əsası oldu –
Bu diyarın paytaxtı Kudım-Karın4.
2
Ağsaqqalların iradəsi ilə
Döyüşçü özünə arvad seçirdi.
Amma bu ənənə sıxırdı Oşu
Dar gəlirdi balaca paltar kimi.
Şaman Çikış əsəbləşirdi buna,
Oşun taleyinə cadu edirdi.
Baldan şirin sözlər ilə aldadıb
Ona tələ qurmağa çalışırdı.
– Şimalda çay axır. Orda yerləşir
Vəhşi voqulların5 yurdu-yuvası.
Voqul knyazının bir qızı da var,
Bahar çiçəkləri qədər gözəldi.
Əgər pam o qızla evlənə bilsə,
Oğulları olar igid, bahadır.
Həsrət yuva qurdu Oşun qəlbində
Balıqlar tilova ilişən kimi.
Qayıq süzür qaz kimi çay boyunca,
Oş tələsdirir avar çəkənləri.
Bacarsaydı quş kimi qanadlanıb
Voqulların yanına uçardı o.
Amma yol həm uzun, həm də çətindi.
Suları ağırdı Kama çayının,
Şimal küləyi də sərt və soyuqdu.
Qayıq gedir ox kimi yara-yara
Gündüzlərin, gecələrin içindən.
Sahilə yan aldı qayıq, nəhayət,
Çudların qəbiləsinə çatdılar.
Və sahildə dayanıb gözləyirdi
Pam Oşun yolunu Vico cadugər.
– Bilirəm, şaman Çikış tələ qurub
Başını əkmək istəyir gənc pamın.
Arvad həvəsinə düşüb getmə sən
Vəhşi voqulların yurd-yuvasına.
Bataqlıqdı o diyarın yolları,
Marallar da gedə bilmir ora heç.
Girdab udacaq səni, boynunasa
Dolanacaq bataqlığın otları.
Yarı yoldan qayıtmağa çudinlər
Adət etməyiblər, öyrəşməyiblər.
İki qovaq ağacını kəsdi Oş,
Qayıq kimi yonub hazır elədi,
Qayışlarla bağladı ayağına.
Cadugər Vico Oşa belə dedi:
– Hiyləgərsən lap qoca bayquş kimi.
Amma dediyimi yadında saxla.
Adaxlını görüb seçəndən sonra
Hər nə baş versə də, hər nə olsa da,
Vədinin üstündə dayanmalısan.
Yoxsa başın qoparılar bədəndən,
Sancılar nizənin sivri ucuna.
Və cadugər qulluqçu Vayasini
Cavan pama qoşdu yoldaş olsunlar.
Yol aldılar üzü şimala tərəf
Uzun müddət bataqlıqla getdilər.
Bataqlıq aramla pıqqıldayırdı,
Palçıq qabarırdı, köpüklənirdi.
Bataqlığın soyuq, donuq gözləri
Elə bil ki, onları izləyirdi.
Otlar dolaşırdı ayaqlarına.
Taxta xizəkləri batırdı çox vaxt,
Güc qalmırdı qamışları qırmağa.
Nəhayət, Vayasi gətirdi Oşu
O yerə ki, dağların zirvələri
Buludların içində gizlənirdi.
O yerə ki, gecə yarısı göydən
Sirli-sehrli işıq süzülürdü.
Amma qonaqları vəhşi voqullar
Dəvət etmədilər məskənlərinə.
Knyaz bağlatdırdı qapıları da.
Onlar hasarın yanında qaldılar
Yurd-yuvası olmayan itlər kimi.
Hündür hasar dirəklərinə isə
İnsan kəllələri keçirilmişdi.
Hirs bürüdü Oşu. Bütün gecəni
Maral kimi meşələrdə dolaşdı,
Ağacları sındırdı hirs içində.
Səhər oldu. Amma yenə onları
İçəri qoymadı vəhşi voqullar.
Qarğalar fırlanırdı üstlərində,
Diş ağardan kəllə sümüklərini
Qarğalar dəf kimi döyəcləyirdi.
Bir gecə də keçdi, qəzəbli knyaz
Nəhayət, Oşun qabağına çıxdı:
– Sən bura qızımla evlənməyə yox,
Məni biabır etməyə gəlmsiən!
Çox elçilər gəlib, qızım Kosteni
Görəndə qorxudan tir-tir əsiblər.
Mənim qızım o qədər qorxuludur!
Mən də vurdurmuşam boyunlarını.
Darıxma, hasarın dirəklərində
Sənin kəllənə də bir yer tapılar!
Oş isə qorxmadı hədə-qorxudan:
– Mən evlənəcəyəm sənin qızınla.
Tutacağam sözümü. Kəlləmisə
Olsa-olsa şadlıqdan itirərəm.
Knyaz təəccübləndi və cavan pamı
Qızı Kostenin çumuna6 apardı.
Oş örtüyü qaldırıb çuma girdi.
İçəridə yumşaq dəri üstündə
Koste oturmuşdu. O, doğrudan da
Oxşayırdı meşə həyuləsinə.
Əlləri hörümçək əlləri kimi.
Üzü vəhşi heyvan sifəti kimi.
Bircə gözləri gözəldi Kostenin.
Kədərlə doluydu gözəl gözləri.
Sanki dünya qopdu, göy parçalandı,
Çiliklənib çökdü Oşun üstünə.
Bəlkə, onun xoşbəxt olmaq arzusu
Tanrıları belə qəzəbləndirib?
Oşun ürəyini qəm-qüssə diddi
Qurd quzunu parçaladığı kimi.
Lənətlənməkdənsə bir ömür boyu
Kəllə nizədə çürüsə yaxşıdı!
Pam Oş bu vaxt incə bir səs eşitdi:
– Məndən qorxub-çəkinmə, ey adaxlım.
Mənim bu görkəmim həqiqi deyil.
Əgər məni təmiz ürəklə sevsən,
Bu cadu da üstümdən götürülər,
Yenə dönüb adi qız olaram mən.
Qızın gözlərində parıldayırdı
Qorxu, kədər və sevgi eyni vaxtda.
Ürəyi sarsıldı Oşun bu sözdən,
Qızın dərdi ona yaman yer etdi,
Öz dərdləri təmiz çıxdı yadından.
Bu nədir? Bəlkə, tanrılar onunla
Gözbağlıca oynamaq istəyirlər?
Elə bil ki, yerinə mıxlanıb Oş,
Çumdan çıxa bilmir. Nə də ki, qızın
Gözlərindən gözünü çəkə bilmir.
Qıza acı söz deyə bilmədi pam.
Onu şirin sözlər ilə dindirdi:
– Qoy görməyim qadın nəvazişi mən,
Qoy məni tərk etsin bütün dostlarım.
Qoymayacağam ki, səni incidə
Nə hiyləgər yomlar7, nə cadugərlər.
Nə də ki, qorxunc Tanvarpekva qarı8.
Tək sən mənim arvadım olacaqsan!
Yaxınlaşıb adaxlısını aldı
Güclü qollarının arasına o.
Qızsa birdən qışqırıb üzü üstə
Yumşaq dərinin üstünə yıxıldı.
Dağlarda fırtına qopdu bir anda,
Yarğanlarda əks-səda dolaşdı.
Bu, yomları mağaralardan qovan
Tanvarpekva qarının gülüşüydü.
Knyaz əmr etdi başlasın toy-düyün,
Toy üçün ağ marallar gətirilsin.
Müqəddəs ağ qaya yuyulsun gərək
Toy marallarının isti qanıyla.
Ana qızı ocağa apardı ki,
Alov təmizləsin, qovsun qızından
Tanvarpekva qarının lənətini.
Çıxartsın canından bu xəstəliyi.
Ocaq başında anası qızının
Üzünü dağ suları ilə yudu.
Guruldadı göy, çaxdı ildırımlar,
Yerüzü titrədi bu həngamədən.
Qopub yerə düşdü heyvan dərisi,
Kostenin gözəl üzü aşkar oldu.
Qopub düşdü hörümçək əlləri də,
Qızın gözəl ağ əlləri göründü.
Koste çıxdı əri Oşun yanına,
Təravətli idi yaz çiçəyi tək.
Üzü dan yeri kimi parlaq, aydın,
Gözləri bərq vururdu göllər kimi.
Təbəssümü axan çayın nəğməsi.
Knyaz ata dondu qızını görcək.
Oş da duruxdu, söz deyə bilmədi,
Qızın gözəlliyi kor etdi onu.
Knyaz ziyafət verdi günlər boyu,
Sonra qızını yola hazırladı.
Güc-qüvvətli qırx pəhləvan döyüşçü
Qayıq-qayıq hədiyyələr apardı.
Yol uzundu, amma şirindi vüsal.
Koste və Oş doğma yurda qayıtdı.
Qəbilə onları şadyanalıqla,
Əllərində şirin bal qarşıladı.
3
Bir il keçdi. Gecə vaxtı cığırla
Yol gedirdi iki qadın meşədə.
Pevsinin əlində buynuzlu əsa,
Kostenin qucağında körpə oğlu,
Gedirdilər müqəddəs dağa tərəf.
O dağa ki, onun qayalarını
Aşındırıb oxşatmışdı küləklər
Boz insan və heyvan heykəllərinə.
Yavaş-yavaş dan söküldü meşədə,
Günəş səpdi qızıl şüalarını,
Aydınlandı uzaq dağın zirvəsi,
Çayın suyu yanaq kimi allandı.
Şeh topladı ovcuna Pevsin qarı
Nəvəsinin üzünə səpdi suyu.
Koste isə şehlə döşünü yudu.
– Qızım, məni eşit. Bir vaxt vardı ki,
Buralara gəlib yetişməzdi qış,
Quşlar tərk etməzdi yuvalarını.
Həmin vaxtlar bizim qəbiləmizdə
Boz gözlü bir ovçu oğlan var idi.
O, bir gün maral qovanda gördü ki,
Göyqurşağı Eneşka yerə enib
İçir bir bulağın sərin suyundan.
Ovçu yaxaladı göyqurşağını.
– Əgər sən yer suyundan içirsənsə,
Məni də səma suyuna qonaq et!
Göyqurşağı qanadlandı quş kimi,
Ovçunu qaldırdı göyün üzünə.
O yerdə ki, günəş yuxulayırdı.
O yerdə ki, ulduz cığırlarına
Şimşək ilanları keşik çəkirdi.
Ovçu fikirləşdi, əgər günəşdən
Bir parça od qoparsam, yaxşı olar.
Bu fikirlə uzatdı əllərini,
Amma günəş əllərini yandırdı.
Hardansa sərt qasırğa peyda olub
Onu tulladı ki, yerə çırpılsın.
Ovçu gözlərini açanda gördü
Qızıl bir xizəyin içinə düşüb.
O xizəyi buludların üstüylə
Aparırdı qızıl buynuzlu maral.
Zarın9 idarə edirdi xizəyi.
– Cəsur ovçu, mənim üçün əzizsən,
Ona görə səni xilas elədim.
Amma çatmaz mənim də cəsarətim
Günəş ataya qarşı çıxmaq üçün.
Çünki dəhşətlidir onun qəzəbi.
Xizək endi yamyaşıl çəmənliyə,
Gül-çiçək üstündə gəzişdi Zarın.
Xəfif mehlə gizlənpaç oynayırdı.
Maral balasını sığallayırdı.
Yaşıl meşənin ovçu oğlu dedi:
– Nə işin var o uzaq göyüzündə?
Zarın, yerdə, bizim yanımızda qal,
Mənim arvadım ol, xoşbəxt yaşayaq.
Alov parıldadı göyün üzündə.
Qapqara buludlar tutdu hər yeri.
Meşəni qapladı qapqara duman,
İldırımın səsi dedi Zarına:
– Atmaq istəyirsən günəş atanı?
Onun qəzəbini indi görərsən!
Qoy meşələr donsun qış sazağından,
Çaylar buz bağlasın dibinə qədər.
Günəş sönüb getdi, qaraldı hər yer,
At çapdı şaxtanın soyuq əlləri.
Amma meşə ana himayə etdi,
Ağuşuna aldı oğlanla qızı.
Sığınacaq verdi, ruzi bəxş etdi,
Qorudu onları dərddən-bəladan.
Yeddi il yaşayıb ömür sürdülər,
Zarın yeddi oğul doğdu ovçuya.
Qızı üçün darıxan günəş ata
Təzədən qayıtdı göyün üzünə.
Çayın gur suları qaynadı, daşdı,
İstidən əridi daşlar mum kimi.
Zarın ərinə dedi ki:
– Mən artıq
Atamın yanına qayıtmalıyam.
Yoxsa yandıracaq bütün dünyanı.
Qoy uşaqlarımız mənimlə gəlsin,
Mənə dəstək versin göyün üzündə.
Amma meşə ana nəvələrini
Vermək istəmirdi analarına.
Onunçün əks-sədanı yaratdı.
Zarın çağıranda oğullarını
Səsi əks-səda verdi uzaqda.
Oğullar getdilər səsin dalınca.
Zarın onları çağıra bilmədi.
Özü tək qayıtdı göyün üzünə.
O vaxtdan bu yana Zarın hər səhər
Enib uzaq dağların zirvəsinə,
Əyirdiyi qızıl sapları sərir,
Soyuq şeh damcılarıyla ağlayır,
Çağırır yanına oğullarını.
Amma ovçu hələ unutmamışdı
Günəşdən od qoparmaq arzusunu.
Oğulları üçün yay-ox düzəltdi,
Yan-yana düzülüb göyə atdılar.
Səkkiz ox sancıldı göyün köksünə.
Günəşdən bir parça od qopdu, düşdü.
Ona görə müqəddəsdir bizimçün
Həm sübh qızı Zarın, həm də göy odu…
Pevsin tamamladı öz nağılını,
Havaya qaldırdı Koste körpəni
Dan yerini salamladı onunla.
Meşə aşağıda mürgüləyirdi,
Uzaqdan gəlirdi maral səsləri.
4
Çaya dolub itiburun qayıqlar,
Elə bil ki, ördək sürüləridir
Eniblər Kuva çayında üzməyə.
Kudım-Oş səslənir gələnlərə:
– Siz
Dost kimi gəlmisiz, ya düşmən kimi?
Yeriniz-yurdunuz haradı sizin?
– Bizim yurdumuzda günəş çıxanda
Aydınladır mavi minarələri.
Müdrik xan hökm edir bizim diyara.
Çoxlu hədiyyə göndərib o sizə:
Uşaqlara cürbəcür şirniyyatlar,
Qadınlara ipək paltar və gümüş.
Qonaqlar öyünür hədiyyələrlə.
Maral kimi ürkə-ürkə baxaraq
Qadınlar dövrəyə alır onları.
Sırğaları, üzükləri taxırlar,
İpək paltarlara təəccüblənirlər.
Oşdan xahiş edirlər, gələnləri
İçəri buraxsın, xoş üz göstərsin,
Şirin bala qonaq etsin onları.
Qəlbi narahatdır qoca Pevsinin,
Hiss edir bəlanın üz verdiyini.
Tərs kimi kişilər meşəyə gedib
Maral ovlamağa, qunduz tutmağa.
Aşağıya isə dolub gəlmələr
Ağacdakı yaşıl yarpaqlar qədər,
Pətəkdəki vəhşi arılar qədər.
Onları heç sayıb qurtarmaq olmaz.
Oğlu məsləhətə qulaq asmadı,
Əmr etdi taybatay açılsın qapı.
Amma ki, qonaqlar hörmət göstərib
Sikkə atmadılar qapı ağzına,
Heç hədiyyələri də sərmədilər
Kudım-Oşun ayaqları altına.
Salamlamadılar ağsaqqalları,
Tanrılara itaət etmədilər.
Üstlərinə yağdı qara lələkli
İti uclu oxlar fit çala-çala.
O oxlardan biri gənc Kudım-Oşun
Sinəsini yardı, qəlbini deşdi.
Oş yıxıldı torpağa üzüqoylu.
O, torpağın sinəsinə sığındı.
Ana torpaq yarasını bağladı,
Təzədən bir həyat bəxş etdi ona.
Kudım-Oş dirilib ayağa durdu,
Hirsli ayı kimi güc gəldi ona.
Nə nizəsi vardı, nə dəyənəyi.
Ağacı kökündən dartıb qopardı,
Hücum etdi gəlmələrin üstünə.
O onları milçək kimi qırırdı,
Biçirdi, tökürdü yaşıl ot kimi.
Ancaq qarğa lələkli bir ox yenə
İynə kimi deşdi onun qəlbini.
O, sinəsi üstə yerə yıxıldı.
Ana torpaq yenə onu diriltdi,
Ona həyat verdi növbəti dəfə.
Kudım-Oş döyüşə atıldı təkrar,
Yollar, rizlər başdan-başa örtüldü
Qaçan düşmənlərin cəsədləriylə.
Bu vaxt üçüncü ox sancıldı ona,
Kudım-Oşun qəlbini parçaladı.
O, yerə yıxıldı arxası üstə
Sinsəi torpaqdan aralı qaldı.
Torpaq yarasını əmə bilmədi,
Dirildə bilmədi bu dəfə onu.
Zalım düşmən sıxışdırdı çudları,
Talan elədilər var-yoxlarını.
Pevsin dedi:
– Verin yadellilərə
Nə istəyirlərsə, alıb getsinlər.
Yurdumuzu talan eləməsinlər,
Uşaqlarımıza toxunmasınlar,
Qocalarımızı öldürməsinlər.
Bizim olan bizə də qayıdacaq.
Şər xoşbəxtlik gətirməyib heç kimə,
Şərdən şər yananar, şərdən şər doğar.
Yadellilər qayıqları doldurub
Qənimətlə, üzüb yola düşdülər.
Yolda istədilər qənimətləri
Bölüşdürüb hərə payın götürsün.
Amma baxdılar ki, qənimət deyil,
Qayıqdakı tikanlı ot-ələfdi.
Onlar bir-birindən şübhələndilər,
Günahlandırdılar yoldaşlarını.
Az qalsın didib-parçalayırdılar
Bir-birini vəhşi çaqqallar kimi.
Sonra dedilər ki, dala qayıdaq,
Məhv edək çudların qəbiləsini.
Ördək kimi yolaq, talan eləyək,
Yerdə qalan nə varsa da, yandıraq.
Çikış, Pevsin və başqa cadugərlər
Həyat ruhlarına yavarırdılar
Ölən igidləri, döyüşçüləri
Qaytarsınlar ölülər diyarından.
Oşu da dirildib sağ eləsinlər.
Qurban odu qalayıb ətrafında
Fırlandılar təbillər çala-çala.
Gəlmələrin qayıqları bu zaman
Qayıdırdı qəbilənin üstünə.
Koste ağlayırdı ərinin üstdə.
Onun göz yaşları axıb töküldü
Oşun yaralı qəlbinin üstünə.
Pamın ürəyi titrəyib döyündü,
Həyat qığılcımı çaxdı, alışdı,
Kudım-Oş oyandı uzun yuxudan.
Necə qarğa-quzğun leşə daraşır,
Yadellilər doluşdular sahilə.
Oş yalın əllərlə qayanı qapıb
Yaralı çiyninə qaldırdı onu.
Güc verib qayanı dağ zirvəsindən
Tolazladı düşmənlərin üstünə.
Çayda tufan qopdu. Dəli dalğalar
Şahə qalxıb qayıqları çevirdi,
Düşmən gəlmələri yuyub apardı,
Ağacları aşırtdı üstlərinə.
Sağ qalanlar qaçdılar gizlənməyə
Dəlmə-deşiklərə, mağaralara.
Üç ün davam etdi güclü qasırğa.
Sonra yavaş-yavaş sakitləşdi çay.
Ovçular meşədən qayıdıb gəldi,
Kudım-Oşun sağaldı xəstəliyi.
Düşmənlər də gizləndikləri yerdən
Çıxıb gəldi siçan-siçovul kimi.
– Sənə vergi verək, bizi bağışla,
Burax, gedək yurdumuza, – dedilər.
Kudım dedi:
– Gedin, bağşlayıram.
Çatan kimi xanınıza deyin ki,
Üstümüzə kim pis niyyətlə gəlsə,
Bu yolda başını qoyub qayıdar.
Kim ki gəlib düzgün ticarət etsə,
Ona hörmət edib xəz bağışlarıq.
5
Kudım-Oş yol alır cənuba doğru,
Çudlar yola salır öz pamlarını.
Koste oğlu ilə müqəddəs suyu
Qoyur qozbel bütlərin qabağına.
Oş yayını gərib oxunu atır,
Ox sancılır nişanlanan hədəfə –
Qovaq ağacının düz ortasına.
O deməkdi yol uğurlu olacaq.
Xeyli zaman keçdi. Təzə ay çıxdı.
Bildirçinin balaları böyüdü.
Yaşıl yarpaqlar ağacda saraldı.
Amma çudlar hələ də yol gedirlər.
Nəhayət, bol sulu Kama çayının
Qovşağındakı şəhərə çatdılar.
Hədiyyə təqdim etdilər knyaza –
Dəyərli xəz dərilər və şirin bal.
Knyaz qonaq elədi çudinləri,
Hərəsinə bir kömbə çörək verdi.
İsti çörək təzə çıxıb sobadan,
Elə ləzzətlidir ki, doymaq olmur,
Balıq ətindən də yumşaqdır çörək,
Ən yağlı ətdən də doyumludur o.
Kudım-Oş yedikcə təəccüblənir.
Knyaz onu zəmilərə apardı,
Yerli-yataqlı göstərdi hər şeyi:
Toxumları necə səpmək lazımdır,
Dəymiş dəni necə üyütmək olar,
Necə olmalıdır çörək sobası,
Çörək orda necə bişib qızarır.
Çudlar qayıdanda özləri ilə
Apardılar toxumluq çovdar, arpa.
Zəmini şumlayıb toxum səpdilər,
Bol məhsul yetişdi əməklərindən.
Kudım-Oş çudları qonaq çağırdı,
Onları duz-çörəklə qarşıladı,
Arpa pivəsinə qonaq elədi.
Torpağı şumlayıb əksinlər deyə
Çovdar, arpa toxumları payladı.
…Kudım-Oş yaşadı uzun-uzadı,
Çox şanlı-şərəfli işlər elədi.
Ölüm məqamındasa belə dedi:
– Möhkəm ağaclardan tabut düzəldin,
Məni qoyun mağarada yatmağa,
Nə qədər lazımdır dincəlim orda.
Haçansa işiniz dolaşıq olsa,
Çağırın. Oyanıb qayıdacağam!
İzahlar:
1 Parma – tayqa
2 Çudinlər və ya çudlar – komilərin əcdadları, qədim xalq
3 Pam – başçı, kahin
4 Kudımkar – Rusiyanın Perm vilayətində şəhər. Adını qədim komi dilində mənası “ölü su” olan Kuva çayından götürüb
5 Voqullar – Rusiyanın Xanti-Mansiski vilayətində yaşayan mansi xalqının qədim adı
6 Çum – alaçıq
7 Yomlar – meşə ruhları
8 Tanvarpekva – mansi mifologiyasında cadugər tanrıça
9 Zarın – sübh şəfəqi
Tərcümə: Həmid Piriyev



